Məhkəmə qərarları › İş №2(001)-584/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-584/2024

09.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-584/2024 09.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun azyaşlı övladları xx.xx.2009-cu il təvəllüdlü İddiaçı Ramin oğlunun, xx.xx.2006-cı il təvəllüdlü X3 Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi 11 nömrəli evin 6 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan iddiaçı tələbini dəyişərək, cavabdehin azyaşlı uşaqları İlyas və Nihadla birlikdə istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MÖ №252017 saylı Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi 111 nömrəli evin 6 saylı mənzili İddiaçı mülkiyyətidir. Xüsusi mülkiyyətində olan mənzildə keçmiş gəlini, hazırki iş üzrə Cavabdeh azyaşlı övladları X6 və X7 ilə birlikdə pasport qeydiyyatındadırlar. X2 və Cavabdeh Binəqədi Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə ilə nikahları pozulub və 15 may 2020-ci il tarixdə nikahın pozulması haqqında şəhadətnamə verilib. Cavabdeh və azyaşlı övladları mülkiyyətində olan mənzildə pasport qeydiyyatında olsalar da, faktiki olaraq 2020-ci ilin fevral ayından ƏMDX tərəfindən verilmiş çıxarışa əsasən 2/3 hissədə Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24 B, mənzil 226(yeni qaydalarla: AZ 1070, ünvan 1 ünvanında yaşayırlar. Daxili işlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, onlar Bakı şəhəri. Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi 11 nömrəli evin 6 saylı mənzildə pasport qeydiyyatındadırlar. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Bundan əlavə bildirmişdir ki, cavabdeh oğlu ilə 2005-ci ilin sentyabr ayında nikaha daxil olub gəlin kimi ona dövlət tərəfindən 80-ci illərdə verilən mənzilə köçmüşdür. Daha sonra oğlugil Yasamal rayonunda yeni mənzil almış və onlar orada yaşamaq üçün daimi olaraq çıxıb getmişlər. Hazırda cavabdeh və himayəsində olan uşaqlar həmin mənzildə yaşayırlar, hansı ki, qətnamə ilə uşaqların cavabdehin yanında saxlanılmasına görə ona 2/3 hissədə mənzildən pay verilmişdir.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

6. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MÖ №252017 saylı Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi 111 nömrəli evin 6 saylı mənzili xx.xx.2005-ci il tarixdən cavabdehin xüsusi mülkiyyətindədir. Həmin mənzil buna qədər orderli mənzil olmuş və iddiaçıya dövlət tərəfindən icarəyə verilmiş və sonradan iddiaçı tərəfindən özəlləşdirilmişdir. Cavabdeh iddiaçının oğlu X1 arvadıdır. Belə ki, tərəflər arasında 2005-ci ilin sentyabr ayında bağlanmış nikah məhkəmə qətnaməsi əsasında 2020-ci ildə pozulmuş və uşaqların anasının yanında qalması müəyyən edilmişdir. Cavabdehin adına paylı mülkiyyət hüququ ilə Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24 B, mənzil 226(yeni qaydalarla: AZ 1070, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak vardır və cavabdeh himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə uzun müddətdir ki orada yaşayır. Cavabdeh və himayəsində olan yetkinlik yaşına çatmayan uşaqlar Bakı şəhəri. Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi 11 nömrəli evin 6 saylı mənzilində pasport qeydiyyatındadırlar. İddiaçı cavabdehin və himayəsində olan uşaqların qeydiyyatdan çıxarılması ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət etsə də, onun tələbinin təmin edilməsindən imtina edilmiş və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

7. İşin müəyyən edilmiş faktiki halları baxımından və Konstitusiya Məhkəməsinin Plenum qərarlarında formalaşmış hüquqi mövqeyə görə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında mənzildən istifadə ilə bağlı yaranmış mübahisə 2009cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin tələbi baxımından qiymətləndirilməlidir. Belə ki, cavabdeh icarədarın ailə üzvü sifətiylə 2005-ci ilin sentyabr ayında mübahisəli mənzilə köçürülmüş və orada yaşayan şəxslərlə bərabər yaşayış sahəsindən istifadə hüququ əldə etmişdir.

8. 01.10.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

9. Həmin məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir.Həddibüluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

10. Həmin məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

11. Həmin məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.1999cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Qanunverici yuxarıda göstərilən qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qarşısında qaldırıla bilər. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsi ilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz.

13. İşin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdeh himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə daimi yaşamaq üçün mülkiyyətində olan mənzilə (Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24 B, mənzil 226 (yeni qaydalarla: AZ 1070, ünvan 1) köçmüş və orada yaşayır. Odur ki, yuxarıda sadalanan normaların tələbi baxımından onun daimi yaşamaq üçün getdiyi vaxtdan istifadə hüququ itirilmiş hesab edilməlidir.

14. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.

15. Bu baxımdan məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri onların valideynlərinin yaşayış yeri sayıldığından və məhkəmə qətnaməsi ilə uşaqların cavabdehin yanında saxlanması müəyyən edildiyindən onların da istifadə hüququ itirilmiş hesab edilməlidir. Tətbiq edilən prosessual normalar:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

17. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

18. 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

19. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

20. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır;

21. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

22. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2009-cu il təvəllüdlü İddiaçı Ramin oğlu və xx.xx.2006-cı il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi 11 nömrəli evin 6 saylı mənzilinə istifadə hüquqları itirilmiş(xitam edilmiş) hesab edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

23. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2009-cu il təvəllüdlü İddiaçı Ramin oğlu və xx.xx.2006-cı il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi 11 nömrəli evin 6 saylı mənzilinə istifadə hüquqları itirilmiş(xitam edilmiş) hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar