Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5613/2022 05.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi İdarəsinin nümayəndəsi (böyük prokuroru) X6 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cəlb olunmaqla) “əmlakın həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 05 noyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi İdarəsinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, 559-cu məhəllə, Ələsgər Ələkbərov küçəsi, ev B ünvanında yerləşən 32 saylı mənzilin həbsdən azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 05 fevral 2019-cu il tarixli, AN-İ seriyalı, ******* saylı alğı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu, 559-cu məhəllə, Ələsgər Ələkbərov küçəsi, ev B ünvanında yerləşən 32 saylı mənzili həmin mənzilin mülkiyyətçisi X1 almışdır. Lakin mənzili əldə etdikdən bir il yarımdan çox müddət keçdikdən sonra mənzil üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilmişdir. İddiaçıya məlum olmuşdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 1(105)- 60/17 saylı hökmü ilə həmin mənzilin üzərinə həbs qoyulmuş və xüsusi müsadirə tətbiq edilmişdir. İşin birinci apellyasiya baxışı zamanı Sumqayıt Apellyasiya Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli, 1(105)-8/19 saylı qərarı ilə həmin vaxt Sədaqət Çələbiyevaya məxsus olmuş həmin mənzil üzərinə qoyulmuş həbs ləğv edilsə də, həmin əmlaka dair tətbiq edilmiş xüsusi müadirəyə aid hissə hökmdən xaric edilsə də, Ali Məhkəmənin Cinayət Kollegiyasının 22 may 2019-cu il tarixli, 1(102)-758/2019 saylı qərarı ilə kassasiya protesti və mülki iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli qərarı ləğv edilərək, iş yenidən apellyasiya məhkəməsinə göndərilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 avqust 2020-ci il tarixli, 1(105)-17/2020 saylı, 18 avqust 2020-ci il tarixli qərarı ilə hökm iddiaçının mənzilinin üzərinə həbs qoyulması və müsadirə edilməsi hissəsində dəyişdirilmədən saxlanılmış, həmin qərar da öz növbəsində Ali Məhkəmənin 14 iyun 2022-ci il tarixli, 1(102)-390/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 18 avqust 2020-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Mətkəməsinin 10 iyul 2017-ci il tarixli hökmünə apellyasiya qaydasında baxılan zaman Zabit Çələbiyevə cəza təyin edilərkən xüsusi müsadirə tətbiq edilən zaman hər hansı araşdırma aparılmamış, hətta əmlakın həqiqi sahibinin kim olduğu da müəyyən edilməmişdir. İddiaçının qeyd edilən cinayət işindən xəbəri olmamış, o, cinayət işinin icraatına cəlb edilməmiş, nə təqsirləndirilən şəxsə, nə də əmlakı aldığı X4 heç bir aidiyyəti yoxdur, bundan əlavə, əmlak notarial qaydada bağlanmış əqd əsasında bazar qiyməti ödənilməklə əldə edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi İdarəsinin nümayəndəsi X7 iddianı qəbul etmədiklərini bildirərək izahatında göstərdi ki, sözügedən əmlaka cinayət işi üzrə həbs qoyumuş, əmlak müsadirə olunmuşdur. İddiaçıya həmin əmlakın satılması tez-tələsik baş vermiş, əmlakı iddiaçıya satan şəxs həmin əmlakın yaxın gələcəkdə müsadirə oluna biləcəyindən xəbərdar olmuşdur. Belə olan halda Musa Musayev əmlakın dəyərini ona həmin əmlakı satan şəxsdən tələb etməlidir. Sonda E.İ.Cəlilov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməməsini xahiş etdi. Mülki iş materiallarında olan: - RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 77,5 kv.metr olan mənzil 12 aprel 2014-cü il tarixdə X3 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 77,5 kv.metr olan mənzil 07 fevral 2019-cu il tarixdə İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 1(101)-60/17 saylı hökmünün nəticə hissəsindən görünür ki, təqsirləndirilən şəxs X5 anası X3 adına rəsmiləşdirilmiş ünvan 3 ünvanında yerləşən 32 saylı mənzilin üzərinə qoyulmuş həbs ləğv edilməklə dövlət nəfinə xüsusi müsadirə edilərək satılması qərara alınmışdır. - Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 avqust 2020-ci il tarixli, 1(105)-17/2020 saylı qərarına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 1(101)-60/17 saylı hökmü dəyişdirilsə də, iddia tələbində göstərilən əmlakla bağlı xüsusi müsadirə hissəsində dəyişdirilmədən saxlanmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2022-ci il tarixli, 1(102)-390/2022 saylı qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və mülki iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə əsasən, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir. “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Birləşmiş Millətlər Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasına görə, əgər cinayətdən əldə olunan gəlirlər qismən və ya tam şəkildə digər əmlaka çevrilibsə və ya dəyişdirilibsə, onda bu maddədə nəzərdə tutulan tədbirlər həmin əmlaka münasibətdə də görülür. Əgər cinayətdən əldə olunan gəlirlər qanuni əsaslarla əldə edilmiş əmlaka qatılıbsa, onda hər hansı bir həbs qoyma və ya götürmə səlahiyyətlərinə xələl gətirmədən, əmlakın yalnız cinayət nəticəsində əldə olunmuş gəlir qatılmış hissəsinin mütənasib qiymətləndirilmiş hissəsi müsadirə edilir. Konvensiyada məhkəmələr tərəfindən cinayət törətmiş şəxsin cinayətdən əldə olunması güman edilən gəlirlərinin və ya müsadirə edilməli digər əmlakının qanuni mənbəyinin araşdırılaraq müəyyən edilməsi xüsusilə vurğulanmışdır... Burada xüsusilə qeyd olunmalıdır ki, cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayət-hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz. Lakin cinayət əməli nəticəsində əldə edilmiş ümumi birgə və ya paylı mülkiyyətdə olan əmlaka xüsusi müsadirənin tətbiqi mümkündür. Bu qayda Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə əsasən, həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Lakin bu cinayət-hüquqi tədbir tətbiq edilərkən ümumi əmlak üzərində cinayət törədən şəxslə birlikdə birgə və ya paylı mülkiyyət hüququna malik olan şəxslərin, habelə cinayət törədən şəxsin ailə üzvlərinin qanuni mənafelərinin qorunması təmin edilməlidir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib bilir ki, cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir... İşdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir (Konstitusiya Məhkəməsi Plenumunun K.Maraevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərarı). “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsində tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslərin əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququ müəyyən edilmişdir. İşin müəyyən edilən hallarına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2017ci il tarixli, 1(105)-60/17 saylı hökmü ilə mübahisəli mənzilin üzərinə həbs qoyulmuş və xüsusi müsadirə tətbiq edilmişdir. İşin birinci apellyasiya baxışı zamanı Sumqayıt Apellyasiya Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli, 1(105)-8/19 saylı qərarı ilə həmin vaxt Sədaqət Çələbiyevaya məxsus olmuş həmin mənzil üzərinə qoyulmuş həbs ləğv edilsə də, həmin əmlaka dair tətbiq edilmiş xüsusi müadirəyə aid hissə hökmdən xaric edilsə də, Ali Məhkəmənin Cinayət Kollegiyasının 22 may 2019-cu il tarixli, 1(102)- 758/2019 saylı qərarı ilə kassasiya protesti və mülki iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli qərarı ləğv edilərək, iş yenidən apellyasiya məhkəməsinə göndərilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 avqust 2020-ci il tarixli, 1(105)-17/2020 saylı, 18 avqust 2020-ci il tarixli qərarı ilə hökm iddiaçının mənzilinin üzərinə həbs qoyulması və müsadirə edilməsi hissəsində dəyişdirilmədən saxlanılmış, həmin qərar da öz növbəsində Ali Məhkəmənin 14 iyun 2022-ci il tarixli, 1(102)-390/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı 05 fevral 2019-cu il tarixli, AN-İ seriyalı, ******* saylı alğı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu, 559-cu məhəllə, Ələsgər Ələkbərov küçəsi, ev B ünvanında yerləşən 32 saylı mənzili həmin mənzilin mülkiyyətçisi X1 almış və hazırdada mənzil onun mülkiyyətindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsində mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Hazırkı halda ünvan 2 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 77,5 kv.metr olan mənzilin RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 07 fevral 2019-cu il tarixdən İddiaçı mülkiyyətində olması işin mübahisəsiz halıdır. Sözügedən çıxarış və onun verilməsinə əsas olmuş müqavilənin hər hansı şəxs tərəfindən mübahisələndirilməsi iş üzrə müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası mövcuddur. Bununla yanaşı məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli Qərarında qeyd olunan “.....cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər.” hüquqi mövqeyi bir daha vurğulayarq hesab edir ki, ünvan 2 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 77,5 kv.metr olan mənzilin üzərində həbsin qalması iddiaçının mülkiyyət hüquqlarını pozduğundan iddia təmin edilməli, ona məxsus mənzil həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus, Bakı şəhəri, Yasamal rayonu, 559-cu məhəllə, Ələsgər Ələkbərov küçəsi, ev B ünvanında yerləşən 32 saylı mənzil həbsdən azad edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5613/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5613/2022
05.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver