Məhkəmə qərarları › İş №2(001)-5384/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5384/2025

20.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5384/2025 20.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, iddiaçılar – İddiaçı1 və İddiaçı2 cavabdeh – Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:

1. Bakı Mebel Hissələri Kombinatının Həmkarlar Komitəsinin X7 ilə Birgə protokulunun 25 may 1990-cı il tarixli, 23 nömrəli qərarına əsasən Bakı şəhəri, Kirov rayonu, Sulutəpə qəsəbəsi, Hökməlinin şimal-şərq hissəsində yerləşən Bakı mebel hissələri Kombinatının bağçılıq-bostançılıq təsərrüfatı sahəsindən 600 kv.m (indiki Bakı şəhəri Binəqədi rayonu, Hökməli qəsəbəsi, Çiçək massivində yerləşən 600 kv.m torpaq sahəsi) sahə İddiaçı2 ayrılmışdır.

2. 2006-cı il tarixdə həmin torpaq sahəsi ilə bağlı İddiaçı1 adına etibarnamə verilmşdir.

3. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birgə Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsi, Çiçək massivində 600 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən çıxarılmasını, kirayə haqqını ödəmədiyi 41 ay üçün hər ay 200 manat olmaqla 8200 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 102 manat dövlət rüsumu olmaqla, cəmi 8302 manat pulun cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

İddiaçının əsaslandırması:

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Mebel Hissələri Kombinatının Həmkarlar Komitəsinin X7 ilə Birgə protokulunun 25 may 1990-cı il tarixli, 23 nömrəli qərarına əsasən Bakı şəhəri, Kirov rayonu, Sulutəpə qəsəbəsi, Hökməlinin şimal-şərq hissəsində yerləşən Bakı mebel hissələri Kombinatının bağçılıq-bostançılıq təsərrüfatı sahəsindən 600 kv.m sahə İddiaçı2 ayrılmışdır. 2006-cı il tarixdə həmin torpaq sahəsi etibarnamə əsasında İddiaçı1 satılmışdır. Torpağı aldıqdan sonra orada 1 mərtəbəli 3 otaqlı ev tikmiş və sahə hasara alınmışdır. Tikintinin kim tərəfindən həyata keçirilməsini, avadanlıqların saxlanmasına dair şahidlər vardır və qonşular da tikintinin məhz iddiaçı tərəfindən aparılmasını təsdiqləyə bilərlər. Həmin vaxtlar o ərazilərdə oğurluq hadisələri çox olduğundan və o evdə yaşamaq imkanı olmadığından qərara gəlmişdir ki, həmkəndlisi Cavabdeh ayda 200 manat olmaqla kirayəyə versin, həm ev boş qalmasın, həm də az da olsa gəlir əldə etsin. Həmçinin cavabdehə öz etibarnaməsini vermişdir ki, kommunal xətləri onun adına quraşdırsın. Lakin bir müddət sonra cavabdeh kirayə haqqını da ödəməmişdir. İddiaçı1 oğlu-X3 ölkəyə qayıtdıqdan sonra həmin evə köçərək yaşamaq qərarına gəlsə də, cavabdeh evdən çıxmaqdan imtina etmişdir. Həmin vaxt bəlli olmuşdur ki, cavabdeh kommunalları öz adına rəsmiləşdirmişdir. Bundan sonra faktın araşdırılması üçün Binəqədi RPİ-nə müraciət edilsə də, həmin idarənin baş təhqiqatçısı Elvin Bəşirov tərəfindən xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarla məsələnin mülki xarakterli olması bildirilməklə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Hazırda cavabdeh heç bir hüququ olmayan fərdi yaşayış evində öz ailəsi ilə birlikdə yaşamağa davam etməkdədir. Bu isə iddiaçıların hüquqlarının kobud formada pozulmasına gətirib çıxarmışdır. Cavabdeh illərdir ki, orada yaşasa da kirayə ödənişini də dayandırmış, hazırda da çıxmaqdan imtina etməklə hüquqdan sui-sitifadə etməyə çalışmaqdadır. Həmin sui-istifadə ondan ibarətdir ki, özbaşına tikintiyə çıxarış olmadıqda onun oradan çıxarılmasının mümkün olmayacağını düşünməkdədir. Lakin hesab edirlər ki, mövcud məhkəmə praktikası artıq həmin evə xərc qoymuş, onu tikmiş şəxsin oraya qanuni gözləntisini tanıyır və aidiyyəti olmayan şəxslərin oradan çıxarılmasını təmin edir. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq, orada yaşamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. Cavabdeh onunla razılaşdırılan kirayə haqqını 2022-ci ilin mart ayından ödəmədiyindən hazırki tarixədək keçən 41 ay 200 manatdan hesablanmaqla cəmi 8200 manat pul ödəməlidir. Odur ki, həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində uzun illərdir ki, həm maddi, həm də mənəvi zərər çəkmişdir. Xəstəliyi daha da ağırlaşmışdır.

Cavabdehin etirazları:

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli etiraz ərizəsində göstərilmişdir ki, iddiaçıların cavabdehin çıxarılmasını tələb etdikləri 10 ilə yaxındır ki, yaşadığı Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi Çiçək massivindəki fərdi yaşayış evini 2017-ci ildə İddiaçı1, Səyadxan Məmmədov və İlkin Məmmədov ilə razılaşıb 17000 ABŞ dollarına almışdır. Ev və yerləşdiyi torpaq sənədsiz olduğundan aralarında olan alqı-satqını rəsmi qeyd etdirə bilməmişdir. Ev təmirsiz, kommunikasiya xətləri olmadan, pəncərələr sındırılmış vəziyyətdə olmuşdur. Tərəflər arasındakı razılığa əsasən evin pulunu 5 il sonra hissə-hissə ödəməli idi. Bir neçə müddət sonra İlkin Məmmədova 3000 ABŞ dolları, 3400 manat İddiaçı1 1000 manat dəyərində 2 ton buğda və 700 manat pul, İlkin Məmmədovun kartına 1700 manat, Məmmədova 1000 manat dəyərində 2 ton buğda və 700 manat pul, İlkin Məmmədovun kartına 1700 manat, 4 dəfə 500 manat və hissə-hissə 2400 manat pul göndərmişdir. Evə qapı, pəncərə, raşotkalar qoydurmuşdur. Divarlara suvaq, emusiya, kraska vurdurmuşdur. Padvala beton vurdurmuş, evin üstünü təmir etdirmişdir. Evə qapılar alıb qoydurmuşdur. Hamamı düzəltdirmiş, mətbəxi düzəltdirib, ora mətbəx mebeli yığdırmışdır. Evə su çəkdirmiş, kommuniksiya xətləri, o cümlədən elektrik xətləri çəkdirmişdir. Həyətdə tualet və baseniya tikdirmişdir. Həyətə 20 kamaz torpaq, 5 kamaz peyin tökdürmüşdür. 83 ədəd ağac əkdirmişdir. Ümumilikdə 40000 manata yaxın xərc çəkmişdir. İlk öncə Bəyiş etibarnamə vermiş, həmin etibarnamənin müddəti bitdikdə isə Rahil Məmmədovun özündən etibarnamə almışdır. Evin su işıq, qazı cavbdehin adınadır. Ev cavabdehə kirayə verilməmişdir. Əgər ev kirayəyə verilsə də ödənişdə göstərilən məbləğlə deyil, olardı suyun adıma aylıq olmasına ödəniş formasında imkan verilməzdi. Vəsaitləri İlkin aldıqdan Məmmədov evə, və həyətə atası İddiaçı1 məndən yuxarıda göstərilən pul almaq istəmələri 40000 manata yaxın xərc çəkdikdən sonra evi əlimdən mənə qarşı ən azından ədalətsizlikdir və açıq-aşkar ziyana məruz qoymadır. Cavabdehə qarşı 2 şəxs iddia qaldırmışdır. Maraqlıdır ki, Bəyiş Məmədov evi İddiaçı2 almasını qeyd edir. Sonuncu da bu fikirlə razılaşır. Belə olan halda, İddiaçı2 satmış olduğu evə dair hansı hüquqla çıxış edir? İddiaçı1 gəlincə isə onun qeyd olunan evin yerləşdiyi torpağa dair İddiaçı2 verdiyi etibarnaməsi vardır ki, həmin etibarnamənin də müddəti keçmişdir. İddiaçılar tələblərinin maddi hüququ əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 157-ci maddələrinə istinad etmislər. Qanunvericiliyin tələbinə əsasən iddiaçıların mübahisəli evin mülkiyyətçisi statusunda çıxış etmələri üçün ilk öncə həmin evə dair onların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı idi. Ancaq iddiaçılar bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Hətta İddiaçı2 ayrılan torpağın kordinatlarının hansı əraziyə aid olması belə məlum deyildir. Hazırkı iş üzrə idiaçıların çıxarılmağını tələb etdikləri evə hüquqlarının mövcud olmasına dair sübut təqdim etməməsi onların belə tələblə çıxış etmək üçün subyektiv hüquqlarının olmamasını göstərir. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehə qarşı “fərdi yaşayış evindən çıxarılma tələbi” barədə iddia tələblərinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları:

6. İddiaçı2 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmiş, həmçinin əlavə etmişdir ki, torpaq sahəsi 1990-cı ildə ona ayrılmış, o, həmin torpaq sahəsini etibarnamə əsasında 2006-cı ildə digər İddiaçı1 atmış, İddiaçı1 tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmiş, daha sonra həmin fərdi yaşayış evini cavabdehə kirayə vermiş, tərəfimdən İddiaçı1 verilmiş etibarnamənin müddəti bitdiyi üçün İddiaçı1 oğlu İlkin istəyi ilə növbəti dəfə etibarnaməni cavabdehin adına vermişəm və İddiaçı1 razılığı ilə kommunal xidmətlərin cavabdehin adına rəsmiləşdirilməsinə notarial qaydada razılıq vermişəm.

7. İddiaçı1 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, o, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini digər iddiaçı olan İddiaçı2 almış və daha sonra orada 3 otaqlı ev tikmiş, evdən və həyətdən oğurluq olduğu üçün cavabdehin atası ilə söhbət etdikdən sonra həm evin boş qalmaması, həm də az miqdarda gəlir əldə etməsi məqsədi ilə fərdi yaşayış evini aylıq 200 manatdan olmaqla cavabdehə kirayə vermiş, lakin cavabdeh kirayə haqqını ödəməmiş, cavabdehdən buğdadan başqa heç nə almamış, cavabdehin karta atdığını bildirdiyi pullar kirayə haqqı olmuşdur.

8. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh iddia tələbini qəbul etmədiyini, mübahisəli fərdi yaşayış evini İddiaçı1 17000 dollara aldığını, İddiaçı1la atasının cəzaçəkmə müəssisəsindən bir-birilərini tanıdıqlarını, fərdi yaşayış evinə görə iddiaçıya 9600 dollar ödəniş etdiyini, 2024-cü ildə isə 7400 dollar ödəmək istədiyini, lakin İddiaçı1 həmin pulu qəbul etmədiyini, fərdi yaşayış evinin ona 2015-ci ildə deyil, 2017-ci ildə satıldığını, fərdi yaşayış evinə kommunal xətləri özünün çəkdirdiyini və həmin yaşayış sahəsinin kirayə götürmədiyini, aldığını bildirmiş, ona görə də iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, hər hansısa üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRİCİ HİSSƏ:

Faktiki hallar və sübutlar:

9. İş materiallarında olan Bakı Mebel Hissələri Kombinatının Həmkarlar Komitəsinin X7 ilə Birgə protokulun xx.xx.1990-cu il tarixli, 23 nömrəli qərarına əsasən Bakı şəhəri, Kirov rayonu, Sulutəpə qəsəbəsi, Hökməlinin şimal-şərq hissəsində yerləşən Bakı mebel hissələri Kombinatının bağçılıq-bostançılıq təsərrüfatı sahəsindən 600 kv.m sahə İddiaçı2 ayrılmışdır.

10. İş materiallarında olan 340 saylı etibarnamədən müəyyən edilir ki, İddiaçı2 tərəfindən xx.xx.2006-cı il tarixində İddiaçı1 verilmiş etibarnamənin etibarlılıq müddəti xx.xx.2009-cu il tarixində bitmişdir.

11. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 01-11/M-700 nömrəli arayışdan müəyyən edilir ki, Cavabdeh Xocəsən bələdiyyəsinin inzibati ərazisi olan Çiçək massivində qeydiyyatsız yaşayır və Cavabdeh bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.

12. İş materiallarında olan xx.xx.2017-ci il tarixli qaz kəmərlərinin yoxlanması və istismara qəbulu aktından müəyyən edilir ki, sözügedən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılması məqsədilə Cavabdeh tərəfindən sifariş verilmişdir.

13. İş materiallarında olan xx.xx.2017-ci il tarixli "xxxx" ASC tərəfindən verilmiş ks210617-262s nömrəli qəbzdən müəyyən edilir ki, Cavabdeh tərəfindən qaz sayğacının quraşdırılması üçün "xxxx" MMC-yə 262 manat məbləğində ödəniş edilmişdir.

14. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 38211836 nömrəli müqavilədən müəyyən edilir ki, Cavabdeh ilə "xxxx" MMC arasında rabitə xidmətlərindən istifadə barədə müqavilə bağlanmışdır.

15. İş materiallarında olan xx.xx.2017-ci il tarixli etibarnamədən müəyyən edilir ki, İddiaçı2 tərəfindən Cavabdeh verilmiş etibarnamənin etibarlılıq müddəti xx.xx.2067-ci il tarixinə qədərdir.

16. İş materiallarında olan xx.xx.2017-ci il tarixli ərizədən müəyyən edilir ki, İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, Hökməlinin şimal şərq hissəsi ünvanında yerləşən fərdi yaşayış evinə elektrik kodunun verilməsinə və həmin kodun Cavabdeh adına keçirilməsinə etiraz etmir.

17. İş materiallarında olan xx.xx.2017-ci il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, Cavabdeh elektrik şəbəkəsinə qoşulmaq üçün 216,24 manat məbləğində ödəniş etmişdir.

18. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Azərişıq ASC-nin Abunə haqqında çıxarışından müəyyən edilir ki, sözügedən fərdi yaşayış evi üzrə abunəçi Cavabdehdur.

19. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 59491 saylı müqavilədən müəyyən edilir ki, “Azəriqaz” İB ilə Cavabdeh arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır.

20. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokoldan müəyyən edilir ki, sözügedən fərdi yaşayış evinə münasibətdə sudan istifadəyə görə Cavabdeh istehlakçı qismində göstərilmişdir.

21. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktdan müəyyən edilir ki, sözügedən fərdi yaşayış evinə ******* nömrəli sayğac quraşdırılaraq Cavabdeh təhvil verilmişdir.

22. İş materiallarında olan xx.xx.2025-ci il tarixli etibarnamədən müəyyən edilir ki, İddiaçı2 tərəfindən İddiaçı1 50 il müddətinə baş etibarnamə verilmişdir.

23. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 346h**********9 nömrəli abunə müqaviləsindən müəyyən edilir ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqavilə əsasında sözügedən fərdi yaşayış evi internet xidməti ilə təmin edilmişdir.

24. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, İddiaçı1 müraciəti əsasında toplanmış materiallarda cinayət işinin başlanmasına əsas verəcək dəlil və sübutları müəyyən etmək mümkün olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

25. İş materiallarında olan “Elektron notariat” X1 5251 reyestr nömrəli çıxarışdan müəyyən edilir ki, mübahisəli torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı Cavabdeh İddiaçı2 xx.xx.2017-ci il tarixində verilmiş etibarnamə xx.xx.2025-ci il tarixində ləğv edilmişdir.

26. Məhkəmə iclasına cavabdeh tərəfindən şahid qismində dəvət edilmiş X5 ifadəsində bildirmişdir ki, o, tərəflər arasındakı proseslərdə iştirak etməmiş, hər hansı pulun verilib-verilməməsi barədə məlumatlı deyil, o, cavabdehin dayısı oğludur və İddiaçı1 oğlu İlkinlə sinif yoldaşıdır, Zeynal tərəfindən karta pul atılması barədə məlumatı yoxdur, o, sadəcə olaraq Bəyiş və oğlu İlkinin cavabdehlə kafedəki söhbətinin şahidi olmuş, onların evin alqı-satqısı ilə bağlı söhbət etdiklərinin şahidi olmuş, Bəyiş bəyin evi kirayə verməsinin, Zeynalın isə alqı-satqı etdiklərini bildirməsinə şahidlik etmiş, İlkinin ona Zeynal tərəfindən 15000 manat verdiyini qəbul etməsini, Zeynalın isə 16300 manat verməsini bildirməsinə şahidlik etmişdir.

Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikasının Konstitusiyası: - Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - Maddə 13. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. - Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

28. Beynəlxalq hüquqi aktlar: BMT-nin 10 dekabr 1948-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”: - Maddə 17. (1) Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu: - Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. - Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. - Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. - Maddə 238.2. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. - Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. - Maddə 240.3. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. - Maddə 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

31. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, cavabdehin iddia ilə bağlı yazılı etirazlarını, tərəflərin izahatlarını, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır.

32. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

33. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.

34. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir.

35. Məhkəmə ilk öncə qeyd edir ki, birinci dispozitiv şərtin mövcudluğu, yəni işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri Binəqədi rayonu, Hökməli qəsəbəsi, Çiçək massivində yerləşən 600 kv.m torpaq sahəsi (köhnə qaydalarda: Bakı şəhəri, Kirov rayonu, Sulutəpə qəsəbəsi, Hökməlinin şimal-şərq hissəsində yerləşən Bakı mebel hissələri Kombinatının bağçılıq-bostançılıq təsərrüfatı sahəsindən 600 kv.m sahə) Bakı Mebel Hissələri Kombinatının Həmkarlar Komitəsinin X7 ilə Birgə protokulunun 25 may 1990-cı il tarixli, 23 nömrəli qərarına əsasən İddiaçı2 sahiblik və istifadəsinə verilmişdir.

36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103) (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli qərarı).

37. Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (İatridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (X6 S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (X4-Adam İİ Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı 17 kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 173; Béláné Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75).

38. Şərh edilənlərə əsasən məhkəmə qeyd edir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın. Hazırki situasiyada iddiaçılardan İddiaçı2 sahiblik və istifadəsinə verilmiş 600 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququna dair onun qanuni gözləntisi vardır. Bu gözlənti ona görə qanunidir ki, onun əsasında qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmiş qərar çıxış edir.

39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.

40. İkinci dispozitiv şərtin mövcudluğu həm də məhkəmə iclası zamanı müəyyən edilmişdir. Belə ki, cavabdeh hazırda iddiaçıya ayrılmış torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamağa davam etməklə, iddiaçını orada yaşamağına, əmlakından istifadə etməyə və ondan yararlanmağa imkan vermir. Cavabdeh özü məhkəmə iclası zamanı bildirmişdir ki, o, fərdi yaşayış evini tərk etmək niyyətində deyil.

41. Üçüncü dispozitiv şərtə, yəni fərdi yaşayış evinin cavabdehin qanunuz sahibliyində olmasına gəldikdə isə, bununla bağlı yuxarıda ətraflı şərh edilmişdir ki, cavabdehin fərdi yaşayış evinə dair hər hansı bir hüququ mövcud deyil. Bu onu deməyə əsas verir ki, fərdi yaşayış evi cavabdehin və ailə üzvlərinin qanunsuz sabibliyindədir.

42. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisə predmeti olan əmlak üzərində hər hansı hüquqları yoxdur və onların iddiaçıya məxsus olan əmlakda mülkiyyətçinin iradəsinin əleyhinə qalması, hüquqi əsaslar olmadan oradan istifadə və çıxmaqdan imtina etmələri, sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ailə üzvləri ilə birlikdə çıxarılmasına dair tələbi əsaslı olduğundan iddia həmin hissədə təmin edilməlidir.

43. İddia tələbinin cavabdehdən kirayə haqqının tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçılar mübahisəli fərdi yaşayış evini cavabdehə kirayə verdiklərini sübut edə bilmədiklərindən, eləcə də bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiklərindən, iddia kirayə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilə bilməz.

44. Məhkəmə cavabdehin qeyd etdiklərinə münasibətdə isə bildirir ki, cavabdeh mübahisəli fərdi yaşayış evini İddiaçı1 aldığını, eləcə də həmin fərdi yaşayış evində təmirbərpa işləri həyata keçirərək yaşanılanacaq hala gətirdiyini qeyd etsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, eləcə də İddiaçı1 ödədiyini iddia etdiyi məbləğləri təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməməklə yanaşı həmin məbləğləri məhz fərdi yaşayış evinin alqı-satqısı ilə əlaqədar ödədiyini də sübuta yetirə bilməmişdir. İddiaçılardan İddiaçı2 tərəfindən cavabdehə verilmiş, 2025-ci ilin aprel ayında isə ləğv edilmiş etibarnaməyə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh həmin etibarnamənin ona həmin fərdi yaşayış evinin alqı-satqısı məqsədilə verildiyini təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir. Kommunal xidmətlərlə bağlı müqavilələrin cavabdehin adına olmasına münasibətdə cavabdehin irəli sürdüyü arqumentə münasibətdə məhkəmə qeyd edir ki, kommunal xidmətlərin göstərilməsinə dair müqavilələrin cavabdehlə bağlanması sahiblik və istifadəsinə torpaq sahəsi ayrılmış İddiaçı2 notarial qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarixli ərizəsi ilə verdiyi razılıq əsasında həyata keçirilmişdir. Bu səbəbdən də kommunal xidmətlərin cavabdehin adına olmasını həmin fərdi yaşayış evinin cavabdeh tərəfindən tikilməsini və ya ona məxsus olmasını qeyd etmək üçün kifayətedici əsas hesab etmək olmaz. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin iddia tələbi ilə bağlı qeyd etdiyi etirazlar əsassızdır və həmin etirazda qeyd edilən hallar mülki iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır.

45. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatında inzibati məhkəmə icraatından fərqli olaraq obyektiv həqiqətin deyil, formal həqiqətin müəyyən edilməsi məhkəmənin vəzifəsi olaraq təsbit edilmiş və buna görə də çəkişmə prinsipi (AR MPMnin 9-cu maddəsi) mülki məhkəmə icraatının, işin hallarının araşdırılması prinsipi (AR İPM-nin 12-ci maddəsi) isə inzibati məhkəmə icraatının ana prinsipi olaraq müəyyən edilmişdir. Bu prinsiplərin fərqləri ondan ibarətdir ki, çəkişmə prinsipi zamanı məhkəmə yalnız tərəflərin bərabərliyini təmin etməklə öz qərarını yalnız onların çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırır, amma inzibati məhkəmə icraatında tətbiq edilən işin hallarının araşdırılması prinsipinə əsasən isə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırır. Bu isə onu göstərir ki, mülki məhkəmə icraatında hakimin səlahiyyətləri yalnız tərəflərin təqdim etdikləri sübutlarla məhdudlaşdırılmışdır.

46. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyin istinad edilmiş normalarının imperativ tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu isə o deməkdir ki, məhkəmə tərəflərin və ya onlardan hər hansı birinin yerinə sübut toplayan bir orqan və ya qurum deyildir. Əks halda bu məhkəmənin işin hallarını obyektiv və şəffaf araşdırılması prinsipinə zidd olmaqla məhkəmənin də tərəf rolunda çıxış etməsinə səbəb ola bilərdi. Mülki prosessual qanunvericiliyin digər bir imperativ tələbinə əsasən tərəflərin tələb və ya etirazlarını əsaslandırmaq üçün əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Bu da onu deməyə əsas verir ki, sübutları məhkəmə deyil, tərəflər əldə etməli və öz tələblərini və ya etirazlarını da həmin sübutlar əsasında əsaslandırmalıdırlar. Mülki prosessual qanunvericiliyinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Burdan da aydın olur ki, tərəflər öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları özləri sübut etməlidir.

47. Məhkəmə qeyd edir ki, iddiaçılar öz tələblərinin əsası kimi istinad etdikləri halları qismən sübuta yetirdiklərindən, cavabdeh isə etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia qismən - Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu, Hökməli qəsəbəsi, Çiçək massivində yerləşən 600 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən çıxarılması hissəsində təmin edilməli, qalan hissədə isə rədd edilməlidir.

48. Məhkəmə ödənilmiş dövlət rüsumuna münasibətdə qeyd edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu da iddianın təmin edildiyi hissəyə münasibətdə, yəni 51 manat məbləğində olan hissədə Cavabdeh tutularaq İddiaçı2 ödənilməli, qalan hissədə isə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

49. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 119, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə

QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu, Hökməli qəsəbəsi, Çiçək massivində yerləşən 600 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən çıxarılsın.

3. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 51 (əlli bir) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı2 ödənilsin.

4. İddia qalan hissədə təmin edilməsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

6. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar