Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-593/2022 19.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc pulun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 37.648 ABŞ dolları məbləğində əsas borcun, borcun gecikdirilməsinə görə illik 5%-lə hesablanmış 7.529 ABŞ dolları olmaqla, cəmi 45.177 ABŞ dolları məbləğində pul vəsaitinin və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 323 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2012-ci il tarixdən 2014-cü il tarixədək işləmək üçün Rusiya Federasiyasının Moskva şəhərində bizneslə məşğul olmuşdur. 2015ci ilin may ayının əvəllərində ünvan 1 ünvanda yerləşən “BARON” adlanan restoranda yemək yeyərkən Cavabdeh ilə orada tanış olmuşdur. Ramiz ona həmin restoranı icarəyə götürdüyünü bildirmişdir. Bundan sonra bir neçə dəfə həmin restoranda dostları ilə yemək yemişdir. Bu münasibətlə o, Ramizlə daha yaxın münasibətdə olaraq onunla dostluq etmişdir. Təxminən 2015-ci ilin iyun ayının əvəllərində o, “BARON” restoranında olarkən Ramiz ona həmin restoranın daha da genişləndirilməsi üçün maliyyə vəsaitinin lazım olduğunu bildirmişdir. Bundan sonra Ramiz ona təklif edərək restoranın genişləndirilməsi üçün 50.000 ABŞ dolları pul lazım olduğunu və hər ay ona 2.500 manat pul verəcəyini bildirmişdir. O isə Ramizə bir neçə gündən sonra nəticəsi barədə məlumat verəcəyini bildirmişdir. 2015-ci ilin iyun ayının ortalarında o, “BARON” adlanan restoranda Ramizlə görüşərək, onun şərtləri ilə razılaşaraq ona həmin yerdə hamısı 100 dollarlıq pul əskinasları, 05 ədəd bağlamada olmaqla 50.000 ABŞ dolları pulu sayıb vermişdir. Bundan sonra, Ramiz onu bir daha əmin edərək 2015-ci ilin sentyabr ayının əvvəlindən ona 2.500 manat pul verəcəyini bildirdi. 2015-ci ilin sentyabr ayının ortalarında o, Ramizlə əlaqə saxlayaraq, ondan onun dediyi kimi 2.500 manat pulu istədikdə ona hazırda restoranın tam təmirinin başa çatdığını və növbəti aydan pulu verəcəyini bildirdi. Lakin o, 2015-ci ilin oktyabr ayında Ramizlə yenidən əlaqə saxlamış, cavabdeh ona müxtəlif bəhanələr gətirərək şirkətlərə və həmin restoranın sahibi Vüqar adlı şəxsə borclu olduğunu bildirərək ondan bir qədər vaxt istəmişdir. O da ona inanaraq onun dediyi vaxta kimi gözləmişdir. Lakin buna baxmayaraq 2015-ci ilin noyabr ayının sonundan 2018-ci ilin may ayının əvvəlinədək ona heç bir məbləğdə pul məbləği verməmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh, onu aldadaraq, ondan aldığı pulu öz şəxsi mənafeyi üçün sərf etmişdir. 2018-ci ilin may ayının sonunda o, Ramizlə “BARON” restoranında görüşmüş və ondan 50.000 ABŞ dollarının qaytarılmasını tələb etmişdir. Ramiz isə ona söz verərək, hər ay 1.000 manat pul verəcəyini bildirmişdir. Təxminən 2018-ci ilin sonundan başlayaraq hissə-hissə hər ay 100, 50, 30 və 20 manat pulları müxtəlif vaxtlarda 2020-ci ilin iyun ayının sonunadək Ramiz ona ümumilikdə 20.000 manat məbləğində pul vermişdir. Lakin, Ramizdən 2020-ci ilin sentyabr ayında borclu olduğu pulunun qalan hissəsini tələb etdikdə o, ona yenidən müxtəlif bəhanələr gətirərək yayınmağa başlamışdır və sonra isə ona pulu verməkdən qəti şəkildə imtina etmişdir. O da məcbur olub, 2020-ci il tarixdə pulun qaytarması barədə Yasamal Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh istintaqda izahat verərək, ondan 50.000 manat pul almasını və 2015-ci il tarixdən 2020-ci ilin mart ayınadək hissə-hissə olmaqla pulun bir hissəsini qaytarmasını bildirmişdir. Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X4 tərəfindən 25 noyabr 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş və həmin qərarda mübahisənin mülki xarakter olması göstərilərək, ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. O, Yasamal rayon Polis İdarəsinə müraciət etdikdən sonra Ramiz ona borclu olduğu puldan 1.000 manatını da qaytarmışdır. Cavabdeh ümumilikdə ona 21.000 manat pul qaytarmışdır. Hal-hazıradək cavabdeh ona 12.352 ABŞ dolları qaytarmış və 37.648 ABŞ dolları borcu qalmışdır. Bundan sonra dəfələrlə cavabdehə pulun qaytarılması barədə müraciət etməyinə baxmayaraq hər dəfə ona pulun qaytarılması barədə vədlər versə də pulu qaytarmamışdır. O da məcburiyyət qarşısında qalaraq borc pulun ödənilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Göründüyü kimi, cavabdeh aralarında olan müqavilə üzrə öhdəliyi vaxtında yerinə yetirməmiş, əksinə həmin müqavilənin yerinə yetirməməsinin əsası kimi pul vəsaitinin olmamasını bildirməklə kifayətlənmişdir. Halbuki, tərəflərin müqavilə üzrə üzərlərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi üçün əsas gətirdiyi pul vəsaitinin olmaması tərəfin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin yerinə yetirməməsinin əsası kimi çıxış edə bilməz. Çünki qanunvericilik müqavilə tərəfinin müqavilə üzrə öhdəliyin yerinə yetirilməsinə maneə yaradan və müqavilə üzrə öhdəliyi təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməklə yanaşı tərəflərin hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olmalarını nəzərdə tutmuşdur. Bundan əlavə, cavabdeh öhdəliklərini vaxtında ica etmədiyindən onun cavabehdən gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində, yəni 7.529 ABŞ dolları pul vəsaitini tələb etmək hüququ yaranmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını və şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, iddiaçının dostudur. İddiaçı tərəfindən cavabdehə borc verilən zaman onların yanında olmamışdır. Lakin, bir neçə dəfə iddiaçı ilə birlikdə gedib cavabdehdən borc pulu tələb etmişlər. Cavabdeh borcdan 50 manat, 25 manat olmaqla hissə-hissə qaytarmışdır. Hazırda borc məbləğinin ödənilməmiş hissəsindən məlumatlı deyildir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X4 tərəfindən qəbul edilmiş 25 noyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində İddiaçı şikayəti ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarın təsviri hissəsində istintaq şöbəsində izahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, o, 2011-ci il tarixdə İddiaçı ilə Bakı şəhərində tanış olmuşdur. O, 2011-ci il tarixdə Eldəniz adlı şəxsin icarəyə götürdüyü ünvan 1 ünvanda yerləşən “BARON” adlanan restoranında adminstrator işləyərkən, həmin vaxt Ramin restorana teztez gəlmiş və onunla daha da yaxın münasibəti yaranmışdır. 2015-ci ilin may ayının əvvəllərində o və Ramin belə bir qərara gəlmişdir ki, “BARON” adlanan restoranı Eldəniz adlı şəxsdən icarəyə götürsün. Həmin vaxtı Ramin “BARON” restoranın fəaliyətini ərzaqla -təmin edilməsi və digər xərcilərin ödənilməsi məqsədi ilə 50.000 manat pul vəsatini ona vermişdir. İşə bir müddət başladıqdan sonra, onların əlavə vergi yoxlaması başlamış və restoranın müəyyən çatışmayan sənədləri ilə bağlı vergi tərəfindən 15.000 manat məbləğində cərimələnmişlər. Əlavə olaraq bir necə təşkilatlar tərəfindən də yəni “Azərsu” və "xxxx" ASC tərəfindən müəyyən məbləğlərdə cərimələnmişlər. Həmçinin də Eldənizə 06 aylıq icarə haqqı ödənilmişdir. Ramin 2015-ci ilin sentyabr və oktyabr aylarında işlərin zəif olduğunu görərək, işin gedişatından imtina etmişdir. Lakin buna baxmayaraq, o, İddiaçı 2015-ci il tarixdən 2020-ci ilin mart ayınadək hissə-hissə olmaqla, 32.000 manat pul ödəmişdir. Qalan 18.000 manat pulu isə pandemiya ilə əlaqədar ödəməyə imkanı olmadığından, hazırda ödəyə bilməmişdir. Pandemiya bitdikdən sonra o, qalan məbləği Raminə ödəyəcəkdir. O, İddiaçı “BARON” restoranın genişləndirilməsi məqsədi ilə ondan 50.000 ABŞ dolları pul almamışdır. 26 oktyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 323 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tərəflər arasında borc münasibətləri yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından göründüyü kimi, 2015-ci ildə iddiaçı cavabdehə 50.000 manat məbləğində pulu, həmin ilin sentyabr ayından başlamaqla hər ay 2.500 manat olmaqla hissə-hissə qaytarılması şərtilə vermişdir. Qeyd olunan məbləğdə borcun alınmasını Cavabdeh Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində izahat verərkən etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, cavabdeh iddiaçı ilə aralarında olan razılığa əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu razılışdırıldığı müddətdə və qaydada ödəməmiş, bununla da razılğın şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, qalan borcunu iddiaçıya ödəməlidir. Məhkəmə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan əsas borcun məbləği ilə əlaqədar isə qeyd edir ki, iddiaçı cavabdehə verdiyi borc məbləğinin məzənnəsinin ABŞ dolları olduğunu bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə cavabdeh istintaq şöbəsində verdiyi ifadəsində borcu manat olaraq 50.000 manat məbləğində aldığını etiraf etmişdir. Ona görə də məhkəmə, cavabdeh tərəfindən 21.000 manat məbləğində borcun ödənilməsini nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, 29.000 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddia təmin edilməməlidir. Belə ki, cavabdeh istintaq şöbəsində iddiaçıya 32.000 manat məbləğində pul vəsaiti ödədiyini bildirsə də, məhkəmə qeyd edir ki, göstərilən hal iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə həmçinin, iddia tələbinin “gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcun tutulması” hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməlidir. Belə ki, iddiaçının 2015-ci ildə cavabdehə 50.000 manat məbləğində pulu, həmin ilin sentyabr ayından başlamaqla hər ay 2.500 manat olmaqla hissə-hissə qaytarılması şərtilə verdiyi nəzərə alınarsa, borc öhdəliyinin icra müddəti 2015-ci ilin sentyabr ayından başlamış 2017-ci ilin aprel ayında bitmişdir. Belə olan halda, 2017-ci ilin may ayından 26 oktyabr 2021-ci il tarixə, yəni iddia ərizəsinin verildiyi tarixə qədər əsas borc məbləğinə - 29.000 manata 4 il 6 ay üçün illik 5% dərəcəsi ilə hesablanmalıdır. Yəni, 29.000 manat əsas borc məbləği 4 il üzrə (29.000 x 5 / 100 = 1.450 x 4 = 5.800) 5.800 manat, 6 ay üzrə (1.450 / 12 x 6 = 725) 725 manat olmaqla, cəmi 6.525 manat məbləğində gecikdirilmiş faiz borcu cavabdehdən iddiaçının tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 29.000 manat əsas borc, 6.525 manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği, cəmi 35.525 manat pul vəsaiti tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının iddia qaldırılması üçün ödədiyi 323 manat dövlət rüsumunun 149 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 29.000 (iyirmi doqquz min) manat əsas borc, 6.525 (altı min beş yüz iyirmi beş) manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği, cəmi 35.525 (otuz beş min beş yüz iyirmi beş) manat pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 149 (bir yüz qırx doqquz) manatı tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-593/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-593/2022
19.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver