Məhkəmə qərarları › İş №2(001)-562/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-562/2025

13.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-562/2025 13.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X14 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “cehiz əmlakla birgə evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin adları və sayı aşağıdakı siyahıda göstərilən cehiz əmlakı ilə birlikdə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir: Mətbəxdə olan:1 ədəd mətbəx mebeli, 1 ədəd ətçəkən maşın, 1 ədəd soba, 1 ədəd qaz sobası, 1 ədəd mikser, 1 ədəd mikrodalğalı soba, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan maşın, 1 ədəd qabyuyan maşın, 2 ədəd masa, 10 ədəd stul, 6 ədəd çay stəkanı, 6 ədəd nəlbəki, 6 ədəd çaşka, 6 ədəd qaşıq dəsti, 6 ədəd bıçaq dəsti, 1 ədəd elektrik çaydan, 1 ədəd qazan dəsti, 1 ədəd saxlama qabı;Yataq otağında olan:1 ədəd dolab, 1 ədəd taxt, 1 ədəd türmo, 2 ədəd döşək, 2 ədəd yorğan, 4 ədəd yastıq, 2 ədəd tumba, 1 ədəd uşaq yatağı; Qonaq otağında olan:1 ədəd künc divan, 1 ədəd kamod, 1 ədəd qorka, 1 ədəd televizor altlığı, 1 ədəd televizor, 2 ədəd pərdə, 2 ədəd xalça, 2 ədəd çıl-çıraq, 1 ədəd saat, 1 ədəd döşəmə, 1 dərs Madonna servis, 2 ədəd qrafin dəsti, 1 ədəd çərəz qabı, 1 ədəd güldan, 2 ədəd meyvə qabı, 2 ədəd konfet qabı, 1 ədəd böyük çərəz qabı, 1 ədəd tozsoran. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu cavabdehlə 16 mart 2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 2 uşaqları vardır. Sonradan münasibətləri pozulmuş, Masallı Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(050)-124/2023 saylı qətnaməsinə əsasən, aralarındakı nikah pozulmuş, uşaqların analarının yanında qalmaları qərara alınmışdır. Əsas problem odur ki, cavabdeh nikahın pozulmasına baxmayaraq, iddiaçıya məxsus evdən çıxmır, onları şərləməkdən çəkinmir. Demək olar ik, hər gün evdə söz-söhbət, dava-dalaş olur. xx.xx.2025-ci il tarixdə Cavabdeh etiraz il məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilənlər yalandır və bu əsassız fikirləri qəti şəkildə qəbul etmir. Masallı Rayon Məhkəməsinin 2(050)-124/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən X7 ilə arasında 1 saylı Bakı "ASAN Xidmət" mərkəzi qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə bağlanmış, 645 № ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2019-cu il təvəllüdlü X10 və 14 iyul 2020-ci il təvəllüdlü X6 onun himayəsində saxlanılması qət edilmişdir. İki azyaşlı və xəstə övladları ilə birlikdə o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsində yerləşən 20 saylı evdə qeydiyyatsız yaşayır. O həmin evə gəlin köçmüşdür və onun bütün cehiz əmlakları da həmin evə yerləşdirilmişdir. Belə ki, o, nikahın pozulması ilə bağlı Masallı Rayon Məhkəməsində övladlarına aliment pulu tələb etməməyinin səbəbi keçmiş qaynatası və keçmiş həyat yoldaşı Elman Məmmədov ona bildirdilər ki, gəlin köçdüyü, sənədsiz və qeydiyyatsız yaşadığı evdən onu çıxarmayacaqlar. O da iki azyaşlı övladı ilə getməyə yeri olmadığı üçün və evdə yaşamaq üçün icazə versinlər deyə keçmiş həyat yoldaşının dedikləri ilə razılaşmış və məhkəmədə aliment tələb etməmişdir. O, övladlarına valideynlərinin köməkliyi ilə baxmağa çalışır. Halbuki, həm keçmiş qaynatası, həm də ki, həyat yoldaşı ona bildirmişdirlər ki, uşaqlara özləri ödəniş edəcəklər, xəstə qızı Zəhranın bütün maddi təminatını ödəyəcəklər. xx.xx.2019-cu il təvəllüdlü qızı Zəhra ağır xəstəliklərdən əziyyət çəkir. Ata olan şəxs övladları yoxmuş kimi davranır və bir manat da olsa maddi köməklik etmir. Övladı Zəhranın yerimə qabiliyyəti yoxdur. X17 Meningomielosele, Kiari malfarmasiyası, kompensə olunmuş hidrosefaliya xəstəliklərindən əziyyət çəkir. Zəhra anadangəlmə bu xəstəliyə düçar olmuşdur. Ayaqlarında hərəkət yoxdur və bel nahiyyəsindəki onurğa beyin yırtığındandır. Bundan başqa övladının başına su yığılır və xəstəliyi günü-gündən artır, çünki o, övladını müalicə etdirə bilmir. Bir ana kimi övladının dərdi ona bəs deyilmiş kimi, keçmiş qayınatasının evdən çıxarılma ilə bağlı ona qarşı iddia ərizəsini məhkəməyə ünvanlamışdır. Onun həmin evdən başqa yaşayış yeri yoxdur. Onun valideynləri Masallı rayonunda yaşayırlar. Evlərinin şəraiti yoxdur. Qızı Zəhranı ora apara bilməz. Çünki, onun halını bilən şəxslər ona az da olsa maddi yardım göstərirdilər ki, qızı Zəhranı müalicə etsin. Yad şəxslərin ona köməyi var, lakin uşaqlarının babası, atası isə onların küçədə yaşamalarından ötrü əlindən gələni edirlər. O, çox acınacaqlı vəziyyətdədir, sıxıntılar çəkir, övladının xəstəliyi ilə bağlı sosial almaq üçün müraciət etsə də, müsbət cavab ala bilməmişdir. Bu günə qədər min bir əziyyətlə dolanır. Keçmiş həyat yoldaşının və keçmiş qaynatasının maddi imkanı yaxşı olsa da, ona kömək etmirlər. Yaşadığı və cehiz əmlakları yerləşən evdə o, keçmiş həyat yoldaşı X7 və iki azyaşlı övladı yaşayırdılar. Aralarında olan rəsmi nikah pozulduqdan sonra Elman Məmmədov atası ilə birlikdə yaşamağa başladı. Onun yaşadığı və cehiz əmlaklarımın yerləşdiyi ev İddiaçı aid deyildir. Ona görə ki, həyətdə ki, evlərin girişi - çıxışı ayrıdır. Yaşadığı evin mətbəxi, sanitar qovşağı ayrıdır. Bir-birinə heç bir maneçilik törətmir. Bir həyətdə və bir damın altında iki ev var, həmin evlərin hər bir şeyi ayrıdır. Bir-birini görə bilmirlər və heç bir maneçiliyi yoxdur. O evdə iki qız övladı böyüdür. Zəhra qızı həmin evdə doğulub, o gəzə bilmədiyi üçün həmin ev onun hər hərəkətinə uyğundur. Yaşamaq üçün başqa yeri yoxdur. Həmin evdə o, İddiaçı və onun ailəsi keçmiş həyat yoldaşı Elman Məmmədov və qayınanası ilə birlikdə yaşamış və onlarla birlikdə təsərrüfat aparmışdır. Həmin evdə yaşamaq üçün onun da haqqı var. Həmin ev İddiaçı atası X2 qalmışdır və halhazırda da həmin evin sənədləri ev dəftəri və s. mərhum X3 məxsusdur. Bir sözlə evin sənədi yoxdur. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə etdi və bildirdi ki, bu ev iddiaçıya 07 dekabr 2002-ci il tarixdə vəfat etmiş atası X1 qalmış, evin kommunal ödənişləri iddiaçının adınadır. Lakin hazırki zamanadək o, evi öz adına rəsmiləşdirməmişdir. Evə dair yalnız texniki pasport və müqavilə mövcuddur. Evin mülkiyyət hüququnu təsdiq edən çıxarışı mövcud deyil. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədi. İzahatında bildirdi ki, rəsmi boşandıqdan sonra keçmiş qayınatasına məxsus evdə iki azyaşlı uşağı ilə birlikdə yaşayır. Onun yaşamağa başqa evi yoxdur. Uşaqlarından biri ağır xəstədir. Keçmiş əri ilə aralarında hər hansı mübahisə olmasa da, keçmiş qayınatası və qayınanası onu həmin evdə rahat yaşamağa imkan vermirlər. ərindən aliment tələb etməmiş, onun evində yaşamağa davam etmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sübutlara hüquqi qiymət verib belə qərara gəlir ki, tələb təmin edilməməlidir. Əsaslandırıcı hissə İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 28 oktyabr 2023-cü il tarixli, ******* saylı arayışından görünür ki, İddiaçı 19 noyabr 2005-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Masallı Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(050)-124/2023 saylı qətnaməsindən görünür ki, X5 ilə Cavabdeh 16 mart 2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahlarından 27 avqust 2019-cu il təvəllüdlü X10 və 14 iyul 2020-ci il təvəllüdlü X11 adlı uşaqları vardır. Həmin qətnamə əsasında X5 ilə Cavabdeh arasındakı nikah pozulmuş, birgə nikahdan olan uşaqların analarının yanında qalmaları müəyyən edilmişdir. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair texniki pasportda Binəqədi rayonu, Kirov qəsəbəsi, Şirvani döngəsi 3, ev 13 X3 tikinti işləri aparmasına icazə verilmişdir. Stasionar xəstənin tibbi kartasından 2579 saylı çıxarış epikrizindən müəyyən olunur ki, 27 avqust 2019-cu il təvəllüdlü X8 Lumbal Meningomielosele, Kiari malfarmasiyası, kompensə olunmuş hidrosefaliya diaqnozu qoyulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən isə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlakı başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, torpaq və mülki qanunvericiliyə əsasən torpaq üzərində mülkiyyət hüququnun əldə edilməsi dövlət qeydiyyatından keçirildikdən sonra yaranır. S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 iyul 2015-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikasınınqanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair”25 oktyabr 2010-cu il tarixli və Müşfiq Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarları). «Mülkiyyət hüququ»nun anlayışı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1ci maddəsində verilir. Bu maddəyə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun birinci xüsusiyyəti mülkiyyətçiyə məxsus olan yaşayış sahəsi üzrə onun hüquqlarının əmlakın təyinatına uyğun olaraq, yəni müstəsna olaraq mülkiyyətçinin və onun ailə üzvlərinin şəxsi yaşaması, eləcə də ona məxsus yaşayış sahəsinin başqa şəxslərin yaşaması məqsədi ilə əvəzli və ya əvəzsiz verilməsi və s. üçün həyata keçirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, “... mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Göründüyü kimi, torpaq və mülki qanunvericilik daşınmaz əmlaka (o cümlədən torpaq sahəsinə) dair tam mülkiyyət hüququnu həmin hüquq müvafiq dövlət orqanında rəsmi qeydiyyata alındıqda tanıyır. İstər mülki, istər mənzil qanunvericiliyi əmlakın, mənzilin mülkiyyətçisinə həmin evdə, mənzildə yaşayan şəxslərə, keçmiş ailə üzvlərinə və digər şəxslərə münasibətdə sərəncamverici hüuquqlarını həyata keçirməyə imkan verir. Hazırki halda isə iddiaçının mübahisə predmetinə daxil olan evə (tikiliyə) və həmin evin yerləşdiyi torpaq sahəsinə qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün, cavabdehin həmin evdən özünəməxsus əmlakları ilə birlikdə çxarılmasına dair tələbi irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Həmçinin iddiaçının təqdim etmiş olduğu sənədlərə münasibətdə isə məhkəmə həmin sənədlərin iddiaçının mərhum atasına məxsus olmaqla hər hansı mülkiyyəti təsdiq edən sənəd olmamasını, bundan əlavə irəli sürülmüş tələbdə göstərilmiş ünvanların da fərqli olmasını diqqətdən qaçırmır. Beləliklə, sadalanan qanunvericilik normalarını, yuxarı instansiya məhkəməsinin hüquqi mövqeyini və mövcud məhkəmə təcrübəsini rəhbər tutaraq məhkəmə belə qənaətə gəlir ki, mübahisə predmeti olan evə dair iddiaçının qanunla nəzərdə tutulmuş qaydada istifadə, sahiblik və sərəncam vermə hüquqlarını təsdiq edən tam hüquqlu mülkiyyətçi kimi dövlət tərəfindən qeydə alınmış hüququ olmadığından Cavabdeh qarşı “cehiz əmlakla birgə evdən çıxarılma” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia rədd edildiyindən məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əmlakla birgə evdən çıxarılma” tələbinə dair iddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar