Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5485/2025 28.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (açar sözlər: pul tələbi) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh1 və "SOUTH” MMC-dən gördüyü təmir işlərinə görə 3350 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 55 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı fərdi qaydada rəngsaz-usta kimi fəaliyyət göstərir. X2 bildirdi ki, briqader kimi işləyən Cavabdeh1 "Sea Breeze" ərazisində tikinti-təmir işləri gördürür və ona rəngsaz lazımdır. xx.xx.2024-cü il tarixdə o, Cavabdeh1 ilə "Sea Breeze" ərazisində görüşmüşdür. Cavabdeh1 ona rəng işləri görüləcək villaları göstərdi və bildirdi ki, iki villada - 32 və 37 nömrəli villalarda ümumilikdə 1120 kv.m sahəyə suvaq çəkilib, üzəri emusiya ilə boyanılmalıdır. Onlar görüləcək işin hər kvadrat metrinə görə ona zəhmət haqqı olaraq 5 manat ödəniş ediləcəyi barədə razılaşmışlar. xx.xx.2024cü il tarixdə işə başlamış və tam olaraq işi bitirib təhvil vermişdir. Ümumilikdə Cavabdeh1 ona 5600 manat ödəniş etməli olsa da, о, 2250 manat ödəniş etmiş, qalan 3350 manatı tez bir zamanda ödəyəcəyini bildirmişdir. Həmin vaxtdan sonra o, bir müddət Cavabdeh1 onun pulunu ödəməsini gözləsə də, lakin heç bir ödəniş olunmamışdır. O, növbəti dəfə Cavabdeh1 müraciət edib, pulunu tələb ədəndə ona "Sea Breeze" ərazisində tikinti-təmir işləri "xxxx" MMC-nin tapşırığı əsasında görüldüyü bildirilmişdir. "xxxx" MMC-nin direktoru Samir müəllim görülən işlərin pulunu ona ödəmədiyinə görə, o da zəhmət haqqını ödəyə bilmədiyini əsas gətirdi. Göründüyü kimi, o, üzərinə düşən işi yüksək səviyyədə, tam olaraq yerinə yetirib təhvil versə də, lakin ona ödənilməli olan 5600 manat puldan 3350 manat hissəsi bu günə kimi ödənilməmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, aralarında yaranan mübahisə məhkəmə qaydasında həll edilməli, Cavabdeh1 və "SOUTH” MMC-dən müştərək qaydada 3350 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərərk iddia tələbini müdafiə etdi. Əlavə olaraq izahatında bildirmişdir ki, bu günədək 3350 manat pulu cavabdehlər tərəfindən ödənilməmişdir. Onunla görülən işlər qarşılığında məbləğ Cavabdeh1 arasında razılaşdırılmışdır. Tofiq qeyd edilən vaxtda pulu ödəmədiyindən və digər cavabdeh tərəfindən ödənilməli olduğunu bildirmişdir. Bundan sonra o, işləri yarımçıq qoysa da, Samir müəllim onunla əlaqə saxlayaraq işləri tamamlamağını və pulunu onun özünün ödəyəcəyini bildirmişdir. Bundan sonra işləri bitirməyə çalışmış, Samir müəllim tərəfindən ona 500 manat pul ödənilsə də, sonradan ödəniş edilməmişdir. Onun özü həmin işləri tək yerinə yetirməmiş, özü də olmaqla 5 nəfər usta həyata keçirmişdir. Cavabdehlər razılaşdırılmış məbləği ödəmədiyindən həmin şəxslərə onun özü tərəfindən pullar ödənilmişdir. Bir neçə dəfə cavabdehlərə müraciət etsə də, cavabdehlər ödəməyə razı olmamışdır. Bir neçə dəfə Cavabdeh1 ilə əlaqə saxlasa da, Tofiq ona bildirir ki, pulu şirkət ona ödəməlidir, özünün ödəyəcəyi ilə bağlı hər hansı bir razılaşma və öhdəlik götürmür. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədiyini bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh2 MMC-i ilə "xxxx" MMC-i arasında podrat müqaviləsi bağlanmış və müqavilə əsasında qeyd edilən sahələrin təmir işləri həmin cəmiyyət tərəfindən özərinə götürülmüşdür. Cavabdeh2 MMC-i podrat müqaviləsi üzrə razılaşdırılmış məbləği tam şəkildə podrat şirkətinə ödəmiş, ödənilməmiş borc qalmamışdır. İddiaçı qarşısında təmsil etdiyi cəmiyyətin hər hansı ödənilməmiş borc qalmayıb. İşlər başlanıldıqdan bir müdət sonra iddiaçı onunla əlaqə saxlayaraq əmək haqqıınn ödənilmədiyini və bu səbəbdən işlərin təhvil verilmədən gedəcəyini bildirdiyindən və həmin vaxt Gopla bağlı mənzillərə ehtiyac olduğundan işlərin dayanmaması üçün məcbur olub öz cibindən iddiaçıya pul vermişdir. Qeyd edilən villalar Cəbyarıl 1983 MMC-i tərəfindən qüsurlarla təhvil verilmişdir. Özü Cavabdeh1 tanımır. Bəhruzla iddiaçı arasınd hansı razılaşmadan söhbət getdiyindən xəbəri yoxdur. Məhkəmə tərəfindən digər cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq, məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: -iddiaçı tərəfindən məhkəmə təqdim edilmiş fotoşəkillərdə müxtəlif vaxtlarda “whatsapp” sosial yazışma programı vasitəsi ilə muzakirələr aparıldığı əks olunmuşdur. - Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli müraciətə cavab məktubunda göstərilmişdir ki, müraciətlər bağlı məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Müraciətə əlavə olunmu Cavabdeh1 izahatında qeyd olunmuşdur ki: “ "xxxx" MMC digər şirkətlə müqavilə bağlayaraq 8 ədəd kottecin təmirini öz öhdəmə götürmüşəm. "xxxx" MMC görülmüş işlərə görə mənə ümumilikdə 22281 manat pul vermişdir. Onun 2500 manatı mənim payına düşmüş, digər məbləğləri isə ustalara vermişəm. İddiaçı əmək haqqının verilməməsi isə mənə aid deyil. "xxxx" MMC mənə nə qədər pul veribsə, mən də ustalara vermişəm” - xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh2 MMC tərəfindən 9500 manat ödəniş "xxxx" MMC-nə həyata keçirilmişdir. - 17 saylı, xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh2 MMC ilə "xxxx" MMC arasında podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əlavə olunmuş smetalardan görünür ki, villaların daxilində aparılacaq cari təmir işlərinin smetası ümumilikdə 25960 manat təşkil edir. - "xxxx" MMC tərəfindən Cavabdeh2 MMC-yə təqdim olunan hesab fakturalardan görünür ki, villalarda daxili təmit-tikinti işlərinin tamamlanması üçün xx.xx.2024-cü il tarixdə 4720 manat, xx.xx.2024-cü il tarixdə 4720 manat, xx.xx.2024-cü il tarixdə 3540 manat, xx.xx.2024-cü il tarixdə 11210 manat, xx.xx.2024-cü il tarixdə 5900 manat pul xərclənmişdir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan məlumatları tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiyası: Maddə 12, İ hissə. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ … Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Mülki Prosessual Məcəllədə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə görə, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. ... Beləliklə, mülki məhkəmə icraatında çəkişmə prinsipi əsasən iki şərti nəzərdə tutur: - işin faktiki tərəfi ilə, yəni iş üçün əhəmiyyət kəsb edən faktların mülki icraatın tərəfləri tərəfindən sübut edilməsi; - məhkəmədə tərəflərin hüquqi mövqeyinin əsaslandırılması və müdafiəsi. Bununla yanaşı, qanunverici bütün hallarda prosesin çəkişmə prinsipini təmin etmək vəzifəsini hakimin üzərinə qoymuşdur. Bu ilk növbədə hakimin öz qərarını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla və sənədlərlə əsaslandırması ilə şərtləndirilmişdir. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı)”. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Hazırki iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehlərlə təmir işlərinin görülməsi məqsədi ilə 5600 manata razılaşdırıldığı və həmin məbləğdən 2250 manat ödəniş edilsə də, sonradan qalan 3350 manatın ödənilmədiyini əsas gətirməklə iddia tələbi ilə məhkəməyə müraciət edilsə də, iddiaçı iddia tələbinin əsaslılığını təsdiq edə sübutları məhkəməyə təqdim etməməklə sübutetmə yükünü həyata keçirə bilməmişdir. Beləliklə, iddiaçı iddianın əsası kimi Mülki Məcəllənin 385.1-ci maddəsinə əsaslansa da mülki iş materiallarında tərəflər arasında iddiaçı tərəfindən cavabdehə göstərilən xidmət haqqın ödənilməsinin məbləği, qaydasına dair zəruri şərtləri özündə əks etdirən müqavilə məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №2(001)-5485/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5485/2025
28.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver