Məhkəmə qərarları › İş №2(001)-5471/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5471/2024

10.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5471/2024 10.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: Maneənin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi) Hakim xxx qızının sədrliyi, Məhkəmə iclas katibi xxx katibliyi, İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən cavabdehin istifadəyə görə maneənin aradan qaldırması və sökülmüş hasarın bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbini onunla əsaslandırmışdır ki, onun yaşadığı ünvan 1 ünvanında yerləşən 4 sot torpaq sahəni 1995-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə çəpəri bitişik qonşusu (Vahab) adlı şəxsdən pul müqabilində almışdır, üç ildir onun evindən bir neçə küçə aralığında Cavabdeh qonşusunun torpağını zəbt edərək məskunlaşmışdır və torpaq sahəsində onun vəsaitilə inşa edilən çəpəri ələ keçirmək məqsədi ilə aralarında olan hasarı söküb dağıdır. Bundan başqa qeyd edir ki, o, ünvan 1 ünvanda yerləşən öz vəsaiti ilə aldığı torpaq sahəsində olan evində qeydiyyatdadır. 1995-ci ildən həmin torpaq sahəsi və ev onun istifadəsindədir, orda təsərrüfatla məşğul olur, toyuq-cücə saxlayır və əkin əkib ailəsini dolandırır. Qonşusu Cavabdeh dəmir lövhələrlə bağlanmış hasarı sökərək ortadan götürmüş və onların torpaq sahəsini zəbt etmişdir. Digər qonşusu X1 da torpağını zəbt etmiş və indi onların torpağını da ələ keçirmək istəyir. Cavabdeh onun həyat yoldaşına və oğluna qarşı cinayət işi başlanılması üçün şikayət ərizəsi ilə Binəqədi Rayon Polis İdarəsinə müraciət etmişdir. 05 iyun 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısının qərarı ilə Cavabdeh istifadəsində olan torpaq sahəsinin zəbt olunması barədə şikayəti əsasında aparılmış araşdırmanın nəticəsində mübahisənin mülki xarakterli olduğu bildirilmiş və mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh onun həyat yoldaşını və oğlunu məhkəməyə vermiş və tələb etmişdir ki, torpaqlar boşaldılsın. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qarşı tərəfin iddiası rədd olunmuşdur. Məhkəmə qətnaməsi olmasına baxmayaraq cavabdeh onun mülkiyyətinə müdaxilə etmiş və hasarını sökmüş, ona xeyli miqdarda maddi ziyan vurmuşdur. Maddi ziyandan əlavə ona mənəvi ziyan da vurmuş, ilk növbədə onu qonşuların, qohumların yanında nalayiq sözlərlə təhqir etmişdir. Bu hal dəfələrlə təkrar olmuşdur. O isə əsəbiləşdiyinə görə bərk xəstələnmiş, uzun müddət xəstəxanalarda müalicə almışdır. Dəfələrlə aidiyyəti orqanlara müraciət etməsinə baxmayaraq, aiddiyyəti orqanlar həmin şəxslə bacarmadıqarını bildirmişlər.

a) İddia ərizəsinə qarşı etiraz:

3. Cavabdeh nümayəndəsi-vəkili Vəkil xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı iddiasında iddia etdiyi torpaq sahəsinə dair məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. İddiaçı X4 həyat yoldaşıdır və ünvan 1 ünvanında fərdi həyət evində özbaşına tikilidə yaşayırlar. Onların zəbt etdikləri və burada tikdikləri ev ünvan 3 ünvanında yaşayan sakinlərin ümumi istifadəsində olan torpaq sahəsidir. İddiaçının ərizəsində qeyd etdiyi sərəncam özbaşına tikiliyə qeydiyyata düşmək üçün verilmişdir, torpaq sahəsinə heç bir aidiyyatı yoxdur və mübahisələndirilən torpaq sahəsinə bitişik 4 sot torpaq sahəsinin qonşuları Vahabdan pulla alması isə heç bir sənədlə təsdiq edilmir. Bununla da bağlı iddiaçı notariusdan torpağın Vahabla alqı-satqısına dair heç bir müqaviləni məhkəməyə təqdim etməmişdir. Onun tərəfindən aidiyyatı orqanlara bununla bağlı müraciət edilmiş və bu müraciət əsasında Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən görülmüş tədbirlər nəticəsində həmin torpaq sahəsinin ümumi istifadədə olduğu müəyyən edildikdən sonra müvafiq xəbərdarlıq edilməklə aidiyyatı qurumlar tərəfindən sökülmüşdür. Yəni həmin hasar cavabdeh tərəfindən sökülməmişdir. Bununla bağlı Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin 05 avqust 2024-cü il tarixli məktubunu məhkəməyə təqdim edir. Hazırkı iddiadan qabaq cavabdeh tərəfindən İddiaçı əri X10 və X5 qarşı “Torpaqdan istifadəyə yaradılmış maneənin qadağan olunması və zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-446/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edimişdir. Həmin qətnaməyə əsasən müəyyən olunmuşdur ki, tərəflərdən heç birinin mübahisələndirilən torpağa dair heç bir hüquqmüəyyənedici sənədi olmadığından belə bir iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ olmamışdır. İddiaçının və onun ailə üzvlərinin öz həyətlərinin hasarlarını ortadan sökərək bina sakini kimi onun istifadəsində olan torpaq sahəsinə girməsi, burada toyuq-cücə saxlaması və daha sonra isə güc tətbiq edərək torpağı ortadan əvvəlcə dəmir, sonra isə mişar daşları ilə hasara alması nəticəsində onun tərəfindən hüquq mühafizə orqanlarına və aidiyyatı qurumlara müraciətlər edilmişdir. Hasarın və dəmir lövhələrin buradan götürülməsi ilə əlaqədar böyük münaqişələr yaranmışdır. X10 və onun hazırki iş üzrə arvadı İddiaçı cavabdehə və onun həyat yoldaşına qarşı cinayət əməli hesab olunan xəsarətlər yetirmişdir. Hazırda bununla bağlı X7 qarşı Binəqədi RPİ-nin İŞ-də cinayət işi başlanılmışdır. Eyni zamanda İddiaçı cavabdehin ailəsinə qarşı insan sağlamlığı əleyhinə törətdiyi əməllərinə görə materiallar araşdırılır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eləcə də göstərmişdir ki, bərpa olunmasını tələb etdiyi hasar əvvəllər dəmir lövhələrdən ibarət olmuş, sonra cavabdeh onu sökmüşdür. Bundan sonra onlar mişar daşından hasar çəkmişlər, həmin hasar isə İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülmüşdür.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

a) Mülki işin materialları:

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-446/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdehlər X9 və X7 (Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsi və Bakı şəhər İcra Hakimiyyətinin Mənzi Kommunal Təsərrüfatı Departamenti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı torpaqdan istifadəyə yaradılmış maneənin qadağan olunması və zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3138/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3-35-1/2-İ-15xx-xx-1459/2024 saylı, 5 avqust 2024-cü il tarixli məktubunda qeyd edilir ki, idarənin əməkdaşları tərəfindən yerində baxış zamanı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ağa Nemətulla küçəsindəki ümumi istifadədə olan 300 m2 torpaq sahəsinin bir müddət öncə dəmir lövhələrlə hasara alındığı müşahidə edilmiş, lakin müvafiq xəbərdarlıq edilməklə aidiyyatı qurumlar tərəfindən görülmüş tədbirlər nəticəsində hasar sökülmüşdür.

8. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 3- 18-2/2-8406/2024 saylı, xx.xx.2024-cü il tarixli Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığı məktubda qeyd edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsi ünvanında yerləşən binaya bitişik əlavə tikili ilə bağlı səlahiyyətləri çərçivəsində qanunverciliyin tələblərinə uyğunluğunun yoxlanılması, habelə tikinti işlərinin həyata keçirilməsinə dair icazəverici sənədlərin və tikinti işlərini həyata keçirən vətəndaşın şəxsiyyəti barədə məlumatların Agentliyə təqdim edilməsi və nəticəsi barədə müraciət müəllifinə verilməsi xahiş edilir.

9. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 5-10/2-2039/2024 saylı, 10 sentyabr 2024-cü il tarixli məktubunda qeyd edilir ki, məsələ ilə bağlı ünvan 5 ünvanında aparılan tikinti işlərinə idarənin əməkdaşları tərəfindən texniki baxış keçirilmiş və qeyd olunan faktlar öz təsdiqini tapmışdır. Rayon İcra Hakimiyyəti tərəfindən qeyd olunan tikintiyə məlumatlandırma icraatı çərçivəsində hər hansı bir rəy bildirilməmiş və heç bir icazə sənədi verilməmişdir. Həmçinin hər hansı bir mövcud tikilinin sökülməsi qanunauyğun olaraq Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid edilməməsinə baxmayaraq tərəflərindən təxirəsalınmaz tədbirlər görülərək aparılan tikinti işləri dayandırılmış, bir qismi aidiyyatı qurumlarla birlikdə sökülmüş və ərazi ciddi nəzarətə götürülmüşdür.

10. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.X3 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 5-10-2/2-İ-29-2/2024 saylı, 10 sentyabr 2024-cü il tarixli məktubunda qeyd edilir ki, müraciətdə qeyd edilən məsələ ilə bağlı şikayətə səbəb olan daş hasar sökülmüşdür və yenidən tikinti işlərinin aparılmaması üçün ərazi nəzarətə götürülmüşdür.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3-21-3/2-İ-0825-8/2024 saylı, 13 sentyabr 2024-cü il tarixli məktubunda qeyd edilir ki, Xidmətin Bakı şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılan zaman sözügedən ünvanda Azad adlı şəxs tərəfindən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid təqribən 500.0 kv.m torpaq sahəsinin hasarlanması faktı aşkar edilmiş, bununla bağlı səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsi məqsədilə Xidmət tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə məktub göndərilmişdir.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-6311/2024 saylı, xx.xx.2024cü il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

13. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

14. 158.1.2-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır.

15. 164-cü maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

16. 165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.

17. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

18. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak şəxslərə aid edilir.

19. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. 217.4-cü maddəsinə əsasən,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. Məhkəmə qeyd edir ki, dürüstlük mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

22. Nəzərə alınmalıdır ki, «Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir.

23. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır.

24. Məhkəmə qeyd edir ki, iddia tələbi iki hissədən ibarətdir: torpaq sahəsindən istifadəyə görə maneənin aradan qaldırılması və sökülmüş hasarın bərpa edilməsi.

25. Məhkəmə müəyyən etmişdir ki, iddianın faktiki əsası kimi istinad edilən halın, Cavabdeh tərəfindən İddiaçı torpaq sahəsindən istifadə etməsinə hər hansı bir maneənin yaratması halı mövcud deyildir. İddiaçı buna dair hər hansı bir sübut təqdim etməmiş, maneənin nədən ibarət olmasını əsaslandırmamışdır.

26. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən onlara məxsus hasarın sökülməsinə dair iddiası da öz təsdiqini tapmadı. Belə ki, iddiaçı hasarın cavabdeh tərəfindən sökülməsinə dair heç bir tutarlı sübut təqdim edə bimədi və hətta onun bu dəlili iş materialları, o cümlədən iddiaçının özünün izahatı ilə təkzib olunur.

27. Belə ki, iddiaçı sonuncu məhkəmə iclasında izahat verərək bildirdi ki, o və ailəsi istifadə etdikləri torpaq sahəsində əvvəllər dəmir lövhələrdən çəkdiklər hasar cavabdeh tərəfindən sökülmüşdür. Bundan sonra onlar mişar daşından hacar çəkmişdilər və həmin hasar isə İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülmüşdür. Hesab edir ki, əgər cavabdeh onların dəmir lövhələrdən inşa etdikləri hasarı sökməsəydi, onlar mişar daşlarından hasar çəkməzdilər və həmin hasar da müvafiq orqanlar tərəfindən sökülməzdi. Yəni iddiaçının qənaətinə görə onların hasarı bilavasitə cavabdehin təqsiri ucbatından sökülmüşdür.

28. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 5-10/2- 2039/2024 saylı, 10 sentyabr 2024-cü il tarixli məktubunda qeyd edilir ki, ünvan 5 ünvanında aparılan tikinti işlərinə idarənin əməkdaşları tərəfindən texniki baxış keçirilmiş və qeyd olunan faktlar öz təsdiqini tapmışdır. Rayon İcra Hakimiyyəti tərəfindən qeyd olunan tikintiyə məlumatlandırma icraatı çərçivəsində hər hansı bir rəy bildirilməmiş və heç bir icazə sənədi verilməmişdir. Həmçinin hər hansı bir mövcud tikilinin sökülməsi qanunauyğun olaraq Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid edilməməsinə baxmayaraq tərəflərindən təxirəsalınmaz tədbirlər görülərək aparılan tikinti işləri dayandırılmış, bir qismi aidiyyatı qurumlarla birlikdə sökülmüş və ərazi ciddi nəzarətə götürülmüşdür.

29. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.X3 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 5-10-2/2-İ-29-2/2024 saylı, 10 sentyabr 2024-cü il tarixli məktubunda qeyd edilir ki, müraciətdə qeyd edilən məsələ ilə bağlı şikayətə səbəb olan daş hasar sökülmüşdür və yenidən tikinti işlərinin aparılmaması üçün ərazi nəzarətə götürülmüşdür.

30. Beləliklə iş materiallarından, o cümlədən iddiaçının izahatından müəyyən edilir ki, iddiaçının inşa etdiyi hasar cavabdeh tərəfindən sökülməmişdir.

31. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı məhkəmədə öz iddia tələblərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir mötəbər, tutarlı sübut təqdim etməmişdir.

32. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi məhkəmədə mülki işlərə hər hansı şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün müraciət edildikdə başlanılır.

33. Mülki prosessual qanunvericiliyin sübutlar və sübut etmə qaydaları ilə bağlı normalarına əsasən təqdim olunan sübutlar işə baxan məhkəmə tərəfindən qiymətləndirilməlidir. Bu zaman işdə iştirak edən şəxslər həmin sübutlara etiraz etmək, onların mötəbər olmaması barədə dəlillər və əks-sübutlar təqdim etmək hüququna malikdirlər.

34. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarında X11 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68)

35. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X11 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyən etmişdir.

36. Hazırki işdən görünür ki, iddiaçı öz iddiasını əsaslandıra, dəlillərini sübuta yetirə bilməmişdir.

37. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.

38. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-nin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır.

39. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

40. Beləliklə, sübutetmə yükü daşıyan iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

41. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar