Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5810/2021 12.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 12 avqust 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ələm oğlu Hacıqədirli Rövşən Məmmədsadıq oğluna qarşı iddia ərizəsi ilə məkhəməyə müraciət edərək cavabdehdən 58400 manat məbləğində pulun, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 14600 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Murtuzayeva Yeganə Hüseyin qızı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, 20 dekabr 2014-cü il tarixdə Moskva şəhərində cavabdeh tərəfindən imzalanmış sadə yazılı qəbzdə qeyd olunmuşdur ki, “Bakı şəhəri, Mir Cəlal küçəsi 9 ünvanındakı 34-35 saylı iki mənzilə görə İddiaçı Ələm oğluna olan borc, ümumi məbləği 281700 avro təşkil edir, aşağıdakı ödəniş qrafiki üzrə ödəniləcək: 20 dekabr 2014 – 80000 avro, qalan məbləğ 20100 avro 2014-cü il 26 dekabrdan gec olmayaraq ödəniləcək.”. Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, mənzillərin dəyərini iddiaçıya ödəməmişdir. Bununla yanaşı, iddiaçıya məxsus həmin mənzilləri tərk də etməmişdir. Nəticədə uzun müddət iddiaçı öz əmlakından məhrum olunmuş, bununla da iddiaçıya maddi ziyanla yanaşı mənəvi ziyan da dəymişdir. Əgər cavabdeh iddiaçıya məxsus mənzilləri tərk etsəydi, iddiaçı həmin mənzilləri kirayə verə bilərdi və cavabdehin orada yaşadığı 6 il ərzində hər mənzilin 1 aylıq kirayə haqqının 500 manat olması nəzərə alınarsa bu, 72000 manat edir. Cavabdeh həmin məbləğdən cəmi 13600 manat ödəmiş, 58400 manat ödənilməmiş qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2016-cı il tarixli, 2(001)-2833/2016 saylı qiyabi qətnaməsinə əsasən, Hacıqədirli Rövşən Məmmədsadıq oğlundan ödəniş günü manata məzənnədə 25000 avro və 58400 manat pul vəsaitinin tutulub İddiaçı Ələm oğluna ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(103)-11000/2017 saylı qətnaməsinə əsasən, Binəqədi Rayon Məhkəməsinin qiyabi qətnaməsi 58400 manat pulun tutulması hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinin 24 aprel 2018-ci il tarixli, 2(102)-2251/2018 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həm Ali Məhkəmə, həm də Bakı Apellyasiya Məhkəməsi yekun qərarlarında iddia ərizəsinin 58400 manat məbləğində hissəsinə dair tələbi təmin etməmələrinin əsası kimi onu göstərmişlər ki, tərəflər arasında kirayə münasibətləri olmadığı üçün həmin əsasla iddia ərizəsinin təmin edilməsi mümkün deyildir. Lakin, qətnamədə qeyd olunmuşdur ki, həmin pul məbləği zərərin əvəzinin ödənilməsi əsası ilə cavabdehdən tələb edilə bilər. Bundan əlavə, cavabdeh iddiaçının əmlakından uzun müddət qanunsuz istifadə etməsi və buna görə iddiaçıya pul ödəməməsinə görə iddiaçıya maddi ziyan dəymişdir. Belə ki, iddiaçı 58400 manat məbləğində puldan bəhrələnə bilərdi. Buna görə də, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445-ci maddəsinin tələblərinə əsasən, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 14600 manat (58400x5%x5 il) məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, tərəflər arasında kirayə müqaviləsi olmamışdır və iddiaçı bəhs edilən mənzilləri cavabdehə əvəzsiz, yəni ödənişsiz istifadəyə vermişdir. Şifahi razılaşma ondan ibarət olmuşdur ki, gələcəkdə cavabdeh bu mənzilin yaxud mənzillərin satış dəyərini ödəməklə əldə edə bilər. Cavabdehin mənzilin satış dəyərini ödəməməsi, onu kirayə münasibətlərinin tərəfi etmir. Digər tərəfdən, cavabdehin iddia ərizəsində göstərilən mənzillərdən istifadə etməməsi halında iddiaçının həmin mənzilləri kirayə verərək onlardan iddia tələbində göstərilən məbləğdə gəlir əldə etməsi də ehtimal olmaqla heç bir əsası yoxdur. Əldə etməsi ehtimal olunan məbləğə görə faizlərin ödənilməsi isə tamamilə absurddur. Ona görə də, hazırki iddia əsassızdır. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2016-cı il tarixli, 2(001)-2833/2016 saylı qiyabi qətnaməsinə əsasən, Hacıqədirli Rövşən Məmmədsadıq oğlundan ödəniş günü manata məzənnədə 25000 avro və 58400 manat pul vəsaitinin tutulub İddiaçı Ələm oğluna ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(103)-11000/2017 saylı qətnaməsinə əsasən, Binəqədi Rayon Məhkəməsinin qiyabi qətnaməsi 58400 manat pulun tutulması hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinin 24 aprel 2018-ci il tarixli, 2(102)-2251/2018 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2016-cı il tarixli qiyabi qətnaməsini 58400 manat pulun tutulması hissəsində ləğv edərkən qətnamədə ona əsaslanmışdır ki, işdə kirayə münasibətlərinə dair heç bir sübut yoxdur. Qətnamədə həmçinin, qeyd olunmuşdur ki, “əgər birgə fəaliyyət barədə müqavilədən və ya tapşırıq müqaviləsindən əmələ gələn öhdəliyin icrası ilə bağlı cavabdeh iddiaçıya zərər vurubsa (iddiaçının mənzilindən hüquqi əsas olmadan istifadə etməklə, iddiaçını həmin mənzillərə görə əldə edə biləcəyi faydadan məhrum etməklə və s.) iddiaçı zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Yaxud, cavabdeh mənzillərə dair nisyə alğı-satqı müqaviləsindən əmələ gələn öhdəliyi icra etməyibsə, nəticədə iddiaçıya zərər vurulubsa, iddiaçı bununla bağlı iddia qaldıra bilər. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, tələb cavabdehin iddiaçıya məxsus mənzillərdə 2009-ci il sentyabrın ayından 2015-ci ilin sentyabr ayınadək yaşaması səbəbindən iddiaçının həmin mənzillərdən 58400 manat itirilmiş gəlirdən və bu məbləğin gecikdirilməsi nəticəsində yaranmış 14600 manat borcun ödəniləməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırkı halda tərəflər arasında kirayə münasibətlərinin olmaması ilə yanaşı başqa öhdəliyin mövcudluğu, habelə cavabdeh tərəfindən iddiaçıya zərər vurulması da müəyyən edilmir. İddia tələbinin 58400 manat tutulması hissəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin ona məxsus mənzillərdən istifadə etməyəcəyi təqdirdə o, cavabdehin orada yaşadığı 6 il ərzində hər mənzili 1 aylıq kirayə haqqı 500 manat olmaqla kirayə verib 72000 manat gəlir əldə edə bilərdi, həmin müddət ərzində cavabdehin mənzillərdən istifadəsi nəticəsində iddiaçı bu gəlirdən məhrum olmuş, cavabdeh həmin məbləğdən cəmi 13600 manat ödəmiş, 58400 manat ödənilməmiş qalmışdır. Tələb olunan məbləğin kirayə haqqı olaraq tələb olunması ilə bağlı iddia qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə rədd edilmişdir. Qətnamədə məhkəmə tərəflər arasında kirayə müqaviləsinin olmamasına əsaslanmış, iddiaçıya cavabdehdən dəymiş zərərin tutulması tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Lakin, hazırki halda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sözügedən mənzillərin hər birini 6 il müddətində fasiləsiz olaraq aylıq 500 manata kirayə verəcəyi ilə bağlı hərhansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, göstərilənlərə sübut qismində mənzillərin yerləşdiyi ərazidə eyni şəraitli digər mənzillərin aylıq kirayə haqqının məbləği, eləcə də cavabdehin iddiaçıya məxsus mənzillərdən istifadə etdiyi müddətdə mənzillərin kirayə götürülməsi ilə bağlı iddiaçıya digər şəxslər tərəfindən edilmiş müraciətlər məhkəməyə təqdim oluna bilərdi. Bununla yanaşı sözügedən mənzillərin altı il fasiləsiz kirayə verilməsinin də birmənalı ifadə edilməsi ancaq ehtimala əsaslanır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin 58400 manat pulun tutulmasına əsas kimi iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilmədiyindən, iddia həmin hissədə rədd edilməlidir, eləcə də, həmin pulun ödənilməsinin gecikdirilməsi nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzi kimi 14600 manat pulun tutulması hissəsində də təmin oluna bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edilməli və iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası rədd edilsin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5810/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5810/2021
12.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver