Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5534/2025 14.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "xxxx" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ABC Telecom MMC-dən 380 manat məbləğində pul vəsaitinin və hüquqi yardım üçün ödənilmiş 100 manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 08 mart 2025-ci il tarixində "Kontakt Home" mağazalar şəbəkəsindən Samsung Galaxy A165 markalı mobil telefon əldə etmişdir. Satış zamanı cihaz üçün ona rəsmi 1 il zəmanət verilmişdir. 10 iyun 2025-ci il tarixində həmin cihazda texniki nasazlıqlar meydana çıxmış, telefon açılmamış və açıldıqda ekran üzərində müxtəlif xətlər yaranmışdır. Sonradan artıq telefon sönmüş və bir daha açılmamışdır. Bu səbəbdən o, eyni tarixdə "Kontakt Home" satıcısına müraciət edərək zəmanət çərçivəsində təmirin həyata keçirilməsini tələb etmişdir. Cavabdeh tərəfindən aparıldığı iddia edilən ekspertiza nəticəsinə əsasən, cihazda guya "maye sızması” səbəbilə yaranmış daxili zədələnmə müəyyən edildiyi bildirilmiş və zəmanət tətbiqindən imtina olunmuşdur. Lakin təqdim edilən ekspertiza sənədində qeyd olunan daxili zədələnmənin telefonun üzərində heç bir xarici mexaniki iz və ya fiziki zədə olmadan meydana gəlməsi mümkün deyil. Cihazın xarici görünüşündə heç bir deformasiyanın və ya maye təsirinin olmaması ekspertiza nəticəsinin obyektiv və əsaslı olmadığını göstərir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan: Samsung Service Plaza tərəfindən verilmiş texniki rəydən görünür ki, “Samsung Galaxy A165” markalı mobil telefona baxış keçirilmiş, maye keçməsi və mexaniki zədə aşkar edilmiş, zəmanətli təmirə yararsızdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli tenxiki rəyindən görünür ki, cihaza mütəxəssiz tərəfindən baxış keçirilmiş və diaqnostika zamanı platada qüsur aşkar edilmişdir. Cihazda mexaniki əyrilik var. İstifadəçi tərəfindən istismar qaydaları pozulduğu üçün bu hal zəmanətə daxil deyil. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım üçün Bakı şəhəri 31 saylı Vəkil Bürosunun hesabına 100 manat məbləğində vəsait ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin 1-ci bəndinə əsasən lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. Həmin Qanunun 16-cı maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir. İstehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X1 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Göstərilənlərə əsasən, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, əksinə aparılmış texniki baxışlar nəticəsində cihazda olan nasazlıqların istifadəçi tərəfindən istismar qaydaları pozulduğu üçün müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin, hesab edir ki, iddia rədd edildiyindən, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri də onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdehnə qarşı "xxxx" tələbinə dair iddiası rədd edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-5534/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5534/2025
14.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver