Məhkəmə qərarları › İş №2(001)-598/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-598/2024

06.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-598/2024 06.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (mübahisə predmeti barəsində mütsəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi cəlb edilməklə) “sahiblik və istifadə hüquqlarının bərpa olunması, zəbt olunmuş mənzilin boşaldılaraq geri qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (mübahisə predmeti barəsində mütsəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi cəlb edilməklə) “sahiblik və istifadə hüquqlarının bərpa olunması, zəbt olunmuş mənzilin boşaldılaraq geri qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi RİH Başçısının xx.xx.1994-cü il tarixli sərəncamı ilə ona verilmiş Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 3184/87 məhəllədə yerləşən 3 saylı evin, 3 otaqdan ibarət, 40.11 kv.m yaşayış sahəsi olan 46 saylı mənzilin boşaldılaraq ona geri qaytarılması, mənzilin ona təhvil verilməsi və həmin mənzildən cavabdehlərin çıxarılması və ödənilmiş dövlət rüsumunun onun xeyrinə cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 02 avqust 1994-cü il tarixli sərəncamı ilə, "Binəqədineft" NQÇİ-nin müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin ona ailə tərkibi 4 nəfərlə, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 3184/87 məhəllədə yerləşən 3 saylı evin, 3 otaqdan ibarət, 40.11 kv.m yaşayış sahəsi olan 46 saylı mənzilin verilməsinə dair 20 sentyabr 1993-cü il tarixli, 9 saylı qərarı təsdiq edilmişdir. Həmin qərarda onun ailə üzvlərinin adlarının orderə yazılması və onun mənzil növbəsindən çıxarılması göstərilmişdir. İddiaya əlavə edilən arxiv çıxarışından görünür ki, həmin sərəncam arxivdə mövcuddur. Sərəncam hazırda hüquqi qüvvəyə malikdir, bir orqan tərəfindən ləğv edilməyib və etibarsız sayılmayıb. Göründüyü kimi, qeyd edilən ünvanda yerləşən mənzil növbəlilik qaydasında 4 nəfərdən 11 ailə tərkibi ilə 1 ona verilmiş, həmin mənzil üzərində onun sahiblik və istifadə hüququ var və onun mükiyyət üzərində gözlənti hüququ olduğundan, gələcəkdə mənzili öz mülkiyyətinə keçirilməsi üçün hüquqmüəyyənedici sənəd olan sərəncama malikdir. Lakin, mənzil Ağdam rayonundan olan məcburi köçkünlər tərəfindən zəbt olunmuşdur. Hazırda mənzildə həmin məcburi köçkün ailəsi yaşayır. Onların oradan çıxarılmasını xahiş etsə də, məcburi köçkünlər tərəfindən mənzil boşaldılmamışdır. Müvafiq dövlət orqanlarına rəsmi və şifahi müraciətlərinə baxmayaraq, evinə sahiblənə bilməmişdir. Uzun illərdir ki, öz mənzilindən məhrum olaraq, başqa ünvanlarda kirayələrdə və qohum əqrabanın evində yaşamağa məhkum olunmuşdur. Hazırda onun yaşamağa başqa mənzili yoxdur. Ona məxsus mənzilin həmin məcburi köçkünlər tərəfindən zəbt edildiyi Azərbaycan Respublikası Qaçqınların yə X1 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə də təsdiq edilir. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə edilən mənzilin qaytarılması ilə bağlı onun müraciətinə cavab olaraq bildirilmişdir ki, “məcburi köçkün ailələrinin müvəqqəti məskunlaşdığı sıx məskunlaşma obyekti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 3184/87-ci məhəllədə yerləşən 3 saylı evin Sizə məxsus 46 nömrəli mənzilində məskunlaşan sözügedən məcburi köçkün ailəsinin işğaldan azad olunmuş öz doğma yurduna geri köçürüləndə, qanunamüvafiq olaraq zəbt olunmuş mənzillər boşaldılaraq evin mülkiyyətçisinə, boşaldılmış mənzil təhvil-təslim qaydasında evin sahibinə geri təhvil veriləcək və bu barədə əvvəlcədən aidiyyəti üzrə xəbərdar olunması həyata keçiriləcək". Verilən cavabdan da bir daha görünür ki, ona məxsus mənzildə adları iddia ərizəsində göstərilən cavabdehlər (məcburi köçkünlər) yaşayır və həmin mənzil cavabdehlər tərəfindən qanunsuz zəbt edilmişdir. Hazırda həmin məcburi köçkün ailəsi zəbt etmiş olduğu mənzili könüllü olaraq ona qaytarmır, ona görə də hazırda mənzilə dair mübahisə olduğundan iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, müraciətinə komissiyada baxılmış, ona məxsus mənzildə məskunlaşan sözügedən ailənin işğaldan azad olunmuş öz doğma yurduna geri köçürüləndə, bu barədə əvvəlcədən aidiyyatı üzrə xəbərdarlıq olunacağı barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Binəqədi rayon bölməsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, sorğuda adları keçən Ağdam rayonundan məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında məcburi köçkün kimi qeydiyyatdadırlar. Binəqədi RİH Başçısının xx.xx.1994-cü il tarixli sərəncamının surətindən görünür ki, “Binəqədineft” NQÇİ-nin müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin İddiaçı ailə tərkibi 4 nəfərlə, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 3184/87 məhəllədə yerləşən 3 saylı evin, 3 otaqdan ibarət, 40.11 kv.m yaşayış sahəsi olan 46 saylı mənzilin verilməsinə dair 20 sentyabr 1993-cü il tarixli, 9 saylı qərarı təsdiq edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, məhəllə 3184/87, ev 3, mənzil 46 ünvanının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasıı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüftaı Birliyinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən 9 mərtəbəli çoxmənzilli yaşayış binası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sifarişi əsasında inşa edilmiş, məlum hadisələrlə bağlı məcburi köçkünlər məskunlaşdığından tam başa çatdırılmamış və istismara qəbul edilməmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Binəqədi RİH Başçısı tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli sərəncamın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 3184/87 məhəllədə yerləşən 3 saylı evin, 3 otaqdan ibarət, 40.11 kv.m yaşayış sahəsi olan 46 saylı mənzili İddiaçı ailə üzvləri ilə birlikdə istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Binəqədi rayon bölməsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Binəqədi RİH Başçısı tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli sərəncama əsasən İddiaçı verilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 3184/87 məhəllədə yerləşən 3 saylı evin, 3 otaqdan ibarət, 40.11 kv.m yaşayış sahəsi olan 46 saylı mənzilində hazırda Ağdam rayonundan məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məcburi köçkün kimi qeydiyyatdadırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Ağdam rayonundan məcburi köçkün olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı ailə üzvləri ilə birlikdə istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 3184/87 məhəllədə yerləşən 3 saylı evin, 3 otaqdan ibarət, 40.11 kv.m yaşayış sahəsi olan 46 saylı mənzilində heç bir hüquqi əsasları olmadan məskunlaşmışlar. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X1 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Qanunun mənasından aydın müəyyən olunur ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 3184/87 məhəllədə yerləşən 3 saylı evin, 3 otaqdan ibarət, 40.11 kv.m yaşayış sahəsi olan 46 saylı mənzilinə hər hansı bir hüququ mövcud olmayan cavabdehlərin bu mənzildə yaşamaları iddiaçının mənzilə olan istifadə hüquqlarını məhdudlaşdıran hal olduğundan iddia tələbləri mənzilin boşaldılaraq iddiaçıya geri qaytarılması, mənzilin iddiaçıya təhvil verilməsi və həmin mənzildən cavabdehlərin çıxarılması əsaslıdır və buna görə də təmin edilməlidir. Göründüyü kimi, hazırda cavabdehlər iddiaçının iradəsinə zidd olaraq sonuncuya qanuni əsaslarla məxsus olan mənzili zəbt etməklə iddiaçının həmin mənzildən istifadə etməsinə maneə yaradırlar. Belə olan halda, iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 3184/87 məhəllədə yerləşən 3 saylı evin, 3 otaqdan ibarət, 40.11 kv.m yaşayış sahəsi olan 46 saylı mənzili boşaldaraq İddiaçı geri qaytarılmalı, mənzili İddiaçı təhvil verməli və həmin mənzildən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu də cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 3184/87 məhəllədə yerləşən 3 saylı evin, 3 otaqdan ibarət, 40.11 kv.m yaşayış sahəsi olan 46 saylı mənzili boşaldılaraq İddiaçı geri qaytarılsın, mənzil İddiaçı təhvil verilsin və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılsınlar. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar