Məhkəmə qərarları › İş №2(001)-5648/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5648/2021

16.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5648/2021 16.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X7 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə 16 avqust 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2936 manat pulun, hüquqi xidmətə görə ödənilmiş 210 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı cavabdeh "xxxx" MMC vasitəsi ilə 19-29 mart 2020-ci i tarixlərində qardaşı X3 ilə birlikdə təyyarə ilə Rusiya Federasiyasının Essentuki şəhərinə gedərək, orada fəaliyyət göstərən “Rus” sanatoriyasında müalicə olunmaq istəmişdir. Əvəzində cavabdeh şirkət tərəfindən iddiaçıya 2 turistlik vauçer verilmişdir. Məlum, “Covid- 19” pandemiyası səbəbi ilə ölkə hüdudlarına və sanatoriyalarına getmək təxirə salınmışdır. İddiaçı bir neçə ay gözlədikdən sonra "xxxx" MMC-nin direktoru İlahə Lətiflidən pulun geri qaytarılmasını tələb etmişdir. İlahə Lətifli pulu yaxın günlərdə iddiaçıya qaytaracağına söz verərək möhlət verilməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. İddiaçı tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, İlahə Lətifli tur paketə görə iddiaçıdan pulu alaraq digər turizm şirkətinə ödəmiş, sonradan həmin şirkətdən pulu geri alsa da, iddiaçıya qaytarmamışdır. Yalnız, hər biri 292 manat olmaqla 2 ədəd aviabilətlər vauçerə çevrilmişdir. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. İş materiallarında olan: - "xxxx" MMC 11.10.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. - Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X1 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 fevral 2021-ci il tarixli qərardan görünür ki, İddiaçı ərizə ilə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edərək “D Travel” turizm şirkətində işləyətn X2 Esentuki şəhərinə getmək üçün biletə 3520 manat pul ödədiyini, lakin pandemiya ilə əlaqədar gedə bilmədiyini bildirmiş, Polis Bölməsində verdiyi izahatında İddiaçı ödədiyi pulun İ.Lətiflidən qaytarılmasını tələb etməsinə baxmayaraq, sonuncunun pulu qaytarmadığını göstərmişdir. X4 izahatında göstərmişdir ki, o, həmin turizm şirkətinin rəhbəri olmuş, İddiaçı 19 mart 2020-ci il tarixdə Rus sanatoriyasına paket sifariş etmiş, lakin pandemiya səbəbindən səyahət alınmamış, rezervasiya ləğv edilmiş, belə olan halda adambaşına 292 manat qaytarılmış də İddiaçı 1936 manat borcu qalmış, şirkətlər arasında olan razılığı görə aviabiletləri vauçerə çevrilmiş, 2 il ərzində həmin biletlərlə uçuş edilmə imkanı tanınmışdır. Araşdırma zamanı İ.H.Lətiflinin əməllərində cinayət tərkibi olmadığından cinayət işi başlaması rədd edilmiş, İddiaçı ərizə ilə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(001)- 3719/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Əli oğlu X2 qarşı 2936 manat pulun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İbadət Hüseynovun və İddiaçı adına 19.03.2020 – 29.03.2020-ci il tarixləri arasında Essentuki şəhəri Rus sanatoriyasına standard 2 yerlik nömtə sifariş verilmiş, sonradan tarixlər 03.08.2020 – 13.08.2020-ci il tarixlərə dəyişdirilmiş, İddiaçı və İbadət Hüseynov hər biri Bakı- Mineralnıye Vodu reysi üzrə 19.03.2020-28.03.2020-ci il tarixləri üçün təyyarə gediş-gəliş biletinə görə 291,72 manat ödəniş etmişlər. X4 "xxxx" MMC-nin qanuni təmsilçisidir. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı hüquqi şəxsin göstərdiyi xidmətə görə pul tələbi ilə hüquqi şəxsə qarşı deyil, onun işçisinə qarşı iddia tələbi sürmüş, hüquqi şəxs öz öhdəliklərinə, işçisinin vurduğu zərərə görə özü məsuliyyət daşıdığından İddiaçı həmin iddiası rədd edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 862-ci maddəsinə əsasən turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə görə bu xidmətlərin təşkilatçısı istifadəçiyə məcmu halda turist xidmətləri göstərməyi (turist səfəri) öhdəsinə götürür, turist isə turist xidmətlərinin təşkilatçısına şərtləşdirilmiş xidmətlərə görə şərtləşdirilmiş muzd ödəməyə borcludur. - 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Digər tərəfdən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf məhkəmədə istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(001)-3719/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçı tərəfindən cavabdehə müəyyən xidmətlərin qarşılığında pul ödənilməsi öz təsdiqini tapsa da, iddia cavabdeh olmalı hüquqi şəxsə qarşı deyil, onun işçisinə qarşı verildiyindən rədd edilmişdir. Hazırda iddiaçı eyni tələblə "xxxx" MMC-yə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh MMC, eləcə də, əvvəlki qətnamədə cavabdeh olan İlahə Lətifli tərəfindən məhkəməyə iddia tələbində göstərilən pulun qaytarılmasına dair heç bir sübut təqdim olunmamışdır. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC İddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, buna görə də, İddiaçı "xxxx" MMC-yə qarşı iddia hüququ yaranmışdır. İddianın hüquqi xidmət qarşılığında ödənilmiş 210 manatın tələbi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı hüquqi yardım üçün vəkilə 210 manat ödəniş etmişdir. Buna görə də, həmin pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 2936 manat, hüquqi xidmətə görə ödənilmiş 210 manat və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC-dən 2936 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçıya göstərilmiş hüquqi yardıma görə ödənilmiş 210 manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat da "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsininə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar