Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5502/2023 01.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən 11 saylı evin 12 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 15 dekabr 2012-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 (tam hissə, 60 kv.m, 3 otaq) mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X3 prospekti, ev 11, mənzil 12 ünvanında yerləşən yaşayış evini ünvan 2ı İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 08 yanvar 2013-cü il tarixli **********00-05101-093017 (qeydiyyat nömrəsi: ********** saylı dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, X3 prospekti, ev 11-də yerləşən 12 saylı mənzili onun tam mülkiyyətindədir. Hal-hazırda mülkiyyətində olan mənzildə əvvəllər qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh1 mənzili ona satdıqdan sonra 90 (doxsan) gün müddətində qeydiyyatdan çıxacaqlarını bildirmişlər. Mənzilin satıcısı X2 qeydiyyatdan çıxmışdır. Lakin aidiyyatı mənzildə hal-hazırda qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh1 əsassız olaraq qeydiyyatdan bu günə kimi çıxmamışdır ki, bu da onun mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Hazırda cavabdehin harada yaşaması da ona məlum deyil. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından göründüyü kimi cavabdeh hal-hazırda yuxarıda qeyd olunan ona məxsus olan ünvanında qeydiyyatda qalmışdırlar. Cavabdeh1 25 sentyabr 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, qeydiyyata düşməyə başqa yeri olmadığından qeydiyyatdan çıxa bilməmiş, istifadə hüququna xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək, qeydiyyata düşmək üçün ünvanın olmadığından qeydiyyatdan çıxa bilmədiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı şəhəri 32 saylı Dövlət Notariat Ofisində 15 dekabr 2012-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* №-li daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, X2 Bakı şəhəri, Binəqədi rayonu, X3 prospekti, ev 11, 12 saylı mənzilini İddiaçı satmışdır. Mülki işin materiallarında olan Cavabdeh1 27 noyabr 2012-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, qeydiyyatda olduğu ünvan 5 ünvanında yerləşən 12 nömrəli mənzilin satılmasına, ipotekaya qoyulmasına, ipoteka yolu ilə satılmasına və pulunun alınmasına etiraz etmir. Gələcəkdə bu əmlakla əlaqədar heç bir iddia tələbləri olmayacaq. Mülki işin materiallarında olan Cavabdeh2 27 noyabr 2012-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, qeydiyyatda olduğu ünvan 5 ünvanında yerləşən 12 nömrəli mənzilin satılmasına, ipotekaya qoyulmasına, ipoteka yolu ilə satılmasına və pulunun alınmasına etiraz etmir. Gələcəkdə bu əmlakla əlaqədar heç bir iddia tələbləri olmayacaq. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X3 prospekti, ev 11də yerləşən 12 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında 16 iyul 2023cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, X3 prospekti, ev 11-də yerləşən 12 saylı mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi ilə Bakı şəhəri, Binəqədi rayonu, X3 prospekti, ev 11-də yerləşən 12 saylı mənzili almış, hazırda onun xüsusi mülkiyyətindədir. Mənzilin alqı-satqısı zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 notarial qaydada ərizələr verərək mənzilin satılmasına etiraz etməmişdir. Hazırda cavabdehlər həmin mənzildə qeydiyyatda olmalarına baxmayaraq, həmin mənzildə yaşamırlar. Göründüyü kimi, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun olması, sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu “şərti və qeyri-sabit xarakterli” etmiş olur. Belə olan halda, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, X3 prospekti, 11 saylı evin 12 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X3 prospekti, 11 saylı evin 12 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5502/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5502/2023
01.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver