Məhkəmə qərarları › İş №2(001)-582/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-582/2025

13.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-582/2025 13.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçıların nümayəndəsi Nümayəndə Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən İddiaçı1 6179 manat, İddiaçı2 11506 manat olmaqla, cəmi 17685 manat borc pulun alınıb iddiaçıların nümayəndəsi Nümayəndə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, Rusiya Federasiyasının Moskva şəhərində yaşayan iddiaçılar İddiaçı1 8679 (səkkiz min altı yüz yetmiş doqquz) manat və İddiaçı2 14006 (on dörd min altı) manat, ümumilikdə 22685 (iyirmi iki min altı yüz səksən beş) manat obyekt açmaq üçün borc pulu bank köçürmələri vasitəsilə göndəriblər. Köçürmə qəbzləri iş materiallarına əlavə edilib. Cavabdehə verilmiş borc pul qaytarılmadığı üçün İddiaçı2 Bakı şəhərinə gəlib cavabdehlə danışıb. Ondan sonra cavabdeh 01 dekabr 2022-ci ildə borcundan hər bir iddiaçı üçün 2500 manat olmaqla, cəmi 5000 manat pulu iddiaçıların nümayəndəsi Nümayəndə kart hesabına ödəniş edib. Hal-hazırda cavabdehin ümumilikdə İddiaçı1 6179 manat, İddiaçı2 11506 manat, cəmi 17685 manat borcu var. Borcunu qaytarmağı tələb etsələr də heç bir nəticə olmur, cavabdeh ancaq yalan vədlər verir və borcu qaytarmaqdan yayınır.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra qeyd etmişdir ki, cavabdeh 01 dekabr 2022-ci ildə iddiaçıların borcuna görə onun aliment kartına 5000 manat pul keçirmişdir. Hazırda cavabdeh guya həmin pulu uşaqlara ödənilən alimentə görə ödədiyini bildirsə də bu həqiqət deyil. Belə ki, cavabdeh alimenti hər ay müntəzəm olaraq ödəyib, onun heç vaxt alimentə görə borcu olmayıb. Cavabdeh 5000 manatı karta ödəyəndən qabaq da, sonra da alimenti mütəmadi ödəyib. Yalnız hazırkı məhkəmə proseslərindən sonra, yəni 2024-cü ilin dekabr ayından alimenti ödəməyib.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək qeyd etdi ki, iddiaçıların ona pul göndərmələrini xatırlamır. Bundan başqa iddiaçılar iddia müddətini ötürüblər. O, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edib. Daha sonra bildirdi ki, 2022-ci ildə iddiaçıların borcuna görə deyil, alimentə görə iddiaçıların nümayəndəsi Nümayəndə aliment kartına 5000 manat pul ödəyib. Həmin pulu ödəyənədək və sonralar da alimenti hər ay ödəyib. Lakin bundan sonra 5000 manatı ödədiyinə görə aliment ödəməyəcək. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

b) Mülki işin materialları:

5. Pul köçürmələrindən görünür ki, “Western Union” pul köçürməsi sistemi vasitəsi ilə İddiaçı1 tərəfindən Cavabdeh xx.xx.2018-ci il tarixdə 120.000 rubl, ödəniş günü manata olan məzənnə ilə 3030,30 manat, “Zolotaya Korona” pul köçürməsi sistemi vasitəsi ilə xx.xx.2018-ci il tarixdə 50.000 rubl, ödəniş günü dollara olan məzənnə ilə 789 ABŞ dolları, “Western Union” pul köçürməsi sistemi vasitəsi ilə xx.xx.2018-ci il tarixdə 165791,13 rubl, ödəniş günü manata olan məzənnə ilə 4000 manat, “Western Union” pul köçürməsi sistemi vasitəsi ilə xx.xx.2018-ci il tarixdə 222,20 ABŞ dolları, ödəniş günü manata olan məzənnə ilə 361,72 manat məbləğində pul, həmçinin “Western Union” pul köçürməsi sistemi vasitəsi ilə İddiaçı2 tərəfindən Cavabdeh xx.xx.2018-ci il tarixdə 5000 ABŞ dolları, “Zolotaya Korona” pul köçürməsi sistemi vasitəsi ilə xx.xx.2018-ci il tarixdə 100.000 rubl, ödəniş günü manata olan məzənnə ilə 2398 manat məbləğində pul köçürülmüşdür.

6. “NS BANK” AO tərəfindən verilmiş xx.xx.2023-cü il, 29/03 nömrəli arayışdan görünür ki, İddiaçı1 tərəfindən Cavabdeh xx.xx.2018-ci il tarixdə 220 USB Dolları, xx.xx.2018-ci il tarixdə 120000 Rubl, xx.xx.2018-ci il tarixdə 165791,13 Rubl məbləğində pul vəsaiti göndərilmişdir.

7. “NS BANK” AO tərəfindən verilmiş xx.xx.2023-cü il, 29/02 nömrəli arayışdan görünür ki, İddiaçı2 tərəfindən Cavabdeh xx.xx.2018-ci il tarixdə 5000 USB Dolları, xx.xx.2018-ci il tarixdə 100000 Rubl məbləğində pul vəsaiti göndərilmişdir.

8. xx.xx.2022-ci il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, Nümayəndə aliment kart hesabına xx.xx.2022-ci il tarixdə 5000 manat ödəniş edilmişdir.

c) Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

9. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

10. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

11. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

12. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

13. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

14. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:

15. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

19. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

ç) Məhkəmənin mövqeyi:

20. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir.

21. Məhkəmə iclasında Cavabdeh iddiaçıların ona pul göndərmələrini xatırlamadığını bildirdi. Lakin onun bu dəlili iş materialları ilə təkzib olunur.

22. Belə ki, iş materiallarında olan pul bank köçürmələrindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 müxtəlif vaxtlarda cavabdehə pul göndərmiş və cavabdeh onları qəbul etmişdir.

23. Bundan başqa iddiaçı tərəfindən təqdim olunmuş CD disk məhkəmə tərəfindən tədqiq olunarkən məlum olmuşdur ki, cavabdeh İddiaçı1 ilə söhbət əsnasında borcu olduğunu etiraf edərək pulun ödənilməsi üçün görüşmələrini təklif etmişdir.

24. Bundan başqa iş materiallarından görünür li, 01.12. 2022-ci il tarixdə Cavabdeh iddiaçıların nümayəndəsi Nümayəndə aliment kartına 5000 manat pul ödəmişdir.

25. İddiaçıların nümayəndəsi Nümayəndə məhkəmə iclasında cavabdeh tərəfindən həmin pulun 2500 manatının anası İddiaçı1, 2500 manatının isə İddiaçı2 borcuna görə iddiaçıların təklifinə əsasən onun kartına ödənildiyini bildirmişdir.

26. Məhkəmə iclasında Cavabdeh 5000 manatı Lalə Həçiyevanın aliment kartına yalnız alimentə görə ödədiyini bildirmişdir.

27. Məhkəmə cavabdehin bu dəlilini inandırıcı hesab etmir. Belə ki, aliment kartından çıxarışdan görünür ki, cavabdeh tərəfindən aliment tutulması müəyyən edilən vaxtdan hər hansı bir böyük məbləğ ödənilməmişdir, hətta müəyyən edilən aliment məbləği bəzi hallarda bir neçə dəfəyə ödənilib. Bundan başqa müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 5000 manat karta ödənildikdən qabaq da sonra da aliment müntəzəm ödənilib. Yalnız hazırkı məhkəmə proseslərindən sonra, yəni 2024-cü ilin dekabr ayından alimenti ödəməyib.

28. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən cavabdehə pul göndərilməsi və onun da həmin pul məbləğlərini qəbul edərək alması iş materialları ilə sübuta yetirilir. Eləcə də məhkəmə hesab edir ki, iddiaçı tərəfin cavabdeh tərəfindən 01.12. 2022-ci il tarixdə 5000 manat pulun onlara olan borcun müqabilində iddiaçıların nümayəndəsinin, yəni cavabdehin sabiq arvadının aliment kartına ödəməsinə dair dəlili əsaslıdır.

29. Bundan başqa Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddiaçıların iddia müddətini ötürdüyünü iddia edərək iddia müddətini tətbiq etməklə iddianın təmin edilməməsini xahiş etmişdir.

30. Məhkəmə hesab edir ki, Cavabdeh ərizəsi əsassızdır.

31. Belə ki, iş materiallarından müəyyən olunur ki, 2018-ci ilin iyul-dekabr ayları ərzində pul bank köçürmələri vasitəsilə iddiaçılar İddiaçı1 tərəfindən 8679 manat, İddiaçı2 tərəfindən isə 14006 manat Cavabdeh pul köçürülmüş və sonuncu tərəfindən qəbul edilmişdir. Bundan başqa cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıların borcuna görə 5000 manat pul ödənilmişdir. İddia ərizəsi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur, yəni 3 illik iddia müddəti ötürülmədən verilmişdir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.

34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

35. Bundan başqa iş materiallarından görünür ki, iddiaçılar cavabdehə pulu rus rublu və ABŞ dolları kimi göndərmiş, cavabdeh isə iki hal (789 və 5000 ABŞ dolları) istisna olmaqla həmin pulları ekvivalentinə uyğun olaraq manat şəklində qəbul etmişdir. İki halda isə göndərilən pulu ABŞ dolları şəklində qəbul etmişdir. İş materiallarıdan görünür ki, iddia tələbi zamanı qeyd edilən 789 və 5000 ABŞ dollarının həmin dövrə uyğun olaraq manata məzənnəsi həcmində tələb edilmişdiur.

36. Məhkəmə hesab edir ki, İddiaçı1 tərəfindən 8679 (səkkiz min altı yüz yetmiş doqquz) manat və İddiaçı2 tərəfindən 14006 (on dörd min altı) manat, ümumilikdə 22685 (iyirmi iki min altı yüz səksən beş) manat pulun Cavabdeh göndərilməsi və onun tərəfindən qəbul edilməsi öz təsdiqini tapdığından və iddiaçıların bildirdiyi kimi onlara ödənilmiş 5000 (müvafiq olaraq hər birinə 2500 manat olmaqla) manat məbləğində pul həmin məbləğdən çıxılmalı, iddiaçılar İddiaçı1 6179 manat, İddiaçı2 11506 manat, cəmi 17685 manat cavabdehdən tutularaq onlara ödənilməlidir.

37. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi borc pulun alınıb iddiaçıların nümayəndəsi Nümayəndə verilməsi barədə hissəsində təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə görə iddia tələbi təmin edildiyi halda tuytulacaq məbləğ iddiaçılara verilməlidir.

38. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Məhkəmə hesab edir ki, tələb edilmədiyinə görə dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

40. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.

41. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.

42. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

43. Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

44. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 6179 manat İddiaçı1, 11506 manat İddiaçı2 xeyrinə, cəmi 17685 manat tutularaq onlara ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 6179 (altı min yüz yetmiş doqquz) manat İddiaçı1, 11506 (on bir min beş yüz altı) manat İddiaçı2 xeyrinə, cəmi 17685 (on yeddi min altı yüz səksən beş) manat tutularaq onlara ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar