Məhkəmə qərarları › İş №2(001)-5857/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5857/2025

26.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5857/2025 26.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzdə Fuad Fərhad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “inzibati xəta nəticəsində dəymiş maddi, mənəvi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “inzibati xəta nəticəsində dəymiş maddi, mənəvi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-nin və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində idarə etdiyi "BYD" markalı 2024-cü il buraxılışlı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılması nəticəsində dəymiş 9140 manat məbləğində maddi ziyan, yeni avtomobilin qəzanın təsiri nəticəsində (tam təmir edilsə) dəyər itirməsinə görə 5000 manat, əldən çıxmış faydaya görə (taksi xidmətindən istifadə və işlərini vaxtlı-vaxtında çatdıra bilmədiyi üçün) 1000 manat, habelə cavabdehlərin inzibati xəta törətməsi nəticəsində 2000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 142 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi, cavabdehin vəsatəti əsasında təyin olunmuş ekspertiza üçün tərəfindən ödənilmiş 400 manat məbləğində məhkəmə xərcinin cavabdeh "xxxx" MMC tərəfəindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində etibarnamə ilə idarə etdiyi "BYD" markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Z.Bünyatov prospekti ilə hərəkətdə olduğu zaman Cavabdeh1 MMC-yə məxsus "İSUZU" markalı ** JG *** dövlət qeydiyyat nömrəli yük maşının yol vərəqəsi ilə idarə edən Cavabdeh2 ara məsafəsini gözləməmiş və idarə etdiyi 2024-cü il buraxılışlı “BYD" markalı avtomobilə zərblə çırpılmış və maddi ziyanla nəticələnən yolnəqliyyat hadısəsi baş vermişdir. Hadisə yerinə gələn Bakı şəhər DYPİ-nin polis kapitanı X4 tərəfindən hadisənin sxemi çəkilərək “İSUZU” NPR661 yük markalı ** JG *** dövlət nömrə nişanlı avtomobili yol vərəqəsi ilə idarə edən şəxs Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Belə ki, hadisədən sonra avtomobilinə dəymiş ziyanın ödəməsini inzibati xəta törədən şəxs Cavabdeh2 və Cavabdeh1 MMC öhdəsinə götürsə də, sonradan ona dəymiş ziyanı ödəməkdən boyun qaçırmışlar və o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Avtomaşınının təmirə ehtiyacı olduğu üçün onun istifadəsində məhdudiyyət yaranmışdır. Nəticədə istifadəsində olan avtomaşının istifadəsindən məhrum olmuşdur. Avtomobilinə dəymiş ziyanla bağlı avto-təmir sexindən maraqlandıqda bildirmişlər ki, avtomobilin təmir edilərək yeni detallarla əvəzlənərsə daha yuxarı məbləğ, yalnız bəzi detalların düzəldilərək əvvəlki vəziyyətə gətirilməsi ilə 9140 manat məbləğində pul lazımdır. Bundan başqa, bildirmişdir ki, 2024-cü il buraxılışlı avtomobil yenidən təmir olunaraq əvvəlki vəziyyətinə uyğunlaşdırlsa belə 5000 manat məbləğində dəyər itirmə riski ilə üzləşməli olur. Bundan başqa, onu da qeyd etmişdir ki, “İSUZU” NPR661 yük markalı ** JG *** dövlət nömrə nişanlı avtomobilin avtomobilinə çırpılması nəticəsində avtomobili yararsız hala düşdüyündən və idarə olunması mümkünsüz olduğundan, yəni istifadə edə bilmədiyi səbəbilə lazımi işlərini vaxtlı-vaxtında icra edə bilmədiyindən və ödənişli xidmət olan taksi xidmətindən istifadə etdiyi üçün əldən çıxmış fayda 1000 manat təşkil etmişdir. Hesab edir ki, cavabdehlərin günahı ucbatından ona vurulmuş maddi və mənəvi ziyan cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Belə ki, o, hadisəni törətsə də həmin ziyanı ödəməyə imkanı yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" MMC-nin nümayəndəsi izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının Cavabdeh2 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını məcmu halda araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, X1 **-UE-*** dövlət qeydiyyat nişanlı, “BYD X7-in-hibrid” minik markalı nəqliyyat vasitəsini idarə etməyi İddiaçı etibar etmişdir. Etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər, etibarnamə xx.xx.2033-cü il tarixədək qüvvədədir. xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və TP ******* nömrəli qərardan görünür ki, göstərilən tarixdə Cavabdeh2 **-JG-*** dövlət qeydiyyat nişanlı, “İsuzu NPR66L” yük markalı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törədərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində (327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə) nəzərdə tutulmuş inzibati xətanı törətmiş və ona, bu səbəbdən 40 manat məbləğində cərimə tətbiq edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli yol vərəqəsinin surətindən görünür ki, Cavabdeh2 “İsuzu” yük markalı, **-JG-*** dövlət qeydiyyat nişnalı nəqliyyat vasitəsini Bakı şəhəri və Respublika rayonları ərazisində saat 06:00-dan qayıdana kimi idarət etməyə icazə verilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı hesabına 4460,68 manat məbləğində sığorta ödənişi edilmişdir. xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktının surətindən görünür ki, “BYD Song Plus” minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 9098 manat məbləğində zərər dəymişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, hadisə baş verən dövr əsas götürülməklə “BYD” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2024-cü il tarixli aktda göstərilmiş dəyişdirilən ehtiyyat hissələrinin və həmin hissələrə aid görülmüş işlərin (xidmətlərin) dəyəri 8968 manat təşkil edir. “BYD” markalı **- UE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin hadisə baş verən zamanda orta bazar qiyməti 35000 manat təşkil edir. “BYD” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmirdən sonrakı vəziyyətdə hazırkı tarixə orta bazar qiyməti 30000 manat təşkil edir. xx.xx.2025-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, mütəxəssis rəyinin alınması üçün X2 tərəfindən "xxxx" MMC-nin hesabına 400 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 142 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli Qərarının 4.25-ci bəndinə əsasən Mülki Məcəllədə mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn iki növ məsuliyyət nəzərdə tutulmuşdur: təqsirli məsuliyyət və təqsirsiz məsuliyyət. Həmin Qərarın 4.26-cı bəndinə əsasən delikt məsuliyyətinin əsas qaydası təqsirli məsuliyyətdir. Bu halda məsuliyyətin ən önəmli ünsürü zərər vuran şəxsin təqsirli olmasıdır. Yəni məsuliyyətin yaranması üçün hüquqazidd əməl, zərər və səbəbli əlaqə ünsürlərindən başqa zərər yetirənin hərəkətinin təqsirli olması da sübuta yetirilməlidir. Həmin Qərarın 4.27-ci bənində əsasən hüquqazidd əməlin qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi əməli törədən şəxsin mülki məsuliyyətini istisna etmir və dəymiş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu halda təqsirin formasının müəyyən edilməsi vurulmuş mənəvi zərərin həcmi baxımından əhəmiyyətlidir. Həmin Qərarın 4.28-ci bəndinə əsasən bununla belə, qanunla nəzərdə tutulmuş hallarda zərərin ödənilməsi vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Eyni zamanda təqsir zərərin ödənilməsinin əsas dispozisiya şərtlərindən biri olsa da, zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqazidd əməl üçün) qanunla müəyyən edilmiş hallarda zərərin kompensasiyası nəzərdə tutula bilər. Məsələn, yüksək təhlükə mənbəyinin mülkiyyətçisinin məsuliyyəti, işçinin vurduğu zərərə görə işəgötürənin, təhqiqat orqanının qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində dövlətin, uşaqların vurduğu zərərə görə valideynlərin məsuliyyəti, malın istehsal keyfiyyətsizliyinə görə istehlakçıya vurulmuş zərərə görə satıcının məsuliyyəti və s. Həmin Qərarın 4.29-cu bəndinə əsasən təqsirsiz məsuliyyət ümumi qaydadan istisnadır və qanunda bəzi xüsusi hallar üçün nəzərdə tutulmuşdur. Bu qayda prinsip etibarilə zərərə səbəb olma düşüncəsinə söykənir. Təqsirsiz məsuliyyətin yaranması üçün zərərlə hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik) arasında səbəbli əlaqənin olması yetərlidir. Həmin Qərarın 4.36-cı bəndinə əsasən əmək münasibətlərinin həyata keçirilməsi zamanı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi əsasları və qaydası mülki qanunvericiliyin müvafiq tələblərinə uyğun tənzimlənir. Belə ki, Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən, işçinin əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı vurduğu zərərə görə onun işəgötürəni məsuliyyət daşıyır. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Bu maddənin məzmunu baxımından işçi dedikdə, əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən elə fiziki şəxs başa düşülür ki, o, işəgötürənin tapşırığı və işlərin təhlükəsiz aparılmasına nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. İşəgötürən dedikdə isə əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulur. İşçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə işəgötürənin məsuliyyətə cəlb edilməsi üçün üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində işəgötürənin nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın olmasıdır. Həmin Qərarın 4.37-ci maddəsinə əsasən işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək, qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ehtiva etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, dəymiş zərərin kompensasiyası iddiası zərərçəkənin istəyinə uyğun olaraq birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Məhkəmə qeyd edir ki, maddi zərərlə bağlı öhdəliyin əmələ gəlməsi üçün mülki hüquq pozuntusu (delikt) mövcud olmalıdır. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh2 "xxxx" MMC tərəfindən verilmiş yol vərəqəsi əsasında idarə etdiyi Cavabdeh1 MMC-yə məxsus "İSUZU" markalı ** JG *** dövlət qeydiyyat nömrəli yük maşını ilə hərəkətdə olduğu zaman ara məsafəsini gözləməmiş, yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçının etibarnamə ilə idarə etdiyi "BYD" markalı ** UE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. Hadisə yerinə gələn Bakı şəhər DYPİ-nin polis kapitanı X4 tərəfindən hadisənin sxemi çəkilərək “İSUZU” NPR661 yük markalı ** JG *** dövlət nömrə nişanlı avtomobili yol vərəqəsi ilə idarə edən şəxs Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Cavabdeh2 həmin yol nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən cərimə edilmişdir. Beləliklə iş materiallarından aydın olur ki, baş vermiş yol nəqliyyat hadisəsinin birbaşa təqsirkarı Cavabdeh2 olsa da, qanunvericiliyin müvafiq normalarından da göründüyü kimi, işçinin əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı vurduğu zərərə görə onun işəgötürəni məsuliyyət daşıyır. Bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Həmçinin, dəymiş zərərin kompensasiyası iddiası zərərçəkənin istəyinə uyğun olaraq birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Hazırda da, araşdırma zamanı müəyyən olmuşdur ki, Cavabdeh2 digər cavabdeh hüquqi şəxs olan "xxxx" MMC-nin işçisidir və bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehlər birgə məsuliyyət daşımalıdırlar. Məhkəmə iddianın maddi zərər hissəsində hesab edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı maddi zərərin 9140 manat məbləğində ödənilməsini tələb etsə də, iş materiallarında olan ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı hesabına 4460,68 manat məbləğində sığorta ödənişi edilmişdir. Həmçinin, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən olunur ki, hadisə baş verən dövr əsas götürülməklə “BYD” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2024-cü il tarixli aktda göstərilmiş dəyişdirilən ehtiyyat hissələrinin və həmin hissələrə aid görülmüş işlərin (xidmətlərin) dəyəri 8968 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 4507,32 manat (8968 - 4460,68 = 4507,32 manat) məbləğində dəymiş zərərin əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, Qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə iddia tələbinin nəqliyyat vasitəsinin dəyər itirməsinə görə, əldən çıxmış faydaya görə və mənəvi zərərə görə pul vəsaitinin ödənilməsi hissələri ilə əlaqədar hesab edir ki, iddia bu hissələrdə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən iddiaçının həmin hissələrə sübuta yetirilməmiş, yəni bu hissələrdə iddiaçı tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 400 manat məbləğində vəsaitin tutulması hissəsi ilə əlaqədar hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Çünki cavabdeh "xxxx" MMC məhkəmə iclası zamanı mülki iş üzrə qiymətləndirmənin keçirilməsini tələb etmiş, mütəxəssiz rəyinin verilməsi üçün iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına 400 manat məbləğində xidmət haqqı ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mütəxəssis rəyi üçün ödənilmiş 400 manat məbləğində vəsait cavabdeh "xxxx" MMC-də tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada dəymiş zərərə görə 4507,32 manat məbləğində vəsait iddiaçıya ödənilməli, həmçinin mütəxəssis rəyinin verilməsi üçün ödənilm 400 manat məbləğində xidmət haqqının əvəzi cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumum 38 manatı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada dəymiş zərərə görə 4507,32 (dörd min beş yüz yeddi manat, otuz iki qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 38 (otuz səkkiz) manatı İddiaçı xeyrinə tutulsun. Cavabdeh "xxxx" MMC-dən mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 400 (dörd yüz) manat xidmət haqqı alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar