Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-56/2024 01.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi (vəkil) Vəkil1, Cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “paylı mülkiyyətdə olan əmlakın naturada bölgüsü” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 01 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: ünvan 1 ünvanında yerləşən 0,01 ha. ölçülü torpaq sahəsi 1/2 hissədə pay hüququ üzrə İddiaçı, 1/2 hissədə isə Cavabdeh mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin paylara uyğun olaraq naturada bölünməsi, bölgü mümkün olmadığı halda isə torpaq sahəsinin dəyərinin müəyyənləşdirilərək, cavabdehin payına mütənasib kompensasiyanın verilməsi yolu ilə onun həmin torpağa pay hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə dair paylar müəyyənləşdirilsə də, naturada bölgünün aparılmaması çətinliklər yaradır. Tərəflər torpağın naturada bölünməsi və ya dəyərinin müəyyənləşdirilərək kompensasiyanın müəyyənləşdirilməsində razılığa gələ bilməmişlər. Hazırda torpaq sahəsinin üzərində qanunsuz tikili (ev) mövcuddur. Torpaq sahəsinə paylar məhkəmə qətnaməsi ilə müəyyənləşdirilərkən evin sənədləri olmadığından həmin ev nəzərə alınmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq, iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, torpaq sahəsinin naturada bölgüsü fiziki cəhətdən mümkün deyil. Digər tərəfdən, ekspert rəyi ilə torpaq sahəsinin dəyərinin 14300 manat olduğu göstərilmişdir. Hazırki halda torpaq sahəsi tam mülkiyyət hüququ əsasında cavabdehin adına qeydə alınsa da, qanuni qüvvəyə minmiş məhkəmə qərardadına əsasən, bu qeydiyyatın ləğvi, hüquqi statusun əvvəlki vəziyyətə qaytarılması qərara alınmışdır. Yəni, torpaq sahəsi hələ də rəsmi olaraq 1/2 hissədə iddiaçının, 1/2 hissədə cavabdehin mülkiyyətindədir. Belə olan halda iddiaçı 14300 manatın 1/2 hissəsini cavabdehə ödəməyə etiraz etmir. Lakin, kompensasiya müəyyənləşdirilərkən torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin dəyərinin də həmin kompensasiyaya daxil edilməsi əsassızdır, çünki torpaq sahəsi üzərində paylar müəyyənləşdirilərkən həmin evin üzərində də paylar müəyyənləşdirilməmişdir. Ev qanunsuz tikili olmaqla, iddiaçı ilə cavabdehin birgə gəlirləri hesabına deyil, iddiaçının anasının vəsaiti hesabına tikilmişdir. Belə ki, iddiaçının anası özünə məxsus ünvan 2 ünvanında yerləşən mənzili 2016-cı iltə sataraq, əldə etdiyi vəsait hesabına həmin evi tikmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qismən qəbul etdiklərini bildirərək, izahatında göstərdi ki, torpaq sahəsi ekspert tərəfindən 14300 manata qiymətləndirilsə də, torpaq sahəsinin üzərində fərdi yaşayış evi mövcuddur və həmin ev iddiaçı ilə cavabdehin birgə nikahları dövründə tikildiyindən, birgə mülkiyyət hesab edilir. Həmin evin likvid dəyəri 54600 manat olaraq müəyyənləşdirilmişdir. Bu məbləğin yarısının kompensasiya kimi verilməsi yolu ilə cavabdeh torpaq sahəsinə mülkiyyət hüququndan iddiaçının xeyrinə imtina edə bilər. Mülki iş materiallarında olan: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,01 ha. ölçülü torpaq sahəsi 22 oktyabr 2020-ci il tarixdə İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, sözügedən torpaq sahəsi üzərinsə Cavabdeh 1/2 hissədə pay hüququ 09 avqust 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, sözügedən torpaq sahəsi üzərinsə Cavabdeh tam pay hüququ 23 sentyabr 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 oktyabr 2020-ci il tarixli, 2(001)-3684/2020 saylı qətnaməsinə əsasən, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin 1/2 hissəsinə Cavabdeh, 1/2 hissəsinə İddiaçı payları müəyyən edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 8(001)- 202/2022 saylı qərardadına əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(009)-391/2020 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə borclu İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,01 ha. olan torpaq sahəsinin İddiaçı məxsus 1/2 hissəsinin üzərinə həbs qoyulması və tələbin mövcud olan aliment borcu həcmində həmin torpaq sahəsinə yönəldilməsi qərara alınmışdır. - Bakı İnzibati Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2-1(112)-4625/2023 saylı qərardadından görünür ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi, ünvan 3 ünvanında yerləşən 0,01 ha. torpaq sahəsinə münasibətdə Cavabdeh adına verilmiş **********32 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi, həmin daşınmaz əmlakdakı 1/2 hissədə payına mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə ona çıxarışın verilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia mümkün sayılmamışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 8(001)- 362/2023 saylı qərardadına əsasən, həmin məhkəmənin 29 mart 2022-ci il tarixli, 8(001)- 202/2022 saylı qərardadının icrasında dönüş edilməsi, həmin qərardada əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka dair icra edilmiş dəyişikliklərin əvvəlki vəziyyətə qaytarılması qərara alınmışdır. Məhkəmənin 17 mart 2022-ci il tarixli, 2(001)-1977/2022 saylı qərardadına əsasən, mübahisələndirilən torpaq sahəsinin tərəflərin paylarına uyğun naturada bölünməsinin texniki cəhətdən mümkün olub-olmamasının, habelə bazar qiymətinin müəyyənləşdirilməsi məqsədilə iş üzrə məhkəmə tikinti-texniki və qiymətləndirmə ekspertizaları təyin edilmiş, tikinti-texniki ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə, qiymətləndirmə ekspertizasının aparılması isə "xxxx" MMC-yə həvalə edilmişdir. Tikinti-texniki ekspertizanın aparılması ilə bağlı 18 oktyabr 2022-ci il tarixli, 10/3916 saylı rəydə göstərilmişdir ki, torpaq sahəsinin düzbucaqlı formada olmaqla, bir tərəfdən küçə ilə, üç tərəfdən isə qonşu sahələrlə və yanaşı evləri ilə əhatə olunduğunu, torpaq sahəsinin (10,5x8,0) 84 kv.metr hissəsində yaşayış evi inşa edildiyini, qarşı tərəfdə isə yalnız 32,8 kv.metr boş sahə qaldığını nəzərə alaraq, torpaq sahəsinin tərəflər arasında paylara uyğun olaraq naturada (real) bölünməsi texniki cəhətdən mümkün deyildir. Torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 14300 manat məbləğində müəyyən olunur. Qiymətləndirmə ekspertizası ilə bağlı təqdim edilmiş 10 may 2022-ci il tarixli rəydə göstərilmişdir ki, sözügedən torpaq sahəsinin bazar qiyməti 7500 manatdır. Daha sonra məhkəmənin 31 yanvar 2024-cü il tarixli, 2(001)-56/2024 saylı qərardadına əsasən, mübahisələndirilən torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin likvid dəyirinin, habelə real bazar dəyərinin müəyyənləşdirilməsi məqsədilə iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. 05 mart 2024-cü il tarixli müvafiq rəydə torpaq sahəsindəki fərdi yaşayış evinin bazar dəyərinin 64000 manat, likvid dəyirinin isə 54600 manat olduğu göstərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 213. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk olaraq qeyd edir ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin 1/2 hissəsinə Cavabdeh, 1/2 hissəsinə İddiaçı paylarının müəyyən edilməsi işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(001)-3684/2020 saylı qətnaməsinə əsasən, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin 1/2 hissəsinə Cavabdeh, 1/2 hissəsinə İddiaçı payları müəyyən edilmişdir. Həmin qətnamə əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən sözügedən torpaq sahəsi üzərində Cavabdeh 1/2 hissədə pay hüququ 09 avqust 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 8(001)-202/2022 saylı qərardadına əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-391/2020 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə borclu İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,01 ha. olan torpaq sahəsinin İddiaçı məxsus 1/2 hissəsinin üzərinə həbs qoyulması və tələbin mövcud olan aliment borcu həcmində həmin torpaq sahəsinə yönəldilməsi qərara alınmış və sözügedən torpaq sahəsi üzərində Cavabdeh tam pay hüququ 23 sentyabr 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Sonra isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 8(001)-362/2023 saylı qərardadına əsasən, həmin məhkəmənin 29 mart 2022-ci il tarixli, 8(001)-202/2022 saylı qərardadında dönüş edilərək, həmin qərardada əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka dair icra edilmiş dəyişikliklərin əvvəlki vəziyyətə qaytarılması qərara alınmışdır. Bundan əlavə məhkəmə araşdırması zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və 18 oktyabr 2022-ci il tarixli, 10/3916 saylı rəyə əsasən, torpaq sahəsinin düzbucaqlı formada olmaqla, bir tərəfdən küçə ilə, üç tərəfdən isə qonşu sahələrlə və yanaşı evləri ilə əhatə olunduğunu, torpaq sahəsinin (10,5x8,0) 84 kv.metr hissəsində yaşayış evi inşa edildiyini, qarşı tərəfdə isə yalnız 32,8 kv.metr boş sahə qaldığını nəzərə alaraq, torpaq sahəsinin tərəflər arasında paylara uyğun olaraq naturada (real) bölünməsi texniki cəhətdən mümkün olmaması və torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 14300 manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi hazırda iddia tələbində mübahisə edilən ünvan 1 ünvanında yerləşən 0,01 ha torpaq sahəsinin faktiki olaraq naturada bölünməsi mümkün deyil. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. ünvan 3 ünvanında yerləşən 0,01 ha torpaq sahəsinin tərəflər arasında paylara uyğun olaraq naturada (real) bölünməsi texniki cəhətdən mümkün deyil, eləcə də qeyd edilən toraq sahəsinin orta bazar qiymətinə uyğun ümumi dəyərinin 14300 manat məbləğində vəsaitin bölünməsi ilə bağlı da tərəflər arasında razılıq yoxdur. Belə ki, məhkəməı iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 izahatında torpaq sahəsi ekspert tərəfindən 14300 manata qiymətləndirilsə də, torpaq sahəsinin üzərində fərdi yaşayış evi mövcuddur və həmin ev iddiaçı ilə cavabdehin birgə nikahları dövründə tikildiyinə istinad edərək, qeyd edilən əmlakı birgə mülkiyyət hesab etmiş və evin likvid dəyəri 54600 manat olaraq müəyyənləşdirildiyindən, qeyd edilən məbləğin yarısının kompensasiya kimi verilməsi yolu ilə cavabdeh torpaq sahəsinə mülkiyyət hüququndan iddiaçının xeyrinə imtina etməsinin mümkünlüyünü bildirmişdir. Göründüyü kimi tərəflər arasında ünvan 3 ünvanında yerləşən 0,01 ha torpaq sahəsi üzərində qanunsuz inşa edilmiş evin bölünməsi ilə bağlı mübahisə mövcuddur. Sözügedən ev 0,01 ha torpaq sahəsində inşa olunduğundan təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün deyil. Həmin evlə bağlı iddiaçının kompensasya vermək təklifi də yoxdur. İddiaçı evin birgə nikah dövründə əldə olunmuşvəsait hesabına inşa olunmadığını iddia edir. Cavabdeh isə əks arqumentlər gətirərək iddiaçıdan evə görə də kompensasiya tələb edir. Məhkəmə həmçinin cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 mübahisəli torpaq sahəsinin üzərində fərdi yaşayış evinin iddiaçı ilə cavabdehin birgə nikahları dövründə tikilməsinə aid hissədə dediklərinə münasibət bildirərək qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 21-ci maddələrinin mənasına görə bütün paylı mükiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Hazırda isə işin hallarından mübahisəsiz şəkildə görünür ki, tərəflər arasında əmlaka sahiblik və ondan istifadədə razılaşma yoxdur, həmçinin onlar ümumi əmlakın bölünməsi barədə razılığa gələ bilməmişlər; torpaq sahəsi üzərində inşa olunmuş evin tərəflərin paylarına uyğun şəkildə naturada bölünməsinin mümkün olmadığı da işin mübahisəsiz halıdır, İddiaçı yalnız torpaq sahəsi ilə bağlı Cavabdeh təklif etdiyi bölgü qaydası ilə razılaşmamışdır. Həmçinin qeyd edilməlidir ki, ünvan 1 ünvanında yerləşən 0,01 ha torpaq sahəsində inşa edilmiş ev özbaşına tikilidir və dövlət reyestrində də qeydiyyata alınmamışdır (tikili üzərində hüquqlar müəyyən edilməyib), həmin evlə bağlı tərəflərin biri-birinə kompensasiya ödəməklə bağlı təklifi də yoxdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, mülkiyyətdə olmayan evin açıq hərracdan satılaraq satış pulunun tərəflər arasında paylarına mütənasib bölünməsi mülmkün deyil. Məhkəmə onu da qeyd edir ki, sözügedən evlə bağlı tərəflərin məhkəmə qaydasında əmlakdakı payına mütənasib olan hissəsinin müəyyən edilməsi ilə bağlı iddia vermək hüquqları mövcuddur. Təsadüfi deyil ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı”nın 4.11-ci bəndində qeyd olunmuşdur ki, “Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır.”. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən 0,01 ha. ölçülü torpaq sahəsi 1/2 hissədə pay hüququ üzrə İddiaçı, 1/2 hissədə isə Cavabdeh mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış torpaq sahəsinin paylara uyğun olaraq naturada bölünməsi, bölgü mümkün olmadığı halda isə torpaq sahəsinin dəyərinin müəyyənləşdirilərək, cavabdehin payına mütənasib kompensasiyanın verilməsi yolu ilə onun həmin torpağa pay hüququnun itirilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş 18 oktyabr 2022-ci il tarixli, 10/3916 nömrəli ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılmış tətqiqatın dəyəri 100 (bir yüz) manat müəyyən edilmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi rədd edildiyindən Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-iqtisad ekspertizalarının dəyəri olan 100 (bir yüz) İddiaçı tutulmaqla müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ilə ümumi paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 0,01 ha. ölçülü torpaq sahəsinin paylara uyğun naturada bölünməsi, paylarının naturada bölünməsi mümkün olmadığı təqdirdə mübahisəli torpaq sahəsinin qiymətləndirilərək dəyərinin payına uyğun cavabdehə kompensasiya ödənilməklə onun mübahisəli torpaq sahəsinə pay hüququnun itirilməsi tələbinə dair iddiası rədd edilməli və iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) İddiaçı tutulmaqla müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh ilə ümumi paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 0,01 ha. ölçülü torpaq sahəsinin paylara uyğun naturada bölünməsi, paylarının naturada bölünməsi mümkün olmadığı təqdirdə mübahisəli torpaq sahəsinin qiymətləndirilərək dəyərinin payına uyğun cavabdehə kompensasiya ödənilməklə onun mübahisəli torpaq sahəsinə pay hüququnun itirilməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-56/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-56/2024
01.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver