Məhkəmə qərarları › İş №2(001)-568/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-568/2025

10.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-568/2025 10.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: müqavilə öhdəliklərinin yerinə yetirilməsi və s.) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 katibliyiilə, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və s.” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: 1.İddiaçı Cavabdehnə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, müqavilənin 5.2.2-ci bəndi üzrə MTK tərəfindən yaşayış binasının müvafiq qaydada Dövlət Komissiyasına təhvil verilməsi, mənzilin dəyəri tam ödənilib borc olmadıqdan sonra sənəd toplusunu hazırlayıb payçıya vermək öhdəliklərinin icrası üçün 3 (üç) ay ağlabatan müddətin müəyyən edilməsi, mənzil tikinti kooperativin üzvlüyünə qəbul edilməsi, mənzilin dəyəri 72000 (yetmiş iki min) manat pay haqqının ödənilməsi, kooperativin binasının ünvanı, verilən sahənin dəqiq ölçüləri, mərtəbəsi, plan-cizgisi və digər mövcud göstəriciləri barədə ümumi yığıncağın qərarının, nizamnamənin təsdiq edilmiş surətinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon Xarici Dairəvi, 28 saylı binanın qarşısında olan (hazırda 7-ci mkr, A.Kunanbayev küçəsi, bina 312) yaşayış binasının 1-ci blokunda, 3-cü mərtəbədə ümumi sahəsi 92 kv.m. olmaqla, 2 otaqlı 8 saylı mənzilin tikintisi və təhvil verilməsi MTK tərəfindən öhdəlik kimi rəsmiləşdirilmişdir. Müqavilənin 5-ci maddəsində (5.2.2.) MTK yaşayış binasının müvafiq qaydada Dövlət Komissiyasına təhvil vermək, mənzilin dəyəri tam ödənilib borc olmadıqdan sonra sənəd toplusunu hazırlayıb payçıya vermək öhdəliklərini üzərinə götürmüşdir. MTK tərəfindən verilmiş arayışa əsasən mənzilin 72000 manat pay haqqı onun tərəfindən tam ödənilmişdir. Müvafiq binanın sakinləri 2021-ci ildən başlayaraq dəfələrlə MTK-ya rəsmi və kollektiv formada müraciətlər edərək müqavilə öhdəliklərinin yerinə yetirilməsi, MTK-nın ümumi yığıncağının çağırılması, nizamnamə və mənzillərin çıxarışınıln alınması üçün plan-cizgi və digər mövcud göstəriciləri barədə ümumi yığıncağın qərarını tələb etsələr də MTK rəhbərliyi onların qanuni tələblərini yerinə yetirməmiş, rəsmi müraciətlərini cavabsız və hərəkətsiz qoyaraq müllkiyyət və digər hüquqlarını, qanuni mənafelərini kobudcasına pozmuşdur. Müqavilədə rəsmi olaraq öhdəliklərin icra müddəti müəyyən olunmasa da cəmi 6 mərtəbəli böyük həcmi olmayan binanın 1 il ərzində tikilib təhvil verilməməsi, MTK tərəfindən öhdəliklərinin qərəzli olaraq yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Nizamnamənin tələblərinə əsasən ümumi yığıncağın keçirilməsi, sakinlər tərəfindən Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon Xarici Dairəvi, 28 saylı binadan MTK-dan ödədikləri böyük məbləğlərdə nağd pul vəsaiti hesabına pay şəkilində aldıqları mənzillərin hazırki hüquqi statusu, Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması problemləri, bağlanmış müqavilələrin 5.2.2 bəndinin (Dövlət Komissiyasına təhvil vermək) icra vəziyyəti, müvafiq İcra orqanı tərəfindən yaşayış binasının istismarına icazə verilib-verilməməsi məsələsi və bu icazənin DƏDRX 1 saylı Bakı ərazi İdarəsinə təqdim edilib-ediməməsinin səbəblərinin aydınlaşdırılması tələb edilmişdir. Onun sonuncu müraciətləri xx.xx.2024-cü il və 23 iyul 2024-cü il tarixdə rəsmi olaraq MTK-ya çatdırılmışdır.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, ilk növbədə müqavilə üzrə öhdəliklərin yerinə yetiriməsini tələb edir. Yəni 2013-cü ildə cavabdehlə bağlanan müqavilənin 5.2.2-ci maddəsinin yerinə yetirilərək mənzilin müvafiq qaydada Dövlət komissiyasına təhvil verilməsini istəyir. Bundan başqa mənzilin Dövlət Komissiyasına təhvil verilməsi ilə bağlı məhkəmə iddianı təmin edərək qətnamə çıxarıldığı təqdirdə cavabdehə bu hərəkətlərin icrası üçün 3 ay müddətin verilməsini istəyir, həmçinin mənzil tikinti kooperativinin üzvlüyünə qəbul edilmələrini, eləcə də iclasda 72000 manat pay haqqının ödənilməməsi iddia edilərsə həmin məbləğin ödənilməsinin tanınmasını istəyir. Sonda isə kooperativin binasının ünvanının, verilən sahənin dəqiq ölçülərinin, mərtəbəsinin, plan-cizgisi və digər mövcud göstəriciləri barədə ümumi yığıncağın qərarının, nizamnamənin təsdiq edilmiş surətinin verilməsini tələb edir. Bu səbəbdən də mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra bildirdi ki, cavabdeh tərəfindən iddiaçı kooperativin üzvlüyünə qəbul edilmişdir. Tələb etdiyi sənədlərdən isə bəzi sənədlər verilmiş, yalnız plan-cizgi və nizamnamənin təsdiq olunmuş surəti təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Məhkəmənin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaçının iddia ərizəsində tələb etdiyi sənədləri ona təqdim etdiyini bildirərək qeyd etdi ki, o, üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir və iddia tələbinin təmin edilməsinə etiraz etmir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.

b) Mülki işin materialları:

6. Cavabdeh MTK-nın idarə heyyətinin sədri Nümayəndə2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, Kooperativ Bakı şəhəri, Binəqədi rayonu, Xarici Dairəvi küçəsi, 28 saylı binanın qarşısında tikilməkdə olan binanın 1-ci blokunda, 3-cü mərtəbədə, 2 otaqlı, 8 saylı mənzilin tikilməsini və payçı İddiaçı isə öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürülər. Mənzilin ümumi sahəsi 92,0 kv.metrdir, müqavilənin qiyməti 72000 manatdır.

7. Cavabdeh MTK tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Cavabdeh MTKnın payçısıdır və 72000 manat məbləğində pay haqqını tam ödəmişdir.

8. İddiaçı və digər payçılarla Cavabdeh MTK-nın xx.xx.2024-ci il tarixdə keçirilmiş ümumi yığıncağının protokolundan görünür ki, CavabdehMTK-nın payçı üzvləri, rəsmi olaraq MTK-nın sədri Nümayəndə2 müraciət edərək ümumi yığıncağın keçirilməsi, onlar tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon Xarici Dairəvi, 28 saylı binadan MTK-dan ödənilən böyük məbləğlərdə nağd pul vəsaiti hesabına pay şəkilində aldıqları mənzillərin hazırki hüquqi statusu, Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması problemləri, bağlanmış müqavilələrin 5.2.2 bəndinin (Dövlət Komissiyasına təhvil vermək) icra vəziyyəti, müvafiq İcra orqanı tərəfindən yaşayış binasının istismarına icazə verilib-verilməməsi məsələsi və bu icazənin DƏDRX 1 saylı Bakı ərazi İdarəsinə təqdim edilib-ediməməsinin səbəblərinin aydınlaşdırılması tələb edilmişdir.

c) Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

9. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

10. 385.1-ci maddəsinə görə ohdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

12. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

13. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

14. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:

16. 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir.

17. 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmək üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

18. 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

19. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

20. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

ç) Məhkəmənin mövqeyi:

25. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

26. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2013-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şətlərinə uyğun olaraq tərəflər üzərinə öhdəlik götürmüşlər: Kooperativ Bakı şəhəri, Binəqədi rayonu, Xarici Dairəvi küçəsi, 28 saylı binanın qarşısında tikilməkdə olan binanın 1-ci blokunda, 3-cü mərtəbədə, 2 otaqlı, 8 saylı mənzilin tikilməsini öz öhdəsinə götürmüş, payçı İddiaçı isə öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 5.2.2-ci bəndinə əsasən Cavabdeh MTK yaşayış binasının müvafiq qaydada Dövlət Komissiyasına təhvil vermək öhdəliyini üzərinə götürmüşdir. Göründüyü kimi Cavabdeh MTK mənzili alıcıya təhvil verməyi, İddiaçı isə öz növbəsində mənzilin qiymətini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür.

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur.

28. Öhdəliyin lazımınca icra edilməməsi isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə qiymətləndirilməlidir. Bu mənada öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

29. Mülki Məcəllə nəzərdə tutur ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik tərədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2).

30. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2013-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şətlərinə uyğun olaraq tərəflər üzərinə öhdəlik götürmüşlər.

31. Məhkəmə qeyd edir ki, Mülki Məcəlləyə əsasən müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə və s. öhdəlik götürürlər.

32. İş materiallarında olan tərəflər arasında xx.xx.2013-cü il tarixli Müqavilənin 5.2.2ci bəndinə əsasən Cavabdeh MTK yaşayış binasının müvafiq qaydada Dövlət Komissiyasına təhvil vermək öhdəliyini üzərinə götürmüşdir. Lakin həmin müqavilə bağlanandan indiyədək cavabdeh bu öhdəliyə əməl etməmişdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Bundan başqa cavabdehin müqavilədə qeyd edilən öhdəliyə əməl etməməsi iddiaçının, eləcə də digər sakinlərin hüquqlarına və mənafeyinə ziddir.

33. Məhkəmə qeyd edir ki, cavabdeh müqavilədə yaşayış binasının müvafiq qaydada Dövlət Komissiyasına təhvil vermək öhdəliyini bir vəzifə kimi öz üzərinə götürdüyündən müqavilənin həmin hissədə təmin edilməsi ona həvalə edilməlidir.

34. Məhkəmə eləcə də qeyd edir ki, iddia tələbi yaşayış binasının müvafiq qaydada Dövlət Komissiyasına təhvil verilməsi üçün 3 ay müddət müəyyən edilməsi hissəsini əsassız hesab edir. Belə ki, müqavilənin şərtlərində hər hansı bir müddət nəzərdə tutulmamışdır. Lakin bununla yanaşı məhkəmə hesab edir ki, müqavilədə müddətin göstərilməməsi cavabdehin bundan sui-istifadə etməsi anlamına gəlməməlidir.

35. Beləliklə, müqavilədə qeyd olunan tələblər cavabdeh tərəfindən icra olunmamışdır. Bununla da cavabdeh müqavilə üçün bütün öhdəliklərini yerinə yetirməmişdir.

36. Məhkəmə eyni zamanda iddia tələbinin mənzil tikinti kooperativin üzvlüyünə qəbul edilməsi, mənzilin dəyəri olan 72000 (yetmiş iki min) manat pay haqqının ödənilməsi, kooperativin binasının ünvanı, verilən sahənin dəqiq ölçüləri, mərtəbəsi, plancizgisi və digər mövcud göstəriciləri barədə ümumi yığıncağın qərarının, nizamnamənin təsdiq edilmiş surətinin verilməsi hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

37. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, kooperativin binasının ünvanı, verilən sahənin dəqiq ölçüləri, mərtəbəsi, plan-cizgisi və nizamnaməsnin təsdiq olunmuş surəti cavabdeh tərəfindən iddiaçıya təqdim edilməmişdir. Halbuki, iddiaçı həmin sənədləri tələb etməkdə haqlıdır.

38. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.

39. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.

40. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

41. Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

42. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, müqavilənin 5.2.2-ci bəndi üzrə Cavabdeh MTK tərəfindən yaşayış binasının müvafiq qaydada Dövlət Komissiyasına təhvil verilməsi Cavabdeh MTK-ya həvalə edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Xarici Dairəvi küçəsi, 28 saylı binanın qarşısında tikilmiş binanın 1-ci blokunda, 3-cü mərtəbədə, 2 otaqlı, 8 saylı mənzilin ünvanı, verilən sahənin dəqiq ölçüləri, mərtəbəsi, plan-cizgisi və nizamnamənin təsdiq edilmiş surəti Cavabdeh Mənzil Tikinti Koperativi tərəfindən İddiaçı təqdim edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən məhkəmə xərcləri tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh Mənzil Tikinti Koperativinə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və s.” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh MTK-nın idarə heyətinin sədri Nümayəndə2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli Müqavilənin 5.2.2-ci bəndi üzrə Cavabdeh MTK tərəfindən yaşayış binasının müvafiq qaydada Dövlət Komissiyasına təhvil verilməsi Cavabdeh MTK-ya həvalə edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Xarici Dairəvi küçəsi, 28 saylı binanın qarşısında tikilmiş binanın 1-ci blokunda, 3-cü mərtəbədə, 2 otaqlı, 8 saylı mənzilin ünvanı, verilən sahənin dəqiq ölçüləri, mərtəbəsi, plan-cizgisi və Cavabdeh MTK-nın nizamnamənin təsdiq edilmiş surəti Cavabdeh Mənzil Tikinti Koperativi tərəfindən İddiaçı təqdim edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edənLətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar