Məhkəmə qərarları › İş №2(001)-5845/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5845/2021

14.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5845/2021 14.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əmlak F.MMC-nin direktoru Cavabdeh3 qarşı evin dəyərinə görə 28500 manatın, əşyaların dəyərinə görə 9140 manatın, dövlət rüsumuna görə 30 manatın müştərək qaydada tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əmlak F.MMC-nin direktoru Cavabdeh3 qarşı evin dəyərinə görə 28500 manatın, əşyaların dəyərinə görə 9140 manatın, dövlət rüsumuna görə 30 manatın müştərək qaydada tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 29.06.2018-ci il tarixdə Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci Mədən 4-cü korpus ünvanında yerləşən bir mərtəbəli 3 otaqlı tam təmirli fərdi yaşayış evini əvvəlki sahibi X2 faktiki alqı-satqı yolu ilə 28500 manata almış, 43 saylı notariat kontorunda N.B.Novruzov ərizə verərək evini ona satdığını təsdiq etmişdir. Onun adına 29.06.2018-ci il tarixdə SSS- Tikililərin Eskiz Layihəsi MMC tərəfindən Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci Mədən 4-cü korpus ünvanında yerləşən bir mərtəbəli 3 otaqlı tam təmirli fərdi yaşayış evinin qiymətləndirilməsinə dair qiymətləndirmənin nəticələri haqqında rəy tərtib edilmişdir. Alqısatqıdan sonra o, həmin evdə qızı ilə birlikdə yaşamışdır. Müəyyən vaxtdan sonra o, işi ilə bağlı xaricə getməli olmuş, pandemiya səbəbindən xeyli vaxt ölkəyə qayıda bilməmiş, yalnız telefon əlaqəsi saxlaya bilmişdir. Xaricdə olduğu vaxt qızı X3 ona zəng vuraraq aldığı evdə başqa insanın yaşadığını demişdir. 2020-ci ildə o, Bakı şəhərinə qayıtmış, polisə şikayət etsə də, bir nəticəsi olmamışdır. Məhkəməyə müraciət etsə də, ona pulunu tələb etmək hüququnun olması bildirilmişdir. Bu vaxt ərzində Cavabdeh2 qanunsuz olaraq həmin evə qeydiyyata düşmüşdür. Ona görə də evin alınmasına verdiyi pulu cavabdehlərdən tələb etmək qərarına gəlmişdir. Belə ki, oğlu Cavabdeh1 onun xaricdə olmasından istifadə edib Əmlak F MMC-nin direktoru Cavabdeh3 və Cavabdeh2 ilə əlbir olub onun aldığı fərdi yaşayış evinə qiymətləndirmə cədvəli hazırlayıb Cavabdeh2 satmışdır. O, polisə müraciət edən zaman Əmlak F MMC-nin direktoru Cavabdeh3 guya aldadıldığını və Cavabdeh1 ona yalan danışdığını bildiyindən tələm-tələsik Əmlak F MMC tərəfindən hazırlanmış qiymətləndirmə cədvəlinin etibarsızlğına dair akt tərtib edərək həmin sənədi 30.07.2019-cu il tarixdən qüvvədən düşmüş hesab etmişdir. Cavabdehlər bir-birilərini yaxşı tanıdıqlarından onun evini bazar qiymətindən çox asağı qiymətə faktiki alqı-satqı edərək etibarsız podrat müqaviləsi bağlamışlar. Evin kommunal xidmətləri onun adına olmuş, oğlu Pərvizin adına keçməsindən məlumatı olmamışdır. O, 29.06.2018-ci il tarixdə evi aldıqdan sonra həmin evdə istifadə edilməsi üçün 500 manata mətbəx mebeli, 400 manata televizor, 800 manata soyuducu, 500 manata Belgiya istehsalı olan iki ədəd xalça, 250 manata stol, 40 manata mətbəx stolu, İstiqbaldadan 1300 manata ikinəfərlik çarpayı və tumba, 150 manata birnəfərlik ortopedik döşəkli çarpayı, 700 manata senserli soba, İstiqbaldan 1100 manata divan, 200 manata 4 ədəd örtük, 100 manata 2 ədəd yun yorğan, 100 manata su matoru, 1500 manata kombi, 50 manata sərinkeş, 150 manata 3 ədəd tül pərdə, 600 manat dəyərində mətbəxdə istifadə edilməsi üçün qablar, 200 manata qaz sobası, 400 manata şifoner almışdır. Cəmi dəyəri 9140 manat olan həmin əşyalar da cavabdehlər tərəfindən satılmışdır. Ona görə də cavabdehlərdən müştərək qaydada evin dəyərinə görə 28500 manatın, əşyaların dəyərinə görə 9140 manatın, dövlət rüsumuna görə 30 manatın onun xeyrinə tutulmasına dair qətnamə, cavabdehlərin və buna şərait yaradan notariat ofisinin barəsində xüsusi qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 Oruc qızı İddiaçı izahatını təsdiq etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil2 İddiaçı izahatını təsdiq etmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil3 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh2 özünə ev almaq qərarına gəlmiş, ev axtarmış, öz evini satan Cavabdeh1 ilə tanış olmuşdur. Cavabdeh1 satdığı ev özbaşına tikili olduğunan, heç bir sənədi olmadığından tərəflər arasında podrat müqaviləsi bağlanmışdır. Şəlalə ilkin olaraq Pərvizə 20000 manat ödəmiş, qalan 6000 manatı hər ay 500 manat olmaqla hissə-hissə öməmişdir. Pulu tam alması barədə Pərviz Şəlaləyə məxsus müqavilənin surətində qeyd etmişdir. Pərviz evi əşyalarsız, boş vəziyyətdə Şəlaləyə təhvil verilmişdir. Şəlalə evə baxmağa gələndə həmin evdə Cavabdeh1 yaşadığını, evin onun istifadə və sahibliyində olduğunu görmüşdür. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Əmlak F. MMC-nin direktoru Cavabdeh3 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, direktoru olduğu Əmlak F. MMC hal-hazırda fəaliyyətini dayandırmışdır. Fəaliyyət göstərdiyi müddətdə yalnız vətəndaşlara fərdi evlərin tikintisi üçün layihələrin hazırlanması, tikilməkdə olan evlərin vizual görünüşünü çəkilməsi kimi xidmətlər göstərmişdir. Hazırlanmış layihələr yalnız Əmlak F MMC-yə məxsus möhürlə təsdiq edilmişdir. Vətəndaşlara layihənin səlahiyyətli dövlət orqanlarında tanıdılaraq təsdiq olunması istiqamətində tövsiyələr verilmişdir. İddiaçı evində yaşayan oğlu Cavabdeh1 yaşadığı evin qaz sayğacı çekini ona göstərərək yaşadığı evin onun adına olmasını bildirib evinə daşınmaz əmlakın qiymətləndirmə cədvəli hazırlanmasını xahiş etmişdir. O, əmlaka yerində baxış keçirərək lazımı ölçüləri götürüb daşınmaz əmlakın qiymətləndirmə cədvəlini Cavabdeh1 təqdim etmək üçün hazırlamışdır. Bir müddət sonra Yaşar adlı tanışı ona müraciət edərək Cavabdeh1 öz evini notariusda podrat müqaviləsi ilə Cavabdeh2 satmasını bildirib daşınmaz əmlakın qiymətləndirmə cədvəlinin həmin xanımın adına dəyişdirilməsini xahiş etmişdir. O, sənədləşməni həyata keçirsə də onlar arasında aparılmış hesablamalarda, eləcədə natarius əməliyyatlarında iştirak etməmişdir. İddiaçı şikayəti əsasında o, Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinə dəvət olunmuş, orada iddiaçının qardaşı və qızı kimi özlərini təqdim edən şəxslər Cavabdeh1 onlardan xəbərsiz evi satmasını ona demişlər. O, Pərvizin cağrılması xahiş etsə də Pərvizin tapılmasının mümkün olmadığı ona deyilmişdir. Bundan sonra o, İddiaçı məxsus evə dair tərtib etdiyi qiymətləndirmə cədvəlinin bir tərəfli ləğv olunması və bu barədə akt tərtib olunmasına dair Zeynəbin qızının və qardaşının xahişini nəzərə alaraq tərtib olunmuş qiymətləndirmə cədvəlinin etibarsız hesab olunması barədə akt tərtib edərək polisə təqdim etmişdir. O, İddiaçı, onun qardaşını, qızını, oğlu Pərvizi əvvəllər tanımamış, göstərdiyi xidmət vətəndaşlara kömək məqsədi ilə olmuşdur. Ailə daxili münaqişələrdə heç bir iştirakı olmadığından İddiaçı ona qarşı olan tələbini qəbul etmir və iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Cavabdeh1 ilə X7 arasında bağlanmış 12.06.2019-cu il tarixli podrat müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 öz materiallarından istifadə etməklə Bakı şəhəri Binəqədi qəsəbəsi mədən 1, korpus 4 ünvanında yerləşən tikinti sahəsi 75 m2 təşkil edən 3 metr tavan hündürlüyü, 5,4 metr hündürlüyü 2 daş kürsüdə olan 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, Ş.S.Muradova isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Podrat müqaviləsinin 2.1-ci bəndindən müəyyən olunur ki, hazırkı müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 26000 manat təşkil edir. Sifarişçi həmin məbləğin 20000 manatını müqavilə bağlandığı gün nağd şəkildə ödəyir, 6000 manatını isə 12 ay müddətində hər ay 500 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.10.2020-ci il tarixli 2(001)-4614\2020 saylı qərardadından müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı podrat müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanmışdır. Qərardaddan daha sonra müəyyən olunur ki, məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı onun anasıdır və onun tərəfində mübahisələndirilən fərdi yaşayış evi iddiaçıya deyil, ona məxsus olmuşdur. O, da cavabdeh Bəşirova (Muradova) Şəlalə Sabir qızı ilə aralarında əldə edilmiş razılığa əsasən həmin evi 26000 manat məbləğində pul müqabilində Bəşirova (Muradova) Şəlalə Sabir qızına təhvil vermiş, özü isə ailəsi ilə birlikdə həmin evi tərk etmişdir. İddiaçı həmin evdə heç vaxt yaşamamış, həmin evdə o, ailəsi ilə birlikdə yaşamış, ev onun istifadə və sahibliyində olmuşdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli 2(001)-1003\2021 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı dəymiş ziyanın və mənəvi zərərin ödənilməsi tələbinə dair ilkin, İddiaçı Cavabdeh2 qarşı podrat müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 19.05.2021-ci il tarixli 2-1(112)-2784\2021 saylı qərardadından müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı 3-cü şəxs Bəşirova (Muradova) Şəlalə Sabir qızı işə cəlb edilməklə cavabdehin imtinasının qanunsuz hesab edilərək, Bəşirova (Muradova) Şəlalə Sabir qızının ünvan 3 ünvanına yaşayış yeri üzrə pasport qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinədair iddia ərizəsi mümkün sayılmamışdır. X4 Binəqədi RPİ-nin 4-cü PŞ-nə ünvanladığı 04.06.2019-cu il tarixli ərizəsindən müəyyən olunur ki, Ş.S.Muradova 02.06.2019-cu il tarixdə qeyd olunan ünvandakı mənzili Cavabdeh1 alaraq 04.06.2019-cu il tarixdə həmin ünvana köşmüş, lakin aldığı evin darvazası Pərvizin bacısı tərəfindən sındırıldığından bu barədə tədbir görülməsini xahiş edir. Cavabdeh1 Binəqədi RPİ-nin 4-cü PŞ-nə ünvanladığı 11.06.2019-cu il tarixli ərizəsindən müəyyən olunur ki, o, Binəqədi qəsəbəsi 1-ci mədən, 4-cü korpusda olan özünə məxsus olan fərdi evini 02.06.2019-cu il tarixdə notariat qaydasında Şəlalə Muradova adlı qadına satmış, bu barədə məlumat alan Zeynab Qululu narazılığını bildirmişdir. Anasının narazılığı əsassızdır, odur ki, qanuni tədbir görülməsini xahiş edir. SSS-Tikililərin eskiz lahiyəsi MMC-nin 29.06.2018-ci il tarixli rəyindən müəyyən olunur ki, İddiaçı sifarişi əsasında Binəqədi qəsəbəsi 1-ci mədən korpus 4 ünvanında yerləşən evin qiymətləndirilməsi aparılaraq 29.06.2018-ci il tarixinə dəyərinin 28500 manat olması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, o, evlərin alqı-satqısı ilə məşğul olur. Bir müddət əvvəl Cavabdeh1 ona müraciət edərək, Sumqayıt şəhərində ev aldığını, həmin ev üçün beh ödədiyini, bu səbəbdən özünə məxsus evini təcili satdığını bildirmiş və bu məsələdə ona köməklik etməyi xahiş etmişdir. O, da bu məsələ ilə məşğul olmuş və nəticədə evin X1 köməklik etmişdir. Pərvizin satdığı evdə mətbəx mebeli, soyuducu, stol, kombinin batereyaları olmuş, kombinin aparatı isə olmamışdır. Pərviz kombinin xarab olmasını demişdir. Mətbəx mebelini Pərviz 150 manata satmışdır. Pərviz evi Şəlaləyə 26000 manata satmış, Şəlalə ilik olaraq 20000 manat ödəmiş, qalan 6000 manat məbləği hər ay 500 manat olmaqla hissə-hissə ödəmək barədə razılaşmışlar. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, o, mənzillərin satılmasında vasitəçiliklə məşğuldur. Təxminən 2 il əvvəl Şəlalə onun işlədiyi ofisə gələrək ev axtarmasını bildirmişdir. Ona bir neçə ev göstərilsə də, Şəlalə bəyənməmişdir. Ülfət ona zəng edərək Pərviz adlı şəxsin ev satmasını bildirmiş, bundan sonra Şəlaləyə Pərvizin satdığı ev təklif olunmuşdur. Pərviz evi öz həyat yoldaşı ilə birlikdə Şəlaləyə göstərmişdir. Şəlalə evi bəyəndikdən sonra notariat kontorunda müqavilə bağlanmış, Şəlalə ilkin olaraq Pərvizə 20000 manat vermiş, qalan 6000 manatı hissə-hissə ödəmək barədə tərəflər razılaşmışlar. O, evdə çarpayının, mətbəx mebelinin aşağı hissəsinin, şifonerin olmasını görmüşdür. Lakin ev əşyalarsız satılmışdır. Zeynəbin şikayəti əsasında onlar Pərvizə mübahisə barədə demişlər. Pərviz onlara və polisdə verdiyi izahatda evin ona məxsus olmasını bildirmişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərmişdir ki, o, 25 ildir İddiaçı ilə yaxın rəfiqədir. İddiaçı özünə məxsus Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr, Mir Cəlal küçəsi 111 saylı evin 63 saylı mənzilində yaşayır. Təxminən 2 il əvvəl Zeynəb ev almaq istəməsini ona demişdir. Həmin vaxt Zeynəbin oğlu Pərviz subay olmuşdur. Zeynəb oğlu Pərvizə evalmaq istəsə də, oğluna güvənmirdi. O, Zeynəblə birlikdə evlərə baxmağa başlamış və Zeynəb Namiqin satdığı evi almışdır. Həmin evdə Pərviz yaşamağa başlamışdır. Lakin bir müddətdən sonra Pərvizin evi Şəlaləyə satması ona məlum olmuşdur. O, Zeynəblə birlikdə Şəlalə ilə görüşmüş, Zeynəb Şələlədən evin əşyalarını soruşarkən Şələlə heç bir əşyanı görmədiyini demişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı Z.O. Qululunun cavabdehlərdən dəyərinə görə 28500 manat tələb etdiyi Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci Mədən 4-cü korpus ünvanında yerləşən ev özbaşına tikilidir. Məhkəmə qeyd edir ki, özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 146.3.-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir, belə tikililər alqı-satqı müqaviləsinin predmeti ola bilməz, bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının dəyərini tələb etdiyi evə hər hansı bir hüququ yaranmadığından o, cavabdehlərdən həmin evə görə 28500 manat tələb etmək üçün subyektiv hüquqa malik deyildir, ona görə də bu tələb təmin edilə bilməz. Məhkəmə iddiaçının məişət və ev əşyalarına görə cavabdehlərdən 9140 manat tələbi ilə bağlı qeyd edir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi əşyaların Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci Mədən 4-cü korpus ünvanında yerləşən özbaşına inşa olunan tikilidə olmasını, cavabdehlər tərəfindən satılmasını, həmin əşyaların dəyərinin 9140 manat olmasını təsdiq edə biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi bu hissədə sübuta yetirilə bilinməməsi əsası ilə əsassızdır, təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərinin mövcud olması aşkar olunmadığından məhkəmə iddiaçının iş üzrə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsinə dair vəsatətini təmin etmir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh1, Cavabdeh2, Əmlak F.MMC-nin direktoru Cavabdeh3 qarşı evin dəyərinə görə 28500 manatın, əşyaların dəyərinə görə 9140 manatın, dövlət rüsumuna görə 30 manatın müştərək qaydada tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar