Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-582/2022 24.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun, əldən çıxmış faydanın və vurulmuş mənəvi ziyanın əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 100 manat məbləğində borcun, 5.000 manat məbləğində əldən çıxmış faydanın, 1.000 manat məbləğində mənəvi ziyanın, 80 manat məbləğində dövlət rüsumunun, cəmi 6.180 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı Cavabdeh qarşı əlavə tələblər də irəli sürmüş və nəticədə Cavabdeh 100 manat məbləğində borcun, 2021-ci ilin oktyabr və noyabr ayları da daxil olmaqla 6.500 manat məbləğində əldən çıxmış faydanın, 1.500 manat məbləğində mənəvi ziyanın, 100 manat məbləğində dövlət rüsumunun, cəmi 8.200 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tərəfindən təqdim edilmiş sübutların nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, bildirmişdir ki, müəyyən səviyyədə təmir işləri ilə məşğul olan şəxsdir. İddiaçı da ona müraciət edərək, iki mənzildə müəyyən təmir işlərinin görülməsini xahiş etmişdir. Aralarında əldə edilmiş razılığa əsasən o, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən bağ evində 15-20 kv. metr sahəyə 10-15 santimetr hündürlükdə beton tökmüş, 1 ədəd kamaz yük markalı avtomobillə gətirilmiş taxta materiallarını boşaltmış, müxtəlif tikinti materialları daşımış, 20-30 kv metr ölçüdə divarın suvağını təmizləmiş (qaşımış), habelə 1 metr hündürlükdə quyunu torpaqla doldurmuş, Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən mənzildə isə 3 dəfə olmaqla, mənzil üzrə divarlarda olan çatların aradan qaldırılması ilə bağlı təmir işləri aparmışdır. Lakin gördüyü işlərin əvəzində iddiaçı tərəfindən ona hər hansı məbləğdə pul verilməmişdir. Halbuki, qeyd edilən evlərdə onun tərəfindən görülmüş işlər üçün ən azı 500 manat xidmət haqqı ödənilməlidir. İddiaçı cəmi bir dəfə, bu işlərə cəlb edilmiş iki nəfər fəhləyə ödənilməsi üçün ona 30 manat məbləğində pul vermişdir. Lakin bu məbləğ fəhlələrin göstərdiyi xidmətin dəyərini tam ödəməmiş və bu səbəbdən o, özünə məxsus pulu da həmin pula əlavə edib, fəhlələrə vermişdir. İddiaçının da bundan məlumatı olmuşdur. O, qeyd edilən mənzillərdə həyata keçirilməsini üzərinə götürdüyü təmir işlərini görmüş, sadəcə olaraq təmizlik işlərinin görülməsi, yəni bəzi əşyaların daşınması qalmışdır. Bu da onun ailə vəziyyəti ilə bağlı olmuşdur. Bununla belə iddiaçı qarşısında icra edilməmiş hər hansı təmir işi qalmamışdır. Onunla iddiaçı arasında mənzillərdə əsaslı təmir işlərinin aparılması ilə bağlı hər hansı razılaşma olmamışdır. Onun iddiaçıya həqiqətən də 100 manat borcu var. Belə ki, o, həmin ərəfədə avtomobil almaq qərarına gəlmiş, lakin bunun üçün tələb olunan vəsaitə malik olmadığından iddiaçıdan 200 manat məbləğində borc istəmiş, iddiaçı da ona bu məsələdə maddi köməklik etmək niyyətini bildirərək, ona 200 manat məbləğində borc vermişdir. Həmin pulun 100 manat hissəsini də iddiaçıya qaytarmış və hazırda onun iddiaçıya 100 manat məbləğində borcu qalmışdır. Həmin borcu da ödəməyə razıdır. Göstərilənlərin nəzərə alınmasını və ondan 100 manat məbləğində pul tutulmaqla, iddianın qalan hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, 16 saylı evin 19 saylı mənzili iddiaçının qızı X1, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1428 saylı ev iddiaçının həyat yoldaşı olmuş və 10 iyun 2008-ci il tarixdə vəfat etmiş X3 mülkiyyətindədir. Cavabdeh iddiaçının müraciətinə əsasən həmin evlərdə müəyyən təmir işləri görmüşdür. Hazırda iddiaçı qeyd edilən evləri kirayə vermək qərarına gəldiyini və evlərdə müəyyən təmir işlərinin aparılmasına ehtiyac olduğundan bu işlərin görülməsi üçün Cavabdeh ilə razılıq əldə etdiyini, cavabdehin evləri təmir edib xx.xx.2021-ci il tarixə kimi ona təhvil verilməsi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, cavabdeh tərəfindən həm bu tarixədək, həm də bundan sonra tələb olunan təmir işlərinin yerinə yetirilmədiyini, işlərin yarımçıq qaldığını, bu səbəbdən evləri kirayə verə bilmədiyini, cavabdehin bu hərəkətləri nəticəsində ona 6.500 manat məbləğində maddi və 1.500 manat məbləğində mənəvi zərərin vurulduğunu, həmçinin, cavabdehin ondan 200 manat məbləğində pulu borc aldığını və həmin pulun 100 manat hissəsinin bugünədək qaytarılmadığını iddia edir və bu məbləğlərin, habelə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb edir. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən evin kirayə haqqının 1.000 manat, Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsində yerləşən evin isə kirayə haqqının 250 manat olduğunu iddia edir. Cavabdeh iddianı qismən qəbul edir, cavabdehdən həqiqətən də 200 manat məbləğində pulu borc aldığını və həmin pulun 100 manat hissəsini iddiaçıya qaytarmadığını etiraf edir və bu məbləği iddiaçıya qaytarmağa hazır olduğunu bildirir. Eyni zamanda, iki evdə müəyyən səviyyədə təmir işlərinin aparılması ilə bağlı iddiaçı ilə aralarında razılıq əldə edildiyini və onun tərəfindən razılaşdırılmış işlərin görüldüyünü, sadəcə olaraq təmizlik işlərinin görülməsinin, yəni bəzi əşyaların daşınmasının qaldığını, bunun da onun ailə vəziyyəti ilə bağlı olduğunu, bununla belə iddiaçı qarşısında icra edilməmiş hər hansı təmir işinin qalmadığını, gördüyü işlərin əvəzində iddiaçı tərəfindən ona hər hansı məbləğdə pul verilmədiyini, iddiaçının cəmi bir dəfə, bu işlərə cəlb edilmiş iki nəfər fəhləyə ödənilməsi üçün ona 30 manat məbləğində pul verdiyini, həmin pulun da fəhlələrin göstərdiyi xidmətin dəyərini tam ödəməməsi səbəbindən özünə məxsus pulu da həmin pula əlavə edib, fəhlələrə verdiyini, iddiaçının da bundan məlumatlı olduğunu bildirir və iddianın qismən təmin edilərək, ondan iddiaçının xeyrinə 100 manat məbləğində pulun tutulmasını, iddianın qalan hissədə rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə, iddiaçının bu barədə tələbini, cavabdehin bu tələbə münasibətini nəzərə alıb, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, tərəflər arasında onların qarşılıqlı iradə ifadəsi əsasında şifahi borc (kredit) müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 2021-ci ilin ayının sonunadək qaytarmaq şərti ilə 200 manat məbləğində pulu borc vermiş, lakin cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, ötən dövr ərzində bu məbləğin cəmi 100 manat hissəsini qaytarmaqla iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Bununla belə, məhkəmə iddia tələbini “borcun tutulması” hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, Cavabdeh 100 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Məhkəmə, iddia tələbinin “əldən çıxmış faydanın tutulması” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu baxımdan məhkəmə qeyd edir ki, tərəflər öz aralarında yaranmış münasibətləri necə adlandırmasından asılı olmayaraq, onların arasında hüquqi nəticə etibarı ilə podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmış və bu münasibətlər çərçivəsində cavabdeh iddiaçının sifarişi əsasında Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, 16 saylı evin 19 saylı mənzilində və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1428 saylı evdə müəyyən təmir işləri görməli idi. İddiaçı cavabdeh tərəfindən tələb olunan işlərin görülmədiyini iddia etsə də, konkret olaraq, hansı işlərin cavabdeh tərəfindən görülmədiyini göstərə bilmir. Cavabdeh isə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən bağ evində 15-20 kv. metr sahəyə 10-15 santimetr hündürlükdə beton tökdüyünü, 1 ədəd kamaz yük markalı avtomobillə gətirilmiş taxta materialını boşaltdığını, müxtəlif tikinti materialları daşıdığını, 20-30 kv metr ölçüdə divarın suvağını təmizlədiyini (qaşıdığını), habelə 1 metr hündürlükdə quyunu torpaqla doldurduğunu, Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən mənzildə isə 3 dəfə olmaqla, mənzil üzrə divarlarda olan çatların aradan qaldırdığını bildirir. İddiaçı bu işlərin cavabdeh tərəfindən keyfiyyətsiz və natamam görüldüyünü qeyd edir, lakin bu barədə də məhkəməyə hər hansı sübut təqdim edə bilmir, natamamlıqların nədən ibarət olduğunu, habelə ümumiyyətlə cavabdeh tərəfindən hansı işlərin görülməli olması, o cümlədən hansı işlərin görüldüyü, hansı işlərin qaldığı barədə nəinki hər hansı sübut, ümumiyyətlə məhkəməyə məlumat verə bilmir (halbuki, iddiaçıya görülən və görülməli olan təmir işlərinin siyahısını məhkəməyə təqdim etmək də təklif edilmişdir). İddiaçı polis orqanlarına yazdığı şikayət və izahatlarda da bu məsələyə aydınlıq gətirməmişdir. Həmçinin, iddiaçı iddia ərizəsində cavabdehə təmir işlərinin görülməsi üçün az-az 100 manat pul verdiyini bildirsə də, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə xx.xx.2021-ci il tarixdə yazdığı izahatında cavabdehə gördüyü işlərə görə 80 manat, məhkəmədə isə 75 manat (20 + 20 +35=75) məbləğində pul verdiyini göstərmişdir. Buna baxmayaraq, cavabdehə hər hansı məbləğdə pul verməsini məhkəmədə sübuta yetirə bilməmişdir. Cavabdeh isə iddiaçı tərəfindən fəhlələrin göstərdiyi xidmət üçün cəmi bir dəfə ona 30 manat məbləğində pulun verildiyini, həmin pulu da fəhlələrə ötürdüyünü, onun özünə isə hər hansı məbləğdə pulun verilmədiyini vurğulayır. İddiaçı ümumilikdə görülməli işlərin dəyəri barədə də məhkəməyə məlumat verə bilmir. Halbuki, görülməli olan işlər barədə razılıq əldə edilmişdirsə, bu işlərin dəyəri də müəyyən edilməli idi. Nəticə etibarı ilə iddiaçı cavabdehə ödənişsiz əsaslarla müəyyən işləri gördürmüş, lakin bundan da narazı qalmışdır. Məhkəmə o halı da vurğulayır ki, iddiaçı bilavasitə təmirin keyfiyyətsiz və ya natamam aparılması ilə bağlı ona vurulmuş maddi zərərin, habelə təmir nəticəsindən yaranmış qusurların aradan qaldırılması ilə bağlı çəkdiyi xərclərin əvəzini tələb etmir. İddiaçı təmirin evlərin kirayə verilməsi üçün hazırlanması məqsədi ilə aparıldığını iddia edir və təmirin yarımçıq qalması nəticəsində evləri kirayə verə bilmədiyini bildirir. Belə olan halda, iddiaçı ardıcıllıqla evlərin real olaraq kirayə verilməsini, lakin bunun məhz cavabdehin hərəkətləri nəticəsində mümkün olmadığını, habelə bununla bağlı digər halları sübuta yetirməli idi. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı məhkəməyə təqdim etdiyi vəsatətində Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən bağ evinə qaz və su xəttinin də təmir işləri görülən ərəfədə çəkildiyini bildirir. Bu da öz növbəsində əvvəlki illərdə bu evin kirayə verilməsini istisna edir. Qaz və su xəttlərinin çəkilməsini, habelə bu xidmətlərin göstərilməsi ilə bağlı aidiyyəti sayğacların quraşdırılmasını təsdiq edən sübutlar da məhkəməyə təqdim edilmir. Bu səbəbdən də həmin xidmətlərin hansı tarixdən etibarən qeyd edilən evə göstərildiyini müəyyən etmək olmur. Halbuki, bu evin kirayə verilməsinə hazır olması baxımından suyun və maye qazın verilməyə başlandığı tarixlər böyük əhəmiyyət kəsb edir. Ümumiyyətlə bağ evinin kirayə verilməsi üçün iddiaçı tərəfindən təqdim edilmiş bir sıra sübutlar (qəbzlər, qaimə fakturalar) həm 2021-ci ilin iyun, həm də iyul aylarını əhatə edir. Həmin sənədlərdə göstərilmiş tikinti materiallarının cavabdeh tərəfindən görülən işlərə hər hansı aidiyyətinin olduğu da müəyyən edilmir. Bu da o deməkdir ki, həmin evdə hələ 2021-ci ilin iyul ayında, yəni cavabdehdən sonra və ona aid olmayan təmir işləri aparılmışdır. Bu da öz növbəsində evin 2021-ci ilin iyul ayında artıq cavabdehlə bağlı olmayan səbəblərdən kirayə verilməsi üçün hazır olmadığına dəlalət edir. Bununla bağlı sübut təqdim edilmədiyindən bağ evinin real olaraq hansı tarixdə kirayə verilməsi üçün hazır olduğunu müəyyə etmək olmur. Cavabdeh tərəfindən sadalanan işlərin mahiyyətindən də görünür ki, bu işlərin əksəriyyəti fəhlə tərəfindən görülməli olan işlər olmuş (tikinti materiallarının boşaldılması, daşınması, quyunun doldurulması), suvağın təmizlənməsi (qaşınması), divarlarda olan çatların aradan qaldırılması da daxil olmaqla əsaslı təmir işləri kimi qəbul edilə bilməz və bundan sonra da müəyyən təmir işləri görülməsini şərtləndirir (məsələn, cavabdehin təmizlədiyi (qaşıdığı) divar üzərinə suvaq vurulmalı, habelə sair işlər görülməlidir). Lakin tikinti ilə bağlı başqa hər hansı işin cavabdeh tərəfindən görülməli olması öz təsdiqini tapmır. Başqa sözlə, cavabdehdən sonra da bağ evində təmirlə bağlı işlər aparılmışdır. Lakin nəzərə alınmalıdır ki, suvağın təmizlənməsi (qaşınması) və divarlarda olan çatların aradan qaldırılması mahiyyət etibarı ilə ondan sonra görülməli olan işlərin keyfiyyətinə hər hansı təsir göstərmir. Belə ki, suvağın keyfiyyətsiz təmizlənməsi onun yenidən və tələb olunan keyfiyyətdə təmizlənməsinə mane olmur. Bunu bilmək üçün tikinti sahəsində xüsusi biliyə malik olmağa da ehtiyac yoxdur. Başqa sözlə, əgər cavabdeh hər hansı işi keyfiyyətsiz görmüşdürsə də (halbuki, bu hal sübuta yetməmişdir), iddiaçı bu sahədə ixtisaslaşan başqa şəxsləri (ustaları) cəlb etməklə qüsurlu işin nəticəsini aradan qaldırmaq və həmin işin keyfiyyətli yerinə yetirilməsini təmin etmək imkanını itirməmişdir. Digər tərəfdən hər kəsə məlum olan və hamılıqla qəbul olunan bir haldır ki, bağ evləri əsasən yay mövsümündə, yəni yay aylarında kirayə verilir. Lakin iddiaçının evi kirayə vermək üçün real olaraq hər hansı tədbir görməsi, o cümlədən bununla bağlı elan yerləşdirməsi, həmin evdən real olaraq kirayə əsaslarla istifadə etmək üçün hər hansı şəxsin müraciət etməsi də öz təsdiqini tapmır. Mübahisəli bağ evinin yay mövsümü bitdikdən sonra, yəni sentyabr, xüsusilə də oktyabr və noyabr aylarında kirayə verilməsinin mümkünlüyü isə iddiaçı tərəfindən ayrıca sübut edilməli olan bir haldır. Lakin digər halları olduğu kimi, bunun mümkünlüyü də iddiaçı tərəfindən sübuta yetirilmir. Bununla belə, əgər iddiaçı həqiqətən də həmin bağ evini kirayə vermək niyyətində olmuşdursa, bunun mümkünsüzlüyünün cavabdehin hərəkətləri ilə əlaqələndirilməsi, habelə yay aylarında kirayəsi aktual olan bağ evinin (hər hansı əsas göstərilmədən iyunsentyabr ayları üçün aylıq kirayə haqqı 1.000 manatdan hesablansa da, oktyabr və noyabr ayları üçün 500 manatdan hesablanmışdır) sentyabr, xüsusilə də oktyabr və noyabr aylarında kirayə verilməməsi üçün maddi zərərin tələb edilməsi əsassızdır. Məhkəmə o halı da nəzərə alır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1428 saylı ev iddiaçının 10 iyun 2008-ci il tarixdə vəfat etmiş X3 mülkiyyətindədir. Buna baxmayaraq, məhkəmə mirasın faktiki qəbulu baxımından bu evlə bağlı əldən çıxmış faydanın iddiaçı tərəfindən tələb edilməsini hüquqi baxımdan mümkün hesab edir. Lakin Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, 16 saylı evin 19 saylı mənzili iddiaçının qızı X1 mülkiyyətindədir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Məhkəmə göstərilənləri nəzərə alıb, hesab edir ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, 16 saylı evin 19 saylı mənzilin mülkiyyətçisi olmadığından bu mənzilin kirayə verilməməsi nəticəsində vurulmuş maddi zərərin (əldən çıxmış faydanın) əvəzinin ödənilməsini cavabdehdən tələb etmək (bu tələblə ona qarşı məhkəməyə müraciət etmək) üçün ümumiyyətlə subyektiv hüquqa malik deyil. Bu hal da öz növbəsində iddianın həmin hissədə rədd edilməsini şərtləndirir. Məhkəmə, iddia üzrə “əldən çıxmış faydanın tutulması” tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, “vurulmuş mənəvi ziyanın əvəzinin tutulması” tələbinin törəmə tələb olduğunu və bu tələbin təmin-olunub olunmamasının bilavasitə “əldən çıxmış faydanın tutulması” hissəsinin təmin olunubolunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi “vurulmuş mənəvi ziyanın əvəzinin tutulması” hissəsində də təmin edilə bilməz. Məhkəmə bu tələbə müstəqil tələb kimi yanaşdığı təqdirdə belə bu tələbi əsaslı hesab etmir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Lakin göründüyü kimi, iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasının sübuta yetirilməsi üçün heç bir mötəbər sübut təqdim etməmişdir. İddiaçının təqdim etdiyi və 2021-ci ilin noyabr ayına aid olan iki ədəd resept blankı isə onun cavabdehin həmin ilin iyun ayına aid olan hər hansı hərəkətləri nəticəsində mənəvi sarsıntı keçirməsi qənaətinə gəlmək üçün əsas ola bilməz. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, cavabdehdən ümumilikdə 100 manat məbləğində borcun tutulması qənaətinə gəlindiyindən cavabdehdən iddiaçının xeyrinə bu məbləğ üçün nəzərdə tutulmuş məbləğdə, yəni 30 manat məbləğində dövlət rüsumu tutulmalı, dövlət rüsumunun qalan 70 manat hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 100 manat məbləğində pul, habelə ödənilmiş dövlət rüsumunun 30 manat məbləğində hissəsinin əvəzi tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 100 (bir yüz) manat məbləğində pul, habelə ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat məbləğində hissəsinin əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-582/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-582/2022
24.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver