Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5914/2021 01.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh Baku Electronics MMC-yə qarşı telefonun geri qaytarılmasına və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Baku Electronics MMC-yə qarşı telefonun geri qaytarılmasına və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 22.12.2020-ci il tarixdə Baku Electronics mağazasından Samsung A 11 markalı mobil telefonu, həmin vaxt pandemiya ilə əlaqədar mağazalar açıq olmadığı üçün onlayn qaydada almışdır. Telefonu aldıqdan sonra rəngini bəyənmədikləri üçün 29.12.2020-ci il tarixdə Baku Electronicsin servis mərkəzinə yaxınlaşaraq telefonun geri qaytarılmasını xahiş etmiş, servisin əməkdaşları telefona vizual baxaraq cızıq olduğu ona bildirmiş, lakin cızığın harada olmasını göstərə bilməmişlər. Halbuki telefonun əmtəə görünüşündə heç bir problem olmamış, telefona heç mobil nömrə belə taxılmamış, yəni telefon ümumiyyətlə istifadə olunmamışdır. Bununla bağlı elə həmin gün, yəni 29.12.2020-ci il tarixdə o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmiş, həmin qurumun əməkdaşları Baku Elektronicslə əlaqə saxlayıb məsələni həll etməyə çalışsalar da heç bir nəticə əldə olunmamışdır. Baku Electronics 20.01.2021-ci il tarixli məktubunda cihazın əmtəə görünüşünün pozulduğu üçün geri qaytarılmadığını qeyd etsə də, həmin vaxt telefonun əmtəə görünüşünün pozulmasına dair heç bir akt tərtib etməmişdir. Məhkəməyə müraciət etdikdən sonra o, aldığı telefonun əmtəə görünüşündə qüsurların olub-olamamasını müəyyən etmək üçün mütəxəssislərə müraciə etmiş, Məhkəmə ekspertizası xidmətləri MMC-nin 09.09.2021-ci il tarixli 04-81\21 saylı mütəxəssis rəyinə əsasən onun aldığı Samsung markalı Galaxy A11 modelli mobil telefonun üzərində heç bir əmtəə qüsurlarının aşkar edilmədiyi, telefonun ön və arxa səthində hər hansı cızıqların olmadığı öz təsdiqini tapmışdır. MMC-nin xidmətindən istifadə etmək üçün o, 100 manat ödəmiş, hazırkı mübahisə ilə bağlı məhkəmə iclaslarında iştirak etmək məcburiyyətində olduğundan 420 manat əmək haqqını itirmişdir. Ona görə də mobil telefonun geri qaytarılması ilə bağlı yaranmış hüquq pozuntusunun aradan qaldırılmasında ona yardımçı olaraq Samsung A 11 markalı mobil telefonun cavabdehə geri qaytararaq 289 manatın, mütəxəssis rəyinə görə ödədiyi 100 manatın, itirdiyi əmək haqqına görə 420 manatın cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məkəmə iclasında cavabdeh Baku Electronics MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı dəyəri 289 manat olan bir ədəd Samsung A 11 markalı mobil telefonu Baku Electronics MMC-dən almış, daha sonra telefonun rəngini bəyənmədiyini bildirib qeri qaytarılmasını xahiş etmişdir. X5 MMC tərəfindən İddiaçı 29.12.2020-ci il tarixli müraciəti ilə Samsung markalı SM-A115 32 GB Red modelli imei kodu **********22322 olan mobil telefona texniki baxış keçirilmiş, MMCnin 29.12.2020-ci il tarixli texniki rəyinə əsasən cihazın arxa qapağında cızıqların olması, diaknostika zamanı telefonun heç bir texniki qüsurunun olmadığı, telefonun bütün texniki parametrlərə uyğun işləməsi, telefon istifadə olunduğundan əmtəə görünüşü pozulması barədə rəy verilmişdir. İddiaçı ilə mübahisənin məhkəmədən kənar qaydada mübahisənin həll edilməsinə cəhd edilsə də, o, aldığı telefonu təqdim etməkdən imtina etmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Baku Electronics MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladığı 20.01.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, 08/01-5/13 saylı 06.01.2021-ci il tarixli İddiaçı şikayəti əsasında Xidmətin müraciəti araşdırılaraq Xidmətə 29.12.2020-ci il tarixdə vətəndaşın servis mərkəzinə cihazın qaytarılması ilə bağlı müraciət etməsi (rəhgini bəyənmədiyinə görə sonradan), servis mərkəzi tərəfindən cihaza baxış keçirilərək cihazın əmtəə görünüşünün pozulduğu üçün qaytarılmasının mümkün olmadığı, cihaz qiymətləndiriləcəyi təqdirdə dəyərindən tutulma ilə qaytarılmasının mümkün olması bildirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 05.02.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı Xidmətin qaynar xəttinə müraciəti ilə bağlı Baku Electronics MMC-nin 20.01.2021-ci il tarixli məktubu ilə servis xidmətinin əməkdaşları tərəfindən mala baxış keçirildiyi və hər hansı qüsur aşkar edilmədiyi, mal istifadə olunaraq əmtəə görünüşü pozulduğundan tələbinin təmin edilməsindən imtina edilməsi bildirilmişdir. X5 MMC-nin 29.12.2020-ci il tarixli texniki rəyindən müəyyən olunur ki, İddiaçı 29.12.2020-ci il tarixli müraciəti ilə Samsung markalı SM-A115 32 GB Red modelli imei kodu **********22322 olan mobil telefona texniki baxış keçirilmiş, cihazın arxa qapağında cızıqların olması, diaknostika zamanı telefonun heç bir texniki qüsurunun olmadığı müəyyən olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, telefon bütün texniki parametrlərə uyğun işləyir. Telefon istifadə olunduğundan əmtəə görünüşü pozulmuşdur. Məhkəmə ekspertizası xidmətləri MMC-nin 09.09.2021-ci il tarixli 04-81\21 saylı mütəxəssis rəyindən müəyyən olunur ki, Samsung markalı Galaxy A11 modelli imei 1: 354 698 114 522 322/01, imei 2: 354 699 114 522 320/01,SN R9HN60QKCGJ kodlu mobil telefonun üzərində heç bir əmtəə qüsurları aşkar edilməmiş, telefonun ön və arxa səthində hər hansı cızıqların olması müəyyən edilməmiş, ilkin kompleksiyasına uyğun qablaşdırılması, kompleksiyasının əmtəə görünüşünün pozulmadığı müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış tədqiqatın dəyri 100 manat təşkil edir. Məhkəmə iclasında mütəxəssis qismində dindirilən X5 MMC-də elektortexnika üzrə mühəndis vəzifəsində işləyən X1 Mirsübhan Mirrasim oğlunun Baku Electronics MMC-dən aldığı Samsung markalı Galaxy A11 modelli mobil telefona baxış keçirərək telefonda böyük cızıqların olmadığını, xırda cızıqların olmasını bildirmişdir. Baku Electronics MMC-nin inernet ünvanında yerləşdirdiyi məlumatdan müəyyən olunur ki, Baku Electronics MMC satılan mallara 14 gün ərzində məhsulun dəyişdirilməsi və ya qaytarılmasına rəsmi zəmanət verməsini, rəsmi servis xidməti göstərməsini, Samsung markalı Galaxy A11 modelli mobil telefonun satışda bitməsini qeyd etmişdir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə; istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına; malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə; malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə; qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə; öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə. Həmin Qanunun 15-ci maddəsinə əsasən, lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Bu maddədə göstərilmiş əsaslar üzrə dəyişdirilməli olmayan malların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir. Həmin Qanunun 16-cı maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir. İstehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlandıqdan sonra satıcı Samsung markalı Galaxy A11 modelli mobil telefonu alıcıya təhvil vermiş, daha sonra alıcı satıcıya telefonun rəngini bəyənmədiyini bildirib geri qaytarılmasını xahiş etmiş, satıcı X5 MMC-nin 29.12.2020-ci il tarixli texniki rəyinə əsaslanaraq Samsung markalı Galaxy A11 modelli mobil telefonun arxa qapağında cızıqların olması səbəbindən telefonun istifadə olunaraq əmtəə görünüşünün pozulmasını bildirib telefonu geri götürməkdən imtina etmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya satdığı Samsung markalı Galaxy A11 modelli mobil telefonun arxa qapağında cızıqların olması bildirsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş mütəxəssis rəyi ilə, cavabdehin vəsatəti ilə məhkəməyə dəvət olunan və məhkəmə iclasında telefona baxış keçirən mütəxəssisin izahatı ilə həmin telefonun əmtəə görünüşünə xələl gətirə biləcək cızıqların olması aşkar olunmamışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, rənginə görə istehlakçıya yaramırsa istehlakçının malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək, satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək hüququ olduğundan iddia ərizəsi qismən təmin edilərək Samsung markalı Galaxy A11 modelli mobil telefon satıcıya qaytarılmaqla alıcı tərəfindən ödənilən 289 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının itirdiyi əmək haqqı tələbi ilə bağlı qeyd edir ki, iddiaçı rəsmi qaydada işləməsinə, məhkəmə iclaslarında iştirak etdiyi vaxta görə ona əmək haqqı ödənilməməsinə və ödənilməyən əmək haqqının məbləğini müəyyən edəcək sübutlarını məhkəməyə təqdim etmədiyindən iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu və iddiaçının mütəxəssis rəyinə görə ödədiyi vəsait cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Samsung markalı Galaxy A11 modelli mobil telefon Baku Electronics MMC-yə geri qaytarılsın. Baku Electronics MMC-dən telefonun dəyərinə görə 289 manat, məhkəmə xərcinə görə 100 manat olmaqla cəmi 389 manat İddiaçı xeyrinə tutulsun. Baku Electronics MMC-dən dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-5914/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5914/2021
01.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver