Məhkəmə qərarları › İş №2(001)-538/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-538/2021

05.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-538/2021 05.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın, vəkilə çəkilmiş xərcin, habelə ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobil qəzasında ona məxsus “Mercedes Benz 220 CDİ” minik markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yarasız vəziyyətə düşməsi ilə əlaqədar ona dəymiş 29.552 manat məbləğində maddi ziyanın, 10.000 manat məbləğində mənəvi ziyanın, tərəfindən vəkil xidmətinə görə ödənilmiş 210 manat məbləğində pulun, habelə ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddianın dəlillərinə uyğun izahat verərək və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.03.2021-ci il tarixli, 9/147 nömrəli ekspert rəyi ilə razılaşmayaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə iddia üzrə tələb edilən məbləğdən xeyli az məbləğdə maddi zərər dəymişdir. Həm iddia üzrə tələb edilən, həm də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.03.2021-ci il tarixli, 9/147 nömrəli ekspert rəyində əks olunmuş məbləğ reallığı əks etdirmir. Avtomobilin hadisədən əvvəlki vəziyyətinin bərpa edilməsi üçün maksimum 15.000 manat məbləğində pul vəsaiti tələb edilir ki, o, bu məbləğin qalıq qalan hissəni ödəməyə razıdır. Belə ki, hadisədən sonra vurulmuş zərərin əvəzi olaraq onun tərəfindən iddiaçının həyat yoldaşına 1.500 manat məbləğində pul vermiş, onun avtomobilinin sığortaçısı isə iddiaçıya 5.000 manat məbləğində icbari sığorta məbləği ödəmişdir. Qalan 8.500 manat pulun 5.000 manat hissəsini qısa müddətdə, 3.500 manat hissəsini isə hissə-hissə bir neçə ay ərzində ödəmək imkanına malikdir. Göstərilənlərin və tərəfindən verilmiş izahatın nəzərə alınmasını və iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul edərək, Cavabdeh izahatına uyğun izahat vermiş və iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçının əridir. Yol nəqliyyat hadisəsi baş verdikdən qısa müddət sonra hadisə yerində olmuşdur. Sığorta şirkəti tərəfindən hadisə ilə bağlı onlara 5.000 manat məbləğində pul verilmişdir. Bundan başqa, vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı aralarında söhbət olmuş və Cavabdeh 1.500 manat məbləğində pulu ödəmək imkanına malik olduğunu bildirmişdir. O, da həmin məbləği qəbul etməyə razılaşmış və cavabdehdən götürmüşdür. Düşünmüşdür ki, sonradan bu məbləği də ala bilməz. Lakin ödənilən pullar avtomobilə vurulmuş zərərin tam məbləğini ödəmir. Bu səbəbdən iddiaçı hazırda iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatın dinləyib, habelə şahidin ifadəsini nəzərə alıb, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 07 may 2020-ci il tarixdə Cavabdeh mülkiyyətində olan “Mercedes Benz-E220 CDİ” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İddiaçı mülkiyyətində olan və həmin vaxt X6 adlı şəxs tərəfindən idarə olunan “Mercedes Benz E220 CDİ” minik markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində hər iki sürücü xəsarət almış və hər iki avtomobilə maddi zərər dəymişdir. Bununla əlaqədar Bakı şəhəri Sabunçu RPİ-də aparılmış araşdırma nəticəsində cavabdehin əmələrində cinayət tərkibinin olmadığı müəyyən edilmiş və şöbənin 15 may 2020-ci il tarixli qərardadı ilə toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün toplanmış material Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bundan sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 3(008)-1170/2020 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 8 ay müddətə onun nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. İddiaçının mülkiyyətində olan “Mercedes Benz E220 CDİ” minik markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyanın müəyyən edilməsi məqsədi ilə "xxxx" MMC tərəfindən qiymətləndirmə aparılmış və nəticələrə dair tərtib edilmiş 20 may 2020-ci il tarixli, 21 nömrəli rəyə əsasən həmin avtomobilə 29.552 manat məbləğində ziyan vurulmuşdur. Mülki iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.03.2021-ci il tarixli, 9/147 nömrəli ekspert rəyində 2013-cü il buraxılışlı “Meredes Benz E 220 CDİ” minik markalı, ** TB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 22.175 manat olduğu göstərilmişdir. Ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Hazırda iddiaçı cavabdehə qarşı iddia qaldıraraq, avtomobilə vurulmuş zərərin əvəzi olaraq ondan 29.552 manat məbləğində maddi ziyanın, 10.000 manat məbləğində mənəvi ziyanın, tərəfindən vəkil xidmətinə görə ödənilmiş 210 manat məbləğində pulun, habelə ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddianı qismən qəbul edir, ekspert rəyi ilə razılaşmır, həm iddia üzrə tələb edilən, həm də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.03.2021-ci il tarixli, 9/147 nömrəli ekspert rəyində əks olunmuş məbləğin reallığı əks etdirmədiyini, avtomobilin hadisədən əvvəlki vəziyyətinin bərpa edilməsi üçün maksimum 15.000 manat məbləğində pul vəsaiti tələb edildiyini, hadisədən sonra vurulmuş zərərin əvəzi olaraq onun tərəfindən iddiaçının həyat yoldaşına 1.500 manat məbləğində pul verildiyini, həmçinin iddiaçıya 5.000 manat məbləğində icbari sığorta məbləğinin ödənildiyini, qalan 8.500 manat pulun 5.000 manat hissəsini qısa müddətdə, 3.500 manat hissəsini isə hissə-hissə bir neçə ay ərzində ödəmək imkanına malik olduğunu bildirir və tərəfindən verilmiş izahata uyğun olaraq iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış şahid X2 iddiaçının həyat yoldaşı olduğunu, yol nəqliyyat hadisəsi baş verdikdən qısa müddət sonra hadisə yerində olduğunu, sığorta şirkəti tərəfindən hadisə ilə bağlı onlara 5.000 manat məbləğində pulun verildiyini, bundan başqa, Cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi olaraq ona 1.500 manat məbləğində pulun verildiyini, bu məbləğin avtomobilə vurulmuş zərərin tam məbləğini ödəmədiyini, sonradan hər hansı məbləğ ala bilməməsi ehtimalı olduğundan bu məbləği qəbul etdiyini bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə, aparılmış araşdırmanın nəticələrini əsas götürüb, bu sahəni tənzimləyən müddəaları rəhbər tutub, hesab edir ki, Cavabdeh təqsirli, hüquqazidd əməli (“Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaqla) nəticəsində idarə etdiyi nəqliyyat vasitəsi (yüksək təhlükə mənbəyi) ilə törətmiş olduğu yol-nəqliyyat hadisəsində İddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsinə birbaşa zərər vurulmuşdur. Törədilmiş inzibati xəta nəticəsində iddiaçıya maddi ziyan vurulması tam sübuta yetirilir və bunun üçün məsuliyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən Cavabdeh daşıyır. Məhkəmə, İddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsinə vurulmuş maddi zərərin məbləği ilə bağlı qeyd edir ki, iddiaçı "xxxx" MMC-nin qüsur aktına əsaslanaraq “Mercedes Benz E220 CDİ” minik markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın əvəzi olaraq cavabdehdən 29.552 manat məbləğində pul tələb edir. Mübahisə ilə bağlı keçirilmiş ekspertiza tədqiqatının nəticələri üzrə tərtib edilmiş ekspert rəyinə əsasən bu avtomobilin təmir-bərpa xərcinin, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 22.175 manat olduğu göstərilmişdir. Məhkəmə hesab edir ki, “Mercedes Benz E220 CDİ” minik markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği müəyyən edilərkən, Bakı şəhəri avtohissələr satışı bazarlarında (mağazalarında) və avtoservis müəssisələrində movcud olan qiymətlərdən, məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə olunmaqla tərtib edilmiş ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilməli və həmin rəydə göstərilən 22.175 manat məbləği zərər məbləği kimi əsas götürülməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehin sığortaçısı tərəfindən 5.000 manat məbləğində sığorta ödənişi iddiaçıya, habelə cavabdeh tərəfindən zərərin əvəzinin bir hissəsi qismində iddiaçının həyat yoldaşına 1.500 manat ödənildiyindən bu məbləğlər məhkəmə tərəfindən zərər məbləği qismində müəyyən edilmiş 22.175 manat məbləğindən çıxılmalı (22.175 – 5.000 – 1.500= 15.675), qalan 15.675 manat məbləğində pul vəsaiti zərər məbləği kimi müəyyən edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Lakin göründüyü kimi, iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasının sübuta yetirilməsi üçün heç bir mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi mənəvi zərərin tutulması hissəsində rədd edilməlidir. Məhkəmə iddia tələbinin vəkilə çəkilən xərclərə görə 210 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsində vəkilə göstərdiyi hüquqi yardıma görə xərclərin ödənilməsi təsbit edilsə də, vəkilə ödənilməli olan məbləğin miqdarının hesablanması prinsipinin konkret meyarları müəyyən edilməmişdir. Xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, vəkillərin sayı, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da hərdən az məbləğ kimi qəbul edilə bilər. Məhkəmə, göstərilənləri, habelə hazırki mülki iş üzrə iddiaçıya hüquqi xidmət göstərən vəkilin ümumilikdə 4 məhkəmə iclasında iştirak etməsini, nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hüquqi yardıma görə ödənilmiş pulun 200 manat hissəsinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “dövlət rüsumunun əvəzinin ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərkən, dövlət rüsumu qismində 31 manat məbləğində pul ödəmiş, həmin pulun 30 manat hissəsi dövlət rüsumu, 0,40 manat hissəsi bank xidmət haqqı olaraq qəbul edilmiş, 0,60 manat hissəsi isə qalıq qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidmət haqqının əvəzi tutulmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərin əvəzi kimi 15.675 manat məbləğində pul, vəkilə çəkilən xərcin əvəzi olaraq 200 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 25 manat hissəsi İddiaçı, 75 manat hissəsi isə Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərin əvəzi kimi 15.675 (on beş min altı yüz yetmiş beş) manat məbləğində pul, vəkilə çəkilən xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manat hissəsi İddiaçı, 75 (yetmiş beş) manat hissəsi isə Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar