Məhkəmə qərarları › İş №2(001)-5576/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5576/2021

02.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5576/2021 02.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən istifadəyə maneənin cavabdehə və qeyrilərinə qadağan edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “evdən istifadəyə maneənin cavabdehə və qeyrilərinə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında ümumi ərazisi 0,0443 ha olan torpaq sahəsində yerləşən sahəsi 36 kv.m olan bir yaşayış otağından, bir şüşəbənddən və ayaqyolundan ibarət ayrıca tikili olan “A” tikili adlanan fərdi evdən və həmin tikiliyə aid alaqapıdan ayaqaltı adlanan sahəyə qədər olan məsafədə ümumi sahəsi 50 kv.m olan həyətyanı sahədən istifadəsinə maneənin cavabdehə və qeyrilərinə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun, mülkiyyətində olan ünvan 1 ünvanında 0,0443 ha ərazidə yerləşən fərdi tikililərdən “A” tikili adlanan fərdi evdən əşyaları ilə birlikdə çıxarılmağı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7707/2019 nömrəli, 16 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. O, həmin 16 dekabr 2019-cu il tarixli qətnamədən apelyasiya şikayəti verərək qeyd etmişdir ki, rayon məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmişdir. Belə ki, o, həmin ünvanda yerləşən fərdi tikililərdən “A” tikili adlanan tikilini 2004-cü ilin aprel ayında, Cavabdeh və onun mərhum əri X2, tikilinin (fərdi evin) onlarla razılaşdığı dəyərini onlara ödəməklə almışdır. Lakin həmin vaxt evin mülkiyyət hüququna dair sənəd olmadığı üçün aralarında alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi mümkün olmamışdır. O, 24 sentyabr 2004-cü ildən həmin fərdi tikiliyə köçərək orada yaşamışdır. Bundan əlavə, 2004-cü ildən həmin fərdi tikilinin bütün kommunal xərclərini, yəni qaz, su, elektrik enerjisi ilə bağlı xərclərini o ödəmişdir. Bundan başqa, o cavabdehlər Cavabdeh və Bakı şəhəri 11 saylı notariat kontoruna qarşı “11 saylı notariat ofisinin notariusu İ.A.Məmmədov tərəfindən 03 avqust 1993-cü ildə ölmüş H.G.Hümbətova məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi ərazisi 0,0443 ha torpaq sahəsi və həmin torpaq sahəsindəki tikili üzərində, Cavabdeh, qanun üzrə vərəsəlik hüququnun tanınması barədə verilmiş 30 may 2019-cu il tarixli, 2V-90 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun hüquqi nəticəsi olan daşınmaz əmlakın mülkiyyət hüququ barədə **********3510301 reyestr nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, daha sonra AR MPM-in 53-cü maddəsinin tələblərinə əsasən iddia tələbini dəqiqləşdirərək, qeydiyyat nömrəsi ********** olan 24 iyun 2019-cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən vahid əmlak kimi Cavabdeh mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən ümumi ərazisi 0,0443 ha olan torpaq sahəsinə, həmin torpaq sahəsində olan “A” və “B” adlanan tikililərə münasibətdə ümumi sahəsi 36 kv.m olan bir yaşayış otağından, ayaqyolundan və alaqapıdan ayaqaltı adlanan sahəyə qədər olan məsafədə ümumi sahəsi 50 kv.m olan həyətyanı sahədən ibarət “A” tikili adlanan ayrı tikilinin ona satılması ilə əlaqədar Cavabdeh və əri X5 ilə onun arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2990/2020 saylı, 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. O, həmin qətnamədən apelyasiya şikayəti verərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən “A” tikilisini həyətyanı sahəsi ilə birlikdə 2004-cü ilin aprel ayında Cavabdeh və onun mərhum əri X2 2.500 ABŞ dollarına almışdır. Tikiliyə dair hüquq müəyyənedici sənəd olmadığı üçün alqısatqı notarial qaydada rəsmiləşdirilməmişdir. 2004-cü ilin aprel ayından o, aldığı həmin fərdi yaşayış evi sayılan “A” tikilisində yaşayır və 2019-cu ilədək yaşadığı müddətdə cavabdeh ona heç bir iradını bildirməmişdir. Əksinə ona ərazisinin sənədləşdirilməsinin mümkün olduğu vaxt ona aid hissəsinin alqı-satqısının reallaşdıracağını bildirmişdir. Lakin cavabdeh 2019-cu ilin yayında ona məlumat vermədən mübahisəli tikilini mülkiyyətinə qeydiyyata aldırmışdır. Onun iddiasını təmin etməyən məhkəmə qərarını belə əsaslandırmışdır ki, o, 2004-cü ildə dövlət reyestrində qeydə alınmayan evə və torpaq sahəsinə dair həmin torpaq sahəsinə heç bir hüququ olmayan M.Rzayeva ilə razılaşmağı alqı-satqı müqaviləsi kimi qiymətləndirilə bilməz. O, məhkəmənin bu qənaəti ilə razılaşmayaraq hesab etmişdir ki, onun tərəfindən təqdim edilən sübutlar iddia tələbinin təmin edilməsi üçün yetərlidir. Bu qənaətdən çıxış edərək, qeyd olunan qətnamədən apelyasiya şikayəti vermiş və qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Beləliklə həm cavabdehin ona qarşı iddiası üzrə qəbul edilmiş qətnamədən verdiyi apelyasiya şikayəti həm də onun cavabdehə qarşı iddiası üzrə qəbul edilmiş məhkəmə qətnaməsindən verdiyi apelyasiya şikayətləri baxılması üçün məhkəmənin icraatına götürülmüş və apelyasiya instansiyası 2(103)-398/2021 saylı işlə hər iki şikayətə baxaraq qərara gəlmişdir ki, “Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7707/2019 saylı, 16 dekabr 2019-cu il tarixli qətnaməsinə münasibətdə şikayət təmin edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, Cavabdeh ona qarşı “evdən çıxarılma və sair” tələbinə dair iddiası rədd edilməlidir. Apelyasiya instansiyası nəticəsini onunla əsaslandırmışdır ki, “işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Cavabdeh mərhum X5 ilə ər-arvad olmuşdur; iddiaçı Cavabdeh mərhum əri X5 və alıcı İddiaçı arasında 03 aprel 2004-cü il tarixli daşınmaz əmlakın alqısatqısına dair beh müqaviləsi bağlanmışdır; - tərəflərin dəyərini 2500 ABŞ dolları müəyyən etdikləri mənzilə görə alıcı satıcıya 3 gün müddətində 2000 ABŞ dolları beh vermiş, alıcı tərəfindən razılaşma pozulduğu halda behin geri qaytarılmadığı, satıcı tərəfindən razılaşma pozulduğu halda isə behin ikiqat geri qaytarılması barədə tərəflər razılığa gəlmişlər; - X1 rayonu, Qarayev küçəsi, ev 38 ünvanında yerləşən 1 otaq, 1 şüşəbənd, tualet və arxa qapıdan şüşəbəndin ayaqaltısına qədər həyətyanı sahəni İddiaçı 2500 ABŞ dollarına satmış, həmin məbləğin 2000 ABŞ dollarını 03 aprel 2004-cü ildə, qalan 500 ABŞ dollarını isə 24 sentyabr 2004-cü il tarixdə almışdır; - cavabdeh İddiaçı həmin vaxtdan Cavabdeh və onun mərhum əri M.Rzayevin razılığı ilə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsində 0,0443 ha ərazidə yerləşən 38 saylı fərdi yaşayış evinin “A” tikilisinə köçərək orada yaşamışdır; - cavabdeh İddiaçı 2008-ci ildə qızı anadan olmuşdur” Həmçinin işin faktiki halları ilə müəyyən edilmişdir ki, 03 aprel 2004-cü ildə evin alqı-satqısına dair müqavilə bağlandıqdan sonra Cavabdeh eləcə də mərhum əri X3, yəni bu ailənin, ər-arvadın razılığı əsasında İddiaçı həmin fərdi yaşayış evinə, “A” tikilisinə köçərək, orada yaşamış, bununla da, həmin yaşayış sahəsinə onun istifadə hüququ yaranmışdır. Bakı Apelyasiya Məhkəməsinin MK-nın onun Binəqədi Rayon Məhkəməsinin 2(001)-2990/2020 saylı qətnaməsindən verdiyi apelyasiya şikayətinə münasibəti isə belə olmuşdur ki, apelyasiya şikayəti təmin edilməməlidir. Çünki, Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iş üzrə o, AR MM-nin 335.2-ci maddəsinin 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına istinad edərək, 2004-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, H.Hümbətova məxsus olmuş evə və torpaq sahəsinə dair özü ilə Cavabdeh və onun mərhum əri M.Rzayev arasında 2004-cü ildə razılaşdırılmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş etmişdir. Lakin onun 2004-cü ildə dövlət reyestrində qeydə alınmayan evə və torpaq sahəsinə dair, həmin evə və torpaq sahəsinə hüququ qeydə alınmayan M.H.Rzayevlə razılaşması, alqı-satqı müqaviləsi kimi qiymətləndirilə bilməz. Belə ki, yuxarıda istinad olunan maddi hüquq normalarının tələbinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edilməsi üçün əqdin özü qanuna zidd olmamalıdır. Bakı Apelyasiya Məhkəməsinin MK-nın hər iki apelyasiya şikayəti üzrə qəbul etdiyi 2(103)-398/2021 saylı, 05 fevral 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. O, özünü ona satılmış A tikilisinə istifadə hüququ olan, onun sahibi, mülkiyyətçisi kimi qəbul edir. Bu baxımdan həmin tikilidən istifadəsinə maneəni, cavabdehə və qeyrilərinə münasibətdə qanunsuz hesab edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat verdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, mübahisəli həyətdə iki tikili ev var, onlar “A” və “B” tikililəridir. Cavabdehlə onun evləri ayrıdır, belə ki, o özünə məxsus evə, yəni “A” tikilisinə hasar çəkdirərək evini tamamilə cavabdehin evindən ayırmışdır. 2019-cu ildə iddiaçı onu çağıraraq bildirmişdir ki, “mən evə çıxarış almışam, evi təhvil ver”. O da bildirmişdir ki, əgər cavabdeh ondan aldığı pulu qaytararsa o da evi təhvil verər. Lakin cavabdeh buna cavab olaraq bildirmişdir ki, “pulu aldığımı qəbul etməyəcəm, deyəcəm ki, yoldaşım satıb. Mənim isə xəbərim yoxdur.” Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin etibarnamə əsasında nümayəndəsi X6 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının ərizədə və izahatında qeyd etdikləri tamamilə yalandır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya hər hansı bir ev satılmamışdır. Mübahisəli ev iddiaçıya yalnız kirayə məqsədi ilə verilmiş, iddiaçı həmin evdə 5 il kirayə yaşamış, daha sonra özü çıxıb getmiş, əşyaları isə qalmışdır. Mübahisəli ev cavabdehə nənə və babasından vərəsəlik qaydasında keçmişdir. İddiaçının mübahisəli evə hər hansı bir istifadə hüququ yoxdur ki, həmin evdən də istifadə etsin. Ona görə də, iddiaçı mübahisəli evdən hər hansı qaydada istifadə edə bilməz, evin yeganə mülkiyyətçisi cavabdehdir, istifadə hüququ da cavabdehə məxsusdur. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, mübahisəli evin həyətində “A” və “B” tikilisi olsa da, evin çıxarışı ümumidir. Tərəflər arasında mübahisəli evlə bağlı alqı-satqı müqaviləsi yoxdur, ümumiyyətlə evin satılması barədə hər hansı razılaşma olmamışdır. İddiaçı cavabdehə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, iddiası əsassız olduğundan təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilsə də, Bakı Apelyasiya Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(103)-398/2021 saylı qətnaməsi ilə şikayəti təmin edilməmişdir. Həmin qətnamədə qanuni qüvvəyə minmişdir. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o və nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 5 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Daşınmaz əmlakın ümumi sahəsi 70.0 kv.m, torpaq sahəsinin ölçüsü 0,0443 hektardır. Qeydiyyat tarixi 24 iyun 2019-cu ildir. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 24 iyun 2019-cu il tarixli texniki pasportun surətindən görünür ki, həmin ünvanda “A” və “B” adlı iki tikili vardır. “A” tikilinin ümumi sahəsi 22,1 kv.m (11,9+10,2), tikintinin alt sahəsi 31,1 kv.m-dir. “A” tikilisi birmərtəbəlidir və tikili 11,9 kv.m yaşayış otağı, 8,5 kv.m bağlı eyvan və 1,7 kv.m girişdən ibarətdir. Bakı Apelyasiya Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(103)-398/2021 saylı qətnaməsindən görünür: - iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı və ailə üzvlərinin onun mülkiyyətində olan, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsində 0,0443 ha ərazidə yerləşən 38 saylı fərdi yaşayış evinin “A” tikilisindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7707/2019 saylı 16 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. (birinci iş) - İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən iddia tələblərini dəqiqləşdirərək qeydiyyat nömrəsi ********** olan 24 iyun 2019-cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən vahid əmlak kimi Cavabdeh mülkiyyətinə verilmiş Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi, 38 saylı fərdi yaşayış evinə və evin yerləşdiyi ümumi ərazisi 0,0443 ha olan torpaq sahəsinə münasibətdə ümumi sahəsi 36,3 m2 olan bir yaşayış otağından, ayaqyolundan və alaqapıdan ayaqaltı adlanan sahəyə qədər olan məsafədə ümumi sahəsi 50 m2 olan həyətyanı sahədən ibarət ayrıca tikilinin ona satılmasına dair Cavabdeh və əri X5 ilə onun arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2990/2020 saylı, 31 avqust 2020- ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (ikinci iş) Bakı Apelyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7707/2019 saylı 16 dekabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2990/2020 saylı, 31 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinə baxılmış və məhkəmə tərəfindən cavabdeh İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7707/2019 saylı 16 dekabr 2019-cu il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7707/2019 saylı 16 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “evdən çıxarılma və sair” tələbinə dair iddiasının təmin edilməməsi, İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2990/2020 saylı, 31 avqust 2020-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2990/2020 saylı, 31 avqust 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qeyd olunan qətnamədə birinci iş üzrə işin mübahisəsiz halları kimi aşağıdakılar qeyd edilmişdir: ... - X1 rayonu, Qarayev küçəsi, ev 38 ünvanında yerləşən 1 otaq, 1 şüşəbənd, tualet və arxa qapıdan şüşəbəndin ayaqaltısına qədər həyətyanı sahəni İddiaçı 2500 ABŞ dollarına satmış, həmin məbləğin 2000 ABŞ dollarını 03 aprel 2004-cü ildə, qalan 500 ABŞ dollarını isə 24 sentyabr 2004-cü il tarixdə almışdır; - cavabdeh İddiaçı həmin vaxtdan Cavabdeh və onun mərhum əri M.Rzayevin razılığı ilə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsində 0,0443 ha ərazidə yerləşən 38 saylı fərdi yaşayış evinin “A” tikilisinə köçərək orada yaşamışdır; - cavabdeh İddiaçı 2008-ci ildə qızı anadan olmuşdur. Həmin qətnamədə həmçinin müəyyən edilmişdir ki, cavabdeh İddiaçı 03 aprel 2004-cü ildə evin alqı-satqısına dair müqavilə bağlandıqdan sonra iddiaçı Cavabdeh ailə üzvlərinin razılığı əsasında həmin fərdi yaşayış evinə köçərək, orada yaşamış, bununla da, həmin yaşayış sahəsinə onun istifadə hüququ yaranmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, ünvan 5 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Həmin ünvanda “A” və “B” adlanan iki tikili mövcuddur. Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 05 fevral 2021ci il tarixli, 2(103)-398/2021 saylı qətnaməsinə əsasən iddiaçının qeyd olunan ünvanda yerləşən 1 otaq, 1 şüşəbənd, tualet və arxa qapıdan şüşəbəndin ayaqaltısına qədər həyətyanı sahəyə, yəni “A” tikilisinə istifadə hüququnun olması müəyyən edilmişdir. Hazırda iddiaçı mübahisəli ünvanda yerləşən sahəsi 36 kv.m olan bir yaşayış otağından, bir şüşəbənddən və ayaqyolundan ibarət ayrıca tikili olan “A” tikili adlanan fərdi evdən və həmin tikiliyə aid alaqapıdan ayaqaltı adlanan sahəyə qədər olan məsafədə ümumi sahəsi 50 kv.m olan həyətyanı sahədən istifadəsinə maneənin cavabdehə və qeyrilərinə qadağan edilməsini xahiş edir, cavabdeh tərəf isə iddianı qəbul etməyərək mübahisəli evin çıxarışla bütövlükdə Cavabdeh məxsus olduğunu bildirir və iddiaçının həmin ünvana ümumiyyətlə istifadə hüququnun olmadığını qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, iddiaçının ünvan 5 ünvanında yerləşən “A” tikilisinə istifadə hüququnun olması və cavabdeh tərəfindən iddiaçının qeyd olunan ünvandan istifadə hüquqununa yaratdığı maneələr işin mübahisəsiz hallarıdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 5 ünvanında yerləşən yaşayış otağı, bağlı eyvan və girişdən ibarət “A” tikilisinə (ümumi sahə 22,1 kv.m, tikinti altı sahə 31,1 kv.m) və həmin tikilinin həyətyanı sahəsinə İddiaçı istifadə hüququna maneələrin yaradılması Cavabdeh qadağan edilməli, iddia digər hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı ünvan 5 ünvanında yerləşən sahəsi 36 kv.m “A” tikilisinə və həmin tikiliyə aid olan ümumi sahəsi 50 kv.m olan həyətyanı sahəyə istifadə hüququna maneələrin yaradılmasının qadağan edilməsini xahiş etsə də, lakin iş materiallarında olan texniki pasportdan müəyyən olunur ki, “A” tikilinin ümumi sahəsi 22,1 kv.m (11,9+10,2), tikintinin alt sahəsi 31,1 kv.m-dir. “A” tikilisi birmərtəbəlidir və tikili 11,9 kv.m yaşayış otağı, 8,5 kv.m bağlı eyvan və 1,7 kv.m girişdən ibarətdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM maddə 14.2). Qeyd olunanlara əsasən məhkəmə iddia tələbinin bu hissəsinin qismən təmin edilməsi qənaətinə gəlmişdir. Həmçinin, iddiaçı “mübahisəli ünvana istifadə hüququna yaradılmış maneələrin qeyrilərinə qadağan edilməsi”ni xahiş etsə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Xüsusilə nəzərə alınmalıdır ki, həmin Məcəllənin 154.2.3-cü maddəsinə əsasən etiraz və mühahizədə iddiaçının tələbinin tam və ya qismən rədd edilməsinin motivləri öncədən cavabdeh tərəfindən məhkəməyə təqdim edilə də bilər. Bu isə yalnız o halda mümkündür ki, iddiaçı hər bir cavabdehə qarşı öz tələbini konkret şəkildə iddia ərizəsində göstərmiş olsun. Göründüyü kimi iddia tələbinin “mübahisəli ünvana istifadə hüququna yaradılmış maneələrin qeyrilərinə qadağan edilməsi” hissəsində tələb cavabdeh kimi işdə iştirak etməyən dairəsi qeyri-müəyyən olan şəxslərə yönəldilmişdir və buna görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun 5 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Təsvir edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, ünvan 5 ünvanında yerləşən yaşayış otağı, bağlı eyvan və girişdən ibarət “A” tikilisinə (ümumi sahə 22,1 kv.m, tikinti altı sahə 31,1 kv.m) və həmin tikilinin həyətyanı sahəsinə İddiaçı istifadə hüququna maneələrin yaradılması Cavabdeh qadağan edilməli, qalan hissədə iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 5 ünvanında yerləşən yaşayış otağı, bağlı eyvan və girişdən ibarət “A” tikilisinə (ümumi sahə 22,1 kv.m, tikinti altı sahə 31,1 kv.m) və həmin tikilinin həyətyanı sahəsinə İddiaçı istifadə hüququna maneələrin yaradılması Cavabdeh qadağan edilsin. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumunun 5 (beş) manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar