Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5688/2024 30.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Vəliyeva Elnarə Fəxrəddin qızı, İddiaçı Cavabdeh ASC-yə qarşı “sənədlərin surətlərinin təqdim olunması, dividend ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh ASC-yə qarşı “sənədlərin surətlərinin təqdim olunması, dividend ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 20 ildən artıqdır ki, "xxxx" ASC-də səhmdardır. Ona məxsus səhmlərin sayı 200 təşkil edir. Buna baxmayaraq, bu günə kimi hər hansı bir dividend verilməmiş, görülən işlər, iclaslar barədə məlumat verilməmiş, nəzarət zərfini keçirərək, öz mənfəət və iradələrinə uyğun hərəkətlər icra edilmiş, nəticədə onun bir səhmdar kimi hüquqları kobud surətdə pozulmuşdur. Cari mübahisəni cavabdehlə aralarında həll etməyə çalışmış, rəsmi məktubla müraciət etmiş, Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş cəmiyyətin nizamnamənin Müşahidə şurasının iclas protokollarının surətini, 2020-2023-cü illər üzr maliyyə təftiş komissiyasının yoxlama nəticələrini (aktları və rəyləri), 2020-2023-cü illər üzrə audit yoxlamasının nəticələri (aktları və rəyləri), 2020-2023-cü illər üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Xidmətinin yoxlama nəticələri (aktları və rəyləri), Binəqədi Təmir Tikinti ASC tərəfindən icarə müqaviləsinin surəti, Binəqədi Təmir Tikinti ASC-nin özəlləşdiriləndən sonra avadanlıqların siyahısının surəti, axırıncı reyestrin surətini təqdim edilməsini xahiş etmiş bunun hər hansı bir nəticəsi olmamış, cavabdeh onun pozulmuş Konstitusion hüquqları istiqamətində hər hansı bir addım atmamışdır. Cəmiyyətin direktoru nəzarət zərfini keçirərək, öz mənfəət və iradəsinə uyğun hərəkətlər icra etmişdir. Buna görə də cəmiyyətin fəaliyyətinin təftiş komissiyası auditor tərəfindən yoxlanılmasını tələb etmiş, aidiyyəti üzrə müvafiq qurumlara müraciət etmişdir. "Binəqədi Təmir Tikinti” ASC-nin bu qanunazidd hərəkətlərindən Azərbaycan Respublikası DVX vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə rəsmi qaydada müraciət edilmişdir. Həmin İdarə tərəfindən ona təqdim edilmiş xx.xx.2024-cü il tarixli, **********374200 saylı məktubla müraciətinin baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX Bakı şəhəri X1 üzrə Baş İdarəsinə göndərildiyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 24.3-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qeyd edilən Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Hazırkı işin mahiyyətindən mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması aşkardır. Bundan əlavə, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan müəyyən olunur ki, hər iki tərəf fərdi sahibkar kimi qeydiyyata alınmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.2-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalı, iddiaçıya ərizənin qaytarılmasının nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməyə mane olmaması izah edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152.1.3, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh ASC-yə qarşı “sənədlərin surətlərinin təqdim olunması, dividend ödənilməsi” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. İddiaçıya izah edilir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №2(001)-5688/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5688/2024
30.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver