Məhkəmə qərarları › İş №2(001)-5776/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5776/2022

27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5776/2022 27.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdeh X3 qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 fevral 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “X10 1017” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə ödənilmiş 1.075 manat məbləğində sığorta ödənişinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 37,9 manat məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 fevral 2019-cu il tarixdə cavabdeh idarə etdiyi “Hyundai Elantra” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolnəqliyyat hadisəsi törədərək “X10 1017” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. İddiaçı öz tərəfindən dəymiş zərəri aradan qaldıraraq “X10 1017” markalı nəqliyyat vasitəsinə görə 1.075 manat sığorta ödənişi həyata keçirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində cavabdehin təqsirli olması Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 3(001)-1648/2019 saylı qərarında öz əksini tapmışdır. Həmin yol-nəqliyyat hadisəsi zamanı cavabdeh avtomobili sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi üçün iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 03 iyul 2019-cu il tarixli, 068528 nömrəli sığorta aktından və 04 iyul 2019-cu il tarixli, 6557 nömrəli ödəniş tapşırığından və ona əlavədən görünür ki, 25 sentyabr 2018-ci il tarixdən 25 sentyabr 2019-cu il tarixədək icbari qaydada sığortalanmış “Hyundai Elantra” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 28 fevral 2019-cu il tarixdə “X10 1017” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, 1.075 manat məbləğində dəymiş zərər İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X2 hesabına köçürülmüşdür. Fərdi sahibkar X5 tərəfindən tərtib edilmiş Aktdan görünür ki, “X10 1017” markalı, **- ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 1.075 manat təşkil edir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 3(001)- 1648/2019 nömrəli “inzibati tənbeh vermə haqqında” qərarından görünür ki, X6 28 fevral 2019-cu il tarixdə sürücülük vəsiqəsi və etibarnaməsi olmadan ögey qardaşına məxsus “Hyundai Elantra” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərək X4 məxsus “X10 1017” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomaşını vuraraq onunla toqquşmuşdur. Nəticədə həmin avtomaşına maddi ziyan dəymişdir. Göstərilənlərə əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci və 332.4-cü maddələri ilə təqsirli bilinmiş və 400 manat məbləğində crəimə edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X3 ünvanlanmış 18 iyul 2022-ci il tarixli, O-AP- 2022-2461 nömrəli “pretenziya” məktubundan görünür ki, sonuncudan 5 iş günü ərzində 1.075 manat məbləğində sığorta ödənişinin həyata keçirilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 23 avqust 2022-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 37,5 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh 28 fevral 2019-cu il tarixdə sürucülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi “Hyundai Elantra” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə X4 məxsus “X10 1017” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqqusmuş, nəticədə həmin nəqliyyat vasitəsinə dəymiş 1.075 manat məbləğində dəymiş zərər iddiaçı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən ödənilmiş 1.075 manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında tutulmasını və iddianın verilməsinə görə ödənilmiş 37,9 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş edir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi nəticəsində sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 1.075 manat məbləğində sığorta ödənişi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 37.9 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh X1 1.075 (bir min yetmiş beş) manat məbləğində sığorta ödənişi və 37,9 (otuz yeddi manat, doxsan qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar