Məhkəmə qərarları › İş №2(001)-5854/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5854/2025

12.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5854/2025 12.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X13 Hüseynağa qızının sədrliyi, Hüseynzadə Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi (vəkli) Vəkil, Cavabdehlər X5, Cavabdeh2 iştirakları ilə, İddiaçı X5, Cavabdeh2 qarşı maneənin aradan qaldırılması və evdən çıxarılma tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanındakı fərdi yaşayış evi iddiaçının şəxsi maliyyəsi hesabına tərəfindən tikilmişdir, fərdi yaşayış evində kommunallar işıq, su və qaz iddiaçının adına qeydiyyata alınmışdır, kommunal xidmətlərə görə ödənişlər tərəfindən ödənilir.Qeyd edir ki, neçə illərdir, həmin ünvandakı fərdi yaşayış evini tikdirib kirayə verir. Binəqədi rayon, Biləcəri bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 04/414 saylı arayışı, qaza, işığa, suya ödəniş qəbzləri və iki mərtəbəli fərdi yaşayış evinin eskiz layihəsi iddia ərizəsinə əlavə olunur. Kirayədən aldığı pul vəsaitinin hamısını Cavabdeh2 maddi imkanı aşağı olduğu üçün ona bağışlayır. Hələ bu azmış kimi anasını vaxtaşırı olaraq döyən, ona cismani əziyyətlər verən cavabdeh X5 anasına hədə-qorxu gələrək onu məcbur edib ki, ona kömək etsin, Elnarənin qeyd edilən ünvandakı fərdi yaşayış evini əlindən alsınlar. Son vaxtlar iddiaçıya məlumatlar çatır ki, cavabdeh X5 anası ilə yaşadıqları, anasına məxsus ünvan 3 ünvandakı fərdi yaşayış evini sataraq iddiaçının sahibliyində və istifadəsində olan ünvan 1 ünvanındakı fərdi yaşayış evinə köçmək niyyətindədir, anası da ona köməklik edəcəyinə söz vermişdir. İddiaçı faktiki sahibliyində və istifadəsində olan ünvan 1 ünvanındakı fərdi yaşayış evinin girişinə cavabdehlər Cavabdeh2 və X2 qadağa qoyulması,cavabdehlər Cavabdeh2 və X1 nümayəndə və vəkilin göstərdiyi yardıma görə ödədiyi 1200 manat, dövlət rüsumuna görə ödədiyi 101 manat, cəmi 1301 manat pul vəsaitinin cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək faktiki sahibliyində və istifadəsində olan ünvan 1 ünvanındakı fərdi yaşayış evində iddiaçıya qarşı edilən maneənin aradan qaldırılması, faktiki sahiblik hüququna dair müdaxilələrin qarşısının alınması, fərdi yaşayış evində sahiblik hüququnun qeyri-şərtsiz həyata keçirilməsi və ona məxsus fərdi yaşayış evində ona qarşı maneələr yaradan, faktiki sahibliyinə müdaxilələr edən cavabdehlər Cavabdeh2 və X2 evinin qadağa qoyulması,cavabdehlər Cavabdeh2 və X1 nümayəndə və vəkilin göstərdiyi yardıma görə ödədiyi 1200 manat, dövlət rüsumuna görə ödədiyi 101 manat, cəmi 1301 manat pul vəsaitinin cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi (vəkili) tələbi müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında izahat verən iddiaçı anasının ona vəsiyyətnamə verməsini və bütün əmlakını ona verməsini bildirmiş, digər övladlara əmlakını bölüşdürdüyünü, lakin ona düçən payı vermədiyini, hazırda isə onun üçün tikdirmiş olduğu evi verməkdən imtina etdiyini bildirmişdir. Məhkəmənin evin təmir və tikintisinə xərclənən pul ilə bağlı suallarını isə iddiaçı müxtəlif rəqəmlər deyərək tam xatırlamadığını bildirmiş, konkret cavablandıra bilməmişdir. Cavabdehlər Cavabdeh2 məhkəməyə xx.xx.2026-cı il tarixli yazılı izahatında bildirmişdir ki, İddiaçı evləndikdən sonra həmişə Hərbi şəhərcikdə yaşamışdır, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsindəki fərdi yaşayış evini cavabdeh özü tikdirmiş, bütün xərclərini çəkmiş, yalnız evin kommunal kodları iddiaçının adınadır. İddiaçı qeyd olunan ünvanda yaşamadığını, ona məxsus heç bir geyim, əşya olmadığını qeyd etmişdir. Cavabdeh izahatında Elnarənin evə gəlməsinə etiraz etmədiyini, lakin onunla ev və mülk üstündə, pul üstündə münaqişə yaratmasını bildirmişdir. Evi öz hesabına tikmiş, ustaları tapmaqda elnarənin ona kömək etdiyini, lakin bütün xərcləri özü çəkməsini bildirmişdir. Torpağa 6 min dollar pul verib almışdır. Evə cəmi 60 minə yaxın pul xərcləyib. Məhkəmənin suallarına cavabında isə evin ikinci mərtəbəsində kirayəşin yaşadığını, onunla həmişə kommunal xərclərə görə mübahisə düşdüyünü və bu səbəbdən də kommunal xərcləri Elnarənin hesabladığı, bütün kommunal abunəliyin də bu səbəbdən onun adına olmasını bildirmişdir. Lakin evə dair çertyoj çəkilməsindən xəbəri olmamışdır. Bələdiyyəyə olan borcu hansı səbəbdən Elnarənin ödəməsini bilmir. Verdiyi vəsiyyətnaməni ləğv etmişdir. Cavabdeh X5 evin anasına məxsus olmasını və həmişə orada anasının yaşamasını, sonradan isə təklikdə qalmaq istəməməsi səsəbindən, həmçinin bir qoca kimi onun qulluğa ehtiyac duyması səbəbindən anası gəlib onun yanında yaşayırdı. Həmin evdə kirayəşin yaşayır, kirayə haqqını Elnarə alıb anasına verir. Kommunal borcların hesablanmasından onların başı çıxmaması səbəbindən Elnarə anasının razılığı ilə öz adına keçirmiş, lakin anası ödəmişdir. Bütün qonşular təqsdiq edə bilər ki, həmin ev anasına məxsusdur. Həmin evdən anasının çıxarılmasına etiraz edir, qoca qadındır onun başqa yaşayış evi yoxdur. Hazırki evin təmirində özü də şəxsən əziyyət çəkib, ustaları tapıb. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilən Biləcəri bələdiyyəsi tərfindən verilmiş xx.xx.2024-cü il tarixli, 04/417 saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 100 kv.metr torpaq, 124 kv.metr əmlak sahəsinə görə xx.xx.2025-ci ilə qədər vergi borcu yoxdur. “Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Binəqədi rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Hesab fakturadan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzilin su sayğacı İddiaçı adına qeydiyyatdadır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli bildiriş xəbərdarlığa əsasən ünvan 5 ünvanında yerləşən mənzilin işıq sayğacı sayğacı İddiaçı adına qeydiyyatdadır. Cavabdeh2 Binəqəi Rayon Polis İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən İddiaçı onu etibarından istifadə edərək ona verilmiş bir ədəd qızıl üzük, bir ədəd qızıl sırğa və evin qaz kartını qaytarmamasından şikayət etmişdir. Binəqədi rayon Biləcəri Bələdiyyəsinin xx.xx.2026-ci il tarixli 01/61 saylı sorğuya cavab məktubundan görünür ki, 2001-2019 cu il tarixinə qədər olan Biləcəri bələdiyyəsinin Qərarları bələdiyyə tərəfindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı filialına təhvil verildiyindən bələdiyyənin arxivində torpaq sahəsinə məxsus bütün hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi mümkün olmamışdır. Biləcəri bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Tədliyə bildirişindən görünür ki, ünvan 6 ünvanında yaşayan Cavabdeh2 2025-ci il üçün 84.79 manat məbləğində vergi borcu var. Bakı şəhəri 20 saylı notariat kontorunda Cavabdeh2 xx.xx.2018-ci il tarixli vəsiyyətnamə ilə ona məxsus olan, harada və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını İddiaçı vəsiyyət etmişdir. Cavabdeh2 xx.xx.2026-cı il tarixli ərizə ilə xx.xx.2018-ci il tarixində 2V-90 nömrə ilə qeyd olunmuş vəsiyyətnamənin ləğv edilməsini xahiş etmişdir. "xxxx" MMC tərəfindən İddiaçı sifarişi ilə layihələndirilən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin memarlıq-planlaşdırma sxemi verilmişdir. xx.xx.2025-ci il tarixli Binəqədi rayon İcra Şöbəsinin aktından müəyyən olunur ki, X5 ünvan 7 ünvanına köçürülmüşdür. Şahid qismində ifadə verən X8 iddiaçı və cavabdehi tanıdığını, 55 ildir ki, Q.Süleymanov küçəsində yaşadığını qeyd etdi və bildirdi ki, Cavabdeh2 mübahisəsi gedən evin torpağını almış və orada ev tikdirmişdir. Həmişə də o evdə yaşamışdır. Cavabdeh X5 isə anasına qulluq edir. O həmin evdə iddiaçını görməmişdir. X3 məhkəmə iclasında şahid qismində ifadə verərək bildirdi ki, özü bina evində qalır. Elnarə ilə uşaqları bir məktəbə gedirlər. Mübahisəli ev onun binasının qarşısında yerləşir. Həmin evdə Sevil xanım bir müddət yaşamış, sonra isə həmişə kirayəşinlər yaşamışdır. Elnarə həmişə o evə gəlmiş, anasına qulluq etmişdir. X6 ifadəsində bildirdi ki, iddiaçı baldızı, cavabdeh Sevil isə qaynanasıdır. Əvvəllər həmişə münaqişəli münasibətləri olmuşdur. Birlikdə yaşadıqları evi qaynanası satıb onun ərinə ev almaq üçün pul vermiş, qalan pula da ünvan 8 ünvanında 6 min dollara torpaq alıb ev tikdirmişdir. Bildiyinə görə də həmişə o evdə yaşamışdır. X4 ifadəsində bildirdi ki, evin tikilməsi və təmiri üçün onu Elnarə dəvət etmiş və bütün xərclərlə bağlı özü Elnarə ilə danışmış, sifarişləri ona demişdir. Elnarə isə anası Sevilə tapşırmış, Sevil də ona pul vermişdir. Məhkəmənin suallarına cavab olaraq pulun Sevil tərəfindən ona verilməsi bildirsə də pul haqq hesabının Elnarə ilə danışdığını bildirmişdir. Mübahisə ilə bağlı tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.1 və 184.4-cü maddələrinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan toraq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 158.2.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPMnin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir» “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X7 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur....Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmənin mövqeyi: İşin faktiki hallarından da müəyyən olunur ki, hazırda mübahisəsi gedən ev dövlət qeydiyyatına alınmamış özbaşına tikilidir. Təbii ki, özbaşına tikili olmasına baxmayaraq ona xərc çəkmiş şəxslər üçün inşa etdiyi obyektə münasibətdə maddi gözləntiləri və maraqları mövcuddur. Belə olan təqdirdə isə onları bu maraqlarını məhkəmə müdafiəsi ilə təmin etmək hüququndan məhrum buraxmaq mülki qanunvericiliyin dayaq prinsiplərinə zidd hesab olunardı. Qanunvericiliklə sahiblik qorunur və sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə hüququ vardır. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş işin faktiki halları, o cümlədən də tərəflərin və şahidlərin izahatlarından belə müəyyən olundu ki, hazırda mübahisəsi gedən özbaşına tikili məhz Cavabdeh2 tərəfindən torpağın pulu verilməklə inşa olunmuş və təmir edilmişdir. Təbii ki, cavabdeh ananın bu müddət ərzində evi öldükdən sonra övladı olan iddiaçıya verəcəyi barədə vədlər verməsi halı istisna deyildir. Məhz bundan qaynaqlanaraq, iddiaçı evin yerləşdiyi torpağa dair bələdiyyə orqanına əmlak vergisi ödəməsi, öz adı ilə evin plan və sxemini sifariş etməsi, bütün kommunal ödənişlərin abunəliyini öz adına anasının razılığı ilə keçirməsi bu halı bir daha sübuta yetirir. Məhkəmə araşdırmasının ilkin mərhələsində evin bütün xərclərini özü çəkməsini deyən iddiaçı, konkret nə qədər xərc çəkməsi ilə əlaqədar məhkəmənin suallarını cavablandıra bilməmiş, konkret rəqəmi xatırlamadığını demişdir. Sonrakı izahatlarında isə bu evi anasının əvvəllər satmış olduğu evin puluna inşa etdiyini və bacı-qardaşına pay verdikdən sonra bu evin də onun payı olacağını vəd etmişdir. Lakin sonradan bacısı cavabdeh Çimnaz anasına qulluq adı ilə onun evində yaşamağa başlamış, onu evə buraxmamış və evini əlindən almağa çalışmışdır. Hesab edir ki, hazırki ev ona məxsusdur, anası onun üçün alıb, Çimnaz isə həmin evə yiyələnmək istəyir. Beləliklə, məhkəmə mübahisənin hüquqi qiymətləndirilməsini apararaq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, mübahisəli fərdi yaşayış evi olan özbaşına tikilidən iddiaçının da istifadə etməyinə cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, qalan hissədə isə özbaşına tikiliyə münasibətdə şəxslərin eyni hüquqi statusa malik olmaqla iddiaçının evin yalnız özü tərəfindən inşa edilməklə, təmir edilməsi halları sübuta yetirilməmə əsası ilə rədd edilməlidir. Həmçinin məhkəmə xatırladır ki, mübahisə üzrə qəbul edilmiş hazırki qərar işin faktiki halları və baxılma xüsusiyyətlərindən dolayı yalnız iddiaçı və cavabdeh arasında yaranan münasibətlərə şamil olunmaqla gələcəkdə - müvafiq qaydada icazələr alınmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla inşa edilmiş hər hansı bir tikilinin sökülməsi ilə əlaqədar müvafiq orqan və təşkilatlar tərəfindən məhkəmə qaydasında tələbin irəli sürülməsini istisna etmir, həmçinin orada yaşayaraq evdən istifadə edən şəxslərin həmin evə dair hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas hesab edilə bilməz. İş materillarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumu olaraq 101 manat məbləğində pul və dediyinə əsasən vəkilin xidmət haqqına görə 1200 manat pul ödənmişdir. İş materiallarına nəzər saldıqda iddia ərizəsinə əlavə kimi iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə vəsait qəbul edən Azar Q*** hesab nömrəsinə 1200 manat məbləğində pulun köçürülməsi müəyyən edilir, lakin hazırki məbləğin məhz iddiaçı tərəfindən vəkilin fəaliyyət göstərdiyi 11 saylı Vəkil Bürosunun hesabına məhz onlar arasında bağlanmış xidməti müqaviləyə əsasən köçürülməsi isə təsdiq edilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanındakı dövlət qeydiyyatına alınmamış özbaşına tikilidən İddiaçı istifadəsinə cavabdehlər X5, Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri təmin olunan hissəyə mütənasib – 50 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilsin, qalan hissədə məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar