Məhkəmə qərarları › İş №2(001)-540/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-540/2025

23.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-540/2025 23.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Binəqədi Rayon Xocəsən Bələdiyyəsi və Binəqədi Rayon İcra Hakimiyyəti cəlb edilməklə “hasarın sökülməsi və uçurulmuş hasarın bərpası” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşadığı fərdi yaşayış evinin cavabdeh tərəfindən uçurulmuş hasarının onun öz hesabına bərpa edilməsi, cavabdehin onun evinin pəncərəsinə bitişik inşa etdiyi hasarın onun öz hesabına sökülməsi və həyətyanı sahənin sərhəddinə kimi boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, özü 2-ci qrup əlildir və 1-ci qrup əlil olan bacısı Lalə Cəfərova ilə birlikdə ərizəsində göstərdiyi fərdi yaşayış evində yaşayırlar. Yaşadıqları evin altındakı 300 kv.m torpaq sahəsini 2012-ci ildə faktiki alqı-satqı qaydasında, əvəzli olaraq əldə etmişlər və üzərində bir mərtəbəli fərdi yaşayış evi inşa etmişlər. Uzun müddətdir ki, həmin evdə yaşayırlar. Həyətin hasarı pud daşlardan ibarət idi. Cavabdeh onun evdə bir müddət yaşamamağından istifadə edərək, evin arxasındakı pud daşlardan ibarət hasarı özbaşına olaraq sökmüş. Mərzi dəyişmiş və hasarını onu pəncərəsinə bitişik olaraq çəkmişdir. Eyni zamanda hasarın hündürlüyünü evinin damına qədər qaldırmışdır. Həmçinin onun evinə aid torpaq sahəsinin əhəmiyyətli hissəsini zəbt etmişdir. Evə günəş şüası düşmür, hava axımının qarşısı alınmış, pəncərəsindən görüntü tam məhdudlaşmışdır. Binəqədi Rayon İcra Hakimiyyətinə və digər səlahiyyətli orqanlara yazılı olaraq dəfələrlə şikayət etmişdir. Lakin inzibati orqanlar vəzifələrini yerinə yetirmək əvəzinə ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, torpaq sahəsini Rafiq adlı şəxsdən 6 sot olaraq etibarnamə ilə almışdır. Həmin vaxt Rafiq özü də, qeyd edirdi ki, torpaq sahəsi sənəddə 6 sot olsa da, əslində 7 sotdur. O vaxt hətta düşünüblər ki, gələcəkdə sənədləşmə olacağı təqdirdə, artıq olan sahənin, ödənişini edib ala bilərlər. Həmin vaxt ölçü işləri daha dəqiq aparıla bilərdi. Torpağı daha sonra 3 sotunu bacısına vermişdir. Özünün evini tikdiyi yerdən hasarla arasında 1,5 metr məsafə olmuşdur. Cavabdehin hasarı bəyənməyərək, sökmək fikri var idisə, onunla razılaşmaqla söküb elə əvvəlki yerindən tikmək olardı. Lakin cavabdeh ondan xəbərsiz hasarı söküb, təzəsini isə düz onun evinin divarına bitişik tikməklə, pəncərəsinin qabağını bağlamışdır. Rafiqin 6 sotdan əlavə hansısa hissəni zəbt etmiş olma ehtimalını düşünməmişdir. Kosmosdan olan görüntüdə və bələdiyyənin dediyinə görə, sahə onun öz sahəsidir. Mütəxəssis rəy ilə də razılaşmır. Mütəxəssisin xərcini özü qarşılamışdır. Lakin mütəxəssis ona “xala sən düz deyirsən” deyib, sənəddə başqa bir rəy verib. Hazırda tələb edir ki, cavabdeh onun pəncərəsinin qabağını açsın, yoxsa od vurub yandırar oranı. Cavabdehin torpaq sahəsində tikdiyi evlə hasarı arasında məsafə 2,5 metrdir. Sırf 2,5 metr məsafə olsun deyə, köhnə hasarı söküb, onun torpağına girmişdir. Son sözü budur ki, ya hasarı söküb, öz ərazisindən çəksin, ya da ki, oranı tamam söküb açıq ərazi etsin. Hasarın hündürlüyü 2,20 metr olsa onun evinə işıq düşə bilər.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, ona məxsus torpaq sahəsinin sənəddə sahəsi 6 sotdur. Lakin satan şəxs bildirmişdir ki, torpaq sahəsi faktiki olaraq 7 sotdur. 2023-cü ildə Çərkəz özü etiraf etmişdir ki, 1,40-1,50 olmaqla, 10 metrəyə yaxın yeri zəbt edilmişdir. O vaxt özü demişdir ki, torpağı heç istəmir. Lakin 4 metr uzunluğunda hasara razı deyil. Onun evinin arxasından hasara 1,5 metr məsafə olmuşdur. Həmin hasarı torpağı aldığı adam tikmişdir. 15 ildir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. Cavabdeh isə 4 ildir ki, həmin əraziyə köçmüşdür. Rayonda işləyən zaman cavabdeh ona məlumat vermədən hasarını sökərək 3 mərtəbəli fərdi yaşayış evi tikmişdir. Lakin cavabdeh evini tikən zaman tikinti normalarına əməl etmədən tikmişdir. Belə ki, cavabdeh evini onun pəncərəsinə bitişik tikmişdir. Halbuki tikinti normalarına görə cavabdeh evini onun evindən 3 metr ara məsafədə tikməli idi. Onun evi 1 mərtəbəli olmaqla, özbaşına tikilidir. Cavabdehin də torpağa dair sənədləri yoxdur. Cavabdeh hətta bələdiyyə vergisini də ödəmir. Hamı cavabdehdən narazıdır.

5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, torpaq sahəsini satan şəxs öz sahəsini yaxşı qiymətə satmaq üçün onun faktiki sahəsini çox göstərə bilər. Lakin sənədlərdən görünür ki, torpaq sahəsi 6 sotdur. Mütəxəssis rəyindən də, görünür ki, cavabdehin faktiki sahibliyində olan torpaq sahəsi 590 kv.m-dir. Yəni, cavabdeh tərəfindən əlavə sahənin zəbt edilməsindən söhbət gedə bilməz. Ümumiyyətlə, iddiaçının torpaq sahəsi 1 metrə belə keçilməklə, hasar çəkilməmişdir. Hesab edir ki, ev tikiləndə hasardan aralı tikilməli və tikinti normalarına əməl edilməli di. Hasarın hündürlüyü 3 metrdir. Hasarın hündürlüyünün iddiaçının hüquqlarına zidd olub-olmaması məsələsini İcra Hakimiyyəti araşdırmalıdır.

7. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iclasın nümayəndələrin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

8. Əvvəlki məhkəmə iclasında iştirak edən Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin nümayəndəsi X15 izahatında bildirmişdir ki, hər iki torpaq sahəsinə dair qərarlar bələdiyyənin arxivində mövcuddur. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar:

9. Bakı şəhəri Binəqədi Rayon Xocasən Bələdiyyəsinin 12/14 saylı xx.xx.2005ci il tarixli qərarının surətindən görünür ki, Binəqədi rayon Xocasən bələdiyyəsinin ərazisində Binəqədi Rayon İcra Hakimiyyətinin Memarlıq xidməti ilə razılaşdırılmış cizgi ilə müəyyənləşdirilmiş (cizgi əlavə olunur) ölçü və ünvana uyğun olaraq, fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi alğı-satqı yolu ilə vətəndaş X5 mülkiyyətinə verilməsi və s. qərara alınmışdır.

10. FĞB seriyalı, 014713 saylı xx.xx.2005-ci il tarixli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, X9 tərəfindən torpaq haqqı kimi iki milyon dörd yüz min manat ödəniş edilmişdir.

11. Torpaqların alğı-satqısına dair aktdan görünür ki, X2 Bələdiyyəsinə torpaq sahəsinin alınması barədə müraciət etmiş, Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin ərazisində 600 kv.m torpaq sahəsinin satılması barədə xx.xx.2005-ci il tarixli, 12/14 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində X9 tərəfindən 2.400000 manat ödəniş edilmişdir.

12. 11.05.2012-ci il tarixli, AR-İ seriyalı, 182043 saylı etibarnamənin surətindən görünürki, X1 Güldəstə Abuzər qızına Bakı şəhəri Binəqədi Rayon Xocasən Bələdiyyəsinin 12/14 saylı xx.xx.2025-ci il tarixli qərarı əsasında Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin ərazisində fərdi yaşayış evini tikmək üçün ona ayrılmış, 600 kv.m torpaq sahəsini özəlləşdirməyi, sərəncam verməyi, satmağı, bağışlamağı və s. hərəkətlər etməyi xx.xx.2092-ci ilədək etibar etmişdir.

13. AR-İ seriyalı, 248436 saylı, xx.xx.2013-cü il tarixli etibarnamənin surətindən görünür ki, etibar edilmişi etibaretmə qaydasında İddiaçı bacısı X7 600 kv.m torpaq sahəsindən 300 kv.m sahəni satmağa, bağışlamağa, dəyişməyə və s. hərəkətlər etməyə etibarnamə vermişdir.

14. Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsindən verilən 176 saylı, xx.xx.2004-cü il tarixli çıxarış-qərarın surətindən görünür ki, Binəqədi RİH-nin memarlıq xidmətinin fərdi yaşayış evlərinin tikintilərinə aid razılığının və Yerli iqtisadi inkişaf daimi komissiyasının xx.xx.2004-cü il tarixli rəyinə əsasən aşağıda adları qeyd edilən vətəndaşlara fərdi ev tikintisi üçün müvafiq yerlərin ayrılması məqsədə uyğun hesab edilmiş və Binəqədi rayon Xocasən bələdiyyəsinin ərazisində X13 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı yolu ilə ayrılması qərara alınmışdır.

15. Torpaqların alğı satqısına dair aktdan görünür ki, X3 Bələdiyyəsinə torpaq sahəsinin alınması barədə xx.xx.2004-cü il tarixində müraciət etmiş, Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin ərazisində 600 kv.m torpaq sahəsinin satılması barədə xx.xx.2011-ci il tarixli, 176 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində X16 tərəfindən 2.400000 manat ödəniş edilmişdir.

16. Xocasən Bələdiyyəsinin sədri tərəfindən verilən google-cizgisinə dair xəritədən görünür ki, Cavabdeh kommunikasiya xətlərinə qoşulması üçün fərdi yaşayış evi 40.416289/ 49.759243 saylı koordinatlar daxilində yerləşir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9699 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində iddiaçıya məxsus fərdi yaşayş evinin pəncərəsinin qarşısında cavabdeh tərəfindən inşa olunan hasarın höndürlüyünün 4 metr olduğunu nəzərə alaraq, həmin hasarın hündürlüyünnü Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir. Ekspertiza xərcinə dair bildirişə görə ekspertiza xərci 100 manat təşkil edir.

18. “X12” MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 203 saylı mütəxəsiss rəyindən görünür ki, mübahisəli hasar iş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12/14 saylı və xx.xx.2004-cü il tarixli 176 saylı qərarlarına əsasən ayrılmış hər iki torpaq sahəsinin dəqiq sərhəddində çəkilməsi müəyyən edilmişdir. Mübahisəli hasar 1-ci sualın cavabına uyğun olaraq sağ qonşuda 0,06 ha (Cavabdeh), solda da 003 ( İddiaçı) + 0,03 = 0,06 ha olmaqla, dəqiq sərhəddə çəkilmişdir.

19. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialından məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli, 3-48- 2F2-1584/2025 saylı məktubunda göstərilir ki, Binəqədi rayon Xocasən Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2005-ci il tarixli, 12/14 saylı və xx.xx.2004-cü il tarixli 176 saylı qərarları Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarlarda vətəndaş İddiaçı və Cavabdeh barəsində heç bir məlumat yoxdur.

20. İddiaçı tərəfindən iddianın məhkəmədə qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

21. Tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində iddiaçı və cavabdehin faktiki sahibliyində olan torpaq sahələri qonşudur. Belə ki, hər iki torpaq sahəsini bir-birindən hasar ayırır.

22. İddiaçı faktiki mövcud olan hasarın sökülərək əvvəlki vəziyyətə və yerinə qaytarılmasını tələb edir və bunu yuxarıda göstərilən formada əsaslandırır. Cavabdeh isə mövcud hasarın qanunvericiliyə uyğun və hər iki torpaq sahəsinin sərhəddində çəkildiyini bildirməklə iddiaya etiraz edir.

23. Qonşu torpaq sahələrinə dair başqa şəxslərin adına ayrı-ayrı bələdiyyə qərarlarının olması, torpaq sahələrində yerləşən fərdi yaşayış evlərinin tərəflərin faktik sahiblik və istifadələrində olduğu, mövcud hasarın sonradan çəkilməsi, yeni hasarın faktiki olaraq iddiaçının istifadə və sahiblik etdiyi fərdi yaşayış evinin çöl divarına çox yaxın(təxminən bitişik olması), hündürlüyünün 4 m olması, işin mübahisəsiz halıdır.

24. Ekspert və mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, hasarın hündürlüyü şəhərsalma və tikinti normalarına uyğun deyildir, mövcud hasar hər iki torpaq sahəsinin dəqiq sərhəddində yerləşir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

26. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

27. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

28. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

29. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

30. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

31. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

32. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

33. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

34. 172.3-cü maddəsinə əsasən əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir.

35. 172.4-cü maddəsinə əsasən qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar tətbiq edilir.

36. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

37. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

38. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025ci il tarixli qərardadında qeyd edilmişdir ki, Hüquq elmində hüquq anlayışı obyektiv hüquq (və ya obyektiv mənada hüquq) və subyektiv hüquq (və ya subyektiv mənada hüquq) olmaqla iki mənada istifadə olunur. Obyektiv mənada hüquq dedikdə, ictimai münasibətləri tənzimləyən, məcburi xarakter daşıyan qaydaların məcmusu başa düşülür. Obyektiv mənada hüquq tənzim edilən ictimai münasibətlərin xarakteri, tənzimləmə metodu kimi meyarlar baxımından mülki, cinayət, inzibati və s. hüquq sahələrinə bölünür. Subyektiv hüquq isə şəxsin öz maraqlarını təmin edə bilməsi üçün ona verilmiş mümkün hüquqi davranış həddidir. Subyektiv hüquq fiziki və ya hüquqi şəxslərin obyektiv hüquq normasına əsaslanaraq öz davranış növünü və həddini seçmək, həmçinin başqalarından müəyyən hərəkətləri tələb etmək imkanını ifadə edir. Yəni subyektiv hüquq obyektiv hüquq vasitəsilə tanınan və qorunan şəxsi (subyektiv) mənafedir. Qeyd edilən hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz iradəsinə uyğun hərəkət etmək;digər şəxslərdən müəyyən davranışı tələb etmək; hüquq pozuntusu halında müdafiə olunmaq. Qeyd olunmalıdır ki, subyektiv hüquq obyektiv hüquqa daxil olan konkret qanunvericilik normasına əsaslandığından, subyektiv hüququn sərhədləri, yəni mümkün davranışın çərçivəsi dəqiq şəkildə müəyyən olunur. Digər tərəfdən, hüquq və vəzifələrin qarşılıqlı olması prinsipindən irəli gələrək hər bir subyektiv hüquq müəyyən subyektiv vəzifə ilə, digər şəxs(lər)in müvafiq öhdəlikləri ilə təmin edilir.

40. Hər bir qanuni marağın konkret subyektiv hüquqda ifadə olunması mümkün olmadığından müəyyən maraqlar dövlət orqanları, o cümlədən məhkəmələr tərəfindən birbaşa müdafiə ilə təmin edilir və məhkəmə müdafiəsinin obyektinə çevrilir. Lakin nəzərə alınmalıdır ki, burada hüquqi müdafiə ictimai münasibətlərin subyektlərinin istənilən maraqlarına deyil, məhz qanuni, yəni qanunla qorunması əhəmiyyətli olan maraqlarına şamil olunur. Belə ki ictimai münasibətlərin iştirakçılarının çoxsaylı və müxtəlif maraqlarının bəziləri hüququn mahiyyətinə uyğun gəlmədiyindən onların həyata keçirilməsi mövcud qanunvericiliyə zidd ola bilər.

41. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, maraqlar o halda qanuni müdafiəyə malik ola bilər ki, onlar Konstitusiya və qanunvericiliyə, dövlətin və cəmiyyətin mənafeyinə, ədalət, vicdanlılıq və hüququn digər ümumi prinsiplərinə zidd olmasın, başqa şəxslərin hüquq, azadlıq və qanunla qorunan maraqlarını pozmasın.

42. Bu baxımdan qanunla qorunan maraq anlayışının qiymətləndirmə tələb edən kateqoriya olduğunu və belə maraqların konkret dairəsini əvvəlcədən müəyyənləşdirməyin mümkün olmadığını nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr şəxsin marağının nədə ifadə olunduğunu, bu marağın qanunla qorunub-qorunmadığını, belə marağın bu və ya digər subyektiv hüququn icrası vasitəsilə müdafiəsinin mümkünlüyünü hər bir işin hallarından asılı olaraq müəyyən etməlidir. Həmçinin qanunla qorunan maraqların məhkəmə müdafiəsi hüququndan suiistifadəyə yol verilməməli, real hüquqi əsaslar olmadan tələblərin irəli sürülməsi qanunsuz və əsassız üstünlüklərin əldə olunmasına gətirib çıxarmamalıdır. Odur ki, hər bir mübahisəyə hüquqi qiymət verilərkən maraqların ziddiyyəti, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması vasitəsilə, qanunvericilik normaları və hüququn ümumi və sahəvi prinsipləri nəzərə alınmaqla məhkəmələr tərəfindən həll olunmalıdır.

43. Bundan əlavə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

44. İşin faktiki halları ilə müəyyən edilir ki, tərəflərin istifadə və sahibliyində olan torpaq sahələrinə dair mülkiyyət hüququ yoxdur, həmin torpaq sahələrində inşa edilən tikililər də faktiki olaraq özbaşına tikili statusundadır. Bununla belə, həmin yaşayış sahələri bir iqtisadi dəyər kimi mövcuddur və şəxslərin mənzil ehtiyacını qarşılayır. Hansı ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. İşin müəyyən edilmiş faktiki halları baxımından məhkəmə o qənaətə gəlir ki, iddia tələbinin hüquqi əsasını sahibliyin müdafiəsi və özbaşına tikililərin nəticəsi təşkil edir.

45. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi iddiaçının faktiki istifadə və sahibliyinə keçən zaman, həmin torpaq sahəsinin 6 sotdan ibarət olduğu, əlavə 1 sotun isə zəbt edildiyi ona məlum olmuşdur, bununla belə, iddiaçı lazımı ehtiyatlılıq göstərməyərək, Bələdiyyə Qərarı ilə ayrılan torpaq sahəsinin dəqiq sərhəddini müəyyən etmədən, faktiki vəziyyətin onu maraqlarına uyğun olduğu mövqedən yanaşaraq, fərdi yaşayış evini inşa etmişdir. Hansı ki, həmin vəziyyətin digər şəxsin də maraqları ilə kəsişdiyi sonradan bəlli olur. Belə ki, cavabdeh də eyni qaydada onun istifadə və sahibliyinə verildiyi torpaq sahəsi ilə qonşu torpaq sahəsinin dəqiq sərhəddini müəyyən etməklə mövcud hasarın yerini özbaşına dəyişmişdir. Məhkəmə cavabdehin hərəkətlərini ona görə qadağan edilmiş özbaşınalıq sayır ki, bu zaman faktiki sahibin iradəsi olmamışdır.

46. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının sahibliyin müdafiəsi ilə bağlı, yəni torpaq sahəsinin boşaldılması barədə tələb irəli sürməsi üçün subyektiv hüququ vardır.

47. Lakin məhkəmənin qənaətinə görə iddiaçının tələbi bu hissədə əsassızdır. Belə ki, Mülki Məcəllənin 6.1-ci maddəsinin tələbinə görə, mülki qanunvericiliyin prinsiplərindən biri də mülki hüquq subyektlərinin bərabərliyidir. Bu və digər prinsiplər mülki hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə tarazlaşdırılmış) tənzimlənməsinə xidmət edir. Yuxarıda qeyd edildiyi kimi iddiaçı fərdi yaşayış evi inşa edərkən lazımi diqqət göstərməmiş və faktiki olaraq başqa şəxsə ayrılmış torpaq sahəsində olan hasarı öz tikilisinə münasibətdə ara məsafəsi üçün istinad nöqtəsi seçmişdir. Halbuki, mütəxəssis rəyi ilə müəyyən edilir ki, faktiki mövcud olan hasar qonşu torpaq sahələrinin dəqiq sərhəddində yerləşir. Odur ki, hasarın yerinin əvvəlki vəziyyətə qaytarılması başqa şəxsə ayrılmış torpaq sahəsinin mənimsənilməsi hüquqi nəticəsi yaradır. Bu isə mülki hüquq subyektlərinin bərabərliyi prinsipi baxımdan yolverilməzdir.

48. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisəyə çıxıntılı binalar haqqında qaydaların tətbiqi və servitut kimi yanaşma ona görə mümkün deyildir ki, sözügedən tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

49. Bununla belə, məhkəmə Mülki Məcəllənin 180.4-cü maddəsinin tələbi baxımından hasarın şəhərsalma və tikinti normalarına uyğun olmayan hissədə sökülməsi barədə iddianı əsaslı hesab edir.

50. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin:

51. 73.1-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır.

52. 73.2-ci maddəsinə əsasən iki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir.

53. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9699 saylı ekspert rəyindən müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində iddiaçıya məxsus fərdi yaşayş evinin pəncərəsinin qarşısında cavabdeh tərəfindən inşa olunan 4 metr hündürlüyündə hasar Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun deyildir.

54. Azərbaycan Respublikası Dövlət Şəhərsalma Və Arxitektura Komitəsi Kollegiyasının “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nın və “Qanunvericilikdə nəzərdə tutulmuş normadan hündür hasarların inşasına yol verilən hallar”ın təsdiq edilməsi haqqında xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilən Qanunvericilikdə nəzərdə tutulmuş normadan hündür hasarların inşasına yol verilən hallar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinin və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və tikinti obyektlərində hündürlüyü 2 metr 20 santimetrdən çox nəzərdə tutulan hasarların layihələndirilməsi və inşa edilməsi hallarını müəyyən edir.

55. Hündürlüyü 2 metr 20 santimetrdən çox olan hasarlar yalnız aşağıdakı hallarda inşa edilir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Müdafiə Sənayesi Nazirliyinin obyektlərinin ərazilərinin sərhədində; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin obyektlərinin ərazilərinin sərhədində; - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin obyektlərinin ərazilərinin sərhədlərində; - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin obyektlərinin ərazilərinin sərhədlərində; - Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X4 Xidmətinin, Azərbaycan Respublikasının Strateji X8 Agentliyinin obyektlərinin ərazilərinin sərhədlərində; - təhlükə potensiallı və dövlət əhəmiyyətli obyektlərin ərazilərinin sərhədlərində; - penitensiar müəssisələrin və məhkəmə binasının ərazilərinin sərhədində; - səsdən mühafizə məqsədi ilə yaşayış məntəqələrinin ərazilərindən keçən dövlət əhəmiyyətli avtomobil yollarının təhkim zolağının sərhədində; - yaşayış məntəqəsi ərazisində inşa olunan yanğın əleyhinə funksiyalı hasarlara; - xarici ölkələrin diplomatik nümayəndəliklərinin obyektlərinin ərazilərinin sərhədində. Bu sənədin 4-cü hissəsində qeyd olunan dövlət orqanlarının obyektlərinə həmin dövlət orqanlarının aparatlarının inzibati binalara aid edilmir. Bu sənədin 4-cü hissəsində qeyd olunmayan obyektlərinin ərazisinin hündürlüyü 2 metr 20 santimetrdən yüksək olan divarla hasarlanması məqsədi ilə layihələndirilməsinə və inşasına həmin obyektlərin bu siyahıya daxil edilməsindən sonra yol verilir.

56. Göründüyü kimi cavabdeh tərəfindən inşa edilmiş hasarın hündürlüyü yuxarıda sadalanan və icazə verilən halların əhatə dairəsinə düşməməklə, hündürlüyü səbəbindən iddiaçının evinə gün işığının düşməsinə, normal hava axınına maneə omaqla iddiaçının maraqlarına toxunur. Odur ki, mübahisəli hasar Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olmayan hissədə cavabdehin özünün hesabına sökülməlidir. Tətbiq edilən prosessual normalar:

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

58. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

59. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

60. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

61. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12/14 saylı və xx.xx.2004-cü il tarixli 176 saylı qərarlarına əsasən ayrılmış torpaq sahələrinin sərhəddində inşa edilmiş mübahisəli hasar Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olmayan hissədə cavabdehin hesabına sökülməli, iddia qalan hissədə təmin edilməməlidir .

62. İddianın təmin edilmiş hissəsinə münasibətdə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50(əlli) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ekspertiza xərcinin əvəzi qismində 100 (yüz) manat cavabdehdən tutularaq ekspertiza mərkəzinin hesabına ödəniməlidir.

63. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12/14 saylı və xx.xx.2004-cü il tarixli 176 saylı qərarlarına əsasən ayrılmış torpaq sahələrinin sərhəddində inşa edilmiş mübahisəli hasar Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olmayan hissədə Cavabdeh hesabına sökülsün. İddia qalan hissədə təmin ediməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat Cavabdeh tutularaq iddiaçı X6 ödənilsin. Ekspertiza xərcinin əvəzi qismində 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar