Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5819/2021 24.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (bundan sonra iddiaçı) Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə 24 avqust 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 400 manat sığorta ödənişi və 20,4 manat dövlət rüsumunun, cəmi 420,4 manat məbləğində pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 02 fevral 2021-ci il tarixdə, saat 11 radələrində müvafiq etibarnaməsi olmadan idarə etdiyi, Cavabdeh1 məxsus “Opel Omega” minik markalı, AZ**-KZ-*** qeydiyyat nişanlı avtomaşınla yol-nəqliyyat hadisəsi törətməklə “BMW 740” markalı, AZ**-NP-*** qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, hesablamalarla sonuncu avtomobilə dəymiş zərərin miqdarı 400 manat müəyyən edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli bilinmiş, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Hadisə nəticəsində “BMW 740” markalı avtomaşına dəymiş maddi ziyan iddiaçı tərəfindən ödənilmişdir. Buna görə də, hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Bayramov Vəkil Kərəm oğlu iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, onun idarə etdiyi “Opel Omega” minik markalı avtomobil arvadı Cavabdeh1 mülkiyyətində olmaqla onların birgə nikah dövründə əldə edildiyi üçün birgə mülkiyyətdir. Birgə mülkiyyətdə olan nəqliyyat vasitəsindən istifadə olunması zamanı etibarnamənin tələb olunmamasını X5 İdarəsinin rəhbər şəxsləri dəfələrlə öz müsahibələri zamanı bildirmişlər. O, 02 fevral 2021-ci il tarixdə məlum yol-nəqliyyat hadisəsi baş verən zaman bu fikri yol polisi əməkdaşlarına bildirsə də, polis əməkdaşları tərəfindən barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda həm də müvafiq etibarnaməsi olmadan avtomobili idarə etdiyi göstərilmişdir. Sonda V.K.Bayramov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədiyini, əri Bayramov Vəkil Kərəm oğlunun izahatını təsdiq etdiyini bildirərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan: - AD seriyalı, 385809 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Opel Omega” minik markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 adına qeydiyyata alınmışdır. - İcbari sığorta müqaviləsinə dair elektron məlumatdan görünür ki, Cavabdeh2 “Opel Omega” minik markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta növündə sığortalanmışdır. - 03 fevral 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş 03 fevral 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 02 fevral 2021-ci il tarixdə, saat 11:00-da “Opel Omega” minik markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələrində nəzərədə tutulan inzibati xətanı törətmiş, barəsində 40 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - 12 fevral 2021-ci il tarixli, İCR-1101 saylı qüsur aktından görünür ki, “BMW 740” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 400 manatdır. - AD seriyalı, 598709 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “BMW 740İ” minik markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyəti kimi qeydiyyata alınmışdır. - 24 fevral 2021-ci il tarixli, 1101 saylı sığorta ödənişi ilə bağlı aktdan və 03 mart 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, 400 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən X2 ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin dispozisiyasında yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilmə, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması göstərilmişdir. Həmin Məcəllənin 332.1-ci maddəsinin dispozisiyasında isə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi göstərilmişdir. Məhkəmə cavabdehlərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Məhkəmə qeyd edir ki, Cavabdeh2 barəsində avtomobili etibarnamə olmadan idarə etməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokolun ləğvi ilə bağlı müvafiq Yol Polisi İdarəsinə, habelə, protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərardan müvafiq məhkəməyə şikayət verilməsinə dair Cavabdeh2 tərəfindən məhkəməyə hər-hansı sübut təqdim edilmədiyndən belə nəticəyə gəlinir ki, Cavabdeh2 02 fevral 2021-ci il tarixdə müvafiq etibarnaməsi olmadan idarə etdiyi, Cavabdeh1 məxsus “Opel Omega” minik markalı, AZ**-KZ-*** qeydiyyat nişanlı avtomaşınla yol-nəqliyyat hadisəsi törətməklə X2 məxsus “BMW 740” markalı, AZ**-NP-*** qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə sonuncu avtomobilin sahibinə 400 manat maddi ziyan dəymiş, baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli bilinmiş, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokol tərtib edilmiş, həmin zərər iddiaçı tərəfindən P.Novruzova ödənilmiş, yol-nəqliyyat hadisəsi törədildiyi anda Cavabdeh2 müvafiq etibarnaməsi olmadan Cavabdeh1 məxsus avtomobili idarə etdiyindən iddiaçının həmin avtomobilin mülkiyyətçisi və yol-nəqliyyat hadisəsini törətmiş şəxsə qarşı subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Buna görə də, iddia təmin edilməli, 400 manat sığorta ödənişi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 20,4 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Sığorta ödənişi kimi ödənilmiş 400 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20,4 manat məbləğində pul vəsaiti Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5819/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5819/2021
24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver