Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5706/2021 29.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı qızının Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı qızının Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3.500 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ona bildirmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində tanışı var və onu həmin Nazirlikdə laborant şöbəsində işə düzəldə bilər. Sənədləri düzəltmək üçün ilkin olaraq 500 manat pul verməlidir. O da ona inanıb 500 manat pulu ünvan 1 ünvanda yerləşən avtoyuma məntəqəsinin qarşısında görüşüb cavabdehə vermişdir. Həmin zaman cavabdeh ona bildirmişdir ki, işə çıxan günü isə yerdə qalan yəni 4.500 manat pulu verəcəkdir. 18 noyabr 2020-ci il tarixdə cavabdeh ona zəng vuraraq işinin artıq hazır olduğunu və yerdə qalan 4.500 manat pulu gətirməsini bildirmişdir. O da razılaşmış və 18 noyabr 2020-ci il tarixdə 18:00 radələrində həmin ünvanda görüşmüş və cavabdehə 4.500 manat pulu da vermişdir. Pulu verən zaman cavabdeh ona bildirmişdir ki, 23 noyabr 2020-ci il tarixdə işə çıxacaqdır. O, həmin tarixdə cavabdehə zəng etmiş, nə zaman işə çıxacağı barədə soruşmuşdur. Cavabdeh isə onun Nazirlikdə “Şaiq” adlı işləyən tanışına zəng çatmadığını və qısa müddətə ona bu barədə məlumat verəcəyini bildirmişdir. Bundan sonra o, cavabdehlə bir neçə dəfə telefon əlaqəsi saxlamağa çalışsa da cavabdeh onun zənglərinə cavab verməmişdir. O, cavabdeh tərəfindən aldadıldığını görüb baş vermiş hadisə ilə bağlı DİN- 102 xidmətinə məlumat vermiş, Binəqədi Rayon Polis İdarəsinin 18 dekabr 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh Binəqədi Rayon Polis idarəsinə çağırılmış, 500 manatı hər ay (cəmi 3 ay ödəyib 1.500 manatı) qəbz şəklində orda ödəmişdir. Polis idarəsində iltizam tərtib edilərək 500 manat pulu 05 fevral 2020-ci il tarixi daxil olmaqla növbəti ayın 05 noyabr 2021-ci il tarixinədək hər ay 500 manat pulu ona ödəyəcəyinə söz vermişdir. Cavabdeh ona məxsus 3.500 manat pulu isə bugünə kimi qaytarmamışdır. O, hər dəfə cavabdehdən pulunu tələb etdikdə, o, müxtəlif bəhanələr uyduraraq pulu ona qaytarmaqdan yayınmışdır, son vaxtlar isə cavabdeh ondan gizlənir, onun hər hansı çağırışına cavab vermir. Cavabdeh ona olan borcunu qaytarmaq istəmir, o, cavabdehdən 3.500 manat pulunu almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul edərək bildirdi ki, o, həqiqətəndə iddiaçıya götürdüyü puldan 3.500 manat qaytarmalıdır. O, borcunu ödəməkdən yayınmır, lakin hazırda maddi imkanı aşağı olduğu üçün həmin məbləği hissəhissə ödəyə bilər. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən qəbul edilmiş “cinayət işi başlanılmasının rədd edilməsi” barədə qərarın surətindən görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, o, İddiaçı barəsində yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. Bildirmişdir ki, o, həmin şəxsi əvvəllər evakuator işində çalışan zaman oradan tanımışdır. O, zamanla Vüqarla həmsöhbət olurdu, bu arada maddi vəziyyəti pis olduğundan çoxsaylı borcu yaranmışdır. Bu məqsədlə o, Vüqarla həmsöhbət olan zaman əvvəllər FHN-də sürücü işlədiyi üçün sonuncuya FHN-da laborant vəzifəsinə işə düzəldə biləcəyini və orada geniş əlaqələrinin olduğunu bildirmişdir. Söhbət zamanı Vüqar ona etmiş olduğu təklif ilə razılaşmış və nəticədə isə Vüqar ona ümumilikdə 4.000 manat pul və bir sıra sənədləri təqdim etməsini bildirmişdir. Vüqar ilk əvvəl qeyd olunan məbləğdə pulunun olmadığını bildirsə də, sonradan o, Vüqarla 2020-ci ilin sentyabr ayında Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən “Lukoil” yanacaq-doldurma məntəqəsinin qarşısında görüşmüş və Vüqar 500 manat pulu verib işə düzələndən sonra qalan pulu verəcəyini bildirmiş, o da sonuncunun dedikləri ilə razılaşmışdır. Daha sonra isə o, mütəmadi olaraq Vüqarla telefon əlaqəsi saxlayıb işi barəsində məlumatlandırırdı. 18 noyabr 2020-ci il tarixdə o, yenidən Vüqarla görüşüb işinin həll olunduğunu, yaxın vaxtlarda isə işə çıxacağını demiş, görüş zamanı o, Vüqardan 3.500 manat pul alıb məsələ barəsində narahat olmamasını bildirmişdir. Təxminən bir qədər müddət keçdikdən sonra Vüqar ona zəng vuraraq işi barəsində maraqlanan zaman o, sonunda Vüqara işinin alınmadığım bildirmiş və nəticədə isə Vüqar ondan pulunu tələb edən zaman o, Vüqara qısa müddətə pulunu geri qaytaracağını bildirmişdir, lakin imkanı olmadığından sonuncudan almış olduğu pulu geri qaytara bilməmişdir, sonradan isə ona məlum olmuşdur ki, Vüqar ondan polis orqanına şikayət etmişdir. 25 iyun 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Tərəflərin izahatları və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunduğu kimi, cavabdeh iddiaçıdan aldığı puldan 3.500 manatını qaytarmamış, bununla da heç bir hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlanmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, 3.500 manat məbləğində vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3.500 (üç min beş yüz) manat məbləğində vəsait və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-5706/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5706/2021
29.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver