Məhkəmə qərarları › İş №2(001)-5827/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5827/2022

02.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5827/2022 02.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 2.700 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirmişdir ki, o, cavabdehə hissə-hissə qaytarmaq şərti ilə ümumilikdə 3.000 manat məbləğində borc vermişdir. Lakin cavabdeh həmin pulun cəmi 300 manat hissəsini qaytarmış, qalan hissəsini isə bugünədək qaytarmamışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Bu səbəbdən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfi dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh biri-birini tanıyan şəxslərdir. Aralarında olan münasibətlər çərçivəsində iddiaçı cavabdehə borc vermişdir. Hazırda iddiaçı cavabdehə hissə-hissə qaytarmaq şərti ilə 3.000 manat məbləğində borc verdiyini, lakin cavabdehin həmin pulun cəmi 300 manat hissəsinin qaytardığını, 2020-ci ilin yanvar ayından müxtəlif bəhanələr gətirərək, borcun qalan hissəsini qaytarmaqdan yayındığını bildirir və cavabdeh tərəfindən ona ödənilməli olan, lakin ödənilməmiş 2.700 manat məbləğində pulun ödənilməsini tələb edir. İddiaçının şikayətinə əsasən Bakı şəhəri Nərimanov rayon Polis idarəsində aparılmış araşdırma çərçivəsində iddiaçı eyni məzmunlu izahat verərək, cavabdehin ona 2.700 manat məbləğində borcunun qaldığını bildirmişdir. Cavabdeh isə öz izahatında iddiaçını tanıdığını, onunla yaxşı münasibətlərdə olduğunu, ondan borc olaraq 1.700 manat məbləğində pul aldığını və tam məbləği hissə-hissə faiz borcu qismində qaytardığını, hazırda ondan əsas borc məbləğinin tələb edildiyini, lakin onun hər hansı məbləğdə borcunun qalmadığını qeyd etmişdir. Bakı şəhəri Nərimanov rayon Polis idarəsinin “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Məhkəmə aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub belə qənaətə gəlir ki, hüquqi nəticə etibarı ilə tərəflər arasında şifahi borc müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Bu münasibətlər çərçivəsində də cavabdehə 3.000 manat pul verdiyini və həmin pulun 2.700 manat hissəsinin bügünədək qaytarılmadığını iddia edən iddiaçı bu halları sübut etməli idi. Lakin iddiaçı bu mövqeydən çıxış etsə də, cavabdehə 3.000 manat məbləğində pulu borc verdiyini təsdiq edən hər hansı sübut (hər hansı iltizam almayıb, sadə formada kağız üzərində qeydiyat aparılmayıb və s.) təqdim edə bilmir. Təqdim etdiyi (cavabdehlə aralarında whatsapp sosial şəbəkə vasitəsi ilə baş vermiş yazışma nəticəsində cavabdeh tərəfindən göndərilmiş səsli mesaj və yazılı mesaj) sübutlarla isə cavabdehin ona 2.000 manat məbləğində borcunun olduğu öz təsdiqini tapır. Halbuki, cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis idarəsində aparılmış araşdırma zamanı yazdığı izahatında ümumiyyətlə hər hansı borcunun qalmadığını və borc məbləğini faiz borcu qismində ödədiyini bildirmişdir. Lakin cavabdehin iddiaçıdan borcu hər hansı dərəcə ilə faiz ödəmək şərti ilə aldığı, habelə iddiaçının etiraf etdiyi 300 manat puldan başqa hər hansı məbləğdə borc qaytardığı müəyyən edilmir. İddiaçı da borcu faiz ödəmək şərti ilə vermədiyini və aralarında olan yazışmanın 300 manat ödənildikdən sonra aparıldığını vurğulayır. Bununla belə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya hazırda məhz 2.000 manat məbləğində (məhz bu məbləğ sübuta yetir) borcu qalmışdır. Bu səbəbdən iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 2.000 manat məbləğində pul tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2 maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2.000 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia qiyməti 2.000 manat təşkil etdiyindən ödənilməli olan dövlət rüsumu 40 manat məbləğində müəyyən edilməli və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2.000 (iki min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 40 (qırx) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar