Məhkəmə qərarları › İş №2(001)-5852/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5852/2021

19.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5852/2021 19.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X10 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “vərəsəlik hüququnun tanınması və s.” tələbinə dair Bakı şəhəri 9 saylı notariat ofisini müstəqim tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi iddia ərizəsi üzrə mülki işə 19 avqust 2021-cı il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3202-ci məhəllə 26/C saylı evin 6 saylı mənzili üzərində vərəsəlik hüququnun tanınması, atasının vərəsəsi kimi mənzilin onun sahibliyinə və istifadəsinə verilməklə, mənzilə dair öz adına çıxarışın alınması üçün müvafiq sənədləşmənin aparılmasının "xxxx" MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçının mərhum atası X8 ilə cavabdeh "xxxx" MTK arasında 11.06.2014-cu il tarixdə mənzil tikintisinə dair müqavilə bağlanmış, E.Əliyev üzərinə düşən öhdəliyi icra edərək mənzilin dəyərini MTK-ya tam ödəmiş, buna dair ona müvafiq arayış verilmişdir. Həmin müqaviləyə əsasən MTK tikilməkdə olan müvafiq mənzili E.Əliyevə təhvil verməyi öhdəsinə götürmüş, mənzil tikilib hazır edilmişdir. E.Əliyev 04.11.2019-cu il tarixdə vəfat etmişdir. Bundan sonra iddiaçı mənzilə mütəmadi baş çəkərək faktiki sahibliyi həyata keçirmiş, mənzilin su təchizatı ilə bağlı "xxxx"ASC ilə 13.02.2020-ci il tarixdə müqavilə bağlamışdır. Mənzilə dair çıxarışın alınması üçün MTKya müraciət edərək atasının vərəsəsi kimi müqavilənin onun adına dəyişdirilməsini xahiş etsə də, MTK-sədri rəhmətə getdiyindən və onu əvəz edən şəxs olmadığında müqavilənin iddiaçının adına dəyişdirilməsi mümkün olmamışdır. Həmçinin iddiaçı notariusa da müraciət edərək sözügedən mənzillə bağlı atasının vərəsəsi kimi ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etsə də, mənzilin çıxarışı olmadığından MTK tərəfindən müvafiq sənədlər verə bilmədiyindən şəhadətnamənin verilməsi şəhadətnamənin verilməsi ilə bağlı notariat hərəkətinin aparılmasından imtina olunmuşdur. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1990-cı il tarixdə anadan olmuşdur, atası X8, anası X1r. - 11 iyun 2014-cü il tarixdə X8 ilə "xxxx" MTK-nın sədri X3 arasında mənzil tikintisinə dair müqavilə imzalanmaşdır. -11 iyun 2014-cü il tarixdə "xxxx" MTK-nın sədri X3 tərəfindən X6 Cəfər Xəndan küç.3202-ci məh. yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının payçısı olduğu və payçı olduğu 2 otaqlı 6 saylı mənzilin dəyərini tam ödəyib borc qalığının olmaması barədə arayış verilmişdir. -20 dekabr 2014-cü il tarixdə tərtib edilmiş vəsiyyətnamənin məzmunundan görünür ki, X8 öldüyü günə qədər, harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını tam həcmdə qızı xx xxxxxxx 1990-cı il təvəllüdlü X4 vəsiyyət etmişdir. -Bakı şəhəri 9 saylı notariat ofisinin 08 iyul 2021-ci il tarixli qərarından görünür ki, 04 noyabr 2019-cu il tarixdə vəfat etmiş X5 vərəsəlik işi üzrə notariat hərəkətlərin aparılmasından imtina olunmuş, qərarda göstərilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən “Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.” Həmin Məcəllənin 1248-ci maddəsinə əsasən, “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər.” maddələrini rəhbər tutaraq, həmçinin, miras qalmış Cavabdeh MTK tərəfindən inşa olunan, Bakı şəhəri, C.Xəndan küçəsi, 3202ci məhəllə, 2 otaqlı, ümumi sahəsi 76,5 kv.metr olan 6 saylı mənzilə dair sənədləri, mənzilə olan pay dəyəri haqqında arayışı təqdim etməlisiniz. Həmçinin, həmin qərarda İddiaçı qərardan 10 gün müddətinə məhkəməyə şikayət verilməsi qaydası izah olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1145–ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1152-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. -1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Şərh olunan normaların məzmunundan görünür ki, qanunvericilikdə yalnız o əmlakın miras əmlak hesab edilməsinə yol verilir ki, həmin əmlak miras qoyanın mülkiyyətində olsun. Lakin hal – hazırkı mülki iş üzrə mübahisə predmeti olan evin ümumiyyətlə hər hansı bir şəxsin mülkiyyətində olması barədə sübut təqdim olunmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki halda İddiaçı mirasın qəbul edilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddəti üzrlü səbəblərdən buraxmasına dair ərizə ilə məhkəməyə müraciət etmədən birbaşa əmlakın miras əmlak kimi onun adına qeydə alınmasını xahiş etmiş, halbuki, bununla bağlı etməli olduğu prosessual hərəkətlər notariat ofisinin 08 iyul 2021-ci il tarixli qərarında öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, mübahisə predmeti olan evin miras əmlak olması, üzərində hər hansı bir şəxsin mülkiyyət hüququnun qeydə alınması barədə heç bir sübut təqdim olunmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı atası X2 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3202-ci məhəllə 26/C saylı evin 6 saylı mənzili üzərində vərəsəlik hüququnun tanınması, atasının vərəsəsi kimi mənzili onun sahibliyinə və istifadəsinə verməklə, mənzilə dair öz adına çıxarışın alınması üçün müvafiq sənədləşmənin aparılmasını cavabdeh "xxxx" MTKya həvalə edilməsi barədə iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar