Məhkəmə qərarları › İş №2(001)-5699/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5699/2020

02.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5699/2020 02.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxx” MTK-ya (maraqlı tərəf Maraqlı şəxs ASC) qarşı “pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsini məhkəmənin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, “xxxxxxxxxxxxxxxx” MTK-dan ona məxsus Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942-ci məhəllədə tikilmiş yaşayış kompleksinin giriş 1/2, mərtəbə 11 ünvanında 3 otaqdan ibarət 61 saylı mənzilinə dair ümumilikdə 26700 manat və həmin mənzilə dair təmir-tikinti işləri üçün xərclədiyi 15000 manat, cəmi 41700 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi, onunla cavabdeh “xxxxxxxxxxxxxxxx” MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli ABB-061 saylı “mənzil tikintisi haqqında” müqaviləsi və onunla Maraqlı şəxs ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2-xxxx-2014-ST MTK saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl məhkəməyə qədər nizama salma qaydasına riayət etmədiyindən və buna dair sənəd təqdim etmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hazırki mülki iş üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən iddiaçının cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına dair qaydalara riayət etməsi müəyyən edilmir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsində qeyd edilmişdir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə qaydaya əməl etmədiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda iddiaçının nəzərinə çatdırılır ki, iddia ərizəsində müqavilə tərəfi olan Maraqlı şəxs ASC-yə tələb yönəldilsə də, həmin tərəf cavabdeh kimi qeyd edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxx” MTK-ya (maraqlı tərəf Maraqlı şəxs ASC) qarşı “pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar