Məhkəmə qərarları › İş №2(001)-5848/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5848/2023

12.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5848/2023 12.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Qaraş oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Pekin Avto” avtomobil ehtiyat hissələri mağazasının müdiri Cavabdeh Qaraş oğlundan 720 manat məbləğində maddi ziyanın və 500 manat məbləğində mənəvi ziyanın ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

2. İddia tələbi belə əsaslandırılmışdır ki, bildirirem ki, ki, mən Xırdalan dairəsində yerləşən “Pekin Avto” avtomobil ehtiyat hissələri mağazasından alğı-satqı müqaviləsi əsasında 550 manata ehtiyat hissəsi (turbo) almışam.Mən ehtiyat hissəsini alarkən mağazada mənə bildirilmişdir ki, onların servis xidmətləri tərəfindən quraşdırılacaq və ehtiyat lalsazlıq olduğu təqdirdə mən onu 3 gün ərzində qaytara bilərəm.Aldıqdan sonra ehtiyat hissəsi (turbo) “Pekin Avto” avtomobil ehtiyat hissələrinin servis xidmətinin ustası Cəmil adlı şəxs tərəfindən quraşdırılmışdır.Bu zaman məlum oldu ki, turbo “fit” səsi çıxardır. Əlavə olaraq bildirim ki, həmin servis xidmətinə mən 170 manat məbləğində pul ödəmişəm. Mən bir gündən sonra bununla əlaqədar mağazaya müraciət edərkən mənə “kitay malı” olduğu üçün səs çıxardığını bildirdilər.Biz alqı-satqı zamanı bu qaydada razılığa gəlməmişdik. Mənə ehtiyat hissəsində hər şeyin qaydasında olduğu və narazıçılıq olduğu təqdirdə qaytara biləcəyim bildirilmişdir. Buna baxmayaraq mən müraciət edərkən “Pekin Avto” ehtiyat hissələri mağazasının müdiri öhdəlik tələblərini pozaraq tələb etdiyim pulun geri qaytarılmasından imtina etmişdir. Bundan sonra mən “Pekin Avto” ehtiyat hissələri mağzası ilə aramızda yaranmış mübahisə ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etdim. Müraciətimə cavab olaraq bildirilmişdir ki, araşdırma zamanı “Pekin Avto” avtomobil ehtiyat hissələri mağazasının Dövlət Xidmətinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda xx.xx.2023-cü il tarixində mağazaya yaxınlaşaraq malda texniki nasazlıq olduğundan qaytarılmasını tələb etdiyim, mala baxış keçirildiyi zaman tam işlək vəziyyətdə olduğu, həmin ehtiyat hissəsini “Haval” rəsmi servis mərkəzində müayinə edilməsi üçün təqdim etdiyiniz, mağaza tərəfindən servis xidməti ilə telefon əlaqəsi zamanı servis xidmətinin nümayəndəsi tərəfindən ehtiyat hissəsinin tam işlək vəziyyətdə olduğu barədə məlumat təqdim edildiyi, həmçinin seıvis xidmətində malın müayinə edilməsinin nəticəsini mağazaya təqdim edəcəyim təqdirdə qanunauyğun tədbirlər görüləcəyi, hal-hazırda sözügedən ehtiyat hissəsinin (turbonun) istifadəmdə olduğu, bu səbəbdən tələbin təmin edilməsindən imtina edildiyi bildirilmişdir. Həmçinin “GWM Haval Azerbaijan” Texniki Xidmət Mərkəzi tərəfindən Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 2106 nömrəli mək'ubda kənar satıcıdan aldığım avtomobil ehtiyat hissəsinin qüsurlu olubolmamasının müəyyən edilməsi üçün “Haval” servis mərkəzinə müraciət etdiyiniz, mərkəz tərə:indən xx.xx.2023-cü il tarixli İK0021886 nömrəli xidmət kartı tərtib edilərək ehtiyat hissəsinin müayinəsinin həyata keçirildiyi, ehtiyat hissəsi (turbo) işləyən zaman səs əmələ gəldiyi müəyyən olunduğu, xidmət kartında səsli işləməyi qeyd olunsa da, həmin ehtiyat hissəsinin (turbo) səsinin diaqnostikası nəticəsində həmin qüsu'un müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Satıcı əmtəənin ekspertizasını öz hesabına həyata keçirməli olduğu həyata keçirməmişdir. Nəticədə nasazlıq aradan qaldırılmamış, cavabdeh tərəfindən öhdəliklər icra edilməmiş, mənə dəymiş zərər geri qaytarılmamış, dəymiş zərərin ödənilməsi üçün heç bir təşəbbüs göstərilməmişdir. Bununla da mənə həm maddi, həm də süründürməçiliyə görə mənəvi zərər dəymişdir. Mən bununla bağlı iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişəm. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(001 )-4952/2023 saylı qərardadı ilə “cavabdeh q smində “Pekin Avto” avtomobil ehtiyat hissələrinin satışı mağazasının müdiri ƏsgərDv Novruzəli Qaraş oğlu kimi, onun ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov, ev 15 kimi göstərilsə də, bunu təsdiq edən heç bir sənəd əlavə edilməməsi” səbəbindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Hal-hazırda qərardadda qeyd olunan nöqsanlar aradan qaldırılmış, cavabdehin şəxsiyyətini təsdiq edən məlumatlar və onun VÖEN əsasında hüquqi ünvanını müəyyən edən sənəd iddia ərizəsinə əlavə edilmişdir. Odur ki, nəticədə məhkəməyə yenidən müraciət etmək qərarına gəlmişəm. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ehtiyyat hissələri mağazasının aşağı hissəində cavabdehin öz servisi var, turboya görə 550 manat, ustaya isə zəhmət haqqına görə 170 manat məbləğində pul ödəmişdir. xx.xx.2023-cü il tarixdə turbonun qüsurlu olub-olmamasını müəyyən etmək üçün "Haval" Azərbaycan rəsmi servis mərkəzinə müraciət etmiş, orada ona şifahi olaraq turbonun səsli olduğunu bildirmişlər. O, cavabdehə əvvəlki turbonun yanlız korpusunda problem olduğunu və onların satdığı turbonun səsli işlədiyi üçün pulun yarısının qaytarılmasını və turbonun düzəldilməsini təklif etmiş, lakin cavabdeh onun bu təklifi ilə razılaşmamış və hara istəyirsə şikayət edəcəyini bildirmişdir. Bundan sonra mən ikinci dəfə xx.xx.2023-cü il tarixdə turbonun qüsurlu olub-olmamasını müəyyən etmək üçün "Haval" Azərbaycan rəsmi servis mərkəzinə müraciət etdim. Bu zaman isə mənə turbonun səsli işləməsi bildirildi.

4. Məhkəmə iclasınlarında cavabdeh nümayəndəsi(oğlu) vasitəsilə təmsil olunmuş və nümayəndə iddianı qəbul etmədiyini bildirmiş və etirazını belə əsaslandırmışdır ki, iddiaçıya satılan ehtiyat hissəsində defekt olmamış, iddiaçının avtomobilinə turbo quraşdırılan günün səhərisi maşına baxış keçirdilmiş, baxış zamanı ehtiyyat hissəsində heç bir qüsur aşkar olunmamışdır. Lakin buna baxmayaraq iddiaçıya Havalın rəsmi servisində də maşına baxış keçirtməyi təklif etmişlər. xx.xx.2023-cü ildə Havalın rəsmi servis mərkəzində avtomobilə baxış keçirilərkən ehtiyyat hissəsində qüsurun olmaması müəyyən edilmişdir. Verilən suallara cavab olaraq nümayəndə bildirdi ki, onlar yalnız ehtiyyat hissələrinin satışı ilə məşğuldurlar, turbo quraşdırılan günün səhərisi yoxlanılan zaman turbodan fit səsi gəlməmiş, bu barədə usta tərəfindən iddiaçıya məlumat verilməsi hadisəsi olmamışdır. Turbonu quraşdıran usta onların mağazasının aşağısında ayrıca obyekti kirayəyə götürüb işləyir. Turboda problem olsa idi, tərəfimizdən turbonun yoxlanılması üçün iddiaçıya "Haval" Azərbaycan rəsmi servis mərkəzinə müraciət etməsi təklif olunmazdı. Bundan başqa turboda nasazlıq aşkar etsəydilər onu dəyişdirərdilər, çünki mağazasında turbo 3 gün müddətində zəmanətlə satılır. Onların özünə də istehsalçı tərəfindən turboya 3 gün müddətinə zəmanət verilir. Onlar istehsalçı ilə istehlakçı arasında vasitəçi rolunu daşıyırlar. Ona görə də, turbo səsli işlədiyi halda tərəflərindən dəyişdirilərdi. Bundan başqa iddiaçı turbonu almağa gələrkən onun əvvəlki turbosunun tam olaraq xarab olmadığını, ancaq turbonun korpusunda problem olduğunu bildirmişdir. İddiaçı onlara turbonun korpusunu ayrıca satmağı təklif etmiş, lakin onlar razılaşmamışlar. Çünki belə olan halda turboya zəmanət verə bilməzlər, həmçinin turbonu korpusunu ayrı satmaq olmur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

5. Cavabdeh Qaraş oğlu fərdi sahibkar kimi “Pekin avto” əmtəə nişanlı avtomobil ehtiyat hissələri mağazasında fəaliyyət göstərir və avtomobil ehtiyat hissələrinin satışı ilə məşğuldur. İddiaçı xx.xx.2023-cü il tarixdə mağazadan turbo və.s avtomobil ehtiyat hissələri almış və turboya görə 550 manat olmaqla, cəmi 625 manat ödəmişdir. Bu hal həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq etməklə işin mübahisəsiz halıdır. İddiaçı ehtiyat hissəsini aldıqdan sonra mağazanın servis xidmətində onu quraşdırmışdır və buna görə 170 manat ustaya pul ödədiyini bildirir. Lakin cavabdeh həmin servis xidmətinin onun mülkiyyətində olduğunu qəbul etsə də, başqa şəxs tərəfindən icarə əsasında istifadə edildiyini bildirir. Eyni zamanda avtomobil ehtiyat hissəsinin həmin servisdə onların təkidi ilə quraşdırıldığını və yalnız bu halda satılan ehtiyat hissəsinə qarantiya verdiklərini təsdiq edir.

6. İddiaçı ehtiyat hissəsi quraşdırıldıqdan sonra növbəti gün turbo ehtiyat hissəsinin səs verdiyi şikayəti ilə mağazaya müraciət etmişdir. Bu hal da cavabdeh tərəfindən mübahisələndirilmir.

7. İddiaçı iddia edir ki, cavabdehin və təmir sexinin ustasının iştirakı ilə onun şikayəti əsasında yoxlama aparmışlar və ona bu səsin normal olduğunu bildirilmiş və aidiyyəti üzrə avtomobilin rəsmi servisinə müraciət etməsini tövsiyyə etmişlər.

8. İddiaçı xx.xx.2023-cü il tarixdə “Haval Azerbaijan” rəsmi servisinə müraciət etmiş və elektron diaqnostika nəticəsində avtomobildə heç bir nasazlığın aşkar edilmədiyi ona bildirilmişdir. İddiaçı bu halın sonradan edilmiş diaqnostika ilə təqzib edildiyini bildirir və iddia edir ki, “Haval Azerbaijan” rəsmi servisində ilk dəfə diaqnostika aparılarkən turbonun işlək vəziyyətdə olduğu, lakin səsli işlədiyi ona şifahi qaydada bildirilsə də, diaqnostikanın nəticəsi avtomobilin ümumi işlək vəziyyətdə olub-olmaması ilə bağlı olmuşdur. Halbuki xx.xx.2023-cü ildə eyni servisdə turbonun səsli işlədiyi, xx.xx.2023-cü ildə isə artıq turbonun nasaz vəziyyətdə olduğu təsdiq edilmişdir.

9. Bundan başqa iddiaçı xx.xx.2023-cü ildə İqtisadiyyat Nazirliyinin Çağrı mərkəzinə müraciət etmiş və onun müraciətinə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində aidiyyəti üzrə baxılmışdır.

10. Sonuncunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Dövlət Xidməti tərəfindən məsələ ilə bağlı araşdırma aparılmış və mübahisə ilə bağlı həm “Pekin Avto” avtomobil ehtiyat hissələri mağazasından, həm də “GWM Haval Azerbaijan” Texniki Xidmət Mərkəzindən məlumat tələb edilmişdir.

11. “Pekin Avto” avtomobil ehtiyat hissələri mağazası xx.xx.2023-cü ildə Dövlət Xidmətinə məktub göndərmiş və bildirmişdir ki, müştəri xx.xx.2023-cü il tarixdə mağazaya yaxınlaşaraq 550 manata ehtiyat hissəsi(turbo) almış, bir gün sonra mağazaya yaxınlaşaraq malda texniki nasazlıq olduğundan qaytarılmasını tələb etmiş, mala baxış keçirilən zaman tam işlək vəziyyətdə olduğu aşkar edilmiş, müştərinin rəsmi servisə müraciət etməsindən sonra “GWM Haval Azerbaijan” Texniki Xidmət Mərkəzi ilə telefon əlaqəsi saxlanılmış, servis xidmətinin nümayəndəsi tərəfindən ehtiyat hissəsinin tam işlək vəziyyətdə olduğu onlara bildirilmiş, bununla belə hər hansı qüsur aşkar edildiyi təqdirdə rəsmi servisin müayinəsinin nəticəsini təqdim etməklə müvafiq tədbir görüləcəyi barədə müştəriyə məlumat verilmişdir.

12. Həmçinin “GWM Haval Azerbaijan” Texniki Xidmət Mərkəzi tərəfindən Dövlət Xidmətinə xx.xx.2023-cü il tarixdə cavab ünvanlanmış və bildirilmişdir ki, vətəndaş kənar satıcıdan aldığı avtomobil ehtiyat hissəsinin qüsurlu olub-olmamasının müəyyən edilməsi üçün onlara müraciət etmişdir, xx.xx.2023-cü il tarixdə ehtiyat hissəsinin müayinəsi həyata keçirilmiş, ehtiyat hissəsi(turbo)işləyən zaman səs əmələ gəldiyi müəyyən olunmuş, lakin ehtiyat hissəsinin səsinin diaqnostikası üçün şirkətdə müvafiq avadanlığın və istifadə olunan komputer diaqnostikası nəticəsində həmin qüsurun müəyyən edilməsi mümkün olmamışdır.

13. İddiaçı iddia edir ki, o, bütün olanlardan sonra cavabdehə ödədiyi pulun, hətta yarısının qaytarılmasını təklif etməsinə baxmayaraq, cavabdeh onunla razılaşmamışdır.

14. Cavabdeh isə iddiaçının dəlillərini ona görə əsassız hesab edir ki, ilk dəfə diaqnostika aparılarkən hər hansı nasazlıq olmamışdır və sonradan iddiaçının şikayətlərinə görə “GWM Haval Azerbaijan” Texniki Xidmət Mərkəzi tərəfindən belə rəy verilmişdir. Bundan əlavə cavabdeh iddiaçının şikayətlərinin ondan qaynaqlandığını ehtimal edir ki, iddiaçı ilk dəfə ehtiyat hissəsi alınan zaman onun turbosunun korpusunun işlək vəziyyətdə olduğuna görə yeni turbonun hissəvi satılmasına və qiymətin də müvafiq olaraq azaldılmasına təklifi ilə razılaşmamışlar.

15. Cavabdeh həmin ehtiyat hissəsini Çindən rəsmi qaydada aldıqlarını və həmin satıcının da onlara malın keyfiyyəti barədə 3 gün müddətində qarantiya verdiklərini və dolayısı ilə ehtiyat hissəsinin həqiqətən də işləmədiyi halda malın qaytarılmamağında maraqlarının olmadığını bildirir.

16. Beləliklə iddiaçı avtomobil ehtiyat hissəsinə görə ödədiyi 550 manat və ehtiyat hissəsinin quraşdırılmasına görə ödədiyi 170 manat xidmət haqqını və mənəvi zərərə görə 500 manat pul tələb edir. Nümayəndə vasitəsilə məhkəmə iclaslarında təmsil olunmuş cavabdeh isə iddianı tamamilə qəbul etmir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

17. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.

18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

19. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.

21. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.

22. 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər.

23. 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır.

24. 582.2. Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir.

25. 582.3. Əşyanın keyfiyyəti üçün qarantiya, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir.

26. 586.2. Əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır.

27. 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını, əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin.

28. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.

29. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər.

30. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

31. 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.

32. 589.3. Əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər.

33. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun:

34. 5.1 İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir.

35. 5.3 Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Azərbaycan Respublikası ərazisinə idxal olunmuş malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətini təsdiq edən, qanunvericiliklə nəzərdə tutulmuş sənəd olmalıdır.

36. 7.1 İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

37. Yuxarıda sadalanan normalardan göründüyü kimi satıcı alıcıya lazımi keyfiyyətli əşya verməlidir və alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehlik daşıyır. Üstəlik satıcı keyfiyyət qarantiyası verdiyi mala görə o halda məsuliyyət daşımır ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirə bilsin.

38. Hazırki işin hallarından müəyyən edilir ki, satılan avtomobil ehtiyat hissəsinə görə satıcı alıcıya 3 günlük keyfiyyət qarantiyası vermişdir və əşyanın alıcıya verildiyi gündən sonra qarantiya müddəti ərzində alıcı əşyanın qüsuru barədə satıcıya məlumat vermişdir. Lakin satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurlarını özü yoxlamalı olduğu halda bunu lazımi qaydada etməmiş və alıcını öz hesabına başqa texniki servisə getməyə vadar etmişdir. Bununla belə, əşyanın həmin vaxt işlək vəziyyətdə olduğu mübahisə doğurmasa da, onun lazımi keyfiyyəti barədə mübahisə davam etmişdir. Nəticədə alıcının həmin qüsur barədə mövqeyi sonrakı yoxlamalar nəticəsində öz təsdiqini tapmışdır. Yəni alıcının ilk gündən(qarantiya müddəti ərzində) malın qüsurları barədə etirazının əsaslı olduğu işin halları ilə sübut olunur. Bununla belə, satıcı Mülki Məcəllənin 587-ci maddəsində nəzərdə tutulmuş alıcının tələblərini yerinə yetirməkdən imtina etmişdir.

39. Odur ki, alıcı satılan malın artıq işləmədiyinə əsaslanaraq, Mülki Məcəllənin 587.2-ci maddəsinin tələbinə əsasən müqavilədən imtina etməklə əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etməkdə haqlıdır. Bu səbəbdən də əşyaya görə ödənilən 550 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

40. İddia tələbinin görülmüş xidmətə görə 170 manatın cavabdehdən tutulması hissəsində məhkəmə iddianı əsassız hesab edir.

41. Belə ki, iddiaçı ilə cavabdeh arasında xidmətlərin göstərilməsi ilə bağlı, yəni podrat, tapşırıq müqaviləsinin bağlanması sübut olunmur. Cavabdeh nəqliyyat vasitəsinin təmiri ilə bağlı xidmətin onun fəaliyyət sferasına aid olmadığını və həmin təmir sexinin onun mülkiyyətində olmasına baxmayaraq, icarə hüququ əsasında başqa şəxsin istifadəsində olduğunu bildirmişdir. İddiaçı isə tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir.

42. İddianın mənəvi zərərin tutulması hissəsində isə məhkəmə tələbi əsassız hesab edir.

43. Belə ki, iddiaçı yaranmış mübahisədən dolayı hansı mənəvi sarsıntı keçirməsi və ya hansı iztirablara məruz qalması barədə sübut təqdim etməmiş və işin halları ilə isə bu fakt müəyyən edilməmişdir.

44. Halbuki mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Tətbiq edilən prosessual normalar:

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

46. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

47. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

48. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

49. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

50. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

51. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Qaraş oğlundan 550 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

52. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Qaraş oğlundan 550(beş yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar