Məhkəmə qərarları › İş №2(001)-5963/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5963/2024

11.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5963/2024 11.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı1 cavabdehlər İddiaçı2, Cavabdeh1, Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı2, Cavabdeh1 və Cavabdeh2 90000 manat maddi vəsaitin, 10000 manat əlavə xərclərin və 10000 manat mənəviz zərərin, cəmi 119000 manat pulun ona barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən edilir ki, iddiaçı cavabdeh kimi Cavabdeh2 başqa digər 2 şəxsi də cəlb etmiş və onlardan da pulun tutulmasını tələb etmişdir. Lakin nə iddia ərizəsinin əsaslandırılmasından, nə də iddia ərizəsinə əlavə edilən sənədlərdən həmin şəxslərin mübahisəyə aidiyyəti müəyyən edilmir. Belə ki, iddia ərizəsində cavabdeh kimi cəlb edilmiş İddiaçı2, Cavabdeh1 adı yalnız iddia ərizəsinin girişində yazılmış, ümumiyyətlə iddia ərizəsinin əsaslandırılmasında onların adı keçməmişdir. Ehtimal olunur ki, iddiaçı səhvən həmin şəxsləri cavabdeh kimi qeyd etmişdir. Odur ki, iddia ərizəsi prosessual məcəllənin məzmun tələbinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Bundan başqa iddiaçının nəzərinə çatdırılır ki, iddiaçı istifadə edilib edilmədiyi qeyrimüəyyən olan 2021-ci ilin dövlət rüsumunun qəbzini və 2019-cu ilə dair MAPS arayışlarını əlavə etmişdir, halbuki dövlət rüsumunun məbləği yeni qanuna uyğun olaraq fərqlidir və cavabdehlərin 2019-cu ildən sonra qeydiyyat ünvanları dəyişə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı1 cavabdehlər İddiaçı2, Cavabdeh1, Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar