Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5643/2022 07.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə İddiaçı Memmed qızının (Türkiyə Respublikası vətəndaşı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 07 dekabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Memmed qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 2654 manat borcun, 3537 manat maddi zərərin, cəmi 6191 manatın, Cavabdeh1 4032 manat borcun, 3537 manat maddi zərərin, cəmi 7569 manatın, Cavabdeh3 21975 manat borcun, 3537 manat maddi zərərin, cəmi 25512 manatın, beləliklə ümumilikdə 39272 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, iddiaçı 2001-ci ildə Türkiyə Respublikasına köçmüş, orada ailə qurmuş və hazırda da orada yaşayır. Bakı şəhərində onun bacısı və bir qardaşı, Sumqayıt şəhərində isə digər bacısı X5 yaşayır. Qızıl ticarəti ilə məşğul olan Cəmilə Bayramovanın təklifi ilə iddiaçı gəlir əldə etmək məqsədi ilə Türkiyə Respublikasında yerləşən, özünə məxsus torpaq sahəsini sataraq 25000 ABŞ dolları məbləğində pul vəsaitini bacısının dediyi şəxslərin adına bank vasitəsilə göndərmişdir. Belə ki, o, 19 yanvar 2021-ci ildən 09 fevral 2021-ci il tarixləri arasında X1 hesabına 2 dəfə 5000 ABŞ dolları olmaqla cəmi 10000 ABŞ dolları, Ramil Fərhadovun adına 2 dəfə 5000 ABŞ dolları olmaqla cəmi 10000 ABŞ dolları, Fuad Məmmədovun adına 5000 ABŞ dolları göndərmişdir. Bu pulla X11 Haqverdiyevdən satmaq məqsədi ilə qızıl almışdır. Cəmilə Bayramova həmin qızıllardan 750 əyarlı, 7,95 qram çəkili top klonu 1073 manata, 750 əyarlı, 21,02 qram klonu olan zəncir boyunbağını 2837 manata, 750 əyarlı, 20,23 qram çəkili zəncir qolbağı 2729 manata, 585 əyarlı, 19,95 qram sünbül ürək boyunbağını 2395 manata satması üçün Cavabdeh2 vermiş, Əminə isə qızılların dəyərini hissə-hissə dörd ay ərzində ödəməyi öhdəsinə götürsə də, öhdəliklərini lazımınca icra etməmişdir. Belə ki, Əminə müxtəlif məbləğlərdə ödənişlər etsə də, iddiaçıya ümumilikdə 2654 manat borcu qalmışdır. Daha sonra, Xurmayə X3 qızılları götürüb satmağı öhdəsinə götürsə də, o da öhdəliklərini lazımınca icra etməmiş və iddiaçıya borclu qalmışdır. Belə ki, Xurmayə Cəmilənin əri X4 vasitəsilə 585 əyarlı, 31 qram çəkili qolbağı 3565 manata, 999 əyarlı, 37,7 qram çəkili qızıl dəstini 6032 manata, 585 əyarlı, 39,87 qram çəkili qızıl boyunbağı və qolbağı 4585 manata, ümumilikdə 14182 manat dəyərində qızılları almış, lakin hissə-hissə ümumilikdə 9500 manat pulu Cəmiləyə ödəmişdir. Sonradan əlavə 100 manat da götürən Xurmayə Binəqədi rayon Polis İdarəsində gedən araşdırma zamanı 750 manat ödəmişdir. Hazırda Cavabdeh1 iddiaçıya ümumilikdə 4032 manat borcu vardır. Həmçinin, Cavabdeh3 da Cəmilə Bayramovadan qızılları satmaq məqsədilə almış, müxtəlif vaxtlarda ödənişlər etsə də, o da öhdəliklərini tam icra etməmişdir. Belə ki, Rəsmiyyə 750 əyarlı, 32,04 qram çəkili tros boyunbağını 4165 manata, 750 əyarlı, 31,46 qram sünbül boyunbağını 4090 manata, 750 əyarlı, 39,03 qram zəncir boyunbağını 5075 manata, 750 əyarlı, 22,09 qram nionera firmalı klon boyunbağı-sırğanı 2871 manata, 750 əyarlı, 18,13 qram çəkili qara qaşlı sünbül qolbağı 2357 manata, 750 əyarlı, 25,31 qram boyunbağı-qolbaq pandoranı 3290 manata, 750 əyarlı, 24,19 qram çəkili gül klon üzük boyunbağı dəstini 3145 manata, 750 əyarlı, 20,83 qram çəkli tros boyunbağı klonu 2708 manata almış, bunlara görə 8759 manat ödəmiş, ümumilikdə 18942 manat borclu qalmışdır. Bundan əlavə, Rəsmiyyə 3265 manat borc almışdır ki, o, Rəsmiyyəyə 2021-ci ilin avqust ayında 6-cı mikrorayonda olan evində 2200 manat vermiş, sonra 570 manatı isə Yasamalda Rəsmiyyənin evinin yanında onun bacısı Şəmsiyəyə vermiş, 2021-ci ilin oktyabr ayında poçt vasitəsilə bir dəfə 100 manat və bir dəfə də 200 manat pul göndərmişdir. Həmçinin, Rəsmiyyəyə satmaq üçün dəsmal və mələfə vermiş, Rəsmiyyə onları 195 manata satılb pulunu qaytarmamışdır. Rəsmiyyə ona 3265 manat olan borcundan qida məhsulu verməklə 232 manat ödəmişdir. Beləcə Rəsmiyyənin iddiaçıya ümumilikdə 21975 manat ödənilməmiş borcu qalmışdır. Həmçinin, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya digər xərclərlə birgə külli miqdarda zərər vurulmuşdur. 2021-ci ildən etibarən cavabdehlərdən iddiaçıya olan borcların danışıqlar yolu ilə, eləcə də məhkəmə və inzibati qaydada öədnilməsinin təmin edilməsi üçün Türkiyə Respublikasından Azərbaycan Respublikasına və geriyə gedibgəlməsi, orada yaşağı səbəbindən külli miqdarda vəsait xərcləmişdir. Belə ki, övladları ilə birgə Türkiyədən gəlm-getmə zamanı gömrük ödənişləri kimi 1156 manat, 16 iyul 2021-ci il tarixdən 25 avqust 2022-ci il tarixədək qaldığı mənzilin kirayə haqqı kimi 5180 manat, sentyabr ayından dərslərin başlamasından dolayı 3 övladının Türkiyəyə getmələri üçün “Covid 19 PRZ” analizi üçün ödənilmiş 280 manat, 15 oktyabr 2021-ci il tarixdə müvəqqəti olma müddətinin uzadılması üçün 30 manat, 15 noyabr 2021-ci il tarixdə müvəqqəti olma müddətinin uzadılması üçün 30 manat, Azərbaycan Respublikasında qaldığı müddətdə gündəlik xərclər üçün oğlunun adına aldığı 4700 manat kredit, 15 may 2022-ci il tarixdə Türkiyəyə getməsi üçün İğdır-Diyarbəkir biletinə 22,79 manat, teleqram göndərişlərinin rüsumları kimi 46,46 manat, Azərsuya ödənilmiş 36 manat, mobil telefonun abunəlik ödənişi kimi 30 manat olmaqla, digər xərclər də mövcud olsa da, onları rəsmiləşdirmək mümkün olmamış, beləliklə, iddiaçı cavabdehlərin hərəkətləri nəticəsində bu xərcləri də çəkməli olmuşdur. Hazırda iddiaçı əlavə xərclərinin əvəzi kimi cavabdehlərdən ümumilikdə 10612 manat tələb edir, iddia 3 cavabdehə yönəldiyindən, hər cavabdehdən tələb olunan məbləği 10612 manatın üçdə-biri, yəni 3537 manatdır. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında İddiaçı Memmed qızı iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərmişdir ki, o, Türkiyə Respublikasına yaşayır. Bacısı Cəmiləyə qızıl almaq üçün pul göndərmişdir. Sonradan Cəmilə ilə cavabdehlər arasında mübahisə olmuş, o, Rəsmiyyəyə zəng vuraraq qızılların ona məxsus olduğunu bildirmişdir. Bakı şəhərinə gəlib cavabdehlərdən pulunu alın geri qayıtmağı düşünsə də, cavabdehlər borclarını qaytarmadıqlarından, o, kirayə qalmaq məcburiyyətində olmuş, 17000 manata yaxın məbləğdə kirayəhaqqı ödəmişdir. Cavabdehlər isə pulu ödəməmək üçün müxtəlif bəhanələr uydurmuşlar. Polisdə araşdırma zamanı Cavabdeh3 heç bir təzyiq göstərilməmiş, o özü borcun qaytarılması ilə bağlı vaxt verilməsini xahiş etmişdir. Rəsmiyyənin ona 21942 manat borcu vardır, onun 3000 manatı nağd pul borcudur ki, bunun 2600 manatını Rəsmiyyə ondan, 400 manatını isə anasından almışdır. Cavabdehlərdən Cavabdeh1 iddia ərizəsinə yazılı etiraz ünvanlamış, etirazda göstərmişdir ki, o, iddiaçını tanımır və onunla hər hansı ticarət əlaqəsi olmamışdır. İki ildir ki, Cəmilə Bayramovanı qızıl ticarəti ilə məşğul olan şəxs kimi tanıyır və ondan bir neçə dəfə qızıl-zinət əşyalarını nisyə götürüb satmış, pulunu vermişdir. Cəmilə ona qızılları verərkən demişdir ki ,Türkiyədə olan bacısı qızılları oradan göndərir, o da satır. O, Cəmilədən qızılları götürüb öz müştəlilərinə nisyə vermiş, lakin pulları vaxtında yığa bilmədiyi üçün Cəmiləyə qaytara bilməmiş və ona 4782 manat borcu qalmışdır. Onun qızıl alış-veriş münasibəti yalnız Cəmiləylə olduğundan, iddiaçının ondan maddi zərərin əvəzini tələb etməsi hissəsində iddia əsassızdır. Məhkəmə iclasında Cavabdeh1 iddiaya etirazında göstərilənləri təsdiq etdiyini, iddianı qismən, əsas borcun ödənilməsi hissəsində qəbul etdiyini bildirib, izahatında göstərdir ki, onun iddiaçıya 4032 manat borcu vardır, həmin borcu ödəməyə razıdır, iddianı qalan hissədə qəbul etmir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qismən qəbul etdiyini bildirərək, izahatında göstərdi ki, onun iddiaçıya cəmi 2600 manat, anasına 400 manat borcu qalmışdır. Həmin borcu o, nağd şəkildə almışdır. O, iddiaçıdan qızıl almamış, qızılı iddiaçının bacısı Cəmilədən hissə-hisə götürməklə almışdır. Götürdüyü, qaytardığı qızılları, ödədiyi pulları özünə məxsus dəftərə qeyd etmiş, Cəmilə də bu qeydlərin doğruluğunu imzası ilə təsdiq etmişdir. Yalnız bir neçə ay sonra o, qızılların iddiaçıya aid olduğunu bilmişdir. Polis İdarəsində ona tətbiq edilən hədə-qorxu nəticəsində Cəmiləgilə 19242 manat borcunun olmasına dair izahat vermişdir. Halbuki, iddiaçının əvvəldən onda 25823 manatlıq qızılı olmu, onlardan 9000 manatlıq qızıl qaytarılmışdır. Qalan qızıllardan 750 əyarlı 262 qramlıq və 585 əyarlı 15,59 qramlıq qızıllardır, onların məbləği 16823 manat təşkil edir, lakin iddiaçı ondan qızılların lom dəyərini deyil, qramını 130 manatdan tələb edir. Verilmiş qızıllarla bağlı o, Cəmilənin əri Rasimə 35000 manat pul vermişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş CD daşıyıcıdakı səs yazıları onun iddiaçıya pul ödəməsindən əvvəl qeydə alınmışdır. Bundan sonra o, iddiaçıya ödənişlər etmişdir. Bunu təsdiq edən səs yazıları onda da mövcuddur. Sonda Cavabdeh3 məhkəmədən qətnamə çıxarılarkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Digər Cavabdeh2 yaşayış ünvanına məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildiriş göndərilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almaqla, işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, iddiaçını 25 ilə yaxındır ki tanıyır. İddiaçı təxminən 21 ildir ki, Türkiyə Respublikasında yaşayır, qızıl satışı ilə məşğuldur. Bildiyinə görə, cavabdehlər iddiaçıdan qızılları götürmüş, pulunu verməmişlər. Pulunun geri qaytarılması üçün iddiaçı 2 ilə yaxındır ki, “Nəsimi” metrostansiyasının yaxınlığında aylıq 400 manata kirayədə yaşayır. Evin kirayə haqqının ödənilməsi üçün bir neçə dəfə ondan borc almışdır. Həmçinin, burada yaşadığı müddətdə “Unibank”dan 4200 manat kredit götürmüşdür, o, Şəlaləyə kömək məqsədilə krediti də özü ödəmişdir. Cavabdehləri tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, iddiaçı onun bacısıdır. İddiaçı özünə məxsus torpaq sahəsini satmış, əldə etdiyi pula qızıl alaraq saxlaması üçün ona vermişdir. Cavabdeh3 dəfələrlə ona zəng vuraraq qızılları satmağı və pul qazanmağı təklif etmişdir. O, ilk öncə özünə məxsus qızılları satması üçün Rəsmiyyəyə vermiş, sonuncu qızılları satıb pulunu ona ödəmiş, beləliklə güvənini qazanmışdır. Sonradan bacısı Şəlaləyə məxsus qızılları Rəsmiyyəyə eyni məqsədlə vermiş, qızılların Şəlaləyə məxsus olduğunu bildirməmişdir. Rəsmiyyə ilk ödənişləri vaxtında etsə də, sonradan gecikmələr başlamışdır. Rəsmiyyəyə nə qədər qızıl verdiyini özündə dəftərə qeyd aparmış, bacısına vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, iddiaçı onun baldızıdır. Arvadı Cəmilə dəfələrlə bacısı Şəlaləyə məxsus qızılları Cavabdeh3 çatdırması ilə bağlı ona vermiş, o da qızılları çatdırmışdır. Bu barədə qeydləri Cəmilə və Rəsmiyyə özləri aparmışlar, onun qızılın miqarından, qiymətindən məlumatı olmamışdır. Rəsmiyyədən başqa, o, Xurmayəyə də dəfələrlə eyni məqsədlə qızıl aparmışdır. Həm Rəsmiyyə, həm də Xurmayədən aldığı pulları iddiaçıya təqdim etmişdir. Şəlalə 1 ildən çox müddətdir ki, pullarını ala bilmədiyi üçün Bakı şəhəri, 6-cı mkr. ərazisində kirayədə yaşayır. Mülki iş materiallarında olan: - Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş 01 iyul 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Cavabdeh1 izahatında göstərmişdir ki, o, Cəmilə Bayramovadan bir neçə dəfə satmaq üçün qızıl-zinət əşyaları götürmüş, satıb pulunu vermişdir. 2021-ci ilin yanvar ayından etibarən isə Cəmilənin bacısı Şəlalə Kurtu tanımışdır. Belə ki, həmin vaxt onlar üçü birlikdə “Vatsap” proqramı vasitəsilə danışarkən Şəlalə bacısı Cəmilədə olan qızıllarını satmaq istədiyini demiş, o da pandemiya ilə əlaqədar qızılın satışının çətinləşdiyini bildirmişdir. Təxminən bir həftə sonda Şəlalə özü ona zəng edib bacısı Cəmilədə olan olan məxsus qızılların satılmasına köməklik etməyi xahiş etmiş, Şəlalənin ona şəklini göndərdiyi qızıl qolbağa baxıb sata biləcəyini demişdir. Şəlalə həmin qolbağın çəkisinin 31 qram, qiymətinin 3565 manat olduğunu demişdir. Razılaşdıqdan bir gün sonra Cəmilənin əri Rasim Şəlalənin qızılını ona təhvil vermişdir. Həmin qızılı tanışı vasitəsilə satandan bir neçə gün sonra Şəlalə təkrarən ona müraciət edəib onun ərəb qızıl dəstini satmasını təklif etmişdir. Qızılın çəkisi 37,7 qram, qiyməti 6032 manat olmuşdur. Yenə bir gün sonra Rasim həmin qızılı ona vermişdir. O, həmin qızılın pulundan Şəlaləyə çatdırması üçün 2500 manatını Rasimə vermiş, sonra həmin qızılı da satmışdır. Daha sonra Şəlalənin satmaq istədiyi başqa bir qızıl qolbağın şəklinə baxmış və sata biləcəyini demişdir. Şəlalə çəkisinin 39,87 qram, qiymətinin 4585 manat olduğunu demiş, razılaşdıqdan sonra Rasim yenə həmin qızılı ona təhvil vermiş və o, pulundan 1500 manatını Rasimə vermişdir. Həmin qızılların pullarını hissə-hissə ödəyəcəyi barədə Şəlalə ilə razılaşdıqlarından, o, qızılları satdığı şəxslərdən pulu hissə-hissə alıb Şəlaləyə ödəmişdir. Sonradan maddi vizəyyəti yaxşı olmadığından Şəlaləyə pul ödəyə bilməmiş və bir qədər gözləməsini xahiş etmişdir. Onun hazırda Şəlaləyə 4782 manat borcu qalmış, qısa müddətdə hissə-hissə həmin pulu ödəyəcəkdir. Cavabdeh3 izahatında göstərmişdir ki, özü əvvəllər ticarətlə məşğul olmuşdur. Cəmilə Bayramovanı uzun illərdir ki tanıyır, onunla birlikdə ticarətlə məşğul olmuşdur. Həmçinin, Cəmilənin bacısı Şəlaləni də tanıyır. Cəmilə 2021-ci ilin mart ayında ona təklif etmişdir ki, onda qızıllar var, ona satmaq üçün versin, o da satıb hissə-hissə müəyyən müddət ərzində pulunu verər, lakin qızılın pulunu nağd şəkildə ödəmədiyi üçün qramını 80 manatdan deyil, 130 manatdan hesablayacaq. O, razılaşmış, 2021-ci ilin mart ayından etibarən həmin ilin iyun ayına kimi Cəmilə ona 27 ədəd qızıl əşyası vermişdir. Sonrakı 5 ay ərzində o, Cəmilənin əri Rasimə hissə-hissə olmaqla cəmi 35000 manat pul vermşdir. 2021-ci ilin iyul ayının 2-də o, özündə qalan qızılları sata bilmədiyindən qaytarmaq istəmiş, lakin Cəmilə buna razı olmamış, qızılların sahibinin bacısı Şəlalə olduğunu bildirmişdir. Şəlalə isə onunla hər gün danışsa da, qızılların ona məxsus olmadığını demişdir. Ondan sonrakı müddət ərzində Şəlalə ona 4700 manat pul vermişdir, 3994 manat Cəmilə vermişdir, Rasim isə ona 1100 manat pul vermişdir. Onlar ondan ümumilikdə 18 ədəd qızıl əşyasını geri götürmüşlər. Hazıda onda cəmi 212,78 qram çəkidə 8 ədəd qızıl əşyası qalıb. O, həmin qızıllara görə Cəmiləyə 8759 manat pul ödəmişdir. Cəmiləgil isə ondan həmin qızılların qramını 130 manatdan tələb edirlər və bildirirlər ki, onlara 19242 manat borcu qalıb, qızıllar onda qaldığına görə o, həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür. Lakin, o, həmin qızılları əslində tanlmadığı şəxslərə qramını 74 manatdan satmışdır. Yəni, o, Cəmiləgilə götürdüyü qızılların lom dəyərini ödəmişdir, lakun Cəmiləgir qızılların qiymətini 130 manatdan hesablayıb əlavə pul istəyirlər. Bundan başqa o özü Şəlalədən 3000 manat borc pul almış, lakin qaytara bilməmişdir. Söz verir ki, 05 iyun 2022-ci il tarixə kimi Cəmiləgilə 19242 manatı, Şəlaləyə 3000 manat borcunu qaytaracaq. Araşdırma zamanı Cavabdeh1 Şəlalə Kurta 750 manat pul ödəmişdir. İddiaçı polisə etdiyi bu şikayətində Cavabdeh2 ona borclu olmasını göstərməmiş, buna görə də, sonuncunun izahatı alınmamışdır. - 2 ədəd CD disklərdəki səs yazıları ilə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən tərtib edilmiş 23 iyun 2022-ci il tarixli “baxış keçirilməsi haqqında protokol” birlikdə nəzərdən keçirilərkən iddiaçı ilə həm Cavabdeh3, həm də Cavabdeh1 borc münasibətlərinin olduğu, müxtəlif məbləğlərdə borcun bir hissəsinin ödənilməsi, borcun məbləği və s. müəyyən edilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, iddiaçı cavabdehlərdən Cavabdeh1 ona olan borcun əvəzi kimi 4032 manat pulun ödənilməsini tələb edir və Cavabdeh1 iddiaçıya bu məbləğdə borcunun olduğunu etiraf edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. İşin hallarından görünür ki, Cavabdeh1 iddianı ona yönələn tələb üzrə əsas borcu etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Belə olan halda məhkəmə iddia tələbinin bu hissəsi ilə bağlı əlavə araşdırmaya zərurət görmür və hesab edir ki, iddia bu hissədə təmin edilməlidir. Cavabdeh3 münasibətdə iddia tələbinin əsas borcun tutulması hissəsində miqdarı 21975 manat təşkil edir. İddiaçı ilə Cavabdeh3 arasında qızıl alış-verişi ilə bağlı öhdəliyin mövcud olması işin mübahisələndirilməyən halıdır. Lakin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəməyə təqdim edilmiş sübutlarla Cavabdeh3 iddiaçıya 21975 manat borcunun olmasını müəyyən edilmir. Cavabdeh3 istintaq orqanına verdiyi izahatında “Cəmiləgilə” 19242 manat borcunu qaytaracağını bildirmiş, hazırki məhkəmə iclasında həmin izahatı hədə-qorxu altında verdiyini göstərsə də, ona hədə-qorxu gəlinməsi ilə bağlı hər hansı aidiyyəti orqana müraciət etməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin, məhkəmə iclasındakı ifadəsində iddiaçıya məxsus 16823 manatlıq qızılın onda qalmasını, bundan əlavə, iddiaçıdan 2600 manat, anasından isə 400 manat nağd şəkildə borc aldığını, beləliklə iddiaçıya 3000 manat nağd borcunun olduğunu göstərmişdir. Həmçinin, Cavabdeh3 məhkəmə iclasında iddiaçıya qızılların əvəzində pulları tam ödədiyini, buna dair səs yazılarından ibarət sübutlarının olduğunu bildirsə də, onun tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh3 əsas borcun əvəzi kimi 19823 manat (qızılların dəyəri kimi 16823 manat + nağd şəkildə borc aldığı 3000 manat) tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İddia tələbinin Cavabdeh2 əsas borc kimi 2654 manat pulun iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bununla bağlı məhkəməyə ümumiyyətlə sübut təqdim edilmədiyindən, iddia bu hissədə təmin edilə bilməz. İddia tələbinin “cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya digər xərclərlə birgə külli miqdarda zərər vurulması, yani 2021-ci ildən etibarən cavabdehlərdən iddiaçıya olan borcların danışıqlar yolu ilə, eləcə də məhkəmə və inzibati qaydada öədnilməsinin təmin edilməsi üçün Türkiyə Respublikasından Azərbaycan Respublikasına və geriyə gedib-gəlməsi, orada yaşamağı səbəbindən külli miqdarda vəsait xərcləməsi, övladları ilə birgə Türkiyədən gəlm-getmə zamanı gömrük ödənişləri kimi 1156 manat, 16 iyul 2021-ci il tarixdən 25 avqust 2022-ci il tarixədək qaldığı mənzilin kirayə haqqı kimi 5180 manat, sentyabr ayından dərslərin başlamasından dolayı 3 övladının Türkiyəyə getmələri üçün “Covid 19 PRZ” analizi üçün ödənilmiş 280 manat, 15 oktyabr 2021-ci il tarixdə müvəqqəti olma müddətinin uzadılması üçün 30 manat, 15 noyabr 2021-ci il tarixdə müvəqqəti olma müddətinin uzadılması üçün 30 manat, Azərbaycan Respublikasında qaldığı müddətdə gündəlik xərclər üçün oğlunun adına aldığı 4700 manat kredit, 15 may 2022-ci il tarixdə Türkiyəyə getməsi üçün İğdır-Diyarbəkir biletinə 22,79 manat, teleqram göndərişlərinin rüsumları kimi 46,46 manat, Azərsuya ödənilmiş 36 manat, mobil telefonun abunəlik ödənişi kimi 30 mana, habelə rəsmiləşdirilməsi mümkün olmayan digər xərclərin cavabdehlərdən tutulması” ilə bağlı hissəsinə dair məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə əsasən isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Belə ki, sübutetmə yükü baxımından iddiaçının vaxt aşırı Türkiyə Respublikasından Azərbaycan Respublikasına və əksinə gedib-gəlməsi, bununla bağlı müxtəlif maddi məsrəflər çəkdiyini və çəkilən xərclərin məhz cavabdehlərin təqsirli hərəkətləri ilə əlaqəli olduğunu, bir sözlə, tələbin hüquqi və fatiki əsaslarını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin tələbdə qeyd olunan iddiaçı tərəfindən çəkilən xərclərin cavabdehlərin hərəkətləri ilə səbəbli əlaqəsi olduğuna dair nə iddiaçı tərəfindən sübut təqdim olunmuş, nə də bu hal işin məhkəmə araşdırılması ilə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin qeyd edilən hissəsi də əsassız olduğundan təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 4032 manat, Cavabdeh3 19823 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Memmed qızına ödənilməli, iddia qalan hissələrdə təmin edilməməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33,66 manat məbləğində pul vəsaiti Cavabdeh1, 130 manat isə Cavabdeh3 tutularaq İddiaçı Memmed qızına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Memmed qızının Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 4032 manat, Cavabdeh3 19823 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Memmed qızına ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33,66 manat məbləğində pul vəsaiti Cavabdeh1, 130 manat isə Cavabdeh3 tutularaq İddiaçı Memmed qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5643/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5643/2022
07.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver