Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-592/2023 14.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Bakı şəhəri 20 saylı notariat ofisinə qarşı ünvan 3ində yerləşən 0,5517 ha torpaq sahəsinə və 0,4786 ha torpaq sahəsinə dair verilmiş 13 noyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr üzrə aparılmış mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Maraqlı şəxs3 və Bakı şəhəri 20 saylı notariat ofisini qeyd etməklə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsi üzrə cavabdeh olan Cavabdeh2, Cavabdeh1 və Maraqlı şəxs3 iddiaçının övladlarıdır. İddiaçının həyat yoldaşı olmuş X6 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Vəfat etmiş X3 övladları və iddiaçı qanun üzrə vəfat etmiş şəxsin vərəsələridir. X6 vəfat etdikdən sonra Abşeron rayonu Masazır Bələdiyyəsi ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, 47 saylı icarə müqaviləsi ilə yüklü edilən ünvan 3ində yerləşən 0,5517 ha torpaq sahəsinə və xx.xx.2012-ci il tarixli, 90 saylı icarə müqaviləsi ilə yüklü edilən Abşeron rayon, Masazır kəndində yerləşən 0,4786 ha torpaq sahəsininə iddiaçıya çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün ərizə ilə Bakı şəhəri 20 saylı notariat ofisinə müraciət etmişdir. İddiaçının həyat yoldaşının Abşeron rayonu, Novxanı kəndində adına olan 0,10 ha torpaq sahəsi də var. Həmin torpaq sahəsinə dair Cavabdeh2 iddiaçıya bildirdi ki, həmin torpaq sahəsini ona versin və əvəzində onun Abşeron rayonu Masazır kəndində yerləşən torpaq sahəsinə dair heç bir tələbi olmayacaq və o ona qanun üzrə vərəsə kimi düşən paydan iddiaçının xeyrinə imtina edəcək. Bundan sonra Cavabdeh2 iddiaçını 26 saylı notariat ofisinə aparmış və ona xx.xx.2021-ci il tarixli olan ərizə yazdırmışdır. Həmin ərizəyə əsasən iddiaçı həmin torpağın bələdiyyə mülkiyyətinə keçməsinə razılığını vermişdir. İddiaçı sonradan bilmişdir ki, bunları cavabdeh Mirzəyeva X2 ilə məsləhətləşərək etmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, Novxanı Bələdiyyəsi hərrac yolu ilə həmin torpaq sahəsini özgəninkiləşdirmiş və Cavabdeh2 müəyyən məbləğdə pul vermişdir. Beləliklə də Cavabdeh2 iddiaçını aldadaraq, həm Abşeron rayonunun Novxanı kəndində yerləşən torpaq sahəsini ələ keçirmiş, həm də Abşeron rayonu Mazazır kəndində yerləşən torpaq sahələrinə paylarını almışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, “ ... iddia ərizəsi üzrə Bakı şəhəri 20 saylı notariat ofisi cavabdeh kimi tanınmalıdır. Bundan başqada iddia tələbində vərəsəlik hüququ haqqında şəhadətnamələr üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də iddia ərizəsində qeyd edilən daşınmaz əmlaka hüquqların qeydiyyatı ləğv edilməlidir”. Cavabdeh Mirzəyeva (Yaqubova) Samirə Adil qızı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, iddiaçı olan anası İddiaçı ona çatacaq olan xırda faizli ata mirasından onu məhrum etmək istəyir. Halbuki, cavabdehin mərhum atası X3 adında qalmış Abşeron Rayonu Masazır kəndində yerləşən 0.4786 ha və 0.5517 ha torpaq sahələrinin cıxarışnı almaq üçün digər cavabdeh olan bacısı X4 və iddiaçı olan anası İddiaçı ilə xx.xx.2021 tarixdə, 20 saylı Notariat Ofisində ərizə yazaraq Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə birlikdə müraciət etmiş və Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışları da birlikdə almışlar. Hal-hazırda isə mərhum X3 başqa bir mülkü olan ünvan 1 ünvanında yerləşən mülkə dair vərəsələrin adına çıxarış verilməsi üçün Bakı İnzibati Məhkəməsində yenə üçünün birlikdə müraciəti əsasında xx.xx.2023-ci il tarixində növbəti bir məhkəmə iclası baş tutacaqdır. Həmin ünvanda İddiaçı, X4 və onun iki övladı yaşayırlar və qeydiyyatdadırlar. Cavabdeh isə bəhs edilən mülkə qeydiyyata düşmək istədiyini bildirdikdə, onun qanun üzrə o mülkdə də vərəsəlik hüququnun və payının olmasına baxmayaraq, İddiaçı ona kəskin bir şəkildə rədd cavabı vermişdir. Nəticə etibarilə, kirayədə qaldığı üçün məcburiyyətdən tamamilə yad bir insanın evinə qeydiyyata düşmüşdür. Hətta kirayəni ödəməkdə çətinlik çəkdiyinə görə, yetərincə böyük olan bu mülkdə yaşamaq istədiyini bildirsə də, yenə də rədd cavabı almışdır. Eyni zamanda cavabdehin mərhum atasının adında olan 99FF149 dövlət nişanlı, Toyota markalı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə, yenə 20 saylı Notariat Kontorunda, cavabdeh də daxil olmaqla digər vərəsələrin də iştirakı ilə İddiaçı adına keçmiş, ona düşən payı isə nəqliyyat vasitəsinin satışından sonra verəcəyini bildirsə də, ondan sonra cavabdehə hər hansı bir məbləğdə pay verilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, qızı Cavabdeh2 ilə belə razılaşmışlar ki, ona Novxanıda yerləşən çıxarışı olmayan torpaq sahəsi qalacaq, o da öz növbəsində digər miras əmlaklardan imtina edəcək. Samirə özü bunu təklif etmişdir. O buna razılığını verəndən sonra Samirə onu notariusa aparaq ondan həmin torpaq sahəsinə dair ərizə aldı, həmin torpaq sahəsini satıb pulu özünə götürdü. Sonradan bilindi ki, X2 ilə əlaqədə bütün bunları edib. Buna baxmayaraq Samirə digər əmlaklardan da imtina etmədi və ona həmin əmlaklara dair vərəsəlik şəhadətnaməsi verildi. Bütün bunlar onun Samirə tərəfindən aldadılması nəticəsində olub. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında məhkəməyə bildirdi ki, iddianı qəbul edir və təmin edilməsini xahiş edir. Belə ki, digər cavabdeh Mirzəyeva (Yaqubova) Samirə Adil qızı anasını aldadmış və miras əmlakda paylarından imtina etməli olmalı halda, bunu etməmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs3 izahatında məhkəməyə bildirdi ki, onun ümumiyyətlə bu məsələlərdən xəbəri olmayıb. Atasının ölməsini, təbii ki, bilmiş, dəfn və yas mərasimlərini o təşkil etmişdir. Lakin vərəsəlik hüququ ilə bağlı notariat ofisinə müraciət etməmişdir. Sonradan bilmişdir ki, anası və bacıları müraciət edib şəhadətnamələr almışlar. Cavabdeh Bakı şəhəri 20 saylı notariat ofisi məhkəməyə ərizə ilə müraciət edərək işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Mirzəyeva (Yaqubova) Samirə Adil qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Bakı şəhəri 20 saylı notariat ofisinin nümayəndəsinin və Mirzəyeva (Yaqubova) Samirə Adil qızının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə beyin infarktının nəticələri səbəbindən ölmuşdür. İş materiallarında olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə aşağıdakı məzmunlu ərizə ilə Bakı şəhəri 26 saylı notariat ofisinə müraciət etmişdir: “ ... istifadəmdə olan Abşeron rayonu, Novxanı Bələdiyyəsinin 05 noyabr 2021-ci il 12 saylı iclasının 2/1 qərarı ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində Abşeron rayonu, Novxanı Bələdiyyəsinin hüququnun qeydiyyata alınmasına və hərraca çıxarılmasına etiraz etmirəm, razıyam”. İş materiallarında olan reyestrdə 2v-165 nömrə ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə göstərilmişdir ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X3 vərəsələri: Cavabdeh2, İddiaçı, Cavabdeh1dır və onların hər biri miras əmlakdan ¼ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nın yanında DƏDRXnin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X5 verilmiş **********73 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu Masazır Bələdiyyəsinə məxsus olan xx.xx.2012-ci il tarixli, 90 nömrəli icarə müqaviləsi ilə yüklü edilən ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0,4786 ha olan torpaq sahəsindən ibarətdir. Miras əmlakın ¼ hissəsi açıq saxlanılmışdır. İş materiallarında olan reyestrdə 2v-166 nömrə ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə göstərilmişdir ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X3 vərəsələri: Cavabdeh2, İddiaçı, Cavabdeh1dır və onların hər biri miras əmlakdan ¼ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nın yanında DƏDRXnin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə X5 verilmiş **********30 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu Masazır Bələdiyyəsinə məxsus olan xx.xx.2014-cü il tarixli, 47 nömrəli icarə müqaviləsi ilə yüklü edilən ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0,5517 ha olan torpaq sahəsindən ibarətdir. Miras əmlakın ¼ hissəsi açıq saxlanılmışdır. Beləliklə, iddia ərizəsindən və tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan görünür ki, iddiaçının qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrinin etibarsızlığını tələb etməsinin əsası qızı Cavabdeh2 miras əmlaklara dair payından imtina etməli olması təqdirdə, bunu etməməsi və nəticədə miras əmlaklara dair ¼ pay almasıdır. Məhkəmə qeyd olunanları qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsızlığı üçün əsas hesab etmir. Belə ki, Mirzəyeva (Yaqubova) Samirə Adil qızının X3 vərəsəsi olması işin mübahisəsiz halıdır. Belə olan halda vərəsənin miras əmlakdan digər vərəsələrlə yanaşı eyni həcmdə pay alması qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrinin etibarsızlığı üçün əsas ola bilməz, vərəsənin hər hansı əsaslarla payından imtina etməyə məcbur edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. İddiaçının istinad etdiyi “aldadılma faktı”nın mövcud olub-olmaması isə 2v-165 və 2v-166 nömrə ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamələri kontekstində heç nə dəyişmir. Həmin xüsusata məhz Abşeron rayonu, Novxanı Bələdiyyəsinin 05 noyabr 2021-ci il 12 saylı iclasının 2/1 qərarı ilə ayrılmış 0,10 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi mübahisələndirildiyi halda istinad oluna bilər. Eyni zamanda qeyd olunmalıdır ki, “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Konstitusiya Məhkəməsinin Plenumu vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020ci il 12 mart tarixli Qərar). Lakin məhkəmələr tərəfindən ... qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbinə baxılan zaman Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsinə lazımi hüquqi qiymət verilməmişdir”. İş materiallarından göründüyü kimi, X6 xx.xx.2019-cu il tarixdə ölmüş, vərəsələr qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün xx.xx.2021-ci il tarixdə müraciət etmiş və həmin tarixdə onlara Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlardan göründüyü kimi, iddiaçı hazırkı tələblə Abşeron Rayon Məhkəməsinə birinci dəfə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Belə olan halda, tələb özlüyündə əsassız olması ilə yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə məhkəməyə verilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Bakı şəhəri 20 saylı notariat ofisinə qarşı ünvan 3ində yerləşən 0,5517 ha torpaq sahəsinə və 0,4786 ha torpaq sahəsinə dair verilmiş 13 noyabr 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr üzrə aparılmış mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi barədə iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-592/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-592/2023
14.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver