Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-540/2023 28.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı X4 (eyni zamanda digər İddiaçı nümayəndəsi qismində), Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı və X4 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X13 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Bakı şəhər, Yasamal rayonu, “Maşın bazarı” adlanan yerdə maşınların alqı-satqısı ilə məşğul olan avtosalonda ümumi dəyəri 20500 manat təşkil edən X21 markalı, 2008-ci il buraxılışlı, gümüşü rəngli, gücü 2, dövlət qeydiyyat nişanı 99GC351 olan maşın almaq qərarına gəlmişdir. Bu məqsədlə o, Azərbaycan Beynəlxalq Bankdan 10000 manat nağd şəkildə kredit götürmüşdür. Eyni zamanda bu məqsədlə digər iddiaçı X6 məxsus BMW markalı, gümüşü rəng, 1996-cı il buraxılışlı, 90BB566 dövlət qeydiyyat nişanlı avtomobil 6500 manat qiymətləndirilməklə barter edilmiş, İddiaçı bankdan götürdüyü 9500 manatla ümumilikdə 16000 manat pul avtosalonda işləyən Cavabdeh2 ödənilmişdir. 20500 manatdan 16000 manat ödənildikdən sonra İddiaçı avtosalona 4500 manat borcu qalmışdır. Həmin məbləğə dair “daxili kredit” açılmış və tərəflər belə razılaşmışlar ki, İddiaçı 24 ay müddətində hər ay 291 manat məbləğində pulu Cavabdeh1 Arif oğlunun kartına köçürəcək. Cavabdeh1 Arif oğlu xx.xx.2021-ci il tarixdə ona verilmiş etibarnamə əsasında İddiaçı aldığı avtomobili idarə etmək üçün etibarnamə vermişdir. İddiaçı avtomobilə dair nə üçün alqı-satqı müqaviləsinin bağlanmadığını soruşmuş və ona cavab verilmişdir ki, buna ehtiyac yoxdur, borc tam ödənildikdən sonra gedib avtomobili adına keçirəcək. Avtomobili idarə etmək üçün isə etibarnamə kifayətdir. İddiaçı deyilənlərə inandı və etibarnamə ilə kifayətləndi. O, hərbiçidir, Ağstafada xidmət edir, ailəlidir, iki uşağı var, Ağstafada kirayədə yaşayır. Aldığı avtomobilin texniki cəhətdən “saz” olmasını yoxlamaq üçün usta Elşənə müraciət etmişdir. Usta maşını tam yoxlayaraq bildirmişdir ki, maşının bir çox hissələri dəyişdirilməlidir. Beləliklə, həmin nasazlıqları tam aradan qaldırmaq üçün İddiaçı 2200 manat xərc çəkmişdir. Sonra İddiaçı yaşadığı və xidmət etdiyi Ağstafa rayonuna getmiş və 23 aprel 2022-ci il tarixdə Cavabdeh2 onun mobil nömrəsinə zəng edərək idarə etdiyi avtomobilin “yaxşı birisi” ilə əvəz edəcəyini vəd edərək, avtosalonda onlarla birlikdə çalışan Cavabdeh4 hal-hazırda Ağstafa şəhərində olduğunu və avtomobili ona təhvil verə biləcəyini bildirmişdir. İddiaçı Cavabdeh2 inanmış və onda hər hansı şübhə yaranmadığından avtomobili Cavabdeh4 təhvil vermişdir. O da avtomobili sürüb getmişdir. Həmin gündən sonra İddiaçı dəfələrlə Cavabdeh1, Cavabdeh2 zəng etsə də, onun zənglərinə cavab verən olmamış, həmin vaxt o, çox gərginliklər və stres yaşamışdır. Bütün keçirdikləri iztirablardan sonra atası X6 zəng edərək başına açılan oyunlar barədə xəbər vermişdir. Atası avtosalona gedərək avtomobili tələb etsə də, avtosalonda avtomobili ona təhvil verməkdən imtina etmişlər və bildirmişlər ki, həmin avtomobil artıq Türkiyə vətəndaşına satılmışdır. Bundan sonra İddiaçı avtosalona ödənilmiş 16000 manat pulu və 6 ay ərzində hər ay ödədiyi 291 manat pulun qaytarılmasını tələb etsə də, avtosalonda rədd cavabı ilə qarşılarşmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdən hal-hazıradək başına açılan bu oyunlardan sonra özünə gələ bilmir, əsəb keçirdir. Hətta intihara əl atmaq məcburiyyətində qalmış, çünki özünü və valideynlərini çətin vəziyyətdə qoymuşdur. Bir qrup cinayətkar dəstə onu və atasını aldadaraq açıq-aşkar onu həm bank qarşısında, həm də valideyni qarşısında öhdəlik götürməyə məcbur etmişdir. O, əmlakından tam şəkildə məhrum olmuşdur. Maşın əlindən çıxandan sonra, o, hər səhər iş yerinə (xidmət yerinə) getmək üçün 20 manat pul xərcləyir, çünki taksi ilə gedib-gəlir - 10 manat iş yerinə və hər gün geriyə, Ağstafa şəhərinə qayıtmaq üçün 10 manat gediş haqqı ödəyir. Eyni zamanda bir qrup cinayətkar dəstənin ifşa olunacağına inanır, çünki İddiaçı onlara əli ilə külli miqdarda pul vermiş, bankdan kredit götürmüş, daha sonra həmin şəxslər ona böyük sağalmaz yara vuraraq, bəhanə ilə maşını əlindən almaqla yanaşı, ödədiyi pulları qaytarmırlar. Qeyd edilənlər nəzərə alınaraq onlar barəsində xüsusi qərardad qəbul edilməli və bu barədə aidiyyəti qurumlara məlumat verilməlidr. Məhkəmə iclasında iştirak edən iddiaçı X13 (eyni zamanda digər İddiaçı nümayəndəsi qismində) iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, BMW 528 minik markalı, 90BB566 dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus idi və həmin avtomobil İddiaçı tərəfindən X21 markalı avtomobil alınarkən 6500 manata qiymətləndirilmiş və həmin məbləğin əvəzi olaraq barter edilərək ondan alınmışdır. Bütün bu əməliyyatlara dair hər hansı müqavilə bağlanmamışdır. Oğlu İddiaçı BMW 528 minik markalı, 90BB566 dövlət qeydiyyat nişanlı avtomobildən əlavə Cavabdeh2 bankdan kredit götürdüyü 9500 manatı nağd verdi. Bundan sonra 4500 manat borc qaldı və onun hissəhissə ödənilməsi barədə razılaşdılar. Həmin pulu oğlu hissə-hissə (hər ay 291 manat olmaqla) Teymurun ona verdiyi kart hesablarına ödəyirdi. Pul 5 ay Cavabdeh1, 1 ay isə Cavabdeh4 məxsus bank kartlarına ödənilmişdir. Bir gün Elxan adlı şəxs oğluna zəng elədi ki, artıq Teymur yoxdur və pul Teymura deyil, ona ödənilməlidir. Oğlu da həmin şəxsə cavab verdi ki, avtomobilin nasaz hissələri var, bəs onları kim təmir edəcək. Elxan adlı şəxs ona cavab verdi ki, onu Teymurnan danışsın. Onda oğlu da Elxana cavab verdi ki, necə olur ki, borc ona ödənilməlidir, avtomobilin problemləri isə Teymurnan danışılmalıdır. Həmin şəxsə inanmadı və Teymurnan münasibətini davam etdi. Teymur isə onu nəticədə aldatdı və avtomobili əlindən aldı. Bu bir tək Teymurun məsuliyyəti deyil. Belə ki, avtomobilin mülkiyyətçisi Cavabdeh2 deyil, avtomobil oğlundan alınaraq digər şəxsə veriləndə, həmin şəxsə ümumi etibarnaməni Cavabdeh1 vermiş, onun da özbaşına hərəkət etməsi inandırıcı deyil. Bu böyük bir şəbəkədir və əməlləri ilə bir çox şəxsə ziyan vurublar. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş İddiaçı məhkəməyə bildirmişdir ki, xx.xx.2021-ci il tarixində “maşın bazarı” adlanan yerdə Cavabdeh2 X21 markalı maşın almaq qərarına gəlmiş, maşının qiymətini 20500 manata razılaşdırmışlar. İlkin olaraq Cavabdeh2 avtosalonun bütün işçilərinin yanında 9500 manat vermişdir. Həmin pulu o, xx.xx.2021-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankından kredit götürmüşdür. Ödənişi etdikən sonra Teymura dedi ki, ödənişin edilməsinə dair ona ya qəbz, ya hansısa sənəd versin. Buna cavab olaraq ona bildirildi ki, siz burda, biz burda, qaçmırıq ki. Əlavə olaraq atasına məxsus BMW 528 minik markalı avtomobil 6500 manata qiymətləndirildi və onlardan həmin pulun əvəzinə götürüldü. Bundan sonra avtomobilin ümumi borcundan 4500 manat qaldı, ona da daxili kreditlə verəcəyi üçün 2500 manat faiz hesablandı, borc ümumilikdə 7000 manata yaxın oldu və bu pulu 24 ay ərzində hər ay 291 manat olmaqla Teymura ödəniş etməyi barədə razılığa gəldilər. 6 ay ödəniş etdi, 5 ayın ödənişini Cavabdeh1 kartına, 1 ayın ödənişini isə Cavabdeh4 kartına ödədi. Maşını işlədiyi rayona apardıqdan sonra maşında müəyyən problemlər olduğunun fərqinə vardı. Bundan sonra avtomobili yenədən Bakı şəhərinə gətirdi, İlkinlə görüşdü, ustaya getdilər, 100 manata maşının yağını dəyişdilər, lakin bu da maşındakı problemi həll etmədi. Sonradan bildi ki, problem maşının surət qutusundadır və bunun təxminən 2000 manat xərci var. Bunu öyrənəndən sonra o, Teymurla əlaqə saxladı və ona bildirdi ki, avtomobilin 2000 manat xərci var, ya avtomobili düzəltsin, ya da ki, ona başqa avtomobil versin. Teymur ona dedi ki, problem deyil, avtomobili daha yaxşı avtomobillə əvəz edə bilər, avtomobili təhvil versin Zaur adlı şəxsə və gözləsin. O, Teymura inanaraq Ağstafa şəhərinə gəlmiş Zaura Avilzadəyə avtomobili təhvil verdi. Bir müddət sonra ona Elxan adlı şəxs zəng edərək bildirdi ki, Teymur yoxdur artıq, qaçıb, ödənişləri daha Teymura deyil, Elxana etməlidir və ödənişi etdikcə də ona ayda 1 dəfə maşını idarə etmək üçün etibarnamə veriləcək. O, Elxana maşında problem olduğunu da bildirdi, Elxan da ona dedi ki, “maşındakı problem mənlik deyil, maşını kimdən almısansa ona bildir problemini”. Bu zaman o, Teymura zəng edib ona Elxan tərəfindən deyilənlər barədə məlumat verdi. Teymur da ona dedi ki, narahat olmasın, Elxan onun etibarını qazanmayan işçisi olub və işdən uzaqlaşdırılıb. O, Elxan adında şəxsin üzünü görməyib, yalnız 1-2 dəfə telefonla danışıb, ona görə də Elxana ödəniş etməkdən imtina etdi. Belə ki, o, Elxana ödəniş etsə idi, Teymur deyəcəydi ki, sən Elxanı tanıyırdınmı ona ödəniş edəsən. Beləliklə əslində böyük bir şəbəkə tərəfindən aldadıldığını anladı, lakin artıq gec idi – avtomobil əlindan alınaraq başqa şəxsə satılmış, pulunu da qaytarmaqdan imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında məhkəməyə bildirdi ki, o, avtosalonda işləyir. Onun işi formal olaraq adına göndərilən avtomobilləri gömrükdən çıxarmaqdan ibarətdir. Bir adamın adına ölkəyə məhdud sayda avtomobil gələ bilər. Ona görə də, o, bunu ailə üzvlərindən aldığı etibarnamələr vasitəsilə də edir. Hazırkı iş üzrə Cavabdeh3 onun əmisidir, lakin onun heç nədən məlumatı yoxdur. Sadəcə avtomobillər onun adına gəlir. İddiaçı aldığı maşın da onun adına gəlmiş, bundan sonra digər əməliyyatları o, əmisinin verdiyi etibarnamə əsasında etmişdir. Lakin o, pul haqqhesablarında iştirak etməmişdir. Pul və BMW markalı avtomobil Teymura verilmişdir. Ona sadəcə hər gömrükdən çıxardığı maşından 50 manat pul qalır. Eyni zamanda Muradın 5 ay ödədiyi 291 manat da onun kartına ödənilirdi, lakin kart həmin vaxt Teymurda idi. Murad pulu 5 ay onun adına olan karta, 1 ay da Cavabdeh4 kartına ödəmişdir. Muradın Teymur tərəfindən aldadılmasından hardasa 1 ay əvvəl müdiri X16 zəng edərək bildirdi ki, “maşın artıq Teymurun “balansından” çıxıb, mənim “balansımdadı”, pulu mənə ödəyib qurtarandan sonra gəlib maşını adına keçirmək üçün etibarnamə ala bilərsən”. Murad Elxanın sözlərinə əhəmiyyət verməmiş, halbuki Elxana qədər ona Teymur da bu barədə məlumat vermişdir. Bir müddət sonra Teymur gəlib həmin avtomobil üçün başqa adamın adına etibarnamə istəyəndə Elxan yenidən Murada zəng elədi və bu barədə məlumat verdi, onun buna razı olub–olmadığını soruşdu, eyni zamanda maşının əldən getdiyini bildirdi. Murad da bildirdi ki, etibarnaməni verin - məlumatım var. Teymur onun müdiri Elxana da 200.000 manat “atıb”, eyni zamanda maşın bazarında çox adama ziyan vurub. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh3 məhkəməyə bildirmişdir ki, Cavabdeh1 onun qardaşı oğludur. İlkin avtosalonda işləyir və onun adına ölkəyə avtomobillər gəlir. Hamısını öz adına rəsmiləşdirə bilmədiyinə görə bütün ailə üzvləri ona etibarnamə vermişdir ki, onların da adına rəsmiləşdirsin. Neynəsin, necəsə işləyib pul qazanmalıdır da. İşin təfərrüatı barədə məlumatı yoxdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, BPM**********00 saylı Kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 48 ay müddətinə, illik 22,6% ödəmək şərtilə 10000 manat kredit verilmişdir. İş materiallarında olan Nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnamədən görünür ki, Cavabdeh3 təmsil edən Cavabdeh1 xx.xx.2021-ci il tarixdə X21 minik markalı, 99GC351 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətlərini İddiaçı etibar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsinin xx.xx.2022-ci il tarixli, 016-159961-1222 saylı cavab məktubundan görünür ki, X21 minik markalı, 99GC351 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən X8 mülkiyyətindədir və həmin şəxsə mübahisəli avtomobilə dair avtomobilin mülkiyyətçisi Cavabdeh3 tərəfindən xx.xx.2022-ci il tarixdə etibarnamə verilmişdir. İş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, İddiaçı tərəfindən 5 ay ərzində cəmi 1455 manat Cavabdeh1 məxsus karta, 1 ay üçün isə 291 manat Cavabdeh4 məxsus karta köçürülmüş və bu xüsusat məhkəmə iclasında Cavabdeh1 tərəfindən təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tətqiq edilən video yazıdan görünür ki, İddiaçı avtomobili tam olaraq videoya çəkərək şərti salamat vəziyyətdə Cavabdeh4 təhvil vermiş və səsləndirdiyi ifadələrdən belə başa düşülür ki, Cavabdeh2 ona təhvil verilən X21 minik markalı, 99GC351 dövlət qeydiyyat nişanlı avtomobil əvəzinə başqa avtomobil verməli idi. İş materiallarında olan və məhkəmə iclasında tətqiq edilən audio yazıdan görünür ki, X1 Murad Qədir oğlu ilə telefon əlaqəsi yaradaraq bildirmişdir ki, Teymurun ona borcu olduğuna görə, Muradın borcu da Elxan Tahirova ötürülmüş və 5677 manat məbləğində pulu Murad bundan sonra Elxana ödəməli idi, Murad həmin pulun 1 ayını ödəyib, indi isə Teymur gəlib həmin avtomobil üçün etibarnamə istəyir. Elxan Teymura həmin etibarnaməni versə artıq avtomobil əldən çıxacaq. X14 arasında olan münasibətləri bilmir. O, öz pulunu alıb, etibarnaməni verəcək, sonrakılar artıq Teymurla Muradın haqq-hesabıdır. İstəyərdi ki, burda indi Murad da iştirak etsin. X11 soruşur ki, avtomobilə dair başqa şəxsə etibarnamə verilməsinə razıdırmı, o da razılığını bildirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində məhkəməyə bildirdi ki, o, maşın ustasıdır. Bir gün İddiaçı yanına gələrək maşın almaq istədiyini bildirdi və maşına usta kimi baxmağını xahiş etdi ki, maşında problem olmazsa, onu alsın. Getdilər maşın bazarına, maşına baxdılar, normal idi. Hətta maşını aparıb başqa yerdə də yoxlatdırdılar. Sonra maşında cilalama işlərinin aparılması üçün gətirib yenidən avtosalona təhvil verdilər. Murad maşını almaq üçün razılaşdıqdan sonra maşına ilkin ödəniş olaraq 9500 manat, üstəlik də atasına məxsu BMW markalı maşını 6500 manat əvəzi verdi. Lakin sonradan aylıq ödənişlərin nə qədər olacağını bilmir. Müəyyən müddət keçdikdən sonra Murad ona bildirdi ki, bu maşını dəyişib daha yaxşı model maşın almaq istəyir. Dedi ki, Teymurla danışıb, Teymur da maşının başqa maşın ilə əvəz edilməsinə razılaşıb, hətta Teymur ona bir neçə başqa model şəklini atıb, Murad da həmin maşınları ona göstərirdi. Muradın maşınını yeni model istədiyinə görə dəyişmək istədiyini bilir. Başqa hər hansı məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində məhkəməyə bildirdi ki, Cavabdeh2 maşın bazarında tək ona yox, onun kimi bir çox sahibkarı aldadaraq pul “atıb”. Teymurun ona atdığı pulların əvəzinə o, onun əlində “kreditdə” olan 6 maşınını almışdır. Həmin avtomobillər sırasında İddiaçı da aldığı avtomobil var idi. Daha sonra maşın sahiblərinə zəng edib dedi ki, Teymur ona pul “atıb”, bundan sonra onlar avtomobillərinin qalan borcunu ona ödəməlidirlər. Muradla danışan zaman Murad ona bildirdi ki, maşınında səs var, nasazdır, o da ona dedi ki, maşınını özü düzəltdirsin, onun borcundan həmin məbləği çıxacaq. Murad ona dedi ki, maşınını Teymur düzəltdirəcək. O, mütəmadi olaraq 1 həftə Muradla əlaqə saxladı, Murad ona bildirdi ki, maşını təmir etdirmək üçün Teymura təhvil verəcək. O, üstü örtülü Murada başa saldı ki, Teymur çox adama qarşı dələduzluq edib, onun da pulunu “atdığı” üçün əlində olan maşınların hamısını alır. Murad isə dediklərini Teymura çatdırıb, hətta Teymur mağazaya gələrək Murada onun haqqında dedikləri üçün mübahisə belə etmişdir. Maşın artıq onun “balansında” olduqdan sonra maşına 2022-ci ilin 20 aprel tarixində 291 manat ödəniş olundu, 24 aprel 2022-ci ildə isə Teymur Muradın maşını və sənədləriylə gələrək maşına etibarnamə verilməsini istədi ki, maşını başqasına satsın. O, Teymura qalıq 5300 manat pulu verdikdən sonra etibarnamə verə biləcəyini bildirdi, Teymur pulu gətirməyə gedən zaman, o, yenə də Murada zəng etdi və maşınının Teymur tərəfindən satıldığını bildirdi, razılığının olub-olmamasını soruşdu. Murad isə xəbərinin olduğunu bildirərək, etibarnamə verilməsinə razılıq verdiyini bildirdi. Bundan sonra o, maşına etibarnamə verdi və sonra baş verənlərdən məlumatı yoxdur. Murada satılmış X21 markalı maşına görə cəmi qazancı 5600 manat olub. İddiaçı atasına məxsus olmuş BMW markalı avtomobil də borc hesabına nəticədə onlara keçmiş, sonra başqa şəxsə satılmışdır. Teymur hal-hazırda Azərbaycandan qaçıb. Muradın maşınının ona aidiyyəti yox idi, sadəcə Teymurun ona borcu olduğu üçün həmin maşını ondan almışdır. İlkin olaraq ondan əvvəl Teymur Murada zəng edərək bildirmişdir ki, “bundan sonra mən daha burda olmayacam mənə ödəniləcək pulu Elxana ödəməlisən”. Bu tək Muradla baş verməyib, ondan əlavə 5 nəfər də olub, lakin yalnız Murad deyilənlərə əhəmiyyət verməyərək maşını Teymura təhvil verib, indi də pullarını onlardan tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində məhkəməyə bildirdi ki, o, Cavabdeh2 avtomobil almışdır. Avtomobilin dəyərinin bir hissəsini nağd, bir hissəsini isə daxili kreditlə ödəyirdi. Bir müddət sonra Teymur onunla əlaqə saxladı və bildirdi ki, pulu artıq ona deyil, Elxana ödəsin, o da ödənişlərini Elxana etdi. Avtomobilin tam dəyərini ödəyib qurtardıqdan sonra ona etibarnamə verildi və o, aldığı avtomobili öz adına rəsmiləşdirdi. Elxana pulu o, karta deyil, nağd ödəyirdi və bir gün növbəti ödəniş üçün Elxanla görüşəndə Elxan ona Teymurun bir hərbiçini aldatdığını danışdı. İndi başa düşür ki, onda söhbət hazırkı iş üzrə iddiaçı barədə gedirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində məhkəməyə bildirdi ki, o, Cavabdeh2 avtomobil almışdır. Avtomobilin dəyərinin bir hissəsini ödəmiş, digər hissəsini isə daxili kreditlə hər ay ödəyirdi. Bir gün Teymur ona zəng elədi və dedi ki, bundan sonra qalıq borc Elxan adlı şəxsə ödənilməlidir. O da deyilən kimi elədi. Halhazırda hələ borcunu ödəyib qurtarmayıb. Sağ olsunlar, onu sıxışdırmırlar, pulu ödəyə biləndə ödəyir. Hal-hazırda avtomobili sürmək üçün verilmiş etibarnamə əsasında idarə edir. Pulu ödəyib qurtarandan sonra avtomobili adına keçirmək üçün ona ümumi etibarnamə veriləcək. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, İddiaçı Cavabdeh2 9500 manat nağd pul ödəməklə və X6 məxsus BMW 528 minik markalı, 90BB566 dövlət qeydiyyat nişanlı avtomobili 6500 manat əvəzi verməklə, Cavabdeh3 məxsus X21 minik markalı, 99GC351 dövlət qeydiyyat nişanlı avtomobili mülkiyyətçi tərəfindən Cavabdeh1 verilmiş etibarnamə əsasında “almış” – ona nəqliyyat istifadəsini idarət etmək hüququ verilmiş və 6984 manat məbləğində “daxili kredit açılaraq”, İddiaçı üzərinə 24 ay ərzində hər ay 291 manat ödəniş etmək öhdəliyi qoyulmuş, o da 5 ay müddətində hər ay 291 manatı Cavabdeh1, 1 ay üçün isə 291 manatı Cavabdeh4 məxsus bank kartına ödəmişdir. 2022-ci ilin aprel ayında Cavabdeh2 avtomobili başqa avtomobillə əvəz etmək bəhanəsi ilə İddiaçı Cavabdeh4 vasitəsilə almış, nəticədə avtomobil başqa şəxsə satılmış, İddiaçı nə ödədiyi pullar, nə atasına məxsus avtomobil qaytarılmış, nə də ki, başqa bir avtomobil verilmişdir. Eyni zamanda müəyyən edilir ki, X21 minik markalı, 99GC351 dövlət qeydiyyat nişanlı avtomobil üçün 9500 manat ilkin ödəniş ödəmək üçün İddiaçı xx.xx.2021-ci il tarixdə bankdan 10000 manat kredit götürmüş və 48 ay üçün 22,6% ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə müvafiq olaraq, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Mülki Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddiaçılar tərəfindən irəli sürülmüş tələblərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, İddiaçı avtomobilin alınması üçün nağd ödədiyi bankdan kredit götürmüş olduğu 9500 manat məbləğində pulun və 48 aylıq müddət üçün Bank tərəfindən hesablanacaq 4520 manat faizin Cavabdeh2 tutulması tələbi əsaslıdır. Eyni zamanda işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, digər iddiaçı X13 özünə məxsus BMW 528 minik markalı, 90BB566 dövlət qeydiyyat nişanlı avtomobili 6500 manat əvəzi Cavabdeh2 vermiş və həmin məbləğ oğlu İddiaçı aldığı avtomobil üçün ödəniləcək borcdan çıxılmışdır. Hal-hazırda həmin avtomobil artıq başqa şəxsə satılmış və məhkəmə belə qənaətə gəlir ki, hüquqi müəyyənlik və mülki dövriyyənin sabitliyi prinsipləri baxımından iddiaçının avtomobilini deyil, avtomobilə qarşılıqlı razılaşma yolu ilə qoyulmuş dəyəri tələb etməsi ağlabatandır. Eyni zamanda İddiaçı xeyrinə Cavabdeh1 və Cavabdeh4 bank kartlarına ödənilmiş pulların tutulması da qanuni və əsaslıdır. Belə ki, Cavabdeh1 pulların ödənildiyi müddətdə kartların Cavabdeh2 olmasını bildirsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddia ərizəsinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə qeyd olunmalıdır ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 hərəkətləri nəticəsində keçirtdiyi stres, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır. Belə ki, aldadılalaraq pulundan və əmlakından olmuş şəxsin mənəvi zərər çəkməsi mübahisəsizdir. İddiaçı psixoloji vəziyyətini təxmin etmək üçün iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş avtomobil Cavabdeh4 təhvil verildiyi vaxt çəkilmiş video yazıya baxmaq (iddiaçının dediklərinə qulaq asmaq şərtilə) kifayətdir. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlara əsasən və konkret işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh2 İddiaçı oğlunun xeyrinə 2000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir. Bununla yanaşı məhkəmə iddia ərizəsini təmirə xərclənmiş 2200 manat məbləğində pulun və İddiaçı avtomobilsiz qaldığı müddətə taksi xidmətlərindən istifadəyə görə xərclədiyi vəsaitlərin əvəzinin ödənilməsi hissəsində əsaslı hesab etmir. Belə ki, iddiaçı qeyd olunanları tələb etsə də, buna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, 14020 (9500+4520) manat məbləğində maddi ziyanın və 2000 manat məbləğində mənəvi ziyanın əvəzi Cavabdeh2 tutularaq İddiaçı; 6500 manat məbləğində pul Cavabdeh2 tutularaq iddiaçı X6; 1455 manat məbləğində pul Cavabdeh1 və 291 manat məbləğində pul Cavabdeh4 tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 14020 manat məbləğində maddi ziyanın və 2000 manat məbləğində mənəvi ziyanın əvəzi olaraq, cəmi 16020 (on altı min iyirmi) manat pul və ödənilmiş 116,47 (yüz on altı manat qırx yeddi qəpik) manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. 6500 (altı min beş yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq iddiaçı X6 ödənilsin. 1455 (min dörd yüz əlli beş) manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. 291 (iki yüz doxsan bir) manat məbləğində pul Cavabdeh4 tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 123,53 (yüz iyirmi üç manat əlli üç qəpik) manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-540/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-540/2023
28.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver