Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5876/2020 08.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Fərid Eldar oğlu Hətəmzadə, İddiaçı cavabdeh 20 saylı Notariat Ofisinə qarşı “mirası qəbul etmə müddətinin bərpa edilməsi” tələbi barədə iddia ərizəsini nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh 20 saylı Notariat Ofisinə qarşı “mirası qəbul etmə müddətinin bərpa edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı X1 adına olan bank hesabından çıxarış edilməsi üçün vərəsəlik şəhadətnaməsi verilməsi üzrə müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin əsaslandığı hallardan (iddia ərizəsinin məzmunundan və ona əlavələrdən) görünür ki, iddiaçı mirasın bir hissəsini faktiki qəbul etdiyindən, harada olmasından asılı olmayaraq mirası tamamamilə qəbul etmiş olduğunu bildirərək, mahiyyət etibarilə 20 saylı notariat ofisinin Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə xx.xx.2020ci il tarixli imtinasını mübahisələndirir, yaranmış vəziyyətdən çıxış yolu olaraq isə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasını (iddia ərizəsində həmin müddəti ötürmədiyini bildirməsinə baxmayaraq) iddia icraatı qaydasında tələb edir. İş materiallarında olan Bakı şəhəri 20 saylı notariat ofisinin Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə xx.xx.2020-ci il tarixli 216 saylı məktubundan görünür ki, ərizəçi İddiaçı mərhum qardaşından miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsı verilməsi üçün 20 saylı notariat ofisinə müraciət etmiş, onun tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyündən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1-ci və 305.1.8-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında ”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 10-cu bəndinə görə, mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Çünki, etiraf edilməyən (buraxılmadığı bildirilən) müddətin bərpasını tələb etməyin mənası yoxdur. Məhkəmə, sözügedən iddia ərizəsinin mirasın vərəsə tərəfindən faktiki qəbul olunmasına dair birbaşa və mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq notariusun vərəsəlik şəhadətnaməsi verməkdən imtinaya əsaslanmasını, habelə iddiaçının mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürmədiyini bildirməsini nəzərə alıb hesab edir ki, o məhkəməyə notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddiaçıya notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət vermək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh 20 saylı Notariat Ofisinə qarşı “mirası qəbul etmə müddətinin bərpa edilməsi” tələbi barədə iddia ərizəsi məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah olunsun ki, notariusun vərəsəlik haqqında şəhadətnaməni verməkdən imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət vermək hüququ var. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5876/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5876/2020
08.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver