Məhkəmə qərarları › İş №2(001)-5517/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5517/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5517/2020 23.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı SŞ ASC-nin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı SŞ ASC Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, ünvan 1-yə dəymiş zərərə görə 159,18 manat sığorta ödənişi və 20,4 manat ödənilmiş dövlət rüsumu, cəmi 179,58 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən mənzildən su xətlərinin nasazlığı nəticəsində həmin ünvanda yerləşən İddiaçı SŞ ASC-də sığortalanmış X1 məxsus 20 saylı mənzilinə su sızması baş vermiş və sonuncuya maddi zərər vurulmuşdur. 35 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən X1 məxsus ünvan 1-yə su sızması hadisəsi Cavabdeh məxsus olan 20 saylı mənzildən olduğu məlum olmuşdur.Əmlakın zədələnməsi ilə bağlı zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, mənzilə 410 manat ziyan dəymişdir. xx.xx.2014-cü il tarixli sığorta aktına əsasən dəymiş zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 250 manat azadolma məbləği və sığorta məbləğinin bərpa olunması üçün lazım olan 0,82 manat çıxılmaqla, 159,18 manat sığorta ödənişi İddiaçı SŞ ASC tərəfindən həyata keçirilmişdir.bu səbəbdən qeyd olunan su sızması hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 159,18 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin məcəllənin 284-3.2.4-cü maddəsində göstərilmişdir ki, ərizədə tələbin əsaslığını təsdiq edən sənədlər göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-4.1-ci maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1. bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa; 284-4.1.4. ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa. 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bundan başqa Həmin Məcəllənin 284-5.4-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. İş üzrə əlavə araşdırmanın aparılmasına, o cümlədən tərəflərin çağırılaraq izahatlarının alınmasına zərurət yarandığından, bu zərurətin olması kiçik iddia icraata qəbul edilənədək müəyyən edildiyindən, ərizənin sadələşdirilmiş icraat kimi qəbul edilib, sonradan iddia icraatına keçirilməsi prosessual qənaət prinsipi ilə uzlaşmadığından məhkəmə hesab edir ki, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından MPM-nin 284-4.1.4-cü maddəsinin tələbi baxımından imtina olunmalı, iddiaçıya MPM-nin 284-4.3-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-cü və 264cü və 284-1-284-4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı SŞ ASC-nin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbi ilə bağlı kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina olunsun. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar