Məhkəmə qərarları › İş №2(001)-583/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-583/2022

27.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-583/2022 27.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yarımqoşqunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yarımqoşqunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçın şəxsi mülkiyyətində olan yarımqoşqunu müvəqqəti işlətməsi üçün Cavabdeh Aydm oğluna vermişdir. Həmin vaxt cavabdeh lazım olduğu təqdirdə iddiaçını axtarmamaq üçün iddiaçıdan baş etibarnamə verməyini xahiş etmiş, cavabdehlə münasibətləri yaxşı olduğundan və ona etibar etdiyindən, iddiaçı cavabdehin istəyinə uyğun etibarnamə vermişdir. Lakin sonradan bu nəqliyyat vasitəsinin başqa kiməsə verilməsi barədə aralarında şifahi razılaşma olmuş və iddiaçı istədiyi vaxt nəqliyyat vasitəsini geri alacağını bildirmişdir. Cavabdeh aralarında olan şifahi razılaşmanı pozaraq, iddiaçıya heç bir məlumat vermədən iki nəfərə etibarnamə vermiş, iddiaçının razılığı olmadan iddiaçının mülkiyyətinidə olan nəqliyyat vasitəsini tanımadığı başqa şəxslərin istifadəsinə vermişdir. Belə ki, 14.03.2013-cü il tarixdə X3, 05.11.2014-cü il tarixdə X2 etibarnamə vermişdir. X3 verilmiş etibarnaməyə 14.03.2014-cü il tarixdə xitam verilmişdir. İddiaçı bu barədə məlumat aldıqda cavabdehdən dərhal yarımqoşqunu geri qaytarmasını tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə qaytarmaqdan imtina etmişdir. Cavabdeh verimiş etibarnaməyə 05 may 2020ci il tarixdə xitam verilmişdir. Cavabdeh hal-hazırda səlahiyyəti olmadığı halda qeyriqanuni olaraq iddiaçıya məxsus nəqliyyat vasitəsini idarə edir. Cavabdeh tərəfindən nəqliyyat vasitəsinin qaytarılmaması iddiaçının hüquqlarını kobud şəkildə pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa zidd izahat vermişdir. O, izahatında məhkəməyə bildirmişdir ki, əslində yarımqoşqunun Cavabdeh olmamasını bilir. Belə ki, 2012-ci ildə o, Cavabdeh ilə birlikdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 25000 manat ödəyərək yarımqoşqu almışlar. Lakin yarımqoşquda texniki problem olduğu üçün onu demək olar ki, dərhal geri qaytardılar, şirkət də ödədikləri 25000 manatı onlara geri ödədi. Lakin Cavabdeh iddiaçının payına düşən pulu da götürərək ona vermədi. Əslində yarımqoşqunun hal-hazırda sonuncu etibarnamə verilmiş X1 olmasını bilir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, İddiaçı yarımqoşqunun alınmasına heç bir aidiyyəti yoxdur. O, yarımqoşqunun alınmasına bir manat da olsun pul ödəməmişdir. İddiaçı özü də təsdiq etdiyi kimi, yarımqoşqu elə alınan gün müəyyən edilmişdir ki, texniki cəhətdən nasazlığı var. Bu məlum olandan sonra yarımqoşqu dərhal şirkətə qaytarılmışdır. Şirkət tərəfindən sonrakı əməliyyatlar isə yarımqoşqu iddiaçının adında qaldığına görə, etibarnamə əsasında icra edilmişdir. Halhazırda iddiaçının narazılığı ondan ibarətdir ki, adına yarımqoşqu olduğuna görə dövlət tərəfindən ayrılmış maddi yardım ona ödənilməmişdir. Ona görə də o, hətta adına sonuncu etibarnamə verilmiş şəxslə müəyyən danışıqlar aparmış, ondan 600 manat pul istəmişdir, lakin danışıqlar bir nəticə verməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, İddiaçı Lider markalı yarımqoşqunun Cavabdeh qanunsuz sahibliyində olduğunu iddia etdiyi və yarımqoşqunun ondan alınmasını tələb etdiyi halda, yarımqoşqunun Cavabdeh qanunsuz sahibliyində olmasını sübut etməli idi. İddiaçı isə nəinki bunu sübut etməmiş, hətta məhkəmə iclasında verdiyi izahatda məhkəməyə bunun tam əksini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı yarımqoşqunun qaytarılması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı yarımqoşqunun qaytarılması tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar