Məhkəmə qərarları › İş №2(001)-542/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-542/2021

11.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-542/2021 11.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçı İddiaçı2, İddiaçı1 oğlunun nümayəndəsi-vəkili X3 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11.000 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışlar ki, iddiaçılar razılaşaraq, Sənanın adına Ruslan üçün Beynəlxalq Bankdan kredit götürməklə dəyəri 25.400 manat olan “X8” markalı avtomaşını ilkin ödəniş 8000 manat ödəməklə, ayda 763 ABŞ dolları ödəmək şərti ilə almışlar. 2017-ci ilin mart ayına, dolların bahalaşdığı vaxtadək hər ay 763 ABŞ dolları olmaqla, banka cəmi 28.000 manat (ilkin ödəniş daxil olmaqla) ödəniş edilmişdir. Borcu ödəməyə imkan olmadığından, maşını satıb bankda satdıqları şəxsin adına rəsmiləşdirmək istəmiş, lakin bank razılıq verməmişdir. Bank razılıq vermədiyindən onlar maşını ilkin ödəniş 2500 manat qarşılığında, banka qalıq borcundan 21.200 manat ödəmək şərtilə Şərur rayonu, Zeyvə kəndində qeydiyyatda olan X4 adlı şəxsə 28.03.2017-ci il tarixdə etibarnamə verməklə satmışlar. Lakin R.Sərxanbəyov banka ödəniş etmədiyindən, onlar 24.04.2017-ci il tarixdə etibarnaməni ləğv etmişlər. Həmin gün Zaur adlı şəxs zəng edərək, maşını onun anası Cavabdeh aldığını bildirmiş, maşınla bağlı borcu hər ay ödəyəcəyinı söz verərək, etibarnamənin ona verilməsini xahiş etmişdir. 03.05.2017-ci il tarixdə “Neftçilər” metrostansiyası yaxınlığındakı notarial kontorunda Cavabdeh və onun oğlu Zaurla görüşmüşlər. Görüş zamanı Cavabdeh maşının kredit borcundan 1000 manat ödəmiş və onun adına etibarnamə verilmişdir. Təxminən 1 ay sonra həmin avtomobillə Zaur Maxaçkala şəhərində qəza törətmiş, avtomobili evakuatorla Azərbaycana gətirərək, Sulutəpə dairəsində Kamaz markalı maşının yanına qoyaraq, guya həmin maşınla vurulduğunu bəyan edərək, “kasko” sığorta ödənişi əldə etməyə çalışmış, lakin buna nail olmamışdır. Bank ödənişləri edilmədiyinə görə iddiaçılar Arifə və Zaurdan maşını geri istəmiş, lakin onlar maşını sökərək ehtiyat hissələri kimi satıb pulunu xərclədiklərini bildirmişlər. Beləliklə, Arifə və Zaurun iddiaçıların etibarından istifadə edərək, dələduzluq cinayəti törətməsi nəticəsində, iddiaçıların banka 11.000 ABŞ dolları borcu yaranmışdır. Bu səbəbdən də iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmənin 06.10.2020-ci il tarixli iclasında iddiaçılar iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, cavabdehdən İddiaçı1 adına olan “X8” markalı avtomobilin alınaraq iddiaçılara verilməsi, yalnız mümkün olmadıqda, Cavabdeh 11.000 ABŞ dolları pulun alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi-vəkili Q.Məmmədov iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə qabaqcadan qanuna müvafiq qaydada məlumatlandırılmış cavabdeh məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməni əvvəlcədən hər hansı bir formada məlumatlandırmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Etibarnamədən və ərizədən görünür ki, 28.03.2017-ci il tarixdə İddiaçı1 tərəfindən X2 10 (on) il müddətinə (28.03.2027-ci il tarixədək) mülki etibarnamə verilmiş, 24.04.2017-ci il tarixdə isə həmin etibarnamə İddiaçı1 ərizəsi əsasında ləğv edilmişdir. - Etibarnamədən və ərizədən görünür ki, 03.05.2017-ci il tarixdə İddiaçı1 tərəfindən Cavabdeh 1 (bir) il müddətinə (03.05.2018-ci il tarixədək) mülki etibarnamə verilmişdir. - “X6 Edilməsi Agentliyi” MMC tərəfindən İddiaçı1 ünvanlanmış 01.06.2020-ci il tarixli məktubundan görünür ki, onun “xxxx” QSC-yə olan 11.015,02 ABŞ dolları borcunun ən qısa zamanda ödənilməsi xahiş edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.08.2020-ci il tarixli qərardadına əsasən, İddiaçı1 mülkiyyətində olan **-EE-*** dövlət qeydiyyat nişanlı, “X8” markalı minik avtomobilin üzərinə həbs qoyulmaqla, özgəninkiləşdirilməsi qadağan edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli, 2(005)-2725/2020 saylı qətnaməsinə əsasən, İddiaçı1 11015.02 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq “xxxx” QSC-yə ödənilməsi, tutmanın İddiaçı1 məxsus “Hyundai Santa Fe” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması və əldə olunun vəsait hesabına borcun “xxxx” QSC-yə ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsi cavabdeh İddiaçı1 qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin İddiaçı1 tutularaq “xxxx” QSC-yə ödənilməsi qət edilmişdir. - Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17.02.2021-ci il tarixli, 9/6055 nömrəli ekspert rəyinə əsasən, “X8” markalı, 2013-cü il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin hazırki nəzəri orta bazar qiyməti təxminən 30.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə iddia tələbini İddiaçı1 münasibətdə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən üzərinə götürülən öhdəlik yerinə yetirilmədiyindən iddia tələbi qismən təmin edilməli, İddiaçı1 vurulmuş maddi ziyana görə 11.000 ABŞ dolları məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Çünki işin hallarından müəyyən olunur ki, hazırda mübahisələndirilən avtomobilin harada olması ilə bağlı heç bir məlumat yoxdur. Odur ki, avtomobilin cavabdehdən alınaraq İddiaçı1 qaytarılması mümkünsüz olduğundan, 11.000 ABŞ dolları məbləğində pul cavabdehdən alınaraq İddiaçı1 ödənilməlidir. Belə ki, Mülki Məcəllənin 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iddia tələbini İddiaçı2 münasibətdə araşdıraraq hesab edir ki, iddia tələbi ona münasibətdə təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Göstərilən məsələ ilə bağlı M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı2 hazırkı məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Beləliklə, müəyyən edildi ki, İddiaçı2 hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud deyildir. Buna görə də iddia tələbi ona münasibətdə təmin edilməməlidir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, tərəflər arasında 03.05.2017-ci il tarixdə avtomobilin alqı-satqısına dair şifahi müqavilə bağlanmışdır, şifahi müqavilə üzrə iddiaçılar üzərinə götürmüş olduqları öhdəliyi yerinə yetirərək, mülki etibarnamə əsasında avtomobili cavabdehə vermiş, lakin cavabdeh avtomobilə dair borcu ödəməmişdir. Bu da cavabdehin əsassız varlanmasına əsas olmuşdur. Odur ki, iddiaçı tərəfindən cavabdehə verilmiş avtomobilin dəyəri iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11.000(on bir min) ABŞ dolları (manatın ödəniş gününə olan məzənnəsi ilə) məbləğində pul vəsaiti tutularaq İddiaçı1 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş 17.02.2021 il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar