Məhkəmə qərarları › İş №2(001)-594/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-594/2023

07.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-594/2023 07.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Azərlotoreya ASC-dən satış məqsədilə lotoreya biletlərini götürərək həmin lotereyaların topdan və pərakəndə satışı ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə Cavabdeh onun işlədiyi əraziyə gələrək onunla işləmək istədiyini bildirmişdir. O, əvvəllər Mehdini tanıdığından etiraz etməmiş, onunla xx.xx.2022-ci il tarixdə 6 saylı müqavilə bağlamışdır. Həmin müqavilənin 2-ci bəndinə görə cavabdeh ondan bir ay müddətinə satıb pulunu ödəmək şərtilə 5000 manatlıq lotoreya bileti götürmüşdür. Cavabdeh götürdüyü lotoreya biletlərindən ona 1250 manat ödəməmiş, satış məqsədi üçün ona verdiyi biletləri götürüb getmişdir. O, bu barədə Bakı şəhəri 22 saylı Polis Bölməsinə müraciət etmiş, araşdırılma nəticəsində ona müvahisənin mülki xarakterli olması bildirilib məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də Cavabdeh 1250 manat, dövlət rüsumuna görə 40 manat olmaqla cəmi 1290 manatın onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) X1 QSC ilə diler İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 03/0422 saylı diler müqaviləsindən müəyyən olunur ki, distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə, müxtəlif növ şans oyunlarını təklif edir, diler öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirir. Tərəflər arasında satışın həyata keçirilməsini tənzimləyən əlavələr müqavilənin ayrılmaz tərkib hissəsi olacaq. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapacaq. Malın satışı zamanı malların keyfiyyət, uyğunluq və lazım olan digər sertifikatlarını distribütor təqdim edəcək, həmçinin malın dilerə çatdırılmasını distribütor öz hesabına həyata keçirəcək. Satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 06 saylı müqavilədən müəyyən olunur ki, satıcı satış məqsədi ilə alıcıya hər gün 1 ədədinin qiyməti 1 manat olan 1000 ədəd lotoreya biletini, 1 ədədinin qiyməti 2 manat olan 500 ədəd lotoreya biletini, 1 ədədinin qiyməti 5 manat olan 400 ədəd lotoreya biletini, 1 ədədinin qiyməti 10 manat olan 100 ədəd lotoreya biletini ümumilikdə 500 manat dəyərində lotoreya biletini satmışdır. Müqavilənin 5-ci bəndindən müəyyən olunur ki, alıcı tərəfindən müqavilə şərtləri pozularsa ödənilməyən lotoreya biletlərinin dəyərinin 1%-i məbləğində satıcıya cərimə ödəməlidir və bu gecikdirilən bütün günlərə şamil edilir. Müqavilənin alıcı qrafasında Cavabdeh tərəfindən aparılmış qeyddən müəyyən olunur ki, Cavabdeh müqavilənin şərtləri ilə razı olmasını, müqavlədə göstərilən lotereya biletlərini təhvil almasını öz izası ilə təsdiq etmişdir. Bakı şəhəri Baş Polis İdarəsi Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı 22-ci Polis şöbəsinə etdiyi müraciətə cavab olaraq qeyd olunan xüsusatların mülki xarakterli olduğu üçün müvafiq qanunvericiliyə əsasən məhkəmə orqanında iddia qaldırması tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilə üzrə öhdəliklərini icra etmədiyindən xx.xx.2022-ci il tarixli 06 saylı müqaviləyə əsasən iddiaçıya 1250 manat borcu yaranmışdır. Ona görə də, məhkəmə iddiaçının cavabdehdən 1250 manat tələbini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 06 saylı müqaviləyə əsasən 1250 manat, dövlət rüsumuna görə 40 manat olmaqla cəmi 1290 manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar