Məhkəmə qərarları › İş №2(001)-5805/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5805/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5805/2021 14.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Kommersiya Şirkəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 630 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 manat dövlət rüsumunun, cəmi 660,40 manat pul məbləğinin Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 12.01.2021-ci il tarixdə saat 23:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində Şirkətdə icbari sığorta növü ilə sığortalanmış, Cavabdeh2 məxsus və Cavabdeh1 tərəfindən etibarnamə olmadan idarə olunan “Tofaş” markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avvtomobil “Kia Rio” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. Binəqədi rayon DYPŞ-nin 13.01.2021-ci il tarixli TP ******* №-li Qərarına əsasən baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 qanunvericiliyin tələblərini pozaraq, AR İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə (nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmək) inzibati məsuliyyətə cəlb edilmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, “Kia Rio” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 630 (altı yüz otuz) manat maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 1094 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkən “Kia Rio” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 630 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh1 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 630 manat məbləğində sığorta ödənişi Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkənə ödənildiyindən Dövlət Sığorta Kommersiya Şirkətinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin tələbinə görə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (sahibliyində olan avtomobilin etibarnamə olmadan idarə etməyə verməsi səbəbindən) həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. İddiaçı "xxxx" Kommersiya Şirkəti məhkəməyə ərizə göndərək, iddia tələbini müdafiə etdiyini, sübutlar əsasında iştirakları olmadan işə baxılmasını və cavabdehlərdən "xxxx" Kommersiya Şirkətinə olan subroqasiya borcu tutularaq, Şirkətin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatın lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, “Tofaş Şahin” markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobil 23.10.2020-ci il tarixdən 23.10.2021-ci il tarixədək PDS ********** №-li Sığorta Şəhadətnaməsi ilə “Azərsığorta” DSKŞ-də Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə sığortalanmışdır. İş materiallarında olan AD seriyalı 460874 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Tofaş Şahin” minik markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 məxsusdur. İş materiallarında olan AD seriyalı 769198 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia-Rio” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. İş materiallarında olan TP ******* saylı 12.01.2021-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, Həsənov Rauf Zabil oğlu nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyi “Tofaş Şahin” markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 12.01.2021-ci il tarixdə, saat 23:50 radələrində DSK yolu ərazisində hərəkət edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan “Azərsığorta” tərəfindən təqdim olunmuş 18.01.2020-ci il tarixli qüsur aktının lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, “Kia-Rio” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 630 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 23 fevral 2021-ci il tarixli 1094 №-li Sığorta ödənişi ilə bağlı aktın lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, PDS ********** №-li Sığorta Şəhadətnaməsi ilə “Azərsığorta” DSKŞ-də Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə Cavabdeh1 onun tərəfindən sığortalanmış “Tofaş” markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobillə 12 yanvar 2021-ci il tarixdə Bakı şəhər Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və nəticə də X1 idarə etdiyi “Kia-Rio” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 630 manat məbləğində pul vəsaiti “Azərsığorta” DSKŞ tərəfindən ödənilmişdir. İş materiallarında olan 26 fevral 2021-ci il tarixli 5517 №-li Ödəniş tapşırığından görünür ki, "xxxx" Kommersiya Şirkəti tərəfindən X2 məxsus “Kia-Rio” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ona 630 (altı yüz otuz) manat məbləğində sığorta ödənişi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Eyni Məcəllənin 1108.2-ci maddəsinə görə isə, “yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər”. Belə olan halda məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi həm yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə sahibi olan Cavabdeh2, həm də avtomobili müvafiq səlahiyyəti olmadan idarə etmiş Cavabdeh1 öhdəsinə qoyulmalıdır. Belə ki, Cavabdeh2 hadisənin baş verdiyi 12 yanvar 2021-ci il tarixədək “Tofaş Şahin” markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 hüquqa zidd hərəkətləri nəticəsində onun sahibliyindən çıxdığını sübut edə bilməmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, MPM-də birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia təmin edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş məbləğ və bank xidməti haqqı da cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Qeyd olunanlara qiymət verərək, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada subroqasiya qaydasında öhdəliklərini icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə 630 (altı yüz otuz) manat, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 630 (altı yüz otuz) manat məbləğində sığorta ödənişi məbləği, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi, cəmi 660,40 (altı yüz altmış manat 40 qəpik) manat alınaraq iddiaçı "xxxx" Kommersiya Şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar