Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5969/2021 11.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 11 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 14000 ABŞ dolları məbləğində borcun, 2019-cu ilin fevral ayından hesablanmaqla qətnamə çıxarılan günədək hər ay üçün əsas məbləği 10 faizi həcmində əldən çıxmış gəlir qismində pul vəsaitinin və dövlət rüsumu kimi ödədiyi 30 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçının cavabdehin valideynləri ilə uzun müddət dostluq münasibəti olmuşdur. 2019-cu ilin yanvar ayında cavabdeh iddiaçıdan 1 həftəyə geri ödəmək şərti ilə 15000 ABŞ dolları məbləğində pulu borc kimi istəmiş, iddiaçı cavabdehin valideynləri ilə olan yaxşı münasibətinə arxalanaraq cavabdehə həmin məbləğdə pulu borc kimi vermişdir. Lakin, cavabdeh söz verdiyi kimi pulu 1 həftəyə qaytara bilməmiş, aralarında narazılıq yaranmış, cavabdeh dəfələrlə iddiaçıdan möhlət istəmişdir. Sonuncu dəfə cavabdeh iddiaçıya sadə yazılı qəbz təqdim edərək 2021-ci ilin mart ayınadək iddiaçıya qalan 14000 ABŞ dolları məbləğində borcu qaytaracağını öhdəsinə götürmüş, lakin həmin öhdəliyinə də əməl etməmişdir. Bundan sonra iddiaçı cavabdehin bu əməlləri ilə bağlı polisə müraciət etmiş, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində iddiaçının ərizəsi əsasında araşdırılma aparılmış, sonda cavabdehin əməlində cinayət tərkibi olmadığından iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah olunmaqla cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda cavabdeh özü də borcunu etiraf etmişdir. 2019-cu ilin fevral ayından cavabdeh iddiaçının pulunu qaytarmadığından iddiaçıya həm də əlavə zərər vurmuşdur. Buna görə də, cavabdehdən həm əsas borcun əvəzi kimi 14000 ABŞ dolları, həm də 2019-cu ilin fevral ayından qətnamə çıxarılanadək hər ay üçün əsas borcun 10 faizi miqdarında pul vəsaiti əldən çıxmış fayda qismində tutularaq iddiaçıya ödənilməlidir. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. İş materiallarında olan sadə yazılı borc müqaviləsindən görünür ki, X1 Camal Maqsud oğlundan 2019-cu ildə aldığı 14000 ABŞ dolları məbləğində pul vəsaitini 2021-ci ilin martı ayınadək ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, iş materiallarında olan Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin təhqiqatçısı Fərid Şirinov tərəfindən İddiaçı müraciəti əsasında qəbul edilmiş 12 aprel 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, verdiyi izahat zamanı Cavabdeh İddiaçı 2019-cu ilin yanvar ayının sonunda 15000 ABŞ dolları məbləğində pul vəsaitini borc kimi aldığını, həmçinin, 2021-ci ilin mart ayına qədər borcundan qalan 14000 ABŞ dolları məbləğində pul vəsaitini ödəyəcəyinə dair həmin ilin fevral ayında sadə yazılı müqavilə tərtib etdiyini etiraf etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İş materialları ilə cavabdehin iddiaçıya 14000 ABŞ dolları borcunun olması öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmalıdır. İddia tələbinin əldən çıxmış faydanın tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsi ilə əsaslandırılmışdır. Mülki Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan aydın olur ki, faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İddiaçı isə ona olan borcun gecikdirilməsi nəticəsində cavabdehin maddi gəlir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni, öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Buna görə də, iddia əldən çıxmış fayda qismində pulun tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. - 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ödənilməmiş əsas borc kimi 14000 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 24 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 14000 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 24 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5969/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5969/2021
11.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver