Məhkəmə qərarları › İş №2(001)-5782/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5782/2022

22.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5782/2022 22.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh ünvan 1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində X5, Xəlil-zadə Leyla Nəbi qızı və X9 cəlb edilməklə) “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh ünvan 1 qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası - 19 may 2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış “VAZ 21150” markalı, **-UD-*** dövlət nömrə nişanlı əmlakla bağlı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə X5, Xəlil-zadə Leyla Nəbi qızı və X9 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası, 07 noyabr 1961-ci il təvəllüdlü X8 19 may 2020-ci il tarixdə vəfat etmişdir. Atasının mülkiyyətinə “VAZ 21150” markalı, **-UD- *** dövlət nömrə nişanlı avtomobil olmuşdur və bu əmlak miraz qalmışdır. Tərəfindən atasından miras qalmış əmlaka dair vərəsəlik işinin açılması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı ünvan 1 müraciət etmiş, ona verilmiş cavabda mirasın qəbulunun qanunla müəyyən edilmiş müddətinin ötürülməsinə görə ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi göstərilmişdir. O, atası vəfat etdikdən sonra miras əmlaka sahiblik etməyə başlamış və mirası qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək həmçinin bildirdi ki, o, atasının ölümündən sonra xərçəng xəstəliyindən əziyyət çəkən bacısının və 2-ci qrup əlil anasının müalicələri ilə məşğul olmuşdur. Bundan əlavə, məlum pandemiya ilə bağlı da uzun müddət evdən çölə çıxa bilməmişdir. Bacıları və anası miras qalmış əmlakın onun adına rəsmiləşdirilməsinə etiraz etməmiş və bu barədə notariat ofisinə ərizələrini təqdim etmişlər. Cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinin xüsusi notariusu məhkəməyə müraciət göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclaslanın yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: XVİİİ-ЖГ 253395 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxx 1992-ci il təvəllüdlü İddiaçı atası X8, anası X2r. AC 081318 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21150 minik” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X6r. AZ-İİ 092943 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 19 may 2020-ci il tarixdə ölmüşdür. İddiaçı, X5, Xəlil-zadə Leyla Nəbi qızı və X9 tərəfindən ünvan 1 ünvanlanmış ərizələrindən görünür ki, onlar X1 miras qalmış **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə onlara çatası hissəyə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş edirlər. “X4” AQİS-dən cıxarışlardan müəyyən olunur ki, X3 arvadı X5, uşaqları isə İddiaçı, Xəlil-zadə Leyla Nəbi qızı və X7r. Bakı şəhəri 20 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 20 iyul 2022-ci il tarixli, 273 nömrəli məktubdan görünür ki, onun 19 may 2020-ci il tarixdə vəfat etmiş atası – X3 vəfatı ilə əlaqədar mirasın qəbulu ərizəsinə baxılmış və bildirilmişdir ki, müddətin ötürülməsi səbəbindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkan xaricindədir. Bununla əlaqədar olaraq buraxılmış müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. 079014 nömrəli vəsiqənin surətindən görünür ki, X5 2-ci qrup əlildir. Təbriz Tİbb Elmləri Universitetinin Klinikası tərəfindən verilmiş arayışın tərcüməsindən görünür ki, 30 yaşlı Leyla Xəlilzadə 2019-cu ilin sentyabr ayından etibarən “süd vəzi xərçəngindən” əziyyət çəkir. O, 8 kurs kimyaterapiya qəbul etmişdir və bundan sonra o, şüa terapiyası və hormon terapiya alacaq. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçının atası X8 19 may 2020-ci il tarixdə ölmüş və ondan “VAZ 21150 minik” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi miras qalmış, onun arvadı X5, uşaqları İddiaçı, Xəlil-zadə Leyla Nəbi qızı və X9 onlara çatası hissəyə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlamış məktubda müddətin ötürülməsi səbəbindən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hazırda iddiaçı mirasın qəbulu ilə bağlı anasının və bacısının səhhətində olan problemlərlə bağlı, habelə Covid-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasında karantin rejiminin tətbiq edilməsi səbəbindən cavabdeh Notariat Ofisinə xeyli müddət müraciət etmədiyini bildirərək mirasın qəbul edilməsi vaxtının uzadılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sayılırlar; 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Məhkəmə, işin hallarını, miras qoyanın ölümündən sonra iddiaçının anasının və bacısının səhhətində olan problemlərlə bağlı, habelə Covid-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasında karantin rejiminin tətbiq edildiyini nəzərə alaraq belə qənaətə gəlir ki, 19 may 2020-ci il tarixdə ölmüş X1 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddət 1 ay uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 19 may 2020-ci il tarixdə ölmüş X1 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddət 1 ay uzadılmalı, həmin müddət hazırki iş üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalı, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 19 may 2020-ci il tarixdə ölmüş X1 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddət 1 (bir) ay uzadılsın. Həmin müddət hazırki iş üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar