Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5698/2021 29.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı və onun etibarnamə əsasında nümayəndəsi (vəkili) X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 4.900 manat məbləğində borc pulun, ona vurulmuş 1.938,68 manat maddi ziyanın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin sonlarında ona uzaq qohumu olan Cavabdeh müraciət edərək, 2.000 manata ehtiyacı olduğunu bildirdi və ona 2.000 manat borc verməyini xahiş etdi. 2020-ci ilin fevral ayında isə Cavabdeh yenidən onu aldadaraq ailəsini dolandıra bilmədiyini və başqa şəxsə borcu olduğunu bildirərək, aldığı 2.000 manatla birlikdə qısa müddətdə qaytarmaq adı ilə ondan əlavə 3000 manat borc istədi. O, hazırda özündə nağd pul olmadığını bildirdikdə, cavabdeh, ona bankdan kredit götürüb ona verməyini xahiş etdi. 07 fevral 2020-ci il tarixdə “Kapital Bank”ın Bakıxanov filialına müraciət edərək 2.900 manat məbləğində kredit götürüb həmin vaxt Cavabdeh vermişdir. Tural ona ilk öncə hər iki məbləği nağd şəkildə qaytaracağını bildirdi. Daha sonra isə 2.000 manat məbləğində pulu nağd qaytaracağını, kreditin isə aylıq faizləri ilə birlikdə özünün ödəyəcəyini bildirsə də, bugünə qədər bir dəfə də olsun ona pul qaytarmamış, banka pul ödəməmişdir. O, hazırda bank qarşısında götürdüyü öhdəliyi hər ay icra edir. Nəticədə kredit götürdüyü 2.900 manatın faizi olaraq kredit müqaviləsinin sonunadək əlavə 1.938 manat pul ödəməyi öhdəsinə götürmüşdür və hər ay bankın faizlərini özü ödəyir. O, dəfələrlə Turaldan aldığı pulları qaytarmasını xahiş etsə də, o, müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınmışdır. 2020-ci ilin dekabr ayında o, ərazi üzrə 13-cü Polis Bölməsinə şikayət etmişdir. 04 yanvar 2021-ci il qərarla Cavabdeh barəsində cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunmuş və ona mülki qaydada məhkəməyə müraciət etməyi izah olunmuşdur. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə borc pulu qaytarmaq istəmir. O, cavabdehə dəfələrlə şifahi xəbərdarlıq etsə də, o buna məhəl qoymamışdır. Cavabdeh ona borclu olduğunu təsdiq edən audio yazılar, sms mətnlər və şahidlər vardır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mülki işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə əsasında nümayəndəsi (vəkili) iddianı müdafiə edərək bildirdi ki, iddiaçı cavabdehə etibar edərək borc vermiş, cavabdeh isə iddiaçının etibarından sui-istifadə edərək aldığı borcu qaytarmamışdır. Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 147-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş hesab olunduğundan, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, iddiaçının qonşusu, həmçinin yaxın rəfiqəsidir. Cavabdeh şəxs iddiaçının qohumudur, həmin şəxs iddiaçıdan iki dəfə borc pul almışdır. O, birinci dəfə borc pul aldıqda iddiaçı ailəsi üçün topladığı pul vəsaitdən vermişdir. İkinci dəfə borc pul aldıqda isə iddiaçı ona bildirmişdir ki, onda bu qədər pul vəsaiti yoxdur. Lakin, cavabdeh özünü acındıraraq iddiaçını aldatmışdır. İddiaçı da cavabdehə inanaraq borc pul ala bilməsi üçün ona müraciət etmişdir. Lakin o, iddiaçıya onda yetərli qədər pul vəsaiti olmadığını bildirmişdir. İddiaçı da cavabdehə pulu tapacağı üçün söz verdiyindən, məcbur qalıb kredit götürmüşdür. Sonra həmin kreditlərin ödənilməsi üçün iddiaçı çətinlik çəkmiş və bununla bağlı iddiaçının dəfələrlə dost-tanışlarından borc aldığının şahidi olmuşdur. Həmin borca görə iddiaçının ailəsində də söz-söhbətlər yaranmağa başlamışdı. Çünki, iddiaçının özünün də maddi çətinlikləri var idi. İddiaçı ilk dəfə cavabdehə 2.000 manat, daha sonra isə 2.900 manat pul vermişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, iddiaçı 2.000 manatı onun yanında verməsə də, onun yanında telefonla danışmış və cavabdehə 2.000 manatın hazır olduğunu, gəlib götürməsini bildirmişdir. İkinci dəfə isə iddiaçının cavabdehə 2.900 manat məbləğində borc verdiyini iddiaçı banka kredit götürməyə gedəndə öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, iddiaçının iş yoldaşıdır. Belə ki, hər ikisi uzun illərdir ki, eyni məktəbdə müəllimə vəzifəsində çalışır. Bundan əlavə onlar, ailəvi dostdurlar və ailəvi gediş-gəlişləri vardır. Cavabdeh iddiaçının qohumu olmuşdur. Cavabdeh dəfələrlə iddiaçıya zəng edərək, ailəsinin maddi vəziyyətinin pis olduğunu bildirmiş və iddiaçıdan borc pul istəmişdir. Bu danışıqlara dəfələrlə şahid olmuşdur. İddiaçı da çox mərhəmətli biri olduğu üçün həmişə Turalın vəziyyətinə görə narahat olmuşdur. Bu səbəbdən ona iki dəfə borc pul vermişdir. Birinci dəfə 2.000 manat, ikinci dəfə isə 2.900 manat məbləğində pul vermişdir. Bunu iddiaçının özü ona bildirmiş, həmdə onların borcla bağlı telefon danışıqlarına özü də şahid olmuşdur. İddiaçı ikinci dəfə borcu bankdan kredit götürərək vermişdir. Çünki cavabdeh onu aldadaraq bildirmişdir ki, o, banka olan krediti özü ödəyəcəkdir. Həmin vaxt cavabdehin rəsmi iş yeri olmadığı üçün öz adına kredit götürə bilmirdi. İddiaçı cavabdehə yardım etmək üçün ondan borc pul istəsə də, məbləğ yüksək olduğundan o, iddiaçıya həmin məbləği vermək iqtidarında olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, iddiaçının rəfiqəsidir. Cavabdeh isə iddiaçının qohumudur. Cavabdeh dəfələrlə iddiaçıya zəng edərək bildirmişdir ki, o, işləmir, ailəsi pis vəziyyətdədir və onlara təcili kömək lazımdır. Həmin vaxt iddiaçı cavabdehin vəziyyətinə çox pis olmuş, ona kömək etmək məqsədi ilə 2.000 manat məbləğində borc pul vermişdir. Daha sonra isə cavabdeh təkrar iddiaçı ilə əlaqə saxlamış, çoxlu borclarının olduğunu, borc sahiblərinin onu tələsdirdiyini bu səbəbdən ona 3.000 manat da borc lazım olduğunu bildirdikdə, iddiaçı onda bu qədər vəsait olmadığını bildirmişdir. Lakin, cavabdeh yenə ailəsini məsələyə qarışdıraraq iddiaçıdan ona borca pul tapmağını xahiş etmişdir. İddiaçı bununla bağlı dost-tanışından borc istəsə də tapa bilməmişdir. Ona görə də məcbur qalıb öz adına 2.900 manat məbləğində kredit götürmüşdür. Cavabdeh isə həmin vaxt ona bildirmişdir ki, iddiaçı narahat olmasın, o həmin krediti aybaay özü ödəyəcəkdir. Lakin, cavabdeh sözünə əməl etməmiş iddiaçını aldatmışdır. İddiaçı da cavabdeh üçün götürdüyü krediti özü ödəmək məcburiyyətində qalmışdır. İddiaçı krediti ödəyə bilmədiyinə görə dəfələrlə qohumlarından və dostlarından borc pul istəmişdir. İş materiallarında olan: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı İlham Məmmədov tərəfindən qəbul edilmiş 04 yanvar 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı məxsus hesabdan çıxarış məlumatlarından görünür ki, 07 fevral 2020-ci il tarixdə Bank tərəfindən sonuncuya 2.900 manat məbləğində kredit verilmişdir. İddiaçı məxsus ödəniş cədvəlindən görünür ki, o, 2.900 manat məbləğində krediti illik 27,84 faizlə, 48 ay müddətinə, aylıq ödəniş 100,81 manat olmaqla qəbul etmişdir. Kredit məbləğinin ilkin ödəniş tarixi 06 mart 2020-ci il, son ödəniş tarixi isə 07 fevral 2024-cü ildir. 25 iyun 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iclasında verilmiş izahatlarla, habelə dindirilmiş şahid ifadələri ilə müəyyən olundu ki, cavabdeh iddiaçının qohumudur. İddiaçı cavabdehə iki dəfə borc pul vəsaiti vermişdir. İlk dəfə iddiaçı öz vəsaitindən 2.000 manat, ikinci dəfə isə "xxxx" ASCdən kredit götürərək cavabdehə 2.900 manat məbləğində borc pul vermişdir. Lakin, cavabdeh borcun qaytarılmasına dair üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 4.900 manat məbləğində olan əsas borcunu iddiaçıya ödəməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı 2.900 manat məbləğində krediti illik 27,84 faizlə, 48 ay müddətinə, aylıq ödəniş 100,81 manat olmaqla qəbul etmişdir. (48 ay x 100,81 manat = 4.838,88 manat; 4.838,88 - 2.900 = 1.938,88 manat) Göründüyü kimi, iddiaçının 2.900 manat məbləğində əsas borcuna 1.938,88 manat məbləğində faiz borcu hesablanmışdır. Qeyd olunan borc məbləğidə cavabdehə verildiyindən və həmin borc məbləğidə cavabdeh tərəfindən vaxtında iddiaçıya ödənilmədiyindən iddiaçı əlavə olaraq 1.938,88 manat məbləğində də faiz borcu ödəmək məcburiyyətində qalaraq, maddi zərərə uğramışdır. Bu səbəbdən məhkəmə iddia tələbinin maddi ziyanın tutulması hissəsində də əsaslı hesab edərək, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsas götürərək iddiaçıya 1.938,68 manat məbləğində dəymiş maddi ziyanın cavabdehdən tutulması qənaətinə gəlir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4.900 manat məbləğində borc, 1.938,68 manat dəymiş maddi ziyan və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4.900 (dörd min doqquz yüz) manat məbləğində borc, 1.938,68 (bir min doqquz yüz otuz səkkiz manat, altmış səkkiz qəpik) manat məbləğində dəymiş maddi ziyan və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı ödənilsin. Qiyabi qətnaməni rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5698/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-5698/2021
29.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver