Məhkəmə qərarları › İş №2(001)-5427/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5427/2022

18.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5427/2022 18.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2930 manat borc pulun və dövlət rüsumu kimi ödədiyi 50 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ağcabədi şəhərində yaşayır. Tanıdığı və münasibətdə olduğu Cavabdeh ehtiyacı olduğu üçün aralarında razılaşmaya və borc qəbzinə əsasən 27 mart 2022-ci ildə 3000 manat borc pul vermişdir. Həmin pulu Cavabdeh qəbzə şəxsən imza etdirməklə vermişdir. Həmin qəbzin əslini işə əlavə etmişdir. Cavabdeh həmin puldan ona 70 manat qaytarmışdır. Qalan pulu isə dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh pulunu verməmiş, hər dəfə başqa bir bəhanə gətirmişdir. Hazırda cavabdeh pulunu qaytarmaq istəmir. Özü hepatit xəstəliyindən əziyyət çəkir və tez-tez müalicə olunmalıdır. Hal-hazırda müalicəsini davam etdirə bilmir. Cavabdehlə ona iddia ərizəsinin surətini göndərdikdən sonra telefon əlaqəsi saxlasa da, cavabdeh ondan yenə vaxt istəmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdiyini bildirmiş, növbəti məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

5. Lakin Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə ünvanladığı müraciətində bildirmişdir ki, özü ünvan 1diyyatdadır. Ağcabədi rayon N nömrəli hərbi hissədə xidmət edir. Tanıdığı Ağcabədi rayon sakini İddiaçı ehtiyacı olduğu üçün özü şəxsən qəbzə imza etməklə nəğd 3000 manat borc almışdır. Maddi vəziyyəti yaxşı olmadığı üçün 70 manat ödəmişdir. 2930 manat borcunu İddiaçı hissə-hissə hər ay ödəyəcək. İddiaçı ona qarşı qaldırdığı iddia ərizəsini tam şəkildə qəbul edir. Bununla bağlı heç bir etirazı yoxdur. Xidməti ilə bağlı hal-hazırda Qazax rayonuna ezam olunmuşdur. Odur ki, onun iştirakı olmadan iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. İş materiallarında olan Cavabdeh tərəfindən yazılan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, o, Ağcabədi rayon sakini İddiaçı borca 3000 manat aldığını, istədiyi vaxt geri qaytaracağnı bildirmişdir.

7. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

8. Məhkəmə tərəfindən müəyyən edilir ki, İddiaçı Cavabdeh 3000 manat məbləğində pul borc vermişdir. Lakin Cavabdeh həmin borc məbləğində cəmi 70 manat qaytarmış, qalıq borc məbləğini qaytarmamışdır.

9. Cavabdeh borc məbləğini xx.xx.2022-ci il tarixində iddiaçıdan almasını yazılı şəkildə təsdiq etmiş və yazısını öz imzası ilə təsdiq etmişdir.

10. Cavabdeh məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə iddianı etiraf etməsi barədə yazılı ərizə göndərmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

12. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

13. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

14. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

15. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

16. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

17. Məhkəmə cavabdeh tərəfindən iddianın etiraf edilməsini qanuna uyğun hesab edir və o qənaətə gəlir ki, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur.

18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

19. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

20. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər;

22. 427.3-cü maddəsinin tələblərinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

23. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər.

24. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

25. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

26. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

27. 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır;

28. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

29. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

30. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;

31. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

32. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında borc münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmış və borc alan öhdəliyini lazımi qaydada icra etməmişdir. Cavabdeh isə bununla razılaşaraq iddianı etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilməli və cavabdehdən 2930 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Tətbiq edilən prosessual normalar:

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

34. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

35. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

36. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

38. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2930 manat məbləğində pul vəsaiti və 50 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia təmin edilsin. Cavabdeh 2930 (iki min doqquz yüz otuz) manat məbləğində pul vəsaiti və 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar