Məhkəmə qərarları › İş №2(001)-5496/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5496/2023

22.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5496/2023 22.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, X4, X2, X3 Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçılar iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən mülkiyyətlərində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun müdafiəsi və cavabdehlə aralarında bağlanmış 10 mart 2008-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixli, 40-76 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən guya onlara paylı mülkiyyət hüququ üzrə məxsus olan torpaq sahəsi Cavabdeh satılmışdır. Bu barədə onlar 2021-ci ilin mart ayında torpaq sahəsinin sənədləşməsi zamanı məlumat əldə etmişlər. Qeyd olunan torpaq sahəsinə dair dövlət aktı hər zaman onlarda olmuşdur. Dərhal Samux rayon Notariat Kontoruna sorğu edərək hazırki alqı-satqı müqaviləsini əldə etmiş və hazırda da mübahisələndirmişlər. Həmin müqaviləyə əsasən qeyd edilən torpaq sahəsinin satıldığı bildirilsə də, halbuki onlar ilə cavabdeh arasında heç bir razılaşmam olmamışdır. Alqı-satqı müqaviləsinə diqqət yetirdikdə satılan torpaq sahəsinin ölçüsü belə müəyyən olmamaqla qaralanmışdır. Müqavilədə olan imzalar ümumiyyətlə onlara məxsus deyil. Bu səbəbdən alqı-satqı müqaviləsi Mülki Məcəllənin tələblərinə uyğun hesab edilə bilməz və bağlandığı andan etibarsız hesab edilməlidir. Cavabdeh tərəfindən qeyd edilən torpaq sahəsi hazırda da onların istifadəsindədir.

3. Samux Rayon Məhkəməsinin 2(058)-148/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki işin baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmış və həmin qərardaddan verilən şikayət Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1854/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmişdir.

4. Mülki iş aidiyyəti üzrə baxılması üçün xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Tərəflərin izahatları və iddiaya münasibəti:

5. Məhkəmə iclaslarında iddiaçılardan yalnız İddiaçı1 nümayəndəsi, Vəkil1 vasitəsilə təmsil olunmuş, digər iddiaçılar isə məhkəmə iclaslarında iştirak etməmiş, lakin mülki işin Samux Rayon Məhkəməsinin icraatında olduğu vaxt xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən iştirak edə bilmədiklərinə görə mülki işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Bununla belə Vəkil1 digər iddiaçıların da vəkili kimi təmsil olunmuşdur.

6. İddiaçı1 nümayəndəsi, digər iddiaçıların isə vəkili Vəkil1 mülki işin Binəqədi Rayon Məhkəməsinin icraatına daxil olduğu vaxtdan məhkəmə iclaslarında iştirak etməmiş, buna baxmayaraq xx.xx.2023-cü il tarixdə yazılı qaydada məhkəməyə müraciət edərək, xx.xx.2023-cü ildə mülki işin Samux Rayon Məhkəməsinin icraatında olduğu vaxt vəsatət verildiyinə istinad edərək məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsini, daha sonra mülki işə onun iştirakı olmadan baxılmasını, son məhkəmə iclaslarında isə məhkəmə iclaslarının başqa vaxta təxirə salınmasını xahiş etmişdir.

7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 əvvəlki məhkəmə iclasında iddia ərizəsinə etiraz təqdim etmiş və etirazının dəlillərinə uyğun izahat vermişdir. Etirazını isə onunla əsaslandırmışdır ki, əvvəla iddia müddəti ötürülmüşdür, bundan əlavə isə müqavilədə adları çəkilən şəxslər hər hansı təzyiqə məruz qalmadan, öz arzuları və iradələri əsasında müqavilə bağladıqlarından tələb əsassız hesab edilməlidir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

8. İş materiallarında olan Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivindən sorğu ilə alınan 4Ə-76 nömrəli notariat işinin surətindən görünür ki, Samux rayonu, Alıuşağı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.28 ha torpaq sahəsi Samux rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 15 dekabr tarixli qərarına əsasən İddiaçı1 mülkiyyətinə ayrılmışdır və bu barədə xx.xx.1998-ci il tarixli Dövlət AKT-ı tərtib edilmişdir. Həmin dövlət aktında torpaq sahəsinin mülkiyyətçisi olaraq İddiaçı1 göstərilmiş və mülkiyyətçisinin ailə üzvləri qismində arvadı İddiaçı2, uşaqları isə Hüseynova Gülşən və Hüseynova Azadə qeyd edilmişdir. Uşaqlardan Azadə 1988-ci il, Gülşən isə 1990-cı il təvəllüdlüdür.Bundan sonra xx.xx.2008-ci ildə DƏDRX-in Gəncə Şəhər Ərazi İdarəsi tərəfindən verilən Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların yüklülüyünə dair dövlət reyestrindən arayışda həmin ailə üzvləri paylı mülkiyyətçi kimi göstərilmişdir. xx.xx.2008-ci il tarixdə həmin torpaq sahəsinə dair tərəflər arasında notarial qaydada alqısatqı müqaviləsi bağlanmış və müqaviləni satıcılar İddiaçı1 və İddiaçı2 adından etibarnamə əsasında X10 imzalamışdır. Hansı ki, notariat işinin materiallarında olan xx.xx.2007-ci il tarixdə verilmiş etibarnamələrdən görünür ki, İddiaçı1 və İddiaçı2 AİK-nın 1997-ci il 15 dekabr tarixli 08 nömrəli qərarı ilə onlara verilmiş torpaq sahəsindən düşən pay torpaqlarını satmağı X8 10 il müddətinə etibar etmişlər. Müqavilənin məzmunundan görünür ki, Samux rayonu, Alıuşağı kəndində yaşayanlar İddiaçı1, İddiaçı2, X5, X6 Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair Dövlət AKTİ JN-308 kod 50706028 saylı Samux rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 15 dekabr tarixli 08 nömrəli qərarı ilə verilmiş 2.28 ha torpaq sahəsini 11000 AYM X1.

9. İddia ərizəsində tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 337 və 340.1-ci maddəsinə istinad edilmişdir.

10. Cavabdeh isə həm iddia tələbinin əsassız olmasına, həm də iddia müddətinin ötürülməsinə görə iddianı qəbul etmir. Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

12. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

13. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

14. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

15. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

16. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

17. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

18. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

19. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

20. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:1) əqdin subyekt tərkibinə dair şərtlər; 2) əqdin məzmununa dair şərtlər; 3) əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; 4) əqdin formasına dair şərtlər.

21. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).

22. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).

23. Mülki qanunvericiliyə müvafiq olaraq, müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı).

24. Mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi).

25. Əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı).

26. Tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: 1) həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; 2) müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məlum olduğu kimi, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu səbəbdən onu bağlamış şəxsin həmin müqaviləni təsdiq etməsi (icra etməsi), əhəmiyyətsiz əqdin hüquqi qüvvə əldə etməsi kimi deyil, eyni məzmunlu yeni müqavilənin bağlanması kimi qiymətləndirilməlidir. Əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisələndirilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqd bağlandığı andan etibarlı hesab edilir. Bu mənada həmin əqd onu mübahisələndirmək hüququna malik olan şəxs tərəfindən təsdiq edildiyi təqdirdə, o, özünün mübahisə etmək hüququndan məhrum olur və əqd bağlandığı andan etibarlı olaraq qəbul edilir. Təsdiqetmə o zaman etibarlı sayıla bilər ki, əqd ictimai mənafeyə və əxlaq normalarına zidd olmasın. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir.(“ M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı) Məhkəmənin mövqeyi:

27. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçılar notarial qaydada bağlanmış müqavilədəki imzaların onlara məxsus olmadığına, Dövlət AKT-nın onlarda olmasına, müqavilədə torpaq sahəsinin ölçüsünün qeyd edilməməsinə, torpaq sahəsinin onların istifadəsində olmasına, cavabdehlə müqavilə bağlamaq barədə iradə ifadələrinin olmamasına istinad edərək, müqavilənin etibarsızlığını tələb edir. Hansı ki, iddiaçıların tələbinin faktiki əsası kimi istinad etdiyi hallar müqavilənin əhəmiyyətsizliyi ilə bağlıdır.

28. Lakin iddiaçılar məhkəmə iclaslarında iştirak etməyərək, tələbinin dəlillərinə dair sübut təqdim etməmiş, yalnız məhkəmə iclasından kənar imza nümunələri təqdim etməklə mülki iş üzrə ekspertiza keçirilməsini xahiş etmişdir. Hansı ki, ekspertizanın keçirilməsindən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə imtina edilmişdir.

29. İddiaçıların ərizədə müqaviləyə uyğun nəticələrin yaranması ilə bağlı hüquqi niyyətlərinin olmaması barədə əsaslandırma aparmalarına baxmayaraq, ümumiyyətlə hər hansı sübut təqdim etməməsi məhkəmədə o qənaət yaradır ki, onlar müqavilənin etibarsızlığını digər dəlillərlə əsaslandırmağa çalışsalar da, yalnız müqavilənin forma şərtinə əməl edilməməsi ilə bağlı arqumentləri mövcuddur.

30. Bununla belə iddiaçılar İddiaçı1 və İddiaçı2 müqavilədəki imzaların onların etibarnamə üzrə nümayəndəsinə məxsus olmasını bilmələrinə baxmayaraq, müqavilədəki imzaların onlara məxsus olmadığına istinad edərək müqavilənin etibarsızlığını tələb etməklə hüquqdan sui-istifadə etmişdir.

31. Halbuki, müqaviləni İddiaçı1 və İddiaçı2 adından imzalamış X8 verilən etibarnamə məhz Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair Dövlət AKTİ JN-308 kod 50706028 saylı Samux rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 15 dekabr tarixli 08 nömrəli qərarı ilə verilmiş torpaq sahəsindən onların paylarına düşən pay torpağının satılması üçün verilmişdir.

32. Bununla yanaşı notarial qaydada bağlanmış müqavilədə torpaq sahəsinin ölçüsünün texniki olaraq səhv göstərilməsi onun əhəmiyyətsizliyi hüquqi nəticəsini doğurmadığı kimi, bu halın mübahisələndirilməsi də hüquqdan sui-isitfadə edildiyi qənaəti formalaşdırmışdır.

33. Bundan əlavə Samux Rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli qərarı ilə İddiaçı1 torpaq sahəsi ayrılan zaman və bundan sonra 1998-ci il tarixdə Dövlət AKT-ı verilən zaman həmin sənədlərdə ailə üzvü kimi göstərilmiş yetkinlik yaşına çatmayan uşaqlarının da müqavilədəki imzalarının 15 il sonra mübahisələndirilməsi vicdanlılıq prinsipi ilə uzlaşmır.

34. Odur ki, iddiaçılar tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia əsassız hesab edilməlidir.

35. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin ötürülməsi ilə bağlı etirazının dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Hansı ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.

36. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər.

37. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.

38. Odur ki, irəli sürülən tələb fərdi müəyyən əşya hesab edilən daşınmaz əmlaka dair bağlanmış əqdin əhəmiyyətsizliyi ilə bağlı olduğundan əqdin etibarsızlığı ilə bağlı iddia müddəti tətbiq edilə bilməz. Tətbiq edilən prosessual normalar:

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

40. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

41. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

42. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

43. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

44. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.

45. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçılar İddiaçı1, X4, X2, X3 Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar