Məhkəmə qərarları › İş №2(001)-5476/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5476/2021

29.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5476/2021 29.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdehnə qarşı “əmlakların üzərindən həbsin götürülməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı Cavabdehnə qarşı “əmlakların üzərindən həbsin götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı mənzildən götürülmüş 94.928 manat dəyərində olan qızıl-zinət əşyalarının, 102.000 ABŞ dollarının, 269.700 manat dəyərində adına olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən 86 saylı evin 12 saylı mənzilinin, 269.700 manat dəyərində adına olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən 86 saylı evin 15 saylı mənzilinin üzərinə qoyulmuş həbsin götürülməsi və adı çəkilən əmlakların ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçı ona aidiyyəti olmayan əmlakların üzərinə səhvən qoyulmuş həbsin götürülməsini, habelə həmin əmlakların ona qaytarılmasını xahiş edir. Lakin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 253.0-cı maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Qeyd olunan prosessual normanın tələbinə əsasən iddiaçı ilk növbədə əmlakın həbsdən azad edilməsi barədə cinayət prosesini həyata keçirən orqana müraciət etməli, həmin orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 gün müddətində şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən isə görünür ki, iddiaçı tərəfindən əmlakın həbsdən azad edilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqana müraciət edilməsi, habelə həmin orqan tərəfindən müraciətin təmin edilməsindən imtina edilməsi və ya müraciətin nəticəsi barədə ona məlumat verilməməsi ilə bağlı sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Təsvir edilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, əmlakın həbsdən azad edilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqana müraciət edilməsi, həmin orqan tərəfindən müraciətin təmin edilməsindən imtina edilməsi və ya müraciətin nəticəsi barədə ona məlumat verilməməsi ilə bağlı sübutları iddia ərizəsinə əlavə etməklə təkrarən məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdehnə qarşı “əmlakların üzərindən həbsin götürülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, əmlakın həbsdən azad edilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqana müraciət edilməsi, həmin orqan tərəfindən müraciətin təmin edilməsindən imtina edilməsi və ya müraciətin nəticəsi barədə ona məlumat verilməməsi ilə bağlı sübutları iddia ərizəsinə əlavə etməklə təkrarən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar