Məhkəmə qərarları › İş №2(001)-55/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-55/2021

28.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-55/2021 28.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yaşayan Cavabdeh 600 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri binəqədi Rayon Məhkəməsinin 04.06.2013-cü il tarixli, 2(001)-803/2013 saylı qətnaməsinə əsasən onun cavabdehə qarşı vurulmuş maddi ziyana görə iddiası qismən təmin edilərək, 1186 manat, 8 manat dövlət rüsumu olmaqla, 1194 manat pulun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16.09.2013-cü il tarixli, 2(103)-4673/2013 saylı qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonradan Cavabdeh ona qarşı qeyri-qanuni tikilinin sökülməsi, maddi və mənəvi zərərin ödənilməsinə dair iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.07.2014-cü il tarixli, 2(001)-530/2014 saylı qətnaməsinə əsasən qismən təmin edilmiş, Bakı şəhəri, 6-cı mkr., Ə.Əlixanov küçəsi, ev 89, 71 saylı mənzildə binanın layihəsində nəzərdə tutulmamış əlavə yenidənqurma işlərinin aparılması yolu ilə evin eyvanında inşa edilmiş qeyri-qanuni tikilinin onun hesabına sökülməsi və eyvanın əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26.11.2014-cü il tarixli, 2(103)-6366/2014 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, onun apellyasiya şikayəti qismən təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.07.2015-ci il tarixli, 2(102)-2868/2015 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş, işə yenidən baxan Bakı Apellyasiya Məhkəməsi Binəqədi Rayon Məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Qətnamə hal-hazırda qüvvədədir. Sonradan tərəflər razılığa gələrək, hər ikisi qətnamələrin icrasından imtina olunması, əlavə olaraq iddiaçı tərəfindən cvaabdehin evində elektrik xətlərinin yenidən qurulmasını öz hesabına çəkməyi öhdəsinə götürmüşdür. Bu öhdəliyi tam olaraq yerinə yetirmişdir. Belə ki, qonaq, yataq, dəhliz, hamam-ayaqyolu, əvvəlki mətbəx və yenidən qeyri-qanuni artırdığı eyvana elektrik və işıq yandırıb-söndürənləri alınaraq gətirilmiş, ustaların əl haqqısı ilə birgə 600 manat xərc çəkilmişdir. Lakin buna baxmayaraq, cavabdeh öz üzərinə düşən öhdəliyə əməl etməmiş, 1194 manat pulun ödənilməsindən imtina etmiş, yenidən eyvanın sökülməsi barədə qətnamənin icrasını tələb etməyə başlamışdır. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o 4-cü mərtəbədə yaşadığı halda, 5ci mərtəbədə yerləşən mənzilə ziyan vura bilməz. Aralarında olan razılıq əsasında o, ona vurulan 1200 manat ziyan məbləği ilə bağlı başlanmış icraata xitam verilməsi üçün icra şöbəsində ərizə yazmışdır. Bundan sonra onun mənzilinə usta dəvət edərək təmir işləri gördürmüşdür. Razlaşma əsasında evində aparılan elektrik xətlərinin təmirinə 600 manat xərc çəkmişdir. Aralarında olan mübahisə uzun illərdir ki, davam edir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, eyvanla əlaqədar aramızda mübahisələr olub və məhkəmə tərəfindən bu mübahisəyə 02.11.2015ci il tarixdə son qoyulmasına, yəni 3 il müddət keçməsinə baxmayaraq onun tərəfindən tələb irəli sürülməsi buna bir daha sübutdur .Xanım 5-ci mərtəbədə olur və eyvanını artırıb, o da eyvanını artırmışdır. Sonra Əminə xanım ona qarşı iddia qaldırdı ki, tikili qeyriqanunidir. Guya iddia etmişdi ki, təmir işləri ilə bağlı onun eyvanına ziyan dəyib. Bundan sonra o, 2 usta gətirmiş və mənzildə 10 gün ərzində işlətmişdir. 2 dəfə də avadanlıq almışdır. Onunla Əminə məhkəmə qətnaməsinin icrasından imtina edərək, qarşlıqılı razılığa gəlmişlər və o, onun mənzilində elektik xətlərinin çəkilməsini təşkil etmişdir. Bu ona ustanın xərci ilə birlikdə 600 manata başa gəlib. 2 usta həmin mənzildə 10 gün işləmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, o, təyin olunan ekspertizanın keçirilməsinə mane olmamışdır. İddiaçı onun mənzilinə zərər vurmuş, onun mülkiyyətini dağıtmışdır. Hamamını belə dağıtmışdır. O, heç kimin mülkiyyətinə zərər verməmişdir. Su axıtmadan sonra iddiaçı evində qaynaq işlərini gördürmüşdür. Bunun nəticəsində isə görmüşdür ki, iddiaçı evində yanğın təhlükəsi yaratmışdır. Onun iş üzrə şahidləri ustalardır. Onun icra şöbəsindən əsas tələbi iddiaçının balkonunun sökülməsi ilə bağlıdır. Ekspertizadan xəbəri olmamışdır. Ekspert gələndə evdə olmamışdır. Məhkəmə iclasında iştirak edən şahidlər dəqiq heçnə söyləməmişlər. Onlara dəfələrlə sual verməsinə baxmayaraq cavab ala bilməmişdir. Ustalar evə nə isə aldıqlarını və çəkdiklərini bildirirlər. Amma hara, nəyi çəkdiklərini dəqiq qeyd edə bilmirlər. Evinə ustalar gəliblər. Lakin heçnəyi təmir etməmişlər. O, iddiaçı ilə heç zaman razılaşmamışdır. O, evində təmir etdirdikdən sonra xəstə olmuşdur. 2018-ci ildə yenidən icra şöbəsi ilə əlaqə saxlayaraq bildirmişdir ki, qətnaməni yenidən icra etsinlər. İcra işi Bəhruz müəllimdə olmuşdur. Evinə usta gəlmişdir. Lakin usta işıq xətlərinə görə gəlmişdi. O, isə bildirmişdir ki, evin işi çoxdur. Evinin təmirini sonra edəcək. Özü iddiaçı tərəfindən sökülən mənzilini təmir etdirmişdir. İddiaçının ustalarına isə bildirmişdir ki, onun təmirinə ehtiyacı yoxdur. İddiaçı tərəfindən ümumiyyətlə ona 30 000 manat maddi ziyan vurulmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabeh izahatında bildirimişdir ki, iddiaçı ustalar yox, bir usta gətirib, qoyub getmişdir. Qaynaq işi görəndə onun evində 2 dəfə qısaqapanma olub. Tikintinin ağırlığından onun eyvanı dağıdılıb. Həmin vaxt o, evdə olmamışdır. Kondisionerinə də ziyan vurulub. Sonra iddiaçı ona yalvardığından barışmışlar. Sonra yenə aralarında su sızması barədə narazıçılıqlar yarandı. Su sızması barədə qətnamə çıxdı. Qətnamədən şikayət vermişdir. Sonra o, qanunsuz tikili barədə iddia qaldırmışdır. Bu haqda da qətnamə çıxdı və hazırda qüvvədədir. Materialı da o, almış, usta pulunu da o vermişdir. Cəmi 7 elektrik mənbəyi qoyulub. Əvvəlki məhkəmə iclasında şahid kimi dindirilən X3 izahatında bildirmişdir ki, onu iş yoldaşı X1 müəllimi tanıyırdı. Qnyaz ona deyibki qonşunun evində elektrik işləri görülməlidir. Onlar qiymət danışmamışlar, sonra isə evə baxış keçirtdikdən sonra lazım olan materialları sədərək bazarından almışlar. Əminə xanım özü evdə idi. Evdə təmir işləri aparmışlar. Təxminən 10 gün müddətində bütün otaqlarda elektrik işləri görmüşlər. Yəni kabel,razetka çəkmiş, giriş şiti, kondisionere tok çəkmişlər. Materiallara təxminən 200 manat pul xərcləmişlər. Qnyaz müəllimlə birlikdə material almağa getmişlər. İş bitənnən sonra 400-450 manat Qnyaz müəllimdən pul almış və iş yoldaşı ilə öz aralarında bölmüşlər. Əvvəlki məhkəmə iclasında şahid kimi dindirilən X5 izahatında bildirmişdir ki, Qnyazı tanıyır. Xanımın evində bir dəfə olmuşdur.Həmin vaxt evə baxış keçirtmişdir. Lakin onun evində işləməmişdir. Bir dəfə qapıdan baxmış, ikinci dəfə evə gəlib baxış keçirtmişdir. Əvvəldən bildirmişdir ki, Qnyaz ona zəng elədi dedi ki, evindən üst mərtəbədə olan qonşunun evində görüləcək elektrik işləri üçün kömək lazımdır. Mən,Rahib,Qnyaz bir yerdə xanımın evinə getmişlər .Xanım qapını açdı evdə uşaq olmuşdur. Ayın tarixi və hansı ay olduğu yadında deyil. Qnyazdan 100 manat beh almış və Rahibə vermişdir. 400 manata işi danışdıqdan sonra sədərək bazarına naqil və s. materiallar almağa getmişlər. Orada 200 manat pul xərcləndi. Onlar Qnyazla qiymət danışanda Əminə xanım yanlarında olmamışdır. Evdə Elektrik xəttinin çəkilməsi, razetka quraşdırılması işlərinin görülməsi olmasını Əminə xanım onlara göstərmişdir. Bundan sonra o, Əminə xanımı görməmişdir. Usta kimi təmiri Rahib eləmişdir. Onlar evə baxış keçirən zaman evdə təmir işləri getməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-803/2013 saylı, 04 iyun 2013-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı iddiasının qismən təmin edilməsi, dəymiş maddi zərərə görə 1186 manat, ödənilmiş dövlət rüsumunun 8 manatı, cəmi 1194 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 16 sentyabr 2013-cü il tarixli, 2(103)-4673/2013 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 803/2013 saylı, 04 iyun 2013-cü il tarixli qətnaməsindən cavabdeh X6 tərəfindən verilən şikayətin təmin edilməməsi, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-803/2013 saylı, 04 iyun 2013-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-530/2014 saylı, 21 iyul 2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “qeyri-qanuni tikilinin sökülməsi, maddi və mənəvi zərərin ödənilməsi barədə iddiasının qismən təmin edilməsi, cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri, 6-cı mkr, Ə.Əlixanov küçəsi, 89 saylı evin 71 saylı mənzilində binanın layihəsində nəzərdə tutulmamış yenidənqurma işlərinin aparılması yolu ilə evinin eyvanında inşa edilmiş qeyri-qanuni tikilinin cavabdehin hesabına sökülməsi və eyvanın əvvəlki vəziyyətə qaytarılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 19 noyabr 2014-cü il tarixli, 2(103)-6366/2014 saylı qətnaməsi ilə Cavabdeh apelyasiya şikayətinin təmin edilməməsi, İddiaçı apelyasiya şikayətinin qismən təmin edilməsi, hazırki iş üzrə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-530/2014 saylı, 21 iyul 2014-cü il tarixli qətnaməsinin Bakı şəhəri, 6-cı mkr, Ə.Əlixanov küçəsi, 89 saylı evin 71 saylı mənzilində binanın layihəsində nəzərdə tutulmamış yenidənqurma işlərinin aparılması yolu ilə evinin eyvanında inşa edilmiş qeyriqanuni tikilinin cavabdehin hesabına sökülməsi və eyvanın əvvəlki vəziyyətə qaytarılması hissəsində ləğv edilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən mübahisənin obyektiv həlli üçün mülki iş üzrə məhkəməəmtəəşünaslıq ekpertizasının keçirilməsi barədə 03 iyun 2019-cu il tarixli, 2(001)- 3957/2019 saylı qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2019-cu il tarixli, 18343 saylı ekspert məlumatından görünür, 17 iyul 2019-cu il tarixdə Məhkəmə ekspertizası mərkəzinə daxil olmuş qərardad əsasında 2(001)- 3957/2019 saylı mülki iş üzrə ekspert Teymur Məmmədovun məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi və rəy verilməsinin mümkün olmaması barədə 03.10.2019-cu il tarixli məlumatından görünür ki, məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi barədə 03 iyun 2019-cu il tarixli qərardadının icrası mümkün olmadığından “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və məhkəmə ekspertizalarının aparılmasının təşkili haqqında təlimatın 3.2.3-cü bəndinin tələblərinə müvafiq olaraq mülki iş materialları geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti İlham Xudiyev 28.02.2020-ci il tarixində əlavə sənədlərin təqdim edilməsi və tədqiqat obyektinə baxış keçirilməsinin təşkil olunması barədə 5136 saylı vəsatətlə məhkəməyə müraciət etmiş və 2(0010-195/2020 №-li mülki iş üzrə 03 iyun 2019-cu il tarixli qərradadla ekspertiza qarşısında qoyulmuş suallarla əlaqədar, tədqiq olunan yaşayış evində aparılmış elektrik işlərinə dair smeta sənədlərinin, materialların alınmasına dair qaimələrin, elektrik xətlərinin çəkilmə sxeminin mərkəzə təqdim olunmasını və həmin evə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil olunmasının təmin edilməsi xahiş edilmişdir. Məhkəmənin 05.06.2020-ci il tarixli məktubu ilə tərəflərə və ekspertə tədqiqat obyektina baxış keçirilməsini vaxtı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti İlham Xudiyev tərəfindən verilən məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında 22 iyun 2020-ci il tarixli, 5136 saylı məlumatdan görünür ki, ekspertiza qarşısında qoyulan sualların həlli məqsədilə, tədqiq olunan mənzilə tərəflrin iştirakı ilə baxış keçirilməsinin təşkil olunması zəruri olduğundan bu barədə məhkəməyə 28 fevral 2020-ci il tarixli vəsatət göndərilmişdir. Məhkəmə tərəfindən tədqiq olunan mənzilə baxış keçirilməsi vaxtı 17 iyun 2020-ci il tarixə təyin edilmiş, lakin tərəflər həmin tarixdə məhkəmə binasına gəlmədiyindən, mübahisəli mənzilə baxış keçirilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamişdır. Məhkəmənin 13.07.2020-ci il tarixli məktubu ilə tərəflərə və ekspertə tədqiqat obyektinə baxış keçirilməsinin vaxtı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elmar Səidov tədqiqat obyektinə baxış keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmiş, tədqiqat obyektinə baxışın təşkil edilməsini xahiş etmişdir. Məhkəmənin 18.08.2020-ci il tarixli məktubu ilə tərəflərə mülki iş üzrə ekspertizanın keçirilməsinin 31.08.2020-ci il tarixə təyin edilməsi barədə məlumat verilmişdir. Lakin yenə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elmar Səidov tərəfindən məhkəməyə ekspertizasının aparılmasından imtina edilməsi haqqında 11.09.2020-ci il tarixli məlumat verilmişdir. Sonuncu dəfə isə 05 mart 2021-ci il tarixində Elmar Səidovun ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatı məhkəməyə daxil olmuş, nəticədə məhkəmənin 19.03.2021-ci il tarixli, 2(001)-55/2021 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar və işin faktiki halları ilə müəyyən olunmuşdur ki, tərəflər bir-biri ilə mübahisəli münasibətdə olan qonşulardır. Aralarında yaşadıqları mənzillərlə bağlı mübahisə 2013-cü ildən davam etməkdədir. Dəymiş ziyanın ödənilməsi tələbinə dair 2(001)-803/2013 saylı mülki iş üzrə Cavabdeh 1194 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə məhkəmə qətnaməsi və icra vərəqəsi mövcuddur. Qeyri-qanuni tikilinin sökülməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair 2(001)- 530/2014 saylı mülki iş üzrə isə iddiaçı Cavabdeh İddiaçı qarşı iddiası qismən təmin edilmiş və cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri 6-cı mkr, Ə.Əlixanov küçəsi 89 saylı evin 71 saylı mənzilində binanın layihəsində nəzərdə tutulmamış əlavə yenidənqurma işlərinin aparılması yolu ilə evin eyvanında inşa edilmiş qeyri-qanuni tikilinin cavabdehin hesabına sökülməsi və eyvanın əvvəlki vəziyyətə qaytarılması müəyyən edilmişdir. Həmin mülki iş üzrə yekun olaraq Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2015-ci il tarixli qətnaməsi qəbul edilmiş və Binəqədi Rayon Məhkəməsinin 2(001)-530/2014 saylı, 21.07.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hər iki mülki iş üzrə qətnamələr faktiki olaraq icra olunmamış, tərəflər arasında şifahi razılıq olmuşdur. Sonradan hər iki tərəf həmin qətnamələrin icrasını tələb etmiş və mübahisə yenidən qalxmışdır. İddiaçı iddia edir ki, tərəflərin barışığı o şərtlə olmuşdur ki, o hazırki iş üzrə cavabdehin elektrik xətlərinə vurulmuş zərəri aradan qaldıracaq və 1194 manat pulun tutulmasını tələb etməyəcək, öz növbəsində hazırki iş üzrə cavabdeh də iddiaçıdan eyvanın sökülməsi və əvvəlki vəziyyətə qaytarılmasını tələb etməyəcəkdir. Lakin tərəflərin qarşılıqlı razılığı baş tutmamış, cavabdeh icra orqanından qətnamənin icrasını tələb etdikdən sonra, iddiaçı da qətnamənin icrasını tələb etmiş və cavabdehin elektrik xətlərinə görə çəkdiyi xərci hal-hazırda tələb edir. Cavabdeh həm məhkəmə iclaslarında şifahi olaraq, həm də yazılı olaraq təqdim etdiyi ərizələrində iddiaya etiraz etmiş və bildirmişdir ki, iddiaçının dedikləri yalandır və onun evinin təmirinə iddiaçı tərəfindən hər-hansı xərc çəkilməmişdir. Məhkəmə iclasında dindirilən şahidləri tanımadığını və onun evində həmin şəxslərin təmir aparmadığını bildirmişdir. O cümlədən tikinti-texniki ekspertizasının təyin edilməsinə etiraz etmiş, qəbul edilmiş qərardaddan şikayət vermiş və şikayətlərində də bildirmişdir ki, ekspertiza tədqiqatı işin mübahisələndirilən halını müəyyən etmək üçün əsas hesab edilməməlidir. Belə ki, iddia edilən təmirin hansı hissədə aparıldığını iddiaçı sübut edə bilmir və bununla bağlı iddiaçının hər-hansı sənədi, yazılı sübutu yoxdur. Məhkəmənin 03.06.2019-cu il tarixdə qəbul etdiyi ekspertiza keçirilməsi barədə qərardadı təqribən 2 il ərzində icra edilə bilməmişdir. Belə ki, dəfələrlə ekspertiza keçirilməsinin yeri və vaxtı barədə cavabdehə məlumat verilmiş, lakin ekspertiza aparılması mümkün olmamışdır. Cavabdeh bu fakta həm ekspertiza baxışlarından xəbərinin olmaması, həm həmin vaxtlar evdə olmaması, həm pandemiya dövrü olması, həm də ümumiyyətlə ekspertiza tədqiqatının hazırki mübahisə üçün əhəmiyyətsiz hesab etməsi kimi səbəblərlə münasibət bildirmişdir. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu səbəbdən məhkəmə araşdırması zamanı tərəflər arasında mövcud olan hüquq münasibətlərinin xarakterinin müəyyən edilməsi zəruridir. Belə ki, məhkəmə müəyyən etməlidir ki, iddiaçı cavabdehdən nəyi, nəyə görə tələb edir. İşin hallarına görə iddia tələbinin hüquqi əsası əsassız varlanma qaydalarına uyğundur. Belə ki, iddiaçı cavabdehdən iddia edilən həmin məbləği o səbəbdən tələb edir ki, tərəflər arasında məhkəmə qətnamələrinin icrasını tələb etməmək barədə qarşılıqlı razılıq pozulmuş və iddiaçı cavabdehin evinin təmirinə xərc çəkməklə sonuncunu əsassız olaraq varlandırmışdır. Yəni tərəflər arasında barışıq aradan qalxdığından cavabdehə çəkilən xərc üçün əsas da aradan qalxmışdır. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin hallarından görünür ki, iddiaçı cavabdehin evinin elektrik xətlərinin təmirinə görə 600 manat xərc çəkdiyini iddia edir və bununla bağlı məhkəmə iclasında təmir işlərini aparmış, iddiaçı ilə yaxınlığı olmayan neytral 2 şahid dindirilmiş, həmin şahidlər iddiaçının tələbinin əsasını təşkil edən halları təsdiq etmişlər. Məhkəmə isə həm iddiaçının izahatı və dəlillərini, həm şahidlərin ifadəsində göstərilən halları müəyyən etmək üçün əlavə olaraq ekspertiza təyin etmiş, lakin cavabdeh faktiki olaraq ekspertiza tədqiqatının aparılmasına mane olmuşdur. Bu səbəbdən məhkəmə şahid ifadələrinə mötəbər sübut kimi qiymət verərək, cavabdehin ekspertiza tədqiqatının aparılmasına mane olduğunu nəzərə alaraq hesab edir ki, ekspertiza təyin edilən fakt təsdiq edilməlidir. Bundan başqa cavabdehin ekspertiza aparılmasına mane olmaması barədə dəlili formal mülahizələrə əsaslanmaqla, ekspertiza tədqiqatının 2 ilə yaxın müddət ərzində keçirilməsinə mane olunması faktını istisna etmir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prossesual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007- ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, nonneganti,incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudlugundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bundan başqa Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Odur ki, iddiaçının cavabdehin evində təmir işlərinin aparılması ilə bağlı sonradan aradan qalxmış hüquqi əsasa görə 600 manat pul xərcləməsi və cavabdehin əsassız olaraq varlanması işin halları ilə təsdiq olunduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia edilməli, Cavabdeh 600 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi də Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar