Məhkəmə qərarları › İş №2(001)-581/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-581/2021

23.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-581/2021 23.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili X1, Cavabdeh2 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 olğuna və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 16, M3, mənzil 2 (ünvan 1 ünvanında dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbinin onunla əsaslandırmışdır ki, 0, xx.xx.2018-ci il tarixdə tanışı olan Cavabdeh1 mülkiyyətində olan mənzilə dair 10 il müddətinə etibarnamə vermişdir. Etibarnamənin verilməsinə səbəb, iddiaçının rayonda yaşaması və Bakıda yerləşən mənzilin kirayə verilməsi olmuşdur. Lakin iddiaçıya sonrada məlum olmuşdur ki, Cavabdeh1 mənzili kirayə vermək əvəzinə həmin mənzili iddiaçıdan xəbərsiz satmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili S.Hacıyeva iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh1 iddiaçının mülkiyyətində olan mənzili sataraq əldə etdiyi 60.000 (altmış min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili S. Hacıyeva iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X5 həmin mənzili Cavabdeh1 alqı-satqı əsasında 60.000 manata aldıqlarını, mənzilin təmirinə isə 19.700 manat pul xərclədiklərini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2017-ci il tarixdə tərtib edilmiş mənzilin Texniki Pasportundan və Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 118422 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, b4, m 83; yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 16, M3, m 2 X4 mülkiyyətində olmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı, ******* nömrəli Çıxarışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, b4, m 83; yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 16, M3, m 2 X2 xüsusi mülkiyyətindədir və bu hüquq ona xx.xx.2018-ci il tarixdə verilmişdir. - İddiaçı notarial qaydada verdiyi ərizədən məlum olur ki, o, xx.xx.2018-ci il tarixdə Cavabdeh1 verdiyi etibarnaməyə xitam verilməsinə dair Bakı şəhəri 38 saylı Notariat Ofisinə müraciət etmiş və xx.xx.2017-ci il tarixdə etibarnaməyə xitam verilmişdir. - 14 saylı Notariat Kontorunda bağlanmış 4Ə-124 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 4 saylı evin, 83 saylı mənzili (yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 16, M3, m 2) 60.000 manata alıcı Cavabdeh2 satılmış, alqı-satqıda satıcı isə mənzilin mülkiyyətiçisi İddiaçı əvəzinə Cavabdeh1 iştirak etmişdir. - Notariat işinə əlavə edilmiş ərizələrdən məlum olur ki, alqı-satqıya verilmiş razılıqla və digər hərəkətlər Cavabdeh1 tərəfindən icra və imza edilmişdir. - Notariat Kontoru tərəfindən “xxxx” ASC-nin 5 saylı şöbəsinə ünvanlanmış məktubdan görünür ki, alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 60.000 manat məbləğində pul, müqavilə təsdiq edildikdən sonra yaranmış 1126 manat vergi öhdəlikləri əmlakın satış qiymətindən çıxılaraq dövlət xəzinadarlığına ödənilməsi və qalıq məbləğdən 58.874 manatı Bakı şəhəri, mədən 1, korpus 47, ev 286 A-da qeydiyyatda olan Cavabdeh1 verilməsi üçün depozit hesaba qəbul olunması xahiş olunmuşdur. Azərbaycan Respublikasının: - Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edənin təmsilçinin əqd bağlaması üçün vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. -777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin ( vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə görürür. -777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. -778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli və bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. -779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. -782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. -784-cü maddəsinə əsasən vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. -1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edir. -1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş saylır ki, bu gür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1093.1-ci maddəsinin tələbinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, mənzilin mülkiyyətçisi mənzilin alqı-satqısından xəbərsiz olmuş, Cavabdeh1 isə bundan istifadə edərək, mənzili ona verilmiş etibarnamə əsasında sataraq, satışdan əldə olunmuş gəliri mənimsəyərək iddiaçıya verməmişdir. Məhkəmə Cavabdeh1 əsassız varlanmış şəxs hesab etməklə, qeyd edir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (MM 1091-ci maddə). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (MM 1092cu maddə). Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam versmək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, Cavabdeh2 vicdanlı alıcıdır. Belə ki, Mülki Məcəlləyə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (maddə 140). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Baxılan iş üzrə Cavabdeh2 mübahisəli əmlakı əldə edərkən həmin əmlak dövlət reyestrində İddiaçı adına qeydə alınmışdır. Etibarnamə əsasında xx.xx.2018-ci ildə alqı-satqı müqaviləsi bağlanarkən reyestrdə əmlak üzərində yüklülük olmamışdır. İş materiallarında Cavabdeh2 vicdanlı əldə edən olduğunu şübhə altına alan hər hansı sübutlar (məlumatlar) mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, mənzilin alqı-satqısından əldə olunan 60.000 manat pul məbləği Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 60.000 (altmış min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar