Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5886/2020 18.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Günay Sığorta ASC-nin Cavabdeh qarşı sığorta ödənişinə görə 185 manat, dövlət rüsumuna görə 20,40 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Günay Sığorta ASC Cavabdeh qarşı sığorta ödənişinə görə 185 manat, dövlət rüsumuna görə 20,40 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Günay Sığorta ASC-nin nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Günay Sığorta ASC-də xx.xx.2018-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış Mercedes Benz ML350 markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh sığorta müddətində, yəni xx.xx.2018-ci il tarixdə Bakı şəhərində törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X5 tərəfindən idarə olunan Lada Priora markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Binəqədi DYPŞ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verdikdən sonra, Cavabdeh hadisə yerini tərk etmişdir. İddiaçı zərərçəkənin avtomobilinin zədələnməsi nəticəsində dəymiş ziyana görə 185 manat məbləğində sığorta ödənişi etmişdir. Ona görə də Cavabdeh 185 manat verilmiş sığorta ödənişinin və 20,40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Günay Sığorta ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, mülkiyyətində olan Günay Sığorta ASC-də xx.xx.2018-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış Mercedes Benz ML350 markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2018-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X5 tərəfindən idarə olunan Lada Priora markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Hadisə vaxtı ailə üzvləri avtomobuldə olduğundan, hadisə saat 22-25 radələrində baş verdiyindən o, polisə və sığorta şirkətinə məlumat vermədən hadisə yerindən getmişdir. Lada Priora markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ödənilən sığorta məbləğinin az olmasını, dəymiş ziyanın çox olmasını ona demiş, bundan sonra o, zərərçəkənə 150 manat ödəniş etmişdir. Hesab edir ki, iddiaçı ödədiyi sığorta ödənişini ondan tələb etməli deyildir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-nin 936.1., 936.2., 936.5.-ci mad.) AD № 152077 saylı xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 2018-ci il buraxılışlı Lada Priora 21705-057-42 minik markalı ** SL *** qeydiyyat nişanlı avtomobil X5 mülkiyyətindədir. xx.xx.2018-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan müəyyən olunur ki, X1 mülkiyyətində olan Mercedes Benz ML350 minik markalı ** OK *** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər əmlaka vurulan zərərə görə sığorta məbləği 5000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat, bir hadisə üçün 50000 manat, sığorta haqqı 142,50 manat olmaqla Günay Sığorta ASC-də sığortalanmışdır. Binəqədi RPİ DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokolun surətindən müəyyən olunur ki, Cavabdeh idarə etdiyi Mersedes markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə xx.xx.2018-ci il tarixdə saat 22:25-də S.Bəhlulzadə küçəsində hərəkətə başlayarkən orada dayanan Lada Priora markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini vuraraq hadisə yerindən yayınmış, nəticədə Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Binəqədi RPİ DYPŞ-nin xx.xx.2018-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qararın surətindən müəyyən olunur ki, Cavabdeh S.Bəhlulzadə küçəsində hərəkətə başlayarkən orada dayanan Lada Priora markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini vuraraq hadisə yerindən yayınmış, nəticədə Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Bakı şəhəri Binəqədi RPİ DYPŞ-nin xx.xx.2018-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan müəyyən olunur ki, Cavabdeh AC 532650 saylı qeydiyyat şəhadətnaməsi ilə mülkiyyətində olan və idarə etdiyi Mersedes markalı ** OK *** qeydiyyat nişanlı avtomobillə X3 məxsus Lada Priora markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə saat 22:25-də S.Bəhlulzadə küçəsində toqquşmuş, Lada Priora markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanaq, qapı hissələrinə zərər dəymişdir. İcbari Sığorta Bürosunun icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılmasına dair çıxarışdan müəyyən olunur ki, xx.xx.2018-ci il tarixinə Mercedes Benz ML350 markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Günay Sığorta ASC-də icbari sığorta üzrə sığortalanmışdır. xx.xx.2018-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan müəyyən olunur ki, VAZ Priora markalı ** SL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yekun təmir xərcləri 185 manat təşkil edir. xx.xx.2018-ci il tarixli PGU-181701 saylı sığorta aktından müəyyən olunur ki, Günay Sığorta ASC-də avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növündə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər sığortalanmış ** OK *** dövlət qeydiyyat nişanlı Mercedes Benz ML350 markalı avtomobilin xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsində Lada Priora markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində dəyən ziyanın məbləği 185 manat, sığorta ödənişi 185 manat müəyyən edilmiş, sığorta ödənişinin X2 hesabına köçürülməsi qərara alınmışdır. xx.xx.2018-ci il tarixli 03287 saylı ödəniş tapşırığından müəyyən olunur ki, Günay Sığorta ASC tərəfindən xx.xx.2018-ci il tarixli PGU-181701 saylı sığorta aktına əsasən X3 185 manat sığorta ödənişi verilmişdir. İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanunun 50.1.-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 53.1.-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar. Həmin Qanunun 53.2.-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Həmin Məcəllənin 53.3.-cü maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. Həmin Qanunun 53.4.-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh mülkiyyətində olan Günay Sığorta ASC-də icbari sığorta növündə sığortalanmış nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozduqdan sonra hadisə yerini tərk etmiş, nəticədə iddiaçı baş vermiş sığorta hadisəsi ilə bağlı 185 manat sığorta ödənişi ödəməklə subroqasiya hüququnu əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanunun 25.1.-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. X9 hissəsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunvericiliyin tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. X9 hissəsində nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 25.2.-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 63.1.-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, sığorta hadisə baş verdikdən sonra Cavabdeh hadisə yerindən yayınması sübuta yetdiyindən, iddiaçı sığorta ödənişini həyata keçirməklə subroqasiya hüququnu əldə etdiyindən, iddia tələbi əsaslıdır, ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh sığorta ödənişinə görə 185 manat, dövlət rüsumuna görə 20,40 manat olmaqla cəmi 205,4 manat Günay Sığorta ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-5886/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5886/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver